Necə qələbə çalmalı?

Necə qələbə çalmalı?
4 avqust 2014
# 10:11

Cəmiyyət içindən müharibə çağırışları daha uca səslə eşidilməyə başlarkən soyuqqanlı şəkildə bizi gözləyən real müharibə tablosü üzərində intensiv düşünməyə başlayırsan. Təbii ki, bu dəfə vətənşivənlərin, bayraqbazların, siyasət qaragüruhçularını söyləntilərinə aldırmadan diqqətlə çözməyə məhkum olduğumuz bir tablodan söhbət gedir.

Təsəvvür edin ki, bütün bu kimi sosial şəbəkələrdə və başqa informasiya məkanlarında çağırışlar bitir və müharibəyə başlamaq barədə qərar verilir. İlk sual da buradan başlamalıdır: Müharibəni hansı güc başlayacaq və sonadək aparacaq? Potensial olaraq dünya təcrübəsində olan analoji variantlar bizdə də keçərlidir. Fikrimizcə, müharibəni dörd güc apara bilər: Birincisi, dövlət öz hərbi təsisatları ilə, ikincisi, dövlətlə xalqın siyasi və praktiki birliyi ilə, üçüncüsü, dövlətə tabe olmayan gerilla-partizan-diversant qruplarla, dördüncüsü isə, bizim əvəzimizdən güclü dövlətlərdən biri öz ordusu və ya qeyri rəsmi birləşmələri ilə.

Birinci variantı sonra dönəcəyəm. Xalq müharibəni istəyirmi? İstəsə belə uzunmüddətli müharibə apara bilərmi? Erməni xalqının müharibəyə davamlılığı ilə bizimki arasında hansı ciddi fərqlər var? Bəlkə daha başqa sualları da əlavə etmək olar. Təbii ki, müharibə başladığında hər şey xalqın adına istinadla aparılmalıdır, lakin xalqın özünə istinad etmək necə, mümkündürmü? Hər zaman bu sual bizi düşündürməlidir. Azərbaycan xalqı təbiəti etibarilə öz mahiyyətində əsgər xarakteri formalaşdırmamış bir xalqdır.

Bunun iki bəsit sübutu 1918-ci ilin hadisələrində və 1988-1993-cü illərin hadisələrində hərbi cəhətdən təşkilatlanma qabiliyyətinin ortaya qoyulmamasını göstərə bilərik. Detallara varılarsa, 1918-ci ildə türk ordusunun, 1988-1992-ci illərin uğurlarında da yabançı birliklərin rolu haqqında müəyyən detalları xatırlatmaq olar. Səbəb, Çar Rusiyası dövründən, ardınca da Sovet dövründən sabit hərbi elita ənənəsinin qurulmaması, səhra və ya dağ sərtliyinin, döyüşkənliyinin böyük çoxluğun xarakterinə yansımaması. Daha çox ticarət zəkasının qabarmasının da kökü burada axtarılmalıdır. Üstəlik də yanlış din anlayışı səbəbinə Vətən uğrunda savaşın İmandan olması, Allah rizası üçün aparılması fəlsəfəsinin Azərbaycan insanının düşüncə sistemində sabit şəkildə yer almaması. Ona görə də bir gün döyüş bölgəsinə təhlükəsiz ezamiyyətə və ya konsertə getmiş hər kəs veteran kağızını tələb etmə yarışının içində görməkdə özünü haqlı sayırdı. Ona görə də hansısa adı, imtiyazı ala bilməyənlərin, yaxud da haqsız alanların ritorikasının içində hərdən müharibədə məğlub olduğumuzu da unuda bilirdik.

Baxın, hələ müharibə başlamayıb, epizodik və məsafəli döyüşlərdə şəhid olan bir neçə hərbçidən sonra xalqın görüşlərini ifadə edən şəxslərdən hansı iradlarını daha çox eşidə bilərsiniz? Ən populyarı budur: Niyə ön cəbhədə varlıların deyil, yoxsulların uşaqları ölməlidirlər? Bu ifadədə həqiqət payı var, çünki səfərbərlik planlaşdırılmasında illər uzunu hansı prinsiplərin işlədiyini gözardı etmək olmaz. Eyni zamanda da bu iradda müharibəyə münasibətdə düşünülmüş bir bəhanə var. Əgər geniş miqyaslı müharibə başlasa, ölənlərin sayı yüzlərlə olsa, o zaman 1992-ci ildə olduğu kimi tabutları gətirib Prezident Aparatının qarşısınamı qoyacaqlar? Müharibə dediyin bir fenomenin yükünü əsasən xalqın passionar hissəsi öz üzərinə götürür, yayınan onsuz da yayınacaq, pulla xəstəlik kağızı düzəldənlər, onsuz da düzəldəcək, xaricə qaçanlar onsuz da qaçacaq. Dövlətin qanunları normal işlərsə bunları minimuma endirmək mümkündür. Lakin bundan sonra da Cəbiş müəllimlərin çox olacağını gözləmək sadəlövhlük olardı. Yəni bəhanə üçün çox-çox səbəblər həmişə mövcuddur, ancaq xalqın içindən kimsə söyləyirsə ki, niyə kasıb uşaqları ölür, bu artıq ən münbit bəhanə üsulu sayılmalıdır. Zənginlərin də sağlam düşüncəli, Vətənə borcunu verməyə hazır övladların olduğunu kimsə inkar edə bilməz. Vətənə sevginin, borcun bu cür differensiyasını əlbəttə, Çeçenistanda aparsan, çoxları gülümsəyib keçər və bunun proletar məzmunlu bir yanaşma olduğuna diqqət çəkər. Eyni zamanda narkomaniyadan, avtoşluqdan, xuliqanlıqdan ölən zəngin uşaqları ilə səngərdə ölən yoxsul uşaqlarının da talelərinin uğurlu və ya uğursuz olması müqayisəsini də aradabir aparın. Açığı bu və ya başqa səbəblərdən dövlətin xalqın resurslarına söykənərək daha genişmiqyaslı müharibə aparmaq imkanlarını görmürəm.

İkinci güc olaraq gerilla-partizan-diversant hərəkətlərinin müharibənin əsas yükünü götürəcəyini düşünmək olardı. Burada da potensialımız xeyli zəif. Hətta ötən günlərdə Kəlbəcərdə tutulan vətəndaşlarımızın fəaliyyəti az-çox ümid yaratsa da, bunun sistemli xarakter daşıdığını son 22 ilin təcrübəsinə dayanaraq söyləmək mümkün deyil. Vaxtilə Qarabağ partizanları adlanan dəstələrin də düşmən arxasında real fəaliyyətdən öncə reklam təşəbbüsləri boşuna adamları həbsxanalara daşıdı. Böyük əksəriyyət adsız qəhrəman olmaq istəmədiyindən, qəhrəman adını almağa üstünlük verdilər və nəticəsi də odur ki, son 22 ildə Ermənistan bir yana dursun, işğal olunmuş ərazilərimizin heç birində ermənilərə zərbə vuracaq ciddi bir diversant hərəkətin şahidi olmadıq.

Başqa dövlətlərin güclərinin də bizim üçün döyüşəcəyi illüziyası da artıq 1993-cü ildə əfqanların gedişi ilə tamamlanıb. Ən yaxın müttəfiqimiz Türkiyə, İraqda və Suriyada heç öz prestiji üçün döyüşə bilmir, Qarabağda bizim üçün döyüşəcəyini ancaq NATO sistemindən xəbərsiz sadəlövhlər təsəlli üçün söyləyə bilərlər. ABŞ, Rusiya, İran kimi güclərin isə bizə qarşı döyüşməməsi, bizim üçün ən böyük lütf olardı.

Demək ki, bizi gözləyən müharibəni aparacaq tək bir güc var, birinci variantda qeyd etdiyimiz Azərbaycan dövlətidir. Yəni öz ordusuna, xüsusi təyinatlı qüvvələrinə, daxili və sərhəd qoşunlarına isnad edərək, bu müharibəni apara bilər. Təbii ki, əlverişli siyasi şərtlər yaranmadan, dünya gücləri ilə konfliktə girərək, dövlətin belə bir qərar alması çox az ehtimal ola bilər. Əslində bu gün hücumdan tez-tez danışsaq da, günün reallığında bizim əsasən müdafiə olunma haqqımız mövcuddur. Çünki Rusiyanın zəifləmə müddətinə qədər ən azı səngərdə daha az itki vermək və düşməni daha çox itkiyə məruz qoyma taktikasına ciddi əməl etməliyik. Buna görə də bütün Azərbaycan vətəndaşları öz dövlətinin müharibə aparacaq real təsisatlarının sağlam zəmində formalaşmasına maraqlı olmalı, öz dəstəyini əsirgəməməlidir. Nöqsanlar boğazdan yuxarı, ancaq kimsə bizlərdən 20 il, 50 il sonrakı nəsillər hansısa nöqsanları soruşmayacaq, niyə məğlub olduğumuza görə, sadəcə özümüzə və ya qəbrimizə söyəcək.

Müharibəni kim aparır-aparsın, qələbəni mütləq biz götürməliyik – Azərbaycan xalqı! Kasıbı, zəngini, ortababı, şiəsi, sünnisi, türkü, talışı, ləzgisi, avarı, tatı, kürdü birlikdə olan Azərbaycan xalqı!

# 4596 dəfə oxunub

Müəllifin son yazıları

# # #