Bakıda zənci olmaq

Bakıda zənci olmaq
29 oktyabr 2012
# 07:45

Bu günlərdə metroda şahidi olduğum bir mənzərə məni bu yazını yazmağa vadar etdi.

Deməli, gecə saat on iki radələrində oturduğum vaqona bir zənci oğlan da mindi. Xarakterik, oynaq yerişlə keçib adamsız oturacaqlardan birinə əyləşdi.

Bu vədələrdə metroda elə də çox adam olmur, təkəmseyrək oturmuş adamların üzündən isə yorğunluq yağır.

Növbəti stansiyada vaqona hay-küylə bir dəstə yeniyetmə daxil oldu və niyəsə düz gedib, zənci oğlanın qənşərində oturdu. Onları gözümlə müşayət edib, yenidən əlimdəki qəzetə zillənmişdim ki…

Vaqonun o başından bir qəhqəhə, bir şadyanalıq nidaları yüksəldi ki, istər-istəməz, mən də hamı kimi tamaşaya durmağa məcbur oldum ; həmin dəstə zənci oğlanı şəbədəyə qoymuşdu. Tutacaqlardan sallanıb, «hu-hu-hu» deyə qışqıran kim, bir-birini bitləyən kim, qoltuğunun altını qaşıyan, ikiəlli sinəsinə döyən kim… O qədər qıvraq, elə cəld hərəkətlər edirdilər ki, cəngəllikdəki meymun meymunluğu ilə onlara qibtə eləyərdi.

Elə oradaca məşhur arxeoloq Lüis Likini xatırladım. Bu həmin Likidir ki, xaricdə Darvindən heç də az tanınmır. O, əvvəl-əvvəl Darvin nəzəriyyəsinin çılğın tərəfdarı olmuş, lakin uzun illər apardığı tədqiqatların nəticəsində tamam fərqli qənaətə gəlmişdi. Liki iddia edirdi ki, insan meymundan yox, meymun insandan yaranıb. Yəni meymunların mənşəyi haqqında danışarkən, əslində təkamüldən yox, insanların bir qisminin deqradasiyasından söhbət getməlidir...

Buradan abstraksiya edib, metroda meymunu yamsılayan gənclərin hara kimi təkamül etdiyini, yaxud nə dərəcədə deqradasiyaya uğradığını müəyyənləşdirməyi sizin öhdənizə buraxıram.

Özü də, söhbət meymunluq eləyən bir neçə nəfərlə məhdudlaşsaydı, nə vardı! Yuxarı mərtəbələrdən, uşaq pampersindən tutmuş yemək qalığına qədər, hər şeyi küçəyə fırladanlar, çəkdiyi siqareti və çırtladığı tumu ayayğı altına atıb, üstündə gəzişənlər, ömründə bircə dənə də kitabı sonacan oxumayıb, bunu özünə qətiyyən dərd eləməyənlər, mədəniyyətin və sivilizasiyanın harada gecələdiyindən xəbərsiz olanlar, ibtidai instinktlərin əlində əsir-yesir olub, başqalarına nəfəs almağa aman verməyənlər… Bunların dərdini hara yazaq? Təntənəli surətdə Hippokrat andı içib, sonradan ölüm ayağında olan xəstələri soymaqla özünə güzəran quran marodyorları, haram loxmanı rahathülqum bilən subyektləri hənsı bioloji növə aid edək?

Xarici ölkələrin cəmiyyətləri ilə müqayisələr apararkən opponentlər, bir qayda olaraq, bizim özünəməxsus, fərqli dünyamızın olması, onları kor-koranə yamsılamağın səmərəsizliyi barədə uzun moizələr oxuyurlar. Adam qalır, nə desin? Kor-koranə yamsılama, açıq gözlə, ayıq başla gör, götür! Amma sən bunu da bacarmırsan axı! Bəşəriyyətin inkişaf vektorundan yana sapmaları bizim özünəməxsusluğumuz kimi oxumaq mümkün deyil.

Bu tip opponentlərlə mübahisə etməyin də xeyri yoxdur. Konfutsi deyirdi ki, mübahisənin səmərəli olması üçün tərəflərin baxışlarının hansısa ümumi məsələlərdə üst-üstə düşməsi şərtdir. İndi sən metroda meymunluq eləyən sənətkara necə başa salasan ki, qarşındakı da insandır, bir başqa yerdə bu hərəkətinin bədəlini ömrün boyu ödəməli olardın?! O yerdə ki, heç mən də «zənci» yaza bilməzdim, mütləq «qaradərili» yazmalıydım…

Soruşula bilər ki, üç-beş başıpozuq cavanın lokal əhəmiyyətli davranışı üzərində bü cür ümumiləşdirmələr aparmaq nə dərəcədə düzgündür? Bir para «vətənsevər»lər belə suallar verməyin sənətkarıdır.

Ancaq bu sualı verməzdən öncə insanın öz ətrafına yüngülvari təftişçi gözüylə baxması pis olmazdı. Siz azacıq fərqli dünyagörüşünə maliksinizsə, başqa cür fikirləşir və fərqli davranırsınızsa, sizi zənci gözündə görən xeyli adamın olduğunu görəcəksiniz. Qaradərili olmasanız belə!

Bax, həmin adamlar metroda zənciyə şəbədə qoşanlardan heç nəylə fərqlənmirlər.

# 3535 dəfə oxunub

Müəllifin son yazıları

# # #