Bu taleyin ironiyası deyil, nədir?

Etimad Başkeçid, yazıçı

Etimad Başkeçid, yazıçı

5 avqust 2022
# 18:30

Kulis.az Etimad Başkeçidin “Konfutsi atasına qarşı” yazısını təqdim edir.

İnsanlar məni başa düşməyəndə məyus olmuram, mən insanları başa düşməyəndə məyus oluram!

Konfutsi

Bu günlərdə çinlilər və Konfutsi haqqında bir yazı oxudum. İronik tərzdə də olsa, Konfutsi və Konfutsiçiliyin mahiyyəti dürüst göstərilirdi. Lakin Konfutsi ilə bağlı əsl ironiyanın nədən ibarət olduğunu bilməyimiz heç də pis olmazdı.

Deməli, Konfutsi və yaxud, Kun-tszı (hərfən: Kun müəllim) eramızdan əvvəl 551-ci ildə dünyaya gəlib. Onu Çin tərəflərdə “ləyaqətli həyatın normativ proqramı”nı insanlığa bəxş etmiş adam adlandırırlar. İnsafən, Konfutsi bu yöndə az iş də görməyib. Məsələn, Avropa mədəni ənənəsindəki əxlaq və ədəbin qızıl qaydasını – özünə rəva bilmədiyini başqasına da rəva görmə – məhz Konfutsi formalaşdırıb. Bu prinsip bütün müqəddəs kitablarda öz layiqli yerini tutub.

Çin xalqının mənəvi atası sayılan Konfutsinin təlimi “Mülahizələr və söhbətlər” adlı kiçik bir kitabçada toplanıb. Onun bütün təlimi ritualın etikası kimi də qəbul olunur. “İnsansevərlik – hər zaman ritualın tələblərinə uyğun hərəkət etməkdir” – Konfutsi belə deyir. Onun çağdaş nöqteyi-nəzərdən son dərəcə ziddiyyətli müddəaları atalar və oğullar məsələsində birmənalı olaraq ataların tərəfini tutur. O deyirdi ki, insanlardakı dəyişiklik həvəsi və şövqü əcdad kultuna xələl gətirməməlidir. Konfutsi ritualının normalarına görə, atanın evdə qoyduğu qayda-qanunu uşaqlar onun ölümündən yalnız üç il keçəndən sonra dəyişdirə bilərdilər. O belə hesab edirdi ki, insan daim ideal keçmişin səviyyəsinə yüksəlmək istiqamətində mənəvi, əxlaqi səylər göstərməlidir: “İnsanpərvərliyin əsasını ata-anaya ehtiram, böyük qardaşlara hörmət təşkil edir”. Ata övlad üçün son əxlaqi və mənəvi instansiyadır.

Konfutsinin təliminə uyğun olaraq: “Hökmdar –hökmdar, əyan – əyan, ata – ata, oğul da – oğul olmalıdır”, yəni hər kəs öz yerini bilməli, cızığından çıxmamalı, mərifətli-qanacaqlı adam olmalıdır. Sözü uzatmamaq üçün bir şeyi də qeyd edim ki, Konfutsi müəllimin sözlərinə görə, insan zadəgan zümrəsinə aiddirsə, onun işi xeyli yüngülləşmiş olur. Sıradan, adi insan həyatı yaşayan adamların “yaxşı kişi” olmamaq şansı isə çox yüksəkdir.

İndi gəlin görək, Konfutsi ilə bağlı ironiya nədədir?

Konfutsinin atası Şulyan Xe şöhrətli bir savaşçı imiş, hamı ona hörmət edir, yolunu gözləyirmiş. Ancaq o dövrlər (əslində, bütün Şərq) çin cəmiyyətindəki təsəvvürlərə görə, Şulyan az qala bədbəxt adam sayılırmış, belə ki, onun çoxsaylı övladlarının hamısı qız uşağı imiş. Doqquzuncu qızdan sonra Şulyan artıq hər şeyə tüpürüb, öz kənizinə evlənir. Onun kənizdən bir oğlu olur, lakin bədbəxtçilikdən bu uşaq çox xəstə və şikəst doğulur. 66 yaşlı döyüşçü yenidən evlənmək qərarına gəlir və bu dəfə 20 yaşlı bir qızla evlənir. Deyə bilərsiniz, nolsun? O olsun ki, həmin dövrün qayda-qanunlarına və mütləq mənada gözlənilməli olan rituallara görə, Şulyanın öz kənizinə evlənməsi, sonra onu boşayıb cavan bir qız alması (bu nikah ikiqat barbarlıq sayılırdı, çünki əvvəla, ər-arvadın yaş fərqi 10 ili keçməməli idi, ikincisi isə, 64 yaşdan sonra evlənmək böyük ədəbsizlik hesab olunurdu) . Beləcə, Konfutsi bütün həyatını qoyduğu ritual normaların böyük pozuntusu nəticəsində bu dünyaya gəlmiş olur.

Yəni əgər dədəsi Konfutsinin sözüylə oturub-durmuş olsaydı, o zaman dünyada Konfutsi adında adam olmayacaqdı. Bu taleyin ironiyası deyilsə, nədir?

Bəlkə, doğrudan da, qaydalar onları pozmaq üçün qoyulur…

Və yaxud, Konfutsi bu dünyaya gəlməsindən çox peşmanmış, odur ki, gələcəkdə belə halların baş verməməsi üçün belə bir təlim fikirləşib, ərsəyə gətirib.

# 11500 dəfə oxunub

Müəllifin son yazıları

# # #