Bu gün Azərbaycan xarici aləmin televiziyaların, internetin sayəsində çox ciddi təsirinə məruz qalır. Əsrlərdir qapalı mühitdə formalaşan dəyərlər bu gün xarici dəyərlərlə imtahan olunur. Bu mübarizə fonunda cəmiyyətində ailə-məişət problemləri, məişət zorakılığı, namus cinayətləri, atalar və oğullar dilemması xüsusilə kəskin forma alır.
Kulis.az bu mövzunu yazıçı Etimad Başkeçid jurnalist Turan İbrahimovla müzakirə edir.
- Bu gün Azərbaycanda ailə-məişət zəminində bir sıra problemlər yaşanır. Konkret danışsaq namus cinayətlərinin sayı durmadan artır. Bir tərəf bunu mentalitetlə bağlayır. Qarşı tərəf isə günahı cəmiyyətin avropalaşmağında görür, televiziyanı, interneti günahlandırırlar. Necə düşünürsünüz, Azərbaycan cəmiyyətində kişi - qadın münasibətlərində problemlər hansı səviyyədədir?
Etimad Başkeçid: İndiki kriminal xronikaya əsaslanıb deyə bilərəm ki, Azərbaycanda ailə-məişət zəminində baş verən zorakılıqlar adətən kişinin qadına qarşı sərt münasibətdən qaynaqlanır. Bu, Azərbaycanın Avropa dəyərlərinə inteqrasiyası ilə bağlı ola bilməz. Mətbuatın olmadığı vaxtlar statistika aparılmırdı, indi hər şey açıq-aydın ortadadır. Bu statistika Azərbaycanda ailə-məişət düzəninin hansı səviyyədə olduğunun göstəricisidir. Zorakılıq hadisələri Avropadan bizə gəlmir, bizdən Avropaya gedir. Bu yaxınlarda-dəqiq tarixini deyə bilməyəcəyəm-Böyük Britaniyada və Almaniyada namus cinayətlərinin qarşısını almaq üçün xüsusi dövlət konsepsiyası hazırlandı. Qanun Şərq ölkələrindən Avropaya mühacir edənlərin törətdikləri namus cinayətlərinin qarşısını almaq məqsədi daşıyır. Çünki ailədaxili zorakılıqlar ancaq müsəlman ailələrində yaşanır. Heç bir almanın ağlına gəlmir ki, arvadını namus, qeyrət üstündə bıçaqlasın və ya baltalasın. Banqladeşdən, Pakistandan, Hindistandan Avropaya gələnlərin sayı çoxaldıqca namus cinayətlərinin də sayı artıb. Avropa ölkələri də belə cinayətlərə göz yuma bilmir, problemi tənzimləmək üçün qanun çıxarır. Hamısı da şərqlilərin ailədaxili məsələlərini həll etmək üçün edilir.
Turan İbrahimov: Bu haqda ümumi danışacağam. Ümumiyyətlə, Azərbaycan və dünyada ailədaxili zorakılığın artmasının səbəbi nədir sualının üzərində dayanmaq lazımdır. Faktdan danışırıqsa, mən deməzdim ki, zorakılığın artımı və ya azalması var. Bu sırf insani faktordur. İnsan faktorundan doğan nəticədir. Ailədaxili şiddət hər zaman olub. Sadəcə olaraq indiki dövrdə media biznes sahəsinə çevrilib, tirajın, oxunma sayının artımının gətirdiyi müəyyən dividentlər var və bu xəbərlər mediada bir qədər şişirdilərək işıqlandırılır. Beləliklə də ailədaxili zorakılığın artması təəssüratı yaranır. Zorakılığın formalaşmasında medianın rolu var. Bu gün mediada şiddət çox təbliğ olunur. Nəzərə alsaq ki, insanlarımız təkcə yerli kanallara yox, Rusiya və Türkiyə kanallarına baxırlar. İngilis dilini bilənləri də unutmaq olmaz ki, onlar da Avropa kanallarını izləyirlər. Baxın, Latın Amerika seriallarında şiddət, seksuallıq təbliğ olunur. O cümlədən Türkiyə serialları. Qəhrəmanların hamısı zorakılığı təbliğ edir. Serialda Polad Alemdar qəhrəman ola bilər, ancaq hansısa bir degenerat onu özünə örnək götürüb kriminal aləmə üz tutar. Realiti şouların mənfi rolunu unutmaq olmaz. Bu gün realiti şoularda şüuraltı şiddət təbliğ olunur. Yalançı namus, yalançı qısqanclıq, yalançı qeyrət və s. söhbətlər aparılır. Rusiya kanallarında yayımlanan “Dom-2” realiti şousunda namusa aid olmayan bütün konfliktlər “namus” üstündə yaşanır. “Sən mənim qızıma niyə baxdın”, “Sən mənim qızımla niyə yatdın” kimi söhbətlər edirlər. İstənilən halda, şiddətin artımında medianın böyük rolu var. Məsələn, Amerika Birləşmiş Ştatları dünyada qadına qarşı şiddətin çox olduğu ölkədir. Statistika ilə dəqiq deyə bilmərəm ABŞ hansı yerdədir, ancaq araşdırma aparsaq, dəqiqləşdirmək olar.
- Turan bəy, Etimad bəy ABŞ-ı demədi, Avropadan danışdı.
T. İbrahimov: ABŞ öz mədəniyyətini, qanunlarını dünyaya yaymaqda maraqlı olduğu üçün bu ölkənin adını çəkdim. Gender bərabərliyi, feminizm hərəkatı hamısı elə Avropada yaranıb da. Bu hərəkat yaranıbsa, demək ki, problem Qərbin özündə olub.
- Biri xəstədir həkimə gedir, sağalır. Biri də xəstədir, həkimə getmir və ölür. Sizə elə gəlmir ki, Şərq dünyası həkimə getmək istəmir.
T. İbrahimov: Mən fikrimi tamamlamadım. Ümumilikdə onu demək istəyirəm ki, zorakılıq məsələsini mentalitetlə bağlamaq olmaz. Dediyim kimi bu insani faktordur. İnsanların sosioloji, psixoloji problemləriylə bağlı olan məsələdir. Bunu insanların dini inanclarla bağlasaq, çox cılız görünər.
- Daxili İşlər Nazirliyinin son günlər açıqladığı hesabata əsasən demək olar ki, namus üstdə törədilən cinayətlərin sayı çoxdur. Bunun qarşısını almaq üçün hansı konsepsiyadan istifadə etmək lazımdır?
T. İbrahimov: Proqramlar, qanunlar, çərçivələrlə bu məsələni həll etmək olmaz. İnsanların psixoloji tərbiyəsindən çox şey asılıdır. Əgər biz bunu Qərb və Şərq mədəniyyətinə bölsək görərik ki, islam dinində qisasçılıq yoxdur. Bu artıq insanların fərdi problemidir. Terror törədən insan müxtəlif millətin nümayəndəsi ola bilər. Terrorun kökündə nə durursa, gəlin, biz bundan danışaq.
E. Başkeçid: Turan bəyin feminizmlə bağlı dediklərinə aydınlıq gətirmək istəyirəm. Əgər Qərbdə problemlər olmasaydı, feminizm də yaranmazdı. Turan bəyin fikirlərini bölüşürəm. Azərbaycanda da problem olmasaydı, biz bu müzakirələri aparmazdıq. Hər halda məsələ heç də bəsit deyil. Avropanın indiki mədəniyyəti Qədim Yunan və Roma mədəniyyəti üzərində formalaşıb. Avidinin, Ksenofanın, Homerin əsərlərinə baxsaq görərik ki, onlar qadına həmişə ikinci dərəcəli rol ayırıblar. Qadına həmişə sanki bir ev heyvanı qismində baxılıb. Baxmayaraq ki, qədim yunanların allahlarının içərisində qadın allahlar da olub. Qədim Romada qadınları ümumiyyətlə təcrid edirdilər. Hücrələrdə saxlayırdılar, insan içinə çıxmağa qoymurdular. Əri döyüşə gedən qadınların cinsiyyət orqanlarını kilidləyirdilər ki, o yan-bu yan məsələ olmasın. Hətta XX əsrin əvvəllərinə kimi Avropada qadınlara seçki hüququ belə tanınmırdı. Bibiliyada da yazılıb ki, qadın həmişə ərinə tabe olmalıdır. Geyimini belə geyinməlidir, saçını, qrimini çox da büruzə verməməlidir və s. Bu islamda da var. Bizimlə Qərbin arasında qadına olan münasibətdə fərq nədən ibarətdir? Qadınların hüququnu ilk dəfə kişilər tanımağa başlayıblar, bunun uğrunda savaşıblar. Qadınlar bu hərəkata sonradan qoşulublar. Qərbdə fəlsəfə ilə bu problemi çözməyə başlamışdılar. XXI əsrdə biz bu problemi şəriət üsulu ilə həll etməyə çalışırıq. Namus, qeyrət sözləri bizdə çox işlək sözlərdir. Avropalılar bayaq dediyim qanunları özləri üçün çıxarmayıblar. İngiltərədə və başqa ölkələrdə namus qanunları var. Şərq ölkələrindən gəlmiş miqrantlar üçün nəzərdə tutulub. Çünki namus cinayətlərini törədənlərin hamısı onlardır.
T. İbrahimov: Namus anlayışı dini bir şey deyil, ənənə ilə bağlıdır. Müsəlman olmamışdan əvvəl də bizdə namus cinayətləri yəqin ki, baş verib.
E. Başkeçid: İslam dini əslində qadınlara böyük hüquqlar verib. İslamdan əvvəl qadınların vəziyyətinə baxanda insan dəhşətə gəlir. Onlar heyvan yerinə qoyulub. Qadına sosial, nikah, miras hüququnu ilk dəfə islam dini verib. Qadını insan kimi ilk dəfə tanıyan din islam dini olub.
T. İbrahimov: Düzdür Qərbdə VII əsrdə qızlarını diri-diri basdırmasalar da qadınların vəziyyəti o qədər yaxşı olmayıb.
E. Başkeçid: Düzdür, biz qızlarımız basdırmamışıq. Biz deyərkən türkləri nəzərdə tuturam.
- Etimad bəy Qərbdə gedən proseslərdən danışdı, bəs bu vəziyyət İslam Şərqində necə gedirdi?
E. Başkeçid: Şərqdə əslində proses getmədi. Namus məsələsinin təsbitində, tərifində müxtəlif yanaşmalar var. Bir şərqli ailəsi qızını ərə vermək istəyir, qızı atasının üzünə ağ olur, o dediyi adama ərə getmir. Evdən qaçır. Bu da kişinin namusuna toxunur. Yəni, namus sözünün içinə o qədər başqa-başqa anlamlar doldurublar ki...
T. İbrahimov: Bu gün qızın iffəti deyilən anlayışı var. Qızın o çərçivələri aşmasına iffətini qorumamaq deyirlər. Namus artıq ər-arvad arası münasibətdir. Qadının öz səviyyəsini, öz mövqeyini qorumağıyla bağlıdır. Qərb bu sahədə daha rahatdır. Çünki Qərbin özü maraqlıdır ki, onların tarixi yunan mədəniyyətindən başlasın. Şərq şumerdən başlayır. Şumerin özündə bu qavram necə idi? Bizə necə gəlib çatıb, bunu dəqiqləşdirə bilmirik. Babillə də bağlı araşdırmalar apara bilmədiyimiz üçün gəlib İslamda dayanırıq. Biz onu bilirik ki, islama qədər Mesopotomiya, Yaxın Şərqdə yaşananlar həmişə qaranlıq dövr kimi xatırlanır. Bütün bu cəhalətin kökündə insanların bütpərəstliyi dayanır. İslam gələndən sonra hansı çərçivəni qoydu, gəlin, bundan danışaq. İslamda zina anlayışı var, yəni qadın kişini və ya kişi qadını aldadırsa, bu, zinadır. İslam nöqteyi-nəzərindən yanaşsaq, burda kişinin ailədə, cəmiyyətdə konkret yeri təsbit edilib, hüquqları konkretləşdirilib. Bu gün həyat tərzi olaraq göstərdiyimiz islamla gerçək islamın arasında böyük fərq var. Biz öz məişətimiz, özümüzün uydurduğu forma ilə islamı qarışdırmayaq. Buna görə də özümüzə aid səhvləri də islama aid etməyək.
E. Başkeçid: Ailədaxili zorakılığı islamla bağlamaq düzgün deyil. Gərək sual verək ki, niyə Şərqdə xurafat, cəhalətpərəstlik və bu kimi hallar indiyə kimi yaşayır. Barak Obamanın prezident seçiləndən sonrakı çıxışına baxdım. O, çox gözəl bir söz dedi. Dedi ki, Amerika nə iqtisadi qüdrətinə, nə də ordusunun gücünə görə Amerika olub. Amerikanı Amerika edən onun daxilindəki fərqlilikdir. Burda insanlar ideyalarına görə müxtəlif birliklərə üz tuturlar. İnsan dərisinin rənginə, milli mənsubiyyətinə, yəni fərd şəklində də müxtəlifdir. Çeşidlilik çox olanda bunu dövlətin gələcəyi üçün yaxşı amil hesab edirlər. Şərqdə isə-biz də daxil olmaqla- “mən dediyim düzdür”, “sən deqerenatsan”, “sən marjinalsan” yanaşması mövcuddur. Bu cür yanaşma olduğuna görə kişi ailənin başçısıdır, onun dediyi düzdür. Halbuki bu cür yanaşma Qərbdə aktual deyil.
T. İbrahimov: İqtisadi cəhətdən evi kim təmin edirsə o, ailənin başçısı, söz sahibi ola bilər.
E. Başkeçid: İstənilən Qərb ölkəsinin siyasi palitrasını götürək. Orada təmsil olunan qadın və kişi bərabərliyi nisbətinə baxsaq görərik ki, bütün Qərb ölkələrinin parlamentlərində qadınlar kişilərdən çoxdur. Nazir qadınlar da o cümlədən.
T. İbrahimov: Statistika kimi bunu artıq formalaşdırıblar. Onların nə dərəcədə özlərini qadın hesab etmələri də sual altındadır. Qərbdə bizim Azərbaycandakı saxta proqramlar kimi statistikalar formalaşdırılıb. Bizim onlardan əsas fərqimiz odur ki, kağız üstündə olanları gerçəkləşdirə bilmirik. Bu gün senata seçilən, kansler olan qadınlar özlərinin qadın kimi yazılmağını istəmirlər, istəyirlər lezbiyan, biseksual və s. yazılsın. Feminizmdə əsas odur ki, qadınlar kişilər kimi qadınlarla olmaq istəyirlər.
- Burda pis nə var ki?
Ardı var
“Namus sözünün içini o qədər doldurublar ki...”-DEBAT
14 noyabr 2012
08:45
3970 dəfə oxunub