Sevdiyimiz və sevmədiyimiz tərcümələr - Firidun Ağazadə

Firidun Ağazadə, tərcüməçi

Firidun Ağazadə, tərcüməçi

23 may 2020
# 14:18

Yazıçı-publisist Ayxan Ayvazın tərcüməçilərlə bağlı yazdığı tənqidi yazı polemikaya səbəb olub. Kulis.az mövzuyla bağlı tərcüməçi Firidun Ağazadənin “Müzakirəniz çox lazımdır” yazısını təqdim edir.

Hörmətli “Kulis”, sizi neçə illərdi ki, oxuyuram. Sizə yazmaq fikrim olsa da, heç vaxt yazmadım. Yazan çoxdur, həm də yaxşı yazanlar da çoxdur. Gündə neçə yazı, neçə imza oxuyuram... Neçə imza olsa, Şərifin yazısı varsa birinci onu oxuyuram. Ayxan Ayvaz da o sıradan. Bu belə.

Tərcümə ilə bağlı bir şey qaraladım, müzakirəniz çox lazımdır deyə.

Bir vaxt demişdim, tərcümə mənim üçün, hər şeydən əvvəl, dil hadisəsidir. Orijinal moltanı dilində də olsa, əsər mənim dilimdə danışmalıdır. Tərcümənin qarşısına qoyulan elmi tələblər, nəzəri müddəalar məlumdur. Amma mən tərcümə etdiyim əsərin Dili üzərində çox işləyirəm, mən onu öz dilimdə - Azərbaycanca və yenidən yazıram, çünki o kitabı mənim dilimdə danışanlar oxuyacaq. Əgər oxusalar, əlbəttə. Çox işləmək deyəndə, yəni, necə var, elə yazıram. Naşir deyir ki, yaxşıdır. Pis necə tərcümə edim, bilmirəm. Və ümumiyyətlə, pis necə tərcümə etmək olar? Ya get özünə başqa iş tap, ya da yaxşı tərcümə elə. Bir əsəri tərcümə edərkən mən bir Tərcüməçi obrazı kimi o əsərə girirəm. Bütün hadisələrdə iştirak edirəm, bütün xarakterlərə qarışıram. Bunu duyan Naşir təbəssümlə deyirdi ki, “oradakı hadisələrə laqeyd qala bilməmisiniz...”. Bəs, necə? Odur ki, Naşirdən xahiş etmişəm ki, mənim tərcüməmi redaktəyə verməsin. Sağ olsun, o da vermir. Çünki inanır.

Ümumiyyətlə, bir mətni niyə redaktə edərlər? Bilmirəm, zaman-zaman formalaşmış redaktə institutuna necə etiraz edim? Bəlkə hansı mərhələdəsə redaktə lazımdır, amma peşəkara nə redaktor? Mən mətn yazmışamsa (tərcümə etmişəmsə), kim və niyə onu redaktə etməlidir? Yəni, o məndən yaxşı bilir, deyə? Onda heç tərcümə etmərəm. Dili bilməsəm, heç tərcümə etmərəm. Amma dil bilgisindən qabaq, tərcüməçi özü də yazar olmalıdır, özü mətn yaza bilməlidir, çünki o, mətnlə, sözlə, məna ilə, ifadə ilə işləyir. Məni qınamayın, kiminsə mənim mətnimi redaktə etməsi mənə çox ağır gəlir. Buna öz mətnimə, sözümə burun soxmaq kimi baxıram. Təvazökarlıqdan kənar olsa da, deyim, tərcümədə mənim öz leksikam, öz “stilim” var, yəni, müxtəlif hiss və emosiyaları, müxtəlif məna və situasiyaları ifadə etmək üçün öz sevimli sözlərim var.

Amma mən 30 il qabaq daha yaxşı tərcüməçi idim, görən olmadı... Mənim əmək fəaliyyətimdə son 23 il xüsusilə gərgin və vacib olmuşdur. 23 ildir ki, Azərtac-da işləyirəm. Fəxr edirəm ki, bu illərdə ölkəmizə qarşı informasiya blokadasının yarılmasında mənim də xidmətim var. Müstəqillik əldə etmiş ölkəmizin, dövlətimizin xarici siyasətinin təbliğində mühüm rolu olan beynəlxalq sənədlərin, Ulu Öndər Heydər Əliyevin, möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin mühüm çıxışlarını, bəyanatlarını, müraciətlərini, digər rəsmi sənədləri, siyasi və beynəlxalq aləmdə respublikamızın haqlı mövqeyini müdafiə edən minlərlə informasiyanı, yüzlərlə vacib sənədi tərcümə edib dünyaya yaymışıq.

Bu illər ərzində Cənab Prezidentimizin əhəmiyyətini dönə-dönə vurğuladığı informasiya müharibəsinin bir əsgəri olmuşam. Ölkəmizə qarşı ədalətsiz fikir və mövqelərin sındırılmasında, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayan Azərtac-ın olduqca gərgin işində mən də öz töhfəmi vermişəm. Həm də ekstremal şəraitlərdə. Çünki, bilavasitə, bu strateji təbliğat idarəsində, bu böyük təbliğat işinin içində olmuşam. Milli-mənəvi dəyərlərimizə aid neçə-neçə kitabın tərcüməçilərindən biri olmuşam.

Burada tərcümə haqqında rusların fikrini yazmasam olmur: “Переводческое дело не благодарная работа. Это абсолютно неблагодарная профессия. Это неблагодарная работа и тяжёлый хлеб...”.

Daha çox bədii olmaqla, indiyə qədər 30-dək kitab tərcümə etmişəm. Azərbaycan ictimai diplomatiyasının vacib elementlərindən biri onun mədəniyyətinin, o cümlədən ədəbiyyatının dünyada təbliği, ədəbiyyatımızın dünya dillərinə tərcüməsi və yayılmasıdır. Bu yolda hər kəs öhdəsinə düşəni etsə, ictimai diplomatiyamıza xidmət etmiş olar. Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Vaqif Sultanlı bu yöndə çox iş görür. Onun təşəbbüsü ilə Amerikada “Müasir Azərbaycan nəsri” antologiyasının ikinci nəşri ingilis dilində buraxıldı. Antologiyanın birinci nəşri 2012-ci ildə çıxıb. Müxtəlif ədəbi nəsilləri təmsil edən əsərlər arasında mənim də tərcümələrim var.

Bir müddət əvvəl yeni açılmış “Baku Book Center”- də Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş şeirlərni oxudum. Gözəl tərcümələrdir. Qeyd eləyim ki, Heydər Əliyev Fondu böyük işlər görür, o cümlədən, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının təbliği naminə. Klassiklərimizin xarici dillərə mükəmməl tərcüməsi çox vacib məsələdir... Özümüzü tanıtmaq üçün, çünki xariclə indiki kimi birbaşa əlaqələrimiz olmayıb. Səməd Vurğunun “Azərbaycan” şeirinin ingilis dilinə tərcüməsi məni valeh etdi. Amma Səməd Vurğun ilhamının bu şedevrini ingilis tərcüməçilər ingilis sillabizmində və ingilis poetexnikasında daha dəqiq, daha ekspressiv ifadə ediblər. Üç tərcüməçinin tərcüməsini veriblər. Üçü də gözəldir. “Hansını istəyirsən seç”. Bu haqda Facebook-da paylaşım etmişdim.

...Bir vaxt mən də Vaqifin, Mirzə Ələkbər Sabirin şeirlərindən ingilis dilinə tərcümə edirdim, sonra... “görən olmadı”... Sevə-sevə etdiyim tərcümələr var. Amma razılaşın ki, sevməyə-sevməyə etdiyimiz tərcümələr də olub. Təəssüf hissi ilə bir də qeyd edim ki, mən otuz il əvvəl daha yaxşı tərcüməçi idim, amma o zaman mənim tərcüməçiliyim heç kimə lazım olmadı, hətta ən tanınmış isimlər də laqeyd qaldı... İndi isə Naşir deyir ki, sizin kimi tərcüməçi 40 ildə bir yetişir, amma… Amma qonorarı 3 dollardan artıq verə bilmərəm (verə bilmirəm). Bu da belə.

Tərcümə gözəl şeydir... tərcümə edin, görərsiz... Amma redaktəsiz tərcümə ha...

# 4909 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #