Yüngülxasiyyət qızla münasibət quran dovşan

Yüngülxasiyyət qızla münasibət quran dovşan
7 aprel 2018
# 13:30

Kulis.az Eyyub MəmmədovunZamandan qaça bilməyən...” yazısını təqdim edir.

Bir yerə getmənin tək yolu, getmədən öncə hara getdiyini bilməkdir. Dovşan nəyin həqiqətə daha yaxın olduğunu tapmağa səy göstərir.

Harold Pinter Nobel nitqində həqiqətlə yalanın, real ilə qeyri-realın sərhədlərini araşdırarkən vətəndaş mövqeyindən fərqli olaraq sənətçinin mövqeyini təxminən belə görür :

“Sənətçinin estetik müstəvidə xeyirlə şərə münasibəti, əslində bu iki qütb arasında elə də bir fərqin olmadığına inanmaq və bu dünyanın incəsənət vasitəsi ilə dərkinin də yeganə mümkün yolu olaraq bu düşüncəyə xidmət etməkdir”.

H.Pinterin həqiqət və yalan anlayışına uyğun olaraq “Dovşan, qaç” romanının qəhrəmanı Dovşan nəyin həqiqətə yaxın olduğunu anlamağa səy göstərən və bu yolda durmadan qaçan bir insandır. Burada isə vacib şərt hara getdiyini bilməkdir.

Con Apdayk müasir Amerika ədəbiyyatının ən özünəməxsus yazıçılarından biridir. Onun Dovşan ləqəbli Harri Anqstromdan bəhs edən “ Dovşan Tetralogiyası” və xüsusən də bu silsilənin ilk romanı “Dovşan, qaç” bir sıra xüsusiyyətlərinə görə bənzərsiz nəsr nümunələridir.

Con Apdayk müasiri olduğu Amerika ruhunun yazarıdır. Bu ruhun qəribə yadlaşması, əslində isə özü kimi ruhlarla qohumluğu müasir ailə dəyərlərinin, problemlərinin, dostluq, sevgi, xoşbəxtlik və s kimi anlayışlar üzərindən çıxdığı yolda insan psixologiyasındakı buraxdığı izlərə işıq salır. Apdaykın romanları mövzuları ilə bərabər həm də estetikası ilə cəlbedicidir. Onun üslubu həyata baxışından doğur. Həyata baxışını isə o təxminən bu cür ifadə edirdi:

“Bizim bütün qazandığımız həyatdır. Bu, qəribə töhfədir, mən bilmirəm onunla necə rəftar eləyək, ancaq həyat – töhfə aldığımız yeganə şeydir, bu töhfə bizə çox baha başa gəlir”.

Təbii ki, Apdayk əlindəki töhfə ilə neyləmək lazım olduğunu bilirdi. Onun bu töhfə ilə rəftarı özündən sonra qoyub getdiyi onlarca möhtəşəm roman və hekayələridir.

Bu həyatın qəddarlığına qarşı sarıla biləcəyi yeganə şeyin kəpənək qanadlarını xatırladan üslubunun parlaqlığı, simmetriyası, zəka və güzgü oyunları ilə dolub-daşan Nabokov yaradıcılığı olduğuna inanan Orhan Pamuk kimi Apdayk da həyatın bu dözülməzliyinə qarşı bir xəfiflik, rahatlıq axtarışlarından bu cür möhtəşəmlikləri kəşf edib çıxarır.

Apdaykın “Qaç, dovşan” əsəri indiki zamanda baş verən hadisələrin toplusudur. Onun bu bənzərsizliyi (bəlkə də elə bir təcrübə var, sadəcə mən xəbərsizəm) mənim üçün gözlənilməzlik idi. Birinci dəfə idi belə bir əsər oxuduğumdan hadisələrin keçmiş və gələcək zamanlardan sıyrılıb, yalnız bir zamanda - indi də, baş verməsini, əslində isə, Harrinin “Qaçmaq” cəhdlərinin əbəs olmasına işarə olmasını diqqətdən qaçırmışdım. Odur ki, mən də “Sizif əməyinə” bənzər bu işdə onu təhrik edirdim: “Qaç dovşan, qaç!” deyə.

Ədəbiyyatda patetizm təşnəsindən yanıb qovrulan adamlar üçün ilk baxışda Apdaykın üslubu yad gələ bilər, onu darıxdırar. Ancaq zaman-zaman onu içi oyulub, bu boş oyuqları emosiyalarla doldurulmuş, ədəbiyyatda elə də rast gəlmədiyimiz, terminologiyalardan damcı-damcı ürəyinə səpərək, sərinlədən yazıçı bu fərqi aradan qaldırır, öz oxucusunun yanğısını söndürür. Oxucu oxu prosesində oxuduğunun bədii bətn, yoxsa sürətlə hərəkət edən avtomobilin kənar şüşələrində ötüb keçən plazma ekrandakı yazılar olduğunu unudur. Elmin izahını verə bilmədiyi dejavu hissi kimi bir hiss bu mətni gec-tez, nə vaxtsa oxucunun yaddaşında yenidən oyadır.

Apdaykın sirli-sehrli üslubunun bir əhəmiyyətli cəhəti də mənim üçün onun mətn dünyasındakı sözlərin təkcə məcazi anlayış yox, sözlərin, ideyaların mürəkkəb forması yox, həm də konkret elementlər, gündəlik məişətdə rast gəldiyimiz maddi nəsnələr kimi hiss etdirməsidir. Bu romanı oxuyarkən sən hiss edirsən ki, sanki ifadələrdən – konkret elementlərdən yığılmış bir topa mətn tutmusan əlində. Və bunu hansı həssaslıq və pedantcasına Apdayk düzüb qoşub yığıbsa, oxucu da o cür həssaslıq və vasvasılıqla oxuyub saxlamalıdır. Əks halda bütün hər şey dağılıb itə bilər.

Uşaq vaxtı oxuduğum bir nağılda qızının təhriki ilə inci oğurluğuna cəhd edən qoca bir kişi, ömründə inci görmədiyindən onu düyü ilə səhv salır. Apdaykın mətnində də sözlər, ifadələr - elementlər, düyü ilə inci sayağı eyni işartını, eyni parlaqlığı verir. Bu elə bəlkə də Harold Pinterin sənət anlayışındakı həqiqiliklə yalanın izahıdır. Bu naməlumluq içərisində çırpınmaq həm də əsərin qəhrəmanı Dovşanın bioqrafik töhfəsi - bəxtsizliyidir. O, istər arvadından ayrılanda, istər yüngülxasiyyət qızla münasibət quranda, istərsə də öz övladını itirdiyində eyni bilinməzlikdən əziyyət çəkir. Hiperrallıqda nəyin nə olmasını anlamaq üçün hara getməli olduğunu bilməyən anti-qəhrəmandır Dovşan. Çünki bu “haranın” özü yoxdur. Harri zamansız doğulub, zaman xiffətinə tuş gəlsə də, bu gerçəkliyi unudur. Unudur ki, əslində zaman zamanın əsas əlamətləri olan keçmiş və gələcək anlayışları yoxdur. Reallıqda (əslində hiperreallıqda) “ indiki” zaman var. İndiki zaman isə Apdaykın mətnidir. Müəllif burada bir professor qəddarlığı ilə öz labaratoriyasındakı siçan (Dovşan) üzərində eksperiment aparır. Onun indiki zamanda, daim qaçış halında olan qəhrəmanının aciz və köməksizcəsinə mobil perpetiumdakı bir qapalı dairə boyunca qaçışını izləyir.

Bu ruhların qohumluğundan əbəs yerə söz açmamışdım girişdə. Selincerin “Dülgərlər, qaldırın taxtabəndləri” əsərinin qəhrəmanı öz toyuna gəlmir. Belə demək mümkünsə toyundan qaçır. Harrinin qaçışı ilə bu qaçış arasında nəsə bir bağlantı var sanki. Hər iki əsərin qəhrəmanları “soyuq müharibə” dövrünün övladlarıdır. Onlar hər ikisi də cəmiyyətdə, ailədə, özlərinə yer tapa bilməyən fərdlərdir. Təkcə Harrini isə yaşamağa qoymayan bu kimi səbəblərlə yanaşı onun keçmişdəki parlaq basketbol kariyerasıdır. O, hər dəfəsində qulaqlarına da uğultu qarışıq alqış səslərini xatırladıqca, qaçmaq hissi onu tətikləyir. Ancaq o deyəsən bir yandan da anlayır ki, əslində bütün bu xatırlanmalar, yaddaş aqoniyaları, olduğun məkanı tərk edib getmə hissi, bütün bunlar XX əsr Amerika gəncliyinin qazandığı həyat tövhələridir. Onlar bilmirlər, bu necə olacaq, ancaq hər halda bu bir töhfədir. Neçəyə başa gəlirsə gəlsin.

Dovşanın sonda qayıdıb evə gəlməsi Selincerin məhşur qəhrəmanının finalda məğlubiyyətinə bənzəyir bir az. Ümumiyyətlə, Selincerin qəhrəmanları ilə Apdaykın qəhrəmanlarını birləşdirən incə bir xətt var. Bunun adını biz “Amerikanın müharibədən sonrakı ruhu” qoya bilərik. Haradasa oxumuşdum: “Qadının kişini sadomazaxist meyllərə təhrik etməsi, onda özünə qarşı natamamlıq kompleksi, özü haqda neqativ fikirlər yaratmaq məqsədi daşıyır”.

Qəhrəmanımızın evdən qaçıb getməsi ilə başlanan passiv qiyamının sonundakı məğlubiyyəti və onun övladının ölümü ilə yekunlaşan evə qayıdışı xristian inancındakı günahkarlıq və əzabkeşlik anlayışlarına yönələn mənəvi katarsis idi.

Apdayk protestant dünyagörüşünün daşıyıcısıdır. Və bu dünyagörüşünə görə bir ailənin səadət, xoşbəxtlik müddəti uzağı beş-altı ildir.

# 4084 dəfə oxunub

Müəllifin son yazıları

# # #