“Ən sevdiyim əsər” layihəsində yazarların, sənət adamlarının ən çox sevdikləri bir əsər haqqında söhbət edəcəyik. Budəfəki həmsöhbətimiz şair, tərcüməçi Mahir Qarayevdir. Qeyd edək ki, Mahir Qarayevin ən sevdiyi əsər Haynrix Böllün “O illərin çörəyi” povestidir.
– Haynix Böllün “O illərin çörəyi” povesti hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə sizin ən sevdiyiniz əsərdir?
– Sistemli mütaliəsi olan oxuculara həmişə həsəd aparsam da, çox təəssüf ki, özüm heç vaxt bu cür oxucu ola bilməmişəm. Əslində, bu bir qüsurdur. İllər keçəndən sonra aydın olur ki, pərakəndə oxu bir yandan səni lazımsız əsərlərə tuş salıb, o biri yandan da neçə-neçə lazımlı əsərdən yan ötüb keçmisən. İndi artıq cavanlığın bu qüsurunu aradan qaldırmağa nə vaxt var, nə istək. Əlac bircə ona qalır ki, heç olmasa, əldən çıxan “sistemi” əldə olan bu “sistemsizliyin” hesabına bərpa edəsən. Yəni oxuduqlarını saf-çürük edib onlardan hansına təkrar qayıtmaq istədiyini müəyyənləşdirəsən. Onda ən sevimli əsəri seçmək müşkülü də asanlaşar – çünki sevimli əsər səni təkrar özünə qaytarmağa məcbur edən əsərdir. Əlbəttə, belə əsərlər bir, üç, beş, on da deyil, bəzən lap çox ola bilir. Şəxsən mənim bu “çoxluğumun” içində, Haynrix Böllün «O illərin çörəyi» povesti də var... Yəni müxtəlif yaşlarda təkrar qayıtdığım və təkrar oxuyarkən, ilk dəfə oxuyurmuş kimi, ləzzətlə gözümə təpdiyim bir əsərdir bu. Mənimçün bu əsərin ən başlıca məziyyəti də budur, ən əsas keyfiyyət də.
– Müharibədən sonrakı ağır illər təsvir edilən bu əsərdə Valter Fendrix çörək əldə etmək üçün hər yola əl atır. Sizcə, ovaxtkı Almaniyanın siyasi sisteminin ümumiləşdirilmiş obrazı deyilmi Valter?
– Bütün Avropanı sarsıtmış, ən çox da Almaniya və Rusiyanı viran qoymuş II Dünya müharibəsindən sonrakı cəmiyyətin fonunda Valter Fendrixə uşaqlığı, gəncliyi, qocalığı, yaxud dünəni, bu günü, sabahı – ümumiyyətlə, bütün həyatı və mənəvi dünyası məhv olmuş minlərlə, milyonlarla insanın ümumiləşdirilmiş surəti kimi baxmaq daha düzgün olar. O, müharibədən fiziki mənada salamat qurtulmuş, lakin mənəvi dünyası müharibənin fəlakətləri ilə damğalanmış və bu damğanı bütün həyatı boyu daşımağa məruz qalmış, buna məhkum edilmiş bir qurbanlıqdır.
– Əsərdə yeməkdən ötrü biri-birini didən alman insanlarının siması var. Deməli, Valterin anası ilə bir xəstəxanada yatan xəstə qadın öləndən sonra vəfat edən xanımın əri onun əşyalarını yığışdırmağa gələndə dolabdakı konservanı tapmır. Tələb edir ki, mən konservanı dünən axşam gətirmişəm və əgər o, dünən gecə saatlarında ölübsə, deməli, aldıqlarımı yeməyib. Beləliklə, həmin kişi xəstəxanada şəfqət bacısıyla konserv üstündə möhkəm savaşır. İstərdim əsərdəki bu cür ağrılı məqamlardan danışaq, xüsusən də, sizə təsir edən situasiyalardan.
– Mən bu əsəri dəfələrlə oxumuşam – əvvəl öz dilimizdə, sonra rus dilində. Məhz neçə dəfə – dəqiq yadımda deyil. Amma orası dəqiqdir ki, dediyiniz epizodu cəmi bir dəfə oxumuşam; növbəti oxularda ondan yan keçmişəm. Birincisi, o səbəbdən ki, həmin epizod məni bərk sarsıtdı – həqiqətən, çox dəhşətli gerçəklik və çox dəhşətli təsvirdir. İkincisi, o yeri təkrar oxumağa gücüm çatmayıb, çünki həmin səhnə ilk oxudan sonra onsuz da gözümün qabağından heç cür getmir. Amma bunu alman cəmiyyəti, yaxud alman insanı ilə məhdudlaşdırmaq düzgün olmaz. Bu, Haynrix Böllün ustad qələmiylə təsvir edilmiş bəşəri bir ağrı, son dərəcə təsirli və unikal bir səhnədir. İndicə ölmüş ömür-gün yoldaşının itkisinə tüpürüb bir banka konservin dərdini çəkmək, davasına qalxmaq – aclığın, müharibənin insanı hansı dərəcədə simasızlaşdırmasının ağlasığmaz təzahürü, dəhşətli gerçəkliyi. Və yazıçının bir romanlıq mətləbi çox kiçik bir epizodda ümumiləşdirmək ustalığı.
– Valterin üç sevgisindən söhbət açılır. Veronika adlı sevdiyi qız süd dükanı olan dul kişiyə ərə gedir. Daha sonra Ulla adlı qızla nişanlanır və yenə münasibətləri alınmır. Nəhayət, Müllerin qızı Hedvinqi sevir, ancaq ciddi mənada qarşılıq görmür. Bütün bunlarda onun müharibədən sonrakı sındırılmış cəmiyyətin övladı olduğu, çörək oğurluğu etməsi və günahının aşkara çıxması kimi hadisələrin danılmaz rolu var. Maraqlısı budur ki, Valter sevgini hiss kimi yaşayır, ancaq, sanki sevdiyini əldə etməyə onun haqqı yoxdur, o, insanların gözündə çörək oğrusudur sadəcə. Bu məqamlara diqqət etmisinizmi?
– Söhbət heç də Valterin uğursuz sevgilərindən, yaxud sevgi uğursuzluqlarından getmir; məhv olan, puç olan Valterin ayrı-ayrı sevgi detalları deyil, bütövlükdə damğalanmış həyatıdır. Sevgi, özü də böyük sevgi burda sadəcə, bir vasitə – çıxılmazlıqdan çıxışa ümidsiz bir cəhddir. Əsər bu cəhdlə başlayır, bu cəhdlə də başa çatır; amma çıxılmazlıqdan çıxış yolunun tapılması burda bir absurddur. Burda yalnız ədəbi priyoma çevrilən ümidsiz bir cəhd var – yazıçı bu məsələdə “Dünyanı gözəllik xilas edəcək” deyən Dostoyevskinin həqiqətinə tapınmağa çalışıb. Və dəhşətli reallıqlar fonunda Valterin qismətinə çıxan böyük sevgi – yeni həyata başlamaq ümidi burda yalnız nəfəslik rolunu oynamağa qadirdir; ondan artığına qadir deyil və ola da bilməz. Əks təqdirdə, yazıçının böyük ustalıqla təsvir etdiyi müharibə dəhşətllərinin, yəni mövcud reallığın “çəkisi” azalmış olar və inandırıcı görünməzdi.
– Natamamlıq kompleksi Valterin əsas problemi idi, məncə. Çünki o, hər şeyin pulla qiymətindən başqa neçə kömbə çörək elədiyini də xüsusi vurğulayır. Bu cür incə məqamlarla yazıçı obrazının psixiologiyasını daha da açır.
– Valterin hər şeyi bir kömbə çörəklə – qəti unutmayaq ki, bu çörək Valter üçün heç vaxt indinin çörəyi olmayacaq; bütün ömrü boyu o illərin, məhz o illərin çörəyi olaraq qalacaq – ölçməsi onun natamamlıq kompleksindən irəli gəlmir. Əksinə, belə məqamlarda Valter daha realdır, daha bütövdür və daha ayıqdır; o qədər ayıqdır ki, heç cür yanıla bilməz, öz haqq-hesabında ən xırda ştrixi belə gözdən qaçıra bilməz və qaçırmır da. Çünki onun böyük bir “aclıq stajı” var və əsər boyu Valter məhz bu acı, lakin real təcrübədən çıxış edir. Bir kömbə çörək və bir kömbə çörəklə sınağa çəkilən insan. İndi guya biz də müharibə şəraitində yaşayırıq – müharibədən sonrakı yox, guya birbaşa müharibə şəraitində! – və real Azərbaycan insanı, yaxud müasir Azərbaycan gənci üçün “bir kömbə çörək” dərdi ən yaxşı halda gülməli görünə bilər. Haynrix Bölldə isə reallıq daha sərt və daha düşündürücüdür – bir kömbə çörək bəşər övladının adi bir ehtiyacını ödəməyə qadirdisə, insanı bir kömbə çörəklə yaşatmaq mümkündürsə, belədə ondan ötrü milyonların qanının axıdılmasına dəyərmi?! İlk baxışda çox adi görünən bu sual povestdə kəskin və haqlı bir ittiham kimi səslənir – milyonların həyatına qənim kəsilmiş müharibələrə Valter tərəfindən, onun orta məktəb səviyyəsindəki bəsit “vurma-çıxma” əməliyyatları ilə əsaslandırılan ittiham kimi.
– Valter hətta maddi və həyati imkanları düzələndən sonra da cibində çörək gəzdirir, dostu Volfdan oğurladığı pulları qaytarmaq istəyir, atasının kitablarını satıb kömbə aldığı günləri xatırlayır, sevgilisi Ulla bir parça çörəkçün üzü sızanaqlı qızın başına fırlanmasını yadına salır onun, siqaret almaqçün elektrik plitkalarını satdığını hamı bilir və beləliklə, sanki müharibə dövrünün utancı onu dinclik dövründə də qarabaqara izləyir. Mahir müəllim, etiraz etmirsizsə bu əsərdə, eləcə də H.Böllün müasirlərinin əsərlərindəki “müharibə bitmir” ideyasından danışaq.
– Müharibə yalnız tarix üçün statistik bir fakt kimi bitib, amma Valterdə və Valter kimi müharibədən fiziki mənada salamat çıxmış milyonların ürəyində, həyatında və yaddaşında davam edir. Valterin maddi həyat imkanları xeyli yaxşılaşandan sonra cibində çörək gəzdirməsi əsərdəki yüzlərlə uğurlu detaldan biridir; yazıçı haqlı olaraq bu fikirdədir ki, Valterin çörək qorxusu həmişə diridir, daimidir, hətta əbədidir. Cibdə çörək gəzdirməyin bədii anlamı məhz budur: aclıq və müharibənin digər dəhşətləri bu insanları ölüncə, bəlkə heç qəbirdə də tərk etməyəcək. Biz bunu kənardan aydınca görürük, başa düşürük və inanırıq. Kənarda deyil, bu reallığın içində yaşayan Valterin özünün isə bu acı həqiqəti görməsi, onun səbəbini dərk etməsi üçün müəyyən vasitə lazımdır. Əsərdə həmin vasitə rolunda sevgi çıxış edir və Valter bizim kənardan müşahidə etdiyimiz bütün dəhşətlləri məhz sevginin işığında görüb, sevginin gücünə dərk edir. Hedviqin qaranlıqda qəfil günəş kimi Valterə bəxş etdiyi sevginin böyüklüyü məhz bundadır. Və yazıçı da Dostoyevski həqiqətinə məhz bu nöqtədə tapınır – o, öz qəhrəmanının qəfil dönüş cəhdinin fonunda sevginin nə qədər böyük bir qüvvə olduğunu göstərir; özü də bunu yalnız təsvir etməklə kifayətlənmir, sanki bizə göstərdiyi bu həqiqətin üstünə öz ayağıyla gedib çıxır.
– Əsərin sonuna yaxın Valterin sevgilisi ilə dialoqunda özünə qazandırdığı bəraət də maraqlıdır. O sevdiyi xanım Ullaya belə deyir: “Öz əlində tutduğun maaş cədvəlini götür bir də bax, yazdığın soyadları bir də oxu, hər soyadı oxuduqca “bağışla bizi” de. Sonra bütün bu soyadları topla və alınan rəqəmi min kömbə çörəyə vur, hasili bir də minə vur, onda görəcəksən ki, bankda hər gün üst-üstə gələn pullarla birgə sənin atanın adına nə qədər lənət gəlib”. Bununla da, Böll müharibəylə bərabər xalqın kasıblığından belə pul qazanan varlı almanların və cəmiyyətin iç üzünü göstərir. Sizcə, bu əsərdə və ümumilikdə müharibəni yazıçılar niyə daxili və xarici düşmənlərin “zəhmətinin bəhrəsi” kimi təqdim edirlər?
– Ulla tam mənada Valterin sevdiyi xanım deyil, heç vaxt da olmayıb; Hedviqin peyda olmasıyla başlanan əsl sevgi Valterin ona qədərki ömrünün bütün qaranlıq bucaqlarını qəfildən işıqlandırdığı kimi... Yada salaq: hətta yaddaşdan çoxdan silinib getmiş, unudulmuş misalın cavabının qəfildən tapılması da yalnız bu “gün işığının” sayəsində mümkün olur və biz sevginin bu möcüzəvari qüdrətinə də rahatlıqla inanırıq. Ulla ilə məqamın üstünə də bir anda işıq salıb bu münasibətləri kül təpəcik kimi göyə sovurur. Cəmisi bir anın içində, qısa bir söhbətin müddətində. Müəyyən dərəcədə ağrılı məqamdır, hətta kənardan Ullaya acımaq da mümkündür. Ancaq bütün hallarda, əsl sevgi işgüzar münasibəti üstələməliydi. Əsərdə bu baş verir, yəni belə də olur və böyük sevginin fonunda biz ilk baxışda xoşbəxt görünən “adaxlıların” məhz bu cür ayrılacaqlarına, dialoqun məhz bu cür bitəcəyinə inanırıq. Fərid bəy, bir halda ki, sənin misal çəkdiyin o gözəl sitat Valterin yaddaşını heç vaxt tərk etməyib – belədə, onun Ullaya hansı sevgisindən söhbət gedə bilər? Əsər Hedviqin gəlişiylə, lap dəqiqi, Valterin həmin o bazar ertəsinin bütün təfərrüatlarını xatırlamasıyla, başlanır. Bu məsum qız Valterin solğun, tutqun, qaranlıq həyatının səmasında qəfil günəş kimi parlayır və “bitib tükənmək bilməyən uzun bir günün” içində Valter öz həyatının bütün bucaqlarına xəyali səyahət edir; içində çabaladığı məşum bataqlığının bütün dərinliklərinə baş vurur – illərlə içini didib-dağıdan tərəddüdləri ilə üzbəüz qalır. Və Valter bir günün, bir anın içində bütün əvvəlki həyatına nöqtə qoyur – o, öz hökmünü, öz qərarını verir, daha doğrusu, bu “fərmanı” Valterə məhz günəş kimi danılmaz sevgi imzalatdırır.
– İngilis tənidçisi U.E.Yuill yazır: “Böllü bütöv bir nəslin taleyi ilə bərabər, qarışqa yuvasına bənzər müasir şəhərlərdə yaşamağa məcbur olan ayrı-ayrı şəxslərin taleyi də narahat edir”. Yuillin Böll yaradıcılığına olan ümumi münasibəti “O illərin çörəyi” əsərində də diqqəti çəkir. Siz necə, Böllün üslubunda vurğulananan cəhətlərə diqqət etmisinizmi?
– Düzü, bu povest və yazıçının özü barəsində, etiraf edim ki, indiyəcən heç bir tənqidçi fikrini oxumamışam; ona görə ingilis tənqidçisinin fikrinə hər hansı münasibətimin yarımçıq görünəcəyini göz önünə alıb çaşqınlıq yaratmaq istəməzdim. Əvəzində bu əsərlə tanış olmayanlara məlumat olaraq bildirm ki, povesti dilimizə Əkrəm Əylisli çevirib. Mən bu əsəri ilk dəfə onun mükəmməl tərcüməsində, özü də çoxdan, təxminən otuz il qabaq oxumuşam. Yadımdadır ki, onda bu əsər bizim ədəbi mühitimizə çox təsir göstərmişdi və bu təsir xeyli davam etmişdi. Yəni, tərcümə vaxtına və yerinə düşdüyündən çox faydalı olmuşdu. Çox-çox illər sonra əsərin ruscasını tapıb oxuyanda tərcümənin kamilliyinə mat qaldım. Hesab edirəm ki, əsər bu gün də bizim oxucularımız, ümumiyyətlə cəmiyyətimiz üçün lazımlı, həm də çox aktualdır. Yazarlarımız üçünsə bu əsər ikiqat faydalıdır – həm Böll sənətkarlığına yaxından bələd olmaq, həm də, ümumiyyətlə, bədii sözün və sənətkarlığın nə olduğunu konkret nümunə əsasında görmək, izləmək üçün. «O illərin çörəyi» mənim «o illərimin» əsəridir – bəlkə əsərin mənə doğmalığının bir səbəbi də elə burdan irəli gəlir. Hər halda, həmin illərdə mən Haynrix Böllün adını ilk dəfə eşitmişdim və o vaxtdan bu imza mənim sevimli imzalarımın cərgəsinə qoşulub. Yadımdadır ki, bir dəfə kitabxanada “Ulduz” jurnalının “o illərinin” nömrələrinin birində, – 1968-ci ilin deyəsən son sayında, Əli Kərimlə kiçik bir sorğu keçirilmişdi. “Hazırda hansı yazıçını oxuyursunuz?” sualına cavabda Əli Kərim Haynrix Böllün də adını çəkmişdi.
– Əsərdə real təsvirlərlə yanaşı qeyri-real təsvirlər də görmək olur. Öz dövründə Böllü iki məsələyə görə tənqid edirdilər: ifrat idealizim və uydurma mühit yaratmaqda. Amerika tənqidçisi Teodor Siolkovski yazır: “Böll müharibədən sonrakı Almaniyada azsaylı yazıçılardan biridir ki, daimi mənəvi moizələrlə qidalanan uydurma bir dünya yaradır”. Bəlkə, söhbətimizin məcrasını Böllün yaradıcılığındakı bu bir qədər də uydurulmuş dünyaya yönəldək.
– Məhz bu povestə görə Böllü tənqid edən tənqidçiyə yumşaq desək, şübhə ilə yanaşıram: ya səmimi deyil, ya hoqqabazdır. Mən konkret bu əsərə münasibəti nəzərdə tuturam. Böllün bu əsərdəki “bədii uydurması” mənimçün hətta “hadisə yerindən” canlı lentə alınmış hər hansı epizoddan belə etibarlıdır. Yazıçı xronologiyanı lentə köçürən operator deyil, məhz “bədii uydurma” vasitəsilə informasiya ötürən mənbədir. Mən yazıçının bədii informasiyasını sənədli xronikadan daha üstün sayır, daha vacib bilirəm. Təkcə elə Valterin bir kömbə çörək üçün atasının kitabxanasından min kömbə çörək dəyərindəki o nazik kitabı çırpışdırıb dəyər-dəyməzinə satması, bu cür “bədii uydurmalar” povestdə yüzlərlədir və heç bir sənədli kinolent onların hər hansı birinin mində bir təsirini oyada bilməz.
– Əsərin finalı sizə necə təsir bağışlayıb? Qəhrəmanın çıxılmazlığını, geriyə qayıdış istəyini, eyni zamanda povestin qəfil yarımçıq sonluqla bitməsini necə şərh edərdiniz?
– Əsərin konkret sonluğu yoxdur. Çünki əslində əsərin konkret başlanğıcı da yoxdur: əsər uzun bir gün haqqında uzun bir cümlədən ibarətdir. Bir daha deyirəm, ilk cümlədə Hedviqin gəldiyi gün xatırlanır və Hedviq əsərdə qəfil günəş kimi doğaraq yazıçının təsvir etdiyi mühiti yavaş-yavaş deyil, qəfildən işıqlandırır. Bu işıqda bütün varlığıyla, bütün eybəcərliyi ilə gözümüz önündə açılan dünya sıxılıb uzun bir cümlənin içinə yığılır. Əsər heç də izahedilməz sonluqla bitmir. Əksinə, hər şey son dərəcə aydın və izaholunandır. Valterin həyatı sınıqdır, qırıqdır, yarımçıqdır. Burda hər hansı tamlıq, bütövlük süni təsir bağışlayardı. Valterin yaxşı əl qabiliyyəti var və bu bacarıqlı əllər ona kifayət qədər pul qazandıra bilir. Amma Valter özü çat-çatdır. Bu çatların yerini artıq heç nə ilə doldurmaq mümkün deyil. Olsa-olsa, yalnız Hedviqin sevgisi Ancaq bu böyük sevginin də bütün çatları dolduracağı hələ sual altındadır. Əks təqdirdə, bu “böyüklük” bütün əsər boyu təsvir edilən çatların dərinliyinə şübhə yaradardı. Çatlar isə yazıçının bədii uydurması deyil, müharibənin məhv etdiyi bir həyatın reallığıdır. Bu mənada əsərin finalı sadəcə dumanlıdır və bu dumanı sevgi günəşinin dağıtmağa gücü çatıb-çatmayacağı sual altındadır. Yazıçı burda hökm verə bilməz, onun işi yalnız təsvir etməkdir, yaxud gücü yalnız buna çatır. Çünki çıxış yolunun olub-olmaması onun özünə də bəlli deyil. O, bədii uydurmaya arxalanıb heç bir saxtakarlıq etmir, yəni qəti hökm vermir. Hökm heç bir halda inandırıcı çıxmazdı və yazıçı da haqlı olaraq buna getmir.