Pianoya mismar vurmaq

Pianoya mismar vurmaq
1 iyun 2015
# 09:00

Təxminən, 11-12 yaşında olardım, atam “Milliyət” qəzetinin ən gənc, Rəfi Cavad Ulunay da ən yaşlı köşə yazarı idi; arabir atam bizi redaksiyaya aparanda onun bu yaşlı iş yoldaşını görür, indi hər biri məşhur jurnalist olan o vaxtın gənc idman müxbirləri ilə zarafatlarına diqqət kəsilirdim.

Bir gün Rəfi Cavad Ulunaydan, Qartaldan bir az aralıdakı bağ evində həmkarlarına qonaqlıq verirdi, quzu kababı çəkirdi. Atam Məhmədlə məni də ora apardı.

Ulunayın Qatar stansiyasına gələrkən mindiyi eşşək, bağ evinin həyətinə zəncirlənmiş iri çoban itləri, axura bağlanmış inəklər olan bağ evi mənə nağıl aləmi kimi görünmüşdü; bir yandan da közün üstündə quzu ətini qızardanda, mən də ömrüm boyu ilk dəfə eşşək minən jurnalistin bağ evində hər şeyə təəccüblənərək gəzinirdim.

Ercümənt Behzat, Doğan Nadi qonaqların arasında xatırladığım bir-iki adam adlarındandı. Doğan Nadi deyirdi ki, quzu ətləri bişməyəcək, həqiqətən də, ət bişmək bilmirdi.

Sonra ağ saçlı bir adamla qarşılaşdıq. Atam ona dedi:

- Hələ də pianoya mismar vururlar, ustad?

Atamın böyük hörmət və sevgiylə davrandığı bu yaşlı adama onda niyə belə dediyini başa düşməmişdim, amma o söz fikrimdə ilişib qalmışdı; sonra o yaşlı adam danışdı ki, gəmiylə sürgünə göndəriləndə elə bildik Qara dənizdə fırtına qopacaq, belə olsa üsyan etməyə hazırlaşırdıq, ancaq fırtına olmadı.

Baxçada açılmış masalara böyük qayıqvari boşqabların içində qızardılmış quzuları qoyanda isə məlum oldu ki, Doğan Nadi haqlı imiş, quzu əti yaxşı bişməmişdi.

Qayıdanda atamdan soruşdum ki, o ağ saçlı adamın kim idi?

- Rəfiq Xalid idi – dedi.

- Yaxşı, bəs, pianoya mismar vurmaq nə məsələdi?

Atam, Rəfiq Xalidin bir hekayəsində həmin hadisəni yazdığını deyib, əsərin süjetini danışdı.

Səhəri gün Rəfiq Xalidin kitabxanadakı bütün kitablarını götürüb, o hekayəni tapdım.

Deməli, varidatı əlindən alınan bir adamın evini müsadirə etmək üçün gələn məmurlar evdəki əşyaları möhürləyir, amma bu işi demək olar ki, barbarcasına bir ehtirasla, haradan qaynaqlandığı bəlli olmayan səbəbsiz bir nifrətlə həyata keçirir, üstündə leylək şəkli olan qədim bir pərdəni götürüb leyləyin dimdiyinin üstünə qırmızı bal mumundan hazırlanmış möhür, qara bir hacıleylək kimi duran pianoya mismar vururlar.

Uşaq ağlım bu vəhşiliyi, gözəl olan hər şeyə qarşı bu qəddarlığı, bu amansız nifrəti, gücdən belə amansızcasına istifadə etməyi dərk edə bilmirdi.

Yaşadıqca o hekayənin mənasını daha yaxşı başa düşdüm.

Bu hekayədə bəzi insanların düşüncəyə, sənətə, yaradılmış hər gözəlliyə düşmən münasibətini, güclərini necə pis yöndə sərf etdiklərini gördüm.

Artıq məmləkətimizdə azad fikir bildirən insanları həbsə atandan sonra, bu cür işlərin səbəbini yaxşı anlayıram. Qadağan olunub yığılan kitabların, məhkəməyə verilən sənətkarlıq işlərinin, qırılan heykəllərin, yasaq olunan şəkillərin, başımıza gətirilən bütün bu dəhşətli hadisələrin kökünün haradan qaynaqlandığını, bəzi şəxsiyyətsiz insanların arxalarını gücə söykəyib, öz xalqının vətəndaşlarına düşmən kəsildiklərini yaşaya-yaşaya başa düşdüm.

Bütün bu pis əməlləri törədənlər, özlərindən sonra ən xırda bir iz belə qoymadan, su milçəkləri kimi dünyadan köçüb gedirlər.

Özlərindən sonra dimdiklərinə qırmızı bal mumundan möhür vurulmuş leylək şəkilləri, mismarlarla deşik-deşik edilmiş pianolar, dağıdılmış talelər qalır.

Və 11 yaşında eşitdiyim o absurd cümlə, indi tam aydın bir həyat həqiqəti olaraq qəlbimdə səslənir.

- Hələ də pianoya mismar vururlar, ustad.

Türkiyə türkcəsindən uyğunlaşdıran: Fərid Hüseyn

# 2137 dəfə oxunub

Müəllifin son yazıları

# # #