Bir sözlük redaktorlar, bir cümləlik yazıçılar

Bir sözlük redaktorlar,  bir cümləlik yazıçılar
24 iyul 2014
# 10:28

Fərid Hüseyn

Bəzən bir redaktor hansısa yazıçının cümləsini düzəldir, yaxud oxuyub görür ki, əsərdə “evin qapısı bağlanmışdı” əvəzinə “evin qapısı qıfıllanmışdı” yazılıb, “toy-yas” bilmədən “səyyar tənqidçi”liklə məşğul olur ki, filankəsdə səhv tapdım. Ta demir; o kitab sənə elə həmin naqis cümlələri düzəltmək üçün etibar olunub. Bir cümləylə bir kitaba, yazıçıya qiymət vermək ümumiyyətlə absurddur. Bu cür adamlar Markesin əsərlərini oxuyub Latın Amerikası ədəbiyyatını qüdrətli sayıb, Orxan Pamuku bəyənməyib “müasir türk ədəbiyyatı yoxdur” deyənlərdəndir. Özü də bəraətləri də hazırdır: “Dənizin suyunun duzlu olmasını bilmək üçün axıra qədər içmək lazım deyil”.

Amma qanmağa ehtiyac var ki, kitabın dadına baxmazlar. Hətta kitabın adına görə içini oxumağa ehtiyac olmadığını deyənlər də tapılır.

Bəzi yazıçılarımızda anlaşılmaz bir münasibət var. Məsələn, bəyəndikləri bir cümləni ortalığa atıb deyirlər: “Bu cümləni başqa yazıçı yaza bilməz”. “Bir dənə belə cümlə yazsam, ta yazmaram”. Bir əsəri bir cümləylə bəyənmək üçün Qurban olduğum adamı eninə-uzununa naqis yaratmalıdır ki, bu əqli nəticəyə gələsən. Belə misallar göstərən adamlarla Sokratın məhkəməsində üzə duran nainsaf andlılar arasında o qədər də fərq yoxdur. Bir cümləni əlində bayraq edərək bir yazıçını bəyənmək və ya tənqid etmək, gözdən salmaq qədər fakta əsaslanan riyakarlıq yolu tapmaq çətindir.

Əgər bir yazıçı bir cümləylə istedadlıdırsa, bir sözlə qələt yazandırsa, bu cür darnəfəsli meyarlarla kimlərisə yazıçı saymırlarsa, qoy onda Bir Cümləlik Yazıçılar “əsl peşəkarlar”, Bir Sözlük Redaktorlar “ən böyük dilçilər” olsun... Neynək...

Bir də var, “yazsam hamıdan yaxşı yazaram” deyənlər dəstəsi. Bu sözləri deyənlər həyatın bütün naz-nemətlərini ədəbiyyatdan üstün tutur, yazmır, sonra da Mirzə Cəlilin “Zırrama”sının qəhrəmanı kimi “ədəbiyyat küçəsi”ndə hər qarşısına çıxana eyni sözləri deyirlər: “Dizimi yerə qoysam, hamınızdan yaxşı yazaram”. Belələri anlamır ki, yazıçılıq həm də yazı masası arxasında əyləşə bilmək bacarığıdır, yeddi kürsülü cahanın bütün nemətlərindən dadıb yayxana-yayxana “yazsam yazaram” demək deyil. Bu tipli adamlar əksərən meydanı elə “döyüşmədən” tərk eləyirlər. Oyuna girirlər, amma oynamırlar, zamansa oynamayana oyunçu demir. Yazmayanasa yazıçı... Elə yaxşı ki, demir!

# 3779 dəfə oxunub

Müəllifin son yazıları

# # #