“Eyni suallar” layihəsində dünya şöhrətli yazarların müsahibələrində cavablandırdığı suallar azərbaycanlı yazara ünvanlanır. Layihədə hər iki yazarın cavabları təqdim edilir. Bu dəfə Nəcib Məhfuzun müsahibəsində cavablandırdığı suallar şair, yazıçı Zahid Sarıtorpağa ünvanlanıb.
- Yazdıqlarınızdan ilk dəfə nə zaman qazanc əldə etmisiniz?
Nəcib Məhfuz:
Qısa hekayələrim ingilis, fransız və alman dillərinə tərcümə olunanda. “Zabalavi” nədənsə heç gözləmədiyim halda inanılmaz uğur qazanmışdı, yazdığım heç bir hekayə mənə o qədər gəlir gətirmədi. İlk tərcümə olunan romanım isə “Midaq Alley” oldu. Tərcümə olunmuş ilk romanım bu günə kimi də xatırlayıram. Xəyyat adlı livanlı naşir tərəfindən çap olunmuşdu. Amma mən də, tərcüməçi də bundan bir qəpik də gəlir götürə bilmədik, çünki Xəyyat bizi ustalıqla aldatmışdı. Hardasa 1970-ci illərdə həmin roman ikinci dəfə nəşr olundu, sonra fransız dilinə tərcümə edildi, ardından isə bir-bir digər romanlarımın tərcüməsi üçün müraciət edildi.
Zahid Sarıtorpaq:
- On bir yaşımda. İlk şeirim dərc olanda. 1968-ci ilin 5 mart tarixində rayon qəzetində səkkiz misralıq bir şeirim çap olmuşdu. Üstündən çox keçmədi, ünvanıma qəbz gəldi. Anlamadım nədi. Evdə oxuyub dedilər ki, qonorar kağızıdı. Hə, bax onda 3 rubl 60 qəpik qonorar almışdım. Hara xərclədiyimi unutsam da, o tarixçə heç vaxt yadımdan çıxmır...
- Müasir ədəbiyyatın gənc nümayəndələri ilə əlaqələriniz necədir?
Nəcib Məhfuz:
- Hər həftənin cümə günü, axşamlar gənc yazarların dəvət olunduğu, yaradıcılıqları haqqında danışıb, tənqid eşitdikləri sessiyalara qatılıram, Qəsr əl-Nildə keçirilir. Ora gənc ədiblərin çoxu gəlir – şairlər, yazarlar, tənqidçilər, ədəbiyyatsevərlər. 1971-ci ildə hökumət işçisi kimi təqaüdə çıxdıqdan sonra ədəbi çevrəni daha yaxından tanımaq, yeni tanışlıqlar qurmaq, dost çevrəsi yaratmaq imkanım daha da genişlənib.
Zahid Sarıtorpaq:
- Çox yaxşı. Tez-tez görüşə bilməsəm də, yazılarını diqqətlə izlədiyim və sevdiyim gənclər var. Fərid Hüseyn, Mövlud Mövlud, Ramil Əhməd, Elçin Aslangil, Şahlar Ruhi, Namiq Rəssam, Könül Həsənqulu, Mətləb Muxtarov... Bu siyahını bir xeyli uzada bilərəm. Bu gənclər həm müstəqil yazıb-yaradır, həm də çeşidli ədəbi birliklər və saytlar ətrafında toplaşıblar. Bunlar öz nəfəsləri, səsləri olan gənclərdi və mən bu imzalara çox ümid bəsləyirəm.
– Nə zamansa senzura ilə bağlı problem yaşamısınızmı? Məsələn, əlyazmalarınızdan hansınısa yenidən yazmaq tələb olunubmu və yazmısınızmı?
Nəcib Məhfuz:
- Son illər yox, amma İkinci Dünya müharibəsi illərində “Əl-Qaura əl-Cədidə” və “Radibus” hekayələri senzura ilə üzləşdi. Məni solçuluqda ittiham etdilər. Senzuraçılar “Radibus”u təhrikedici qəbul etmişdilər, orada insanlar kralı öldürürdü, amma, əslində, bizim kralımız hələ də sağ-salamat idi. Heç cür başa sala bilmədim ki, burada təhrikedici heç nə yoxdur, sadəcə tarixi hekayədir.
Zahid Sarıtorpaq:
- Desəm inanmayacaqsız, yox. Heç vaxt. Senzura sovet dönəmində mövcud idi, bizim də yaradıcılığımızın ölkə miqyasına çıxan çağları bu quruluşun laxlayan vaxtına təsadüf edirdi, o üzdən bəlkə də yazılarımızla dərin maraqlanan olmurdu. Bir də axı mən elə şeylər yazmamışam ki, senzura da çapına problem yaratsın. Həmişə siyasətdən uzaq olmuşam, heç bir partiyanın üzvü olmamışam və bu üzdən mənim senzurayla heç bir problemim olmayıb. Amma bu heç də yazdıqlarımızın dişsiz olduğu anlamına gəlməməlidi...
– Uşaqlıqda dinlə aranız necə idi? Dini ayinlərə sitayiş edirdiniz?
Nəcib Məhfuz:
Gəncliyimdə olduqca dindar idim, dini ayinlərə həssas idim. Amma onu da deyim ki, bunun üçün atamın heç bir təzyiqi yox idi, baxmayaraq ki, özü əsla cümə günü ibadətini buraxmazdı. Amma məni məcbur eləmirdi ki, cümə günüdürsə, mütləq məscidə namaza getmək lazımdır. Sonralar düşüncələrim və həyat fəlsəfəm formalaşdıqca dərk etdim ki, din və inanc həqiqətən də açıq olmalıdır, dar düşüncə ilə kifayətlənən dindar lənətlənmiş adam kimidir. Bir müddət düşündüm ki, din həyatın əzablarına tab gətirə bilməyən insanlar üçün ümid yerindən başqa bir şey deyil. Dini inancı lazımlı hesab edirəm, amma eyni zamanda düşünürəm ki, din potensial təhlükə mənbəyidir. Əgər insanları hərəkətə gətirmək nəyəsə cəlb etmək istəyirsənsə, gərək ilk növbədə həssas olduqları nöqtələri tapasan, Misirdə insanların ən həssas tərəfi dindir. Ona toxunmayan heç kimə zərər gəlməz. Bu qədər istismara dözdürən səbəb nədir? Yenə din. Ona görə dinin hər şeyə hökm edəcək qədər dərinləşməsinə imkan vermək olmaz. Din dilindən sevgi və humanistlik şüarları tökülməlidir. Din inkişafla və sivilizasiya ilə səsləşməlidir, sadəcə duyğu təmizliyi ilə iş bitmir. Amma təəssüf ki, dinin indiki vəziyyəti sivilizasiya ilə daban-dabana ziddiyyət təşkil edir.
Zahid Sarıtorpaq:
Mən dindar ailədə doğulmamışam. Atam ötən əsrin iyirminci-otuzuncu illərində ali təhsil almış mühəndis, ziyalı bir insan idi, anam – sadə, evdar bir qadın. Bu baxımdan, bilincli olmadan uşaqlığım da, gəncliyim də, lap elə sonrakı dönəmlərim də dindən uzaq olub.
Onu xatırlayıram ki, aşura günlərində Şamaxıdakı qədim “İmamlı məscidi”nin xarabalıqlarında qətl günü izdihamla qeyd edilərdi. Uşaqlarla oraya gedərdik, bizə konfet paylayardılar, şərbət içirərdilər... və bu uzun müddət yadımdan çıxmazdı...
Sonra, Sarıtorpaqda bir Rübabə nənə vardı, yalqız bir qarıydı. Onun evində mərsiyə oxunardı, qadınlar hamısı, qara kəlağayı örtüb gedərdilər ora. Orada növhə deyən Məsmə xalanın, ya Nisə xalanın səsini eşidəndə, mənasını dərk etmədiyim sözlərəmi, ya ab-havayamı özüm də bilmədən elə kövrələrdim ki, qəhər boğazıma pərçimlənərdi və çox qəribədi, çıxıb getməzdim, eləcə, çox üzgün bir halda durub dinləyərdim o səsi... Və çox qəribədi, ondan sonra uzun müddət məğzindən heç nə başa düşmədiyim mistik yuxular görərdim... Bilirsiz, dindar olmamaq olar, amma inamsız olmayasan gərək...
- Məkkəyə getmək istərdinizmi?
Nəcib Məhfuz:
- Yox, kütlə olan yerlərdən xoşum gəlmir.
Zahid Sarıtorpaq:
- Özümü daha çox yalqızlığın insanı sayıram, daha çox Allahın evinə yox, O-nun Özünə bağlı sayıram. Bu üzdən nə vaxtsa Məkkəyə gedəcəyimi düşünmürəm. Mənim kimi düşünən və həyat sürənlərin Allahın hüzuruna getməsi, O-nun evini ziyarətə getməsindən daha asandı.
– Yazıçılıqla bağlı söhbətə qayıtmaq istəyirəm. Konkret iş qrafikinə uyğun işləyirsiniz?
Nəcib Məhfuz:
- Mən həmişə qrafik üzrə işləməyə məcbur olmuşam. Səhər saat səkkizdən günorta saat ikiyə kimi işdə olurdum. Sonra evə gəlirdim, günorta saat dörddən axşam saat yeddiyə kimi yazırdım. Cümə günlərini çıxmaq şərti ilə həftənin bütün günləri bu qrafiklə işləyirdim. Heç vaxt istədiyim vaxtda işləmək imkanım olmayıb.
Zahid Sarıtorpaq:
- Uzun zaman tezdən durub işləməyi özümə təlqin etmişəm. Bəzən bu qrafik pozulur. Amma tezdən durub işləməyə həmişə çalışıram, lap qısa müddətə də olsa. Çünki, gün doğanacan insan ruhunun daşıdıqlarının aydın cizgiləri, konturları qələmdən daha rahat keçir, nəinki başqa vaxtda cəhd edilənlərin...
- Romanlarınızın süjetləri və obrazları necə yaranır?
Nəcib Məhfuz:
- Belə izah edim də... Məsələn, dostlarınızla bir yerə gələndə ən çox nədən danışırsınız, təbii ki, gün ərzində və ya həftəboyu sizi ən çox təsirləndirən, ən çox yadınızda qalan hadisələr, insanlar, əşyalar, yerlər haqqında. Mən də hekayələri eyni ilə bu cür yazıram. Evdə, məktəbdə, küçədə, gəzintidə baş verənlər, rastlaşdıqlarım hekayələrimin bazası olur. Bəzi təcrübələr insanda o qədər dərin izlər qoyur ki, bilirəm ki, bu klubda danışmaq üçün deyil, romana əlavə edilməlidir.
Məsələn, belə bir situasiya düşünün, qatil üç nəfəri qətlə yetirir. Bu hadisə qısa hekayənin özülüdür, bunu genişləndirmək yazıçıdan asılıdır. Burada kişinin, qadının, xidmətçinin və ya qatilin gözündən baxmaqla dörd cür hekayə yazmaq olar. Mən qatilin gözündən baxır və onun yaşadıqlarını yazıram. Burada artıq hər şey seçimdən asılıdır, detektiv, dram, triller janrı yazarın hekayəyə kimin gözündən baxmasından asılıdır. Hekayələri bir-birindən fərqləndirən də məhz yazıçının yanaşmasıdır.
Zahid Sarıtorpaq:
– Bilirsiz, hərənin bir yaradıcılıq üsulu var. “Əlifba bayramında qətl” və “Dərdin sarı çəpkəni” romanlarımı yazarkən mən yazıçıdan çox şair kimi hərəkət etmişəm. Heç bir süjet qurmadan, heç bir obrazın necəliyini, hansı yükü daşıyacağını fikirləşmədən, sadəcə can yanğısıyla yazmağa başlamışam və hadisələr özü məni sona aparıb çıxarıb. Düzdü, yazdıqlarımda düşünülmüş məqamlar yox deyil, o da var, amma daha çox şüur axını mənə doğmadı. Əlimdə yarımçıq olan yeni romanımı da eləcə yazıram.
- Yazmağa başlayanda sözlərin, ideyaların hardansa göydən düşməsini, gəlməsini gözləyirsiniz, yoxsa başlamazdan əlinizdə müəyyən qeydlər olur? Konkret bir mövzu ilə başlayırsınız yazmağa?
Nəcib Məhfuz:
- Qısa hekayələr dediyiniz kimi uçub göydən düşürlər, daxildən gələnləri vərəqlərə köçürürəm. Amma bəzi işlər üçün əvvəlcə araşdırma aparıram, qeydlər götürürəm. Məsələn, “Qahirə Trilogiyası” üçün olduqca geniş, çoxşaxəli araşdırma aparmışdım. Əsərdə yer alan hər bir xarakter haqqında xüsusi qovluq düzəltmişdim. Əgər o araşdırma, o qeydlər olmasaydı, əsərin yarısında itərdim, detallar bir-birilə uzlaşmazdı, nəyisə unudardım, ciddi boşluqlar olardı. Qaldı mövzu məsələsinə, bəzən mövzu olur ki, ard-arda düzülən hadisələr boyunca formalaşır, bəzənsə beynimdə konkret mövzu olur.
Zahid Sarıtorpaq:
– Bu suala yuxarıda qismən cavab vermişəm. Yazı prosesində şüur axını içində azıb-təziməməkdən ötrü, müəyyən qeydlər aparıram. Ümumiyyətlə, həmişə, hər yerdə qeydlər edirəm və yeri gəldikcə etdiyim qeydlərdən yararlanıram. Bu, yazdıqlarıma müəyyən bir stimul verir, qəribə bir enerji ötürür, məni yazdıqlarım üzərində kərən-kərən işləməyə məcbur edir, sonucda qeyri-adi, gözlənilməz məqamlar çıxır ortaya...
– Ürəyinizə ən çox yatan, ən yaxın mövzu hansıdır? Haqqında ən çox yazmaq istədiyiniz mövzu?
Nəcib Məhfuz:
– Azadlıq. Müstəmləkələrdən azadlıq, kralın mütləq qanunlarından, təkbaşına idarəçiliyindən azadlıq, sadə insan üçün cəmiyyət və ailə məhdudiyyətlərindən azadlıq.
Zahid Sarıtorpaq:
– Şeirlərimin yolu-yolağası ayrıdı. Bu haqda danışmayacam. Nəsrdə çağdaş insanın çox mənasız, çox bəsit, çox gərəksiz bir varlığa çevrildiyini, çiynindəki İlahi missiyanı unutduğunu, bu çaşqın həyatda Allahsız olmağı Allahlı olmaqdan qat-qat üstün saydığını, bununla qürur duyduğunu, başı gora əsəndə isə ümidsiz duruma düşüb, əlini hər yerdən üzüb “mən kiməm axı?..” sualı önündə çökdüyünü və heç də azad, yəni, “noxtası” öz əlində olmadığını dərk etdiyini... Sadəcə şərhsiz-filansız göstərmək yanğısı var içimdə. Ən böyük istəyim budu...
Zəruri qeyd: N.Məhfuzun bu müsabihəsi “Kaspi” qəzetində Elcan Salmanqızının tərcüməsində dərc olunub. Təqdim etdiyimiz hissələr həmin müsahibədən seçilib.