Bu gün şair, esseist Fərid Hüseynin doğum günüdür. Kulis.az günün şeiri layihəsindən "Onurun şeiri"ni təqdim edir.
Onurun şeiri
Paytaxt ayağıyla tələsir hamı:
Biri kefə qaçır, biri kinoya,
Qarışqa səfinə düzülüb indi
Mən də yollanıram isti yuvama.
Şeytan üzərimə torun atmamış,
Evə çatmalıyam oğlum yatmamış.
Qədəh gecələri çağırır məni,
Nəfsin üzü gülür telefonumda.
Birisə yarımçıq arzularına
Nöqtə təklif edir günün sonunda.
Razılıq qanına əlim batmamış,
Evə çatmalıyam oğlum yatmamış.
Sədd aşantək aşıb işıqforları
Bəxtimi tıxacda hər gün söyürəm,
Evə gecikəndə zəngi basaraq
Ən dadlı röyasın yarı bölürəm.
Şirin yuxusuna haram qatmamış,
Evə çatmalıyam oğlum yatmamış.
Baxıram yataqda yatmış uşağa,
Görürəm üzündə gülüşü yatıb,
Dodaqlar aralı, uzalı qalıb,
Mənə pay olmayan öpüşü yatıb.
Peşmanlıq günümə zəhər qatmamış,
Evə çatmalıyam oğlum yatmamış.