Ən böyük cinayətlərin şahidi olmur

Ən böyük cinayətlərin şahidi olmur
23 aprel 2019
# 15:48

Kulis.az Eyyub Məmmədovun “Susqunluğun sirri” adlı essesini təqdim edir.

Həqiqəti axtardım, onun məzarını tapdım.

Həmid Herisçi

Yeknəsək günlərin birində fikirli-fikirli addımlayarkən özümü qəfil gözdən-qulaqdan iraq, balaca bir kitab dükanının önündə gördüm. Axırıncı dəfə buraya nə vaxt gəldiyimi tam xatırlamasam da, görünür yolu unutmamışdım deyə qeyri-iradi gəlib bura çıxmışdım. Odur ki, dərhal içəri keçib kitablara baxmağa başladım. Belletristika və üçüncü-dördüncü dərəcəli həvəskar türk tarixçilərinin kitabları ilə dolu dükanda Jose Saramaqodan yeganə tapdığım kitabı almaq üçün çox da fikirləşməyə gərək qalmadı.

“Bütün isimlər” adlı roman Saramaqonun yaradıcılığının təqribən orta dönəmlərinə düşür. Əksər yazıçıların qocalıq sindromu adlanan son romanlarındakı əksilikdən doğan məziyyətləri Saramaqonun yaradıcılığı üçün bu dövrdə xarakterikdir sanki, çünki Saramaqo bu romanda ənənəvi üslubundan bir azca kənara çıxır, adətən hər əsərində göstərdiyi cümlələr üzərindəki master-klassını təkrarlamır. Qısası, bu əsərdə Saramoqoya məxsus uzun-uzadı cümlələr demək olar ki, azdır. Bundan əlavə mətnin tərtibatı Saramaqonun öz fəndinə əsasən oxuma prosesini çətinləşdirdiyindən, əsər bir az da cansıxıcı gələ bilər. Folknervari gediş edərək cümlələrdə nöqtə və vergül istisna heç bir durğu işarəsindən istifadə etməyən Saramaqo, hətta dialoqların da ənənəvi düzülüşünü verməyib. Tərcüməçi də bu üslubu qoruyub saxlamağa cəhd etdiyindən romanı oxumaq o dərəcədə çətinləşir ki, bəzən dialoqlarda tərəfləri belə qarışdırırsan.

Bundan başqa ənənəvi klassik romanlardakı təhkiyəçi – üçüncü şəxsin təkində danışan mən, bu əsərdə bəzən metaromanlardakı təhkiyəçiyə çevrilir, oxucu ilə intertekstual dialoqa keçir. Amma təbii ki, müəllif Saramaqodursa onun hər bir kaprizinə dözmək olar. Çünki sonda Saramaqo öz oxucusunu bu fədakarlığına görə mütləq mükafatlandırır.

Əsərin tanıtımında Saramaqonun məqsədinin bu əsərdə tədirgin bir qəhrəmanın simasında şöhrət anlayışının irdələnməsi olduğu göstərilsə də, fikrimcə, Saramaqo burada şöhrətdən ziyadə adlar üzərindən bir oyuna baş vurur. Bu isə öz növbəsində Vitgeynşteynin təbiri ilə desək “dil çatlarında yaranan fəlsəfə” ilə gündəlik qarşılaşdığımız, məruz qaldığımız dil oyununa girərək anlayışların kökünə enir, ölüm, yaşam, intihar və s anlayışlara fərqli yöndən nəzər salır.

Əsərin qəhrəmanı arxiv idarəsində çalışan yaşlı bir məmurdur. Hər gün doğulan, ölən, ayrılan, evlənən yüzlərlə insanın şəxsi qovluqları birbaşa onun əlindən keçərək arxiv idarəsinin tozlu rəflərinə daxil olur. Burada isə əsas iki kateqoriya var. Ölülər və dirilər üçün ayrılmış hissə. Arxiv idarəsinin qapı ilə ayrıldığı digər otaqsa qəhrəmanımız – Don Xosenin yaşadığı köhnə evdir. Uzun illər bu idarədə çalışa-çalışa, Don Xose qəribə bir mübtəlalığa yoluxur. Adları maraqlı gələn insanların şəxsi işlərini idarədən icazəsiz çıxarmaqla – bir növ oğurlayaraq kolleksiya toplamaq və roman qəhrəmanın bir gün onun üçün maraqlı gələn bir qadının şəxsi işini ələ keçirməklə başlayan macərasından bəhs edir. Tipik postmodernist əsərlərdə baş verən axtarış motivi bu əsərdə də keçir. Belə ki Don Xosenin bu müəmmalı şəxsin axtarışından bəhs edən əsərdə hər nə qədər Saramaqonun fəlsəfi disputlara dalmasında bir şikəstlik hiss olunsa da əsərin kuliminasiya nöqtələrində müəllifin ölüm və həyat arasındakı incə cizgiyə arxiv sənədləri timsalında irəli sürdüyü yeni baxış tərzi də maraqlıdır. Bundan başqa fərdin topluma dönüşü, hierarxiyanın amansız tənqidi və s. kimi bürokratik anlayışlar da əsərdən öz tənqid payını alırlar.

Axtarış prosesi uzandıqca qəhrəmanın şəxsiyyətindəki incəliklər də üzə çıxır. Tədirginliyi ilə bərabər sərhəd tanımaz inadı ilə Don Xose axtardığı şəxsin izinə düşür və romanda sonrakı hadisələrin açılması üçün işıq ucu görünməyə başlayır. Beləliklə oxucu Don Xose ilə bərabər naməlum qadının axtarışına çıxır.

Əsərin sehrinə daldığımdandı, ya nədir bilmirəm, adətimə xilaf olaraq bu kitabı oxuyarkən təqdimat vərəqlərinə baxmamışdım deyə ikinci səhifədəki əl yazma ilə yazılmış kiçik mətn diqqətimdən qaçmışdı. Əsərin ortalarına yaxın ikinci səhifədəki üç-dörd cümləlik yazı bu əsəri həyatıma bağlayan əsas hadisə oldu. Demək, kitabın ikinci əl olmasının səbəbi bu kitabı 1998-ci ildə bir qadının öz bacısına bağışladığı hədiyyə olması idi. “Ən xoş arzular və xoşbəxtlik ümidi” ilə bağışlanmış əksər hədiyyə kitablarından fərqli olaraq bu kitab necə olub gəlib satılma həddinə çatmışdısa, bilmirəm. Ancaq bildiyim o idi ki, bu yazını oxumağım mənim həyatımda təsadüfi bir şey olmamalı idi. Deməli, ortada iki əsas ehtimal vardı. Ya kitabı hədiyyə kimi qəbul edən şəxs onu bəyənməmişdi, ya da bəyənib oxuduğu kitab onun üçün hansısa arzuolunmaz bir xatirəyə çevrilmişdi ki, onu satmaq məcburiyyətində qalmışdı. Hər halda ehtimallar tükənməzdir. Ancaq aradan iyirmi ilin keçməsi bu sirri dərinləşdirdiyi qədər də içimə qəribə bir hiss salmışdı ki, bəlkə də bu əsəri oxuduqca əsərin qəhrəmanına çevriləcəm. Bəlkə də əsərdəki qəhrəmanın gizlənmə səbəbi kimi bu qadının da kitabdan imtina səbəbi də hardasa eynidir. Və daha da dəhşətli bəlkə bu ola bilərdi ki, əsərdə axtarılan qadın elə bu kitabdan imtina edən qadının özü ola bilərdi. Belə olduğu təqdirdə mən bu əsərdəki Don Xosenin özü olmurdummu? Axı yaşam elə mətnin özü deyilmi? Bəlkə də bu həyatın özü bir mətndir?

Hər halda ədəbi oyun ilahi bir oyuna çevrilmişdi. Və mənim bu qadına olan marağım, bu qadını axtarmağa məni təhrik edirdi. Bu işdə isə ən böyük kömək elə bu əsəri özümə bələdçi seçmək ola bilərdi. Yəni oyuna qatılmışdımsa oynamalı idim. Gözümü açıb qəfil özümü içində gördüyüm bu oyun məni həyatla mətn arasındakı əlaqədə kövrək bir bağa çevirmişdi.

Ağır iş günlərindən imkan tapdıqca əsəri oxuya-oxuya əsərin qəhrəmanı sayaq mənim də axtarışlarım bəzən dalana dirəndiyindən Don Xosedən fərqli olaraq mən daha tez həvəsdən düşürdüm. Sanki bütün axtarışlar əbəs yerə idi. Qəhrəmanımızdan bir fərqim də mənim axtarış üçün elə də böyük bir imkanımın olmaması idi. Kitabı satan şəxsi yalnız virtual dünyada axtara bilirdim. Bu axtarışların birində isə tapdığım yeganə olması ehtimal olunan profil heç bir ümid vəd etmirdi. Çünki profil “ölü profil” idi. Ola bilsin ki, profilin sahibi ölməsin, hələ də yaşasın. Amma istənilən halda profili işlətməməsi məni bu qərarı almağa vadar etdi ki, bu axtarışı hələlik dayandırım və qəhrəmanımızın da axtardığı şəxsin ölü olması mənimçün yeganə çıxış yolu saxlayırdı ki, yaxşısı hadisələrin sonrakı gedişatına uyğun olaraq sonluq əsasında bir qərar qəbul edim. Bütün sirlər sonda açıla bilərdi.

Əsərin sonlarına yaxın Don Xose birtəhər naməlum qadının basdırıldığı məzarlığı tapır. Məzarlıq işcisinin bələdçiliyi ilə onun nömrələnmiş məzarını tapması və burada yuxuya gedib səhər məzarların arasında gördüyü çobanla dialoqu əsərin finalı sayıla bilər. Bununla da Don Xose axtardığı qadının simasında həyatın ən böyük həqiqətlərindən birini tapmış olur. Əsərin epiqrafında deyildiyi kimi biz ən yaxşı halda bizə verilmiş olan adları bilirik, amma sahib olduğumuz əsl adı bilmirik. Demək, yaşadığımız bu şey hər nədirsə toplu bir illuziyadan, oyunlardan başqa bir şey deyildir. Çünki müqəddəs olan şey gizli qalmağa, sirrə-sehrə bürünməyə məhkumdur. Bu islam fəlsəfəsində də belədir. Allahın yüzüncü adı gizlidir. Çünki bizə məlum olan 99 ad simulyasiyaya məruz qalsa da, o yüzüncü ad müqəddəslik haləsini saxlayır.

Don Xoseyə nömrələnmiş məzarların içərisindəki nişan verilən məzarın əslində o olmadığını, məzarların nömrələrini gecə ilə dəyişdirdiyini, qısası, onun axtardığı qadınının başının üzərində dayandığı məzarda olmadığını deyən çoban hər nə qədər cinayət işlətmiş biri olaraq sayılsa da, bunu kifayət qədər maraqlı səbəblərlə əsaslandırır. O, tanıdığın birinin əksinə tanımadığın şəxsin məzarı önündə ağlamağın nə qədər müqəddəs bir şey olduğunu bildirməklə yanaşı həm də bu məzarların nömrələrini gecəylə niyə dəyişdirdiyini belə əsaslandırır:

“Nəzərə alsaq ki, qəbristanlığın bu hissəsi intihar etmiş şəxslər üçün ayrılıb, deməli burada yatan şəxslərin hamısı öz həyatlarından könüllü şəkildə imtina etmiş şəxslərdir. Deməli, bura da öz istəyi ilə gəlmiş şəxslər də həyatlarındakı insanları böyük əksəriyyətlə bir daha görmək istəməyən şəxslərdir. Belə də mən gecəylə onların nömrələrini dəyişdirməklə onları arzularına qovuşdurmuş oluram. İstədikləri azadlığa bu yolla nail olan bu ölülər yaşamları ilə bərabər imtina etdikləri şəxsləri də bir daha görmək məcburiyyətində qalmayacaqlar. Onlara bu azadlığı mən bəxş etdim”.

Əsərin ən dəhşətli hissələrindən biri olan bu dialoq Don Xose ilə bərabər oxucunu da bir xeyli sarsıdır. Axtardığı şəxsi bir daha tapa bilməyəcəyini anlayan Don Xose yarımçıq qalmış işlərini tamamlamaq üçün məzarlıqdan uzaqlaşır və intihar etmiş şəxsin, axtardığı qadının sonuncu dəfə evini axtarmaqla heç nə tapa bilməyəcəyini də görüb bu işi yarımçıq saxlamağa məcbur olur.

Əsəri oxuyub bitirəndə qəribə bir hiss bürümüşdü canımı. Deməli, axtardığım şəxsi tapmağım mümkünsüz olduğu qədər də onu tapmağım heç bir halda doğru bir şey ola bilməzdi. Hər halda imtinaların kökündə dayanan səbəb nə olur-olsun, insanları öz azadlıqları ilə baş-başa buraxmaq lazımdır. Bəlkə də o qadın elə oxuduğu kitabdakı naməlum qadının simasında öz aqibətini görmüşdü. Bəlkə də elə o qadın naməlum qadın kimi hər kəsdən gizlənmək, qaçmaq istəyirdi. Bəlkə də elə o qadın bu əsərdəki qadın kimi intihar etmişdi. İstənilən halda suallar çox idi. Belə də əsas bir sual qalırdı cavabı vacib olan:

Kimin haqqı çatardı onu bu yalnızlığından, bu azadlığından məhrum etməyə?

Qoy hər kəs öz sirri ilə yaşasın! Qoy hər kəs ən azı özü qədər azad ola bilsin. Çobanın tapdığı bu həqiqətə gəlib çatan Don Xose sayaq mən də bu sirrin başını bir yolluq buraxmalı oldum.

Əsərin finalında işindən qovulacağını zənn edən Don Xose, gəlib evində arxiv idarəsinin müdirini görəndə bütün sirrinin faş olunduğunu dərk edir. Arxiv müdiri onun kolleksiyasını ələ keçirmişdi. Belə olduğu təqdirdə onu buna görə ən yüngül halda işindən qovulmaq cəzası gözləyirdi. Ancaq əksinə olur. Müdir buna görə onu nəinki cəzalandırmır, hətta onu qovmamasının səbəbi kimi bir gün ölümlə həyatın arasındakı o cizgiylə bağlı etdiyi çıxışında əsaslandırdığını yadına salır. Hərçənd ki, bu etdikləri cinayətdir. Deməli, ən böyük cinayətlərin həqiqətən də şahidi olmur. Deməli, istər ölü ol, istərsə də diri insanların ortaq bir nöqtəsi var. Bu da sirlər önündə susa bilmək ərdəmidir.

# 3035 dəfə oxunub

Müəllifin son yazıları

# # #