Kulis.az Etimad Başkeçidin tərcüməsində dahi rus yazıçısı Fyodor Mixayloviç Dostoyevskinin “Timsah” hekayəsini ilk dəfə elektron versiyada təqdim edir.
Timsahın bəlli yaşı, məlum görkəmi olan bir cənabı diri-diri udması və bundan sonra cərəyan edən hadisələr haqqında gerçək hekayət
Ohé Lambert! Où est Lambert? As-tu vu Lambert? 1
Cari altmış beşinci il, yanvarın on üçündə, günorta saat birin yarısında mənim mədəni, təhsil görmüş dostum, həmkarım və uzaq qohumum İvan Matveiçin arvadı Yelena İvanovna bəlli ödənişlə Pasajda nümayiş etdirilən timsaha baxmaq həvəsinə düşdü. Xaricə yola düşmək üçün (müalicə olmaq adıyla, amma daha çox maraq naminə) biletini cibində hazır saxlayan, demək ki, artıq xidməti məzuniyyətdə sayılan və beləliklə, o səhər tamamilə boş-bekar olan İvan Matveiç arvadının bu qarşısıalınmaz istəyinə əngəl olmadı. Əngəl olmadıgı bir yana, maraq onun özünə də dov gəldi. «Gözəl fikirdir, - o razılıqla dedi, - timsaha baxarıq! Avropaya getməyə hazırlaşarkən, oranın yerli sakiniylə tanış olmaq heç də pis olmazdı», - bu sözlərlə o, arvadı ilə qol-qola verib, dərhal Pasaja yollandı. Mən də adəti üzrə onlara qoşuldum – ailənin dostu qismində. İvan Matveiçin kefi ala buluddaydı, indiyə kimi onu belə xoş əhval-ruhiyyədə görməmişdim. Yaddaşıma həkk olunmuş həmin səhər onun çiçəyi çırtlamışdı, - doğrudan da, nə biləsən, qarşıda səni nə gözləyir?! Pasaja girər-girməz o, binanın dəbdəbəsinə heyran kəsildi, yenidən paytaxta gətirilmiş yırtıcının nümayiş etdirildiyi mağazaya yaxınlaşdıqda isə irəli düşüb, mənim əvəzimə də iyirmi beş qəpik ödədi. Əvvəllər o heç vaxt belə etməzdi. Kiçik otağa girəndə gördük ki, timsahdan savayı burada əcnəbi kakadu cinsindən olan tutuquşular, üstəlik, xüsusi arakəsmələrdə bir dəstə meymun da saxlanılır. Girişdə, sol divarın yanında isə möhkəm dəmir torla örtülmüş, vannaya bənzər uzunsov dəmir qutu qoyulmuşdu, qutunun dibində bir gireh qədərində su vardı. Bu dayaz gölməçədə kötük kimi tamamilə hərəkətsiz bir timsah uzanmışdı. Görünür o, bizim qonaq-qara sevməyən, nəmli iqlimimizdə halsızlamış, heyini itirmişdi. Bu yırtıcı əvvəl-əvvəl bizim heç birimizdə xüsusi maraq oyatmadı.
- Timsah dedikləri budur? – Yelena İvanovna sözləri uzada-uzada məyusluqla dedi, - mən də elə bilirdim, o… nəsə başqa cür olur!
Çox güman, o, timsahın brilyantdan olduğunu düşünürmüş. Bizi görməyə çıxan alman, sahib, timsahın yiyəsi son dərəcə lovga adama oxşayır, özündənrazı görünürdü.
- Düz eləyir, - İvan Matveiç qulağıma pıçıldadı, - çünki bilir ki, indilərdə bütün Rusiyada təkcə o, timsah nümayiş etdirir.
Mən bu tamamilə cəfəng mülahizəni də başqa hallarda paxıllığını gizlədə bilməyən İvan Matveiçin həddən ziyadə xoş əhval-ruhiyyədə olması ilə əlaqələndirirəm.
- Mənə elə gəlir, timsahınız canlı deyil, - sahibin ədalarından qıcıqlanıb, bu kobud insana yerini göstərmək istəyən Yelena İvanovna, gözlərini süzə-süzə qımışdı, - bu, qadınlar üçün çox səciyyəvi manevrdir.
- Yox, yox, madam, - o, bərbad rus dilində cavab verdi və dərhal yeşiyin qapağını yarıyacan qaldırıb, çubuqla timsahın başını dürtmələməyə başladı.
Onda məkrli yırtıcıda həyat əlamətləri göründü, o, pəncələrini və quyruğunu yüngülcə tərpədərək, başını qaldırdı və sürəkli fısıltıya bənzər səs çıxardı.
- Yaxşı, hirslənmə, Karlxen! – izzəti-nəfsini qoruya bildiyindən məmnun qalan alman yumşaq səslə dedi.
- Nə iyrənc timsahdır! Məni qorxutdu,- Yelena İvanovna işvəylə kəkələdi, - yuxuma girməsə yaxşıdır.
- Amma o, sizi yuxuda dişləməz, madam, - alman öz hazırcavablığına hamıdan əvvəl gülməyə başladı, ancaq bizlərdən heç kəs onun səsinə səs vermədi.
- Gedək, Semyon Semyonıç, - Yelena İvanovna yalnız mənə müraciət edirdi, - yaxşısı budur, meymunlara baxaq. Meymunlardan otrü ürəyim gedir; elə sevimlidirlər ki… timsahsa dəhşətlidir.
- Ey, dostum, qorxma, - arvadının yanında özünü ürəkli göstərməkdən xoşlanan İvan Matveiç arxamızca qışqırdı. – Firon səltənətinin bu yuxulu sakini bizə heç nə eləməz, - və yeşiyin yanında qaldı. Üstəlik, əlcəklərin götürüb timsahın burnunu qıdıqlamağa başladı. Bununla o, sonradan etiraf etdiyi kimi, timsahı yenidən fısıldamağa məcbur etmək istəyirdi. Sahib isə Yelena İvanovnanın ardınca (xanım olduğu üçün) meymunların olduğu qəfəsə doğru yönəldi.
Beləliklə, hər şey yaxşı gedirdi və heç nəyi əvvəlcədən təxmin etmək mümkün deyildi. Yelena İvanovna meymunlarla əylənirdi, başı tamamilə onlara qarışmışdı. O, sevincdən qışqırır, sahibi görmürmüş kimi, hey mənə müraciət edir, yeni tanışlar və dostlarla meymunlar arasında oxşarlıqlar tapıb uğunurdu. Mən də əylənirdim, çünki onun tapdığı oxşarlıqlar doğrudan da gülməliydi. Mülkiyyətçi alman bilmirdi gülsünmü, gülməsinmi, odur ki, axırda mısmırıgını salladı. Elə bu məqamda qəfildən dəhşətli, hətta deyə bilərəm ki, indiyəcən görünməmiş, eşidilməmiş bir çığırtı qopdu. Bilmədim nə fikirləşəm, əvvəl-əvvəl yerimdəcə donub qaldım, sonra Yelena İvanovnanın da çığırdığını görüncə tez çevrildim və… nə görsəm yaxşıdır? Aman Tanrım! – gördüm ki, bədbəxt İvan Matveiç timsahın dəhşətli çənəsinə keçib. Timsah İvan Matveiçin bədənini eninə dişlərinə keçirmişdi, beləcə üfüqi vəziyyətdə havaya qaldırmışdı. Zavallı İvn Matveiçin ayaqları havada qalmışdı. Bircə an sonra o, yoxa çıxdı. Bunu təfərrüatıyla danışmaq istəyirəm, çünki bütün bu müddət ərzində mən hərəkətsiz dayanmışdım və gözümün qabağında baş verənləri son dərəcə diqqət və maraqla izləyə bilmişdim. «İşə bax, - həmin faciəvi anlarda düşünürdüm, - bütün bunlar İvan Matveiçin yox, mənim başıma gəlmiş olsaydı, çox xoşagəlməz iş olardı, çox!». Mətləbdən uzaqlaşmayaq. Timsah əvvəlcə yazıq İvan Matveiçi öz dəhşətli dişlərində fırladıb, ayaqlarını özünə sarı çevirdi və öncə bu ayaqları uddu; sonra onun çənəsindən qurtulmağa çalışaraq yeşikdən yapışan İvan Matveiçi, gövşək gətirirmiş kimi, bir qədər geriyə buraxdı və yenidən öz içinə çəkdi. Bu dəfə onu qurşağacan uddu. Sonra bir az da geriyə buraxıb bir daha və bir daha udqundu. Beləcə, İvan Matveiç gözümüz önündəcə yavaş-yavaş yoxa çıxmağa başladı. Beləliklə, timsah son dəfə udqunaraq mənim təhsil görmüş, savadlı dostumu yerli-dibli öz içinə çəkdi. Kənardan baxanda timsahın qarnındakı İvan Matveiçin bədən quruluşunun bütün incəliklərini görmək olardı. Mən yenidən bağırmağa hazırlaşırdım ki, biz qəfildən taleyin acı istehzası ilə üzləşdik: yəqin, udduğu predmet böyük olduğu üçün timsahın boğazında qalmışdı. Timsah bir daha öz dəhşətli ağzını ayıranda İvan Matveiçin başı bir saniyəliyə yenidən göründü. Onun üzündə çıxılmazlıq ifadəsi həkk olunmuşdu. Gözlüyü burnunun üstündən yeşiyin dibinə düşdü. Adama elə gəlirdi ki, bu bəlalı baş son dəfə ətrafa göz gəzdirmək və bütün dünyəvi zövq-səfayla vidalaşmaq üçün ətrafa boylanır. Ancaq onun arzusu gözündə qaldı: timsah güc toplayıb yenidən udqundu və bu dəfə baş biryolluq yox oldu. Hələ canlı insan başının görünüb, yox olmaları çox müdhiş mənzərə idi, bununla belə – hadisələrin tezliyindən və gözlənilməzliyindənmi, yoxsa gözlüyün sürüşüb düşməsindənmi – burada o qədər gülməli vəziyyət yarandı ki, özümü saxlaya bilməyib pıqqıldadım; ancaq birdən ayılıb, indiki halda bir ailə dostu kimi gülməyin ayıb iş olduğunu kəsdirdim və dərhal üzümü Yelena İvanovnaya tutaraq, simpatik üz ifadəsiylə dedim:
- Sizin İvan Matveiçinizin axırı çatdı!
Bu hadisələr baş verən müddətdə Yelena İvanovnanın necə bərk həyəcanlandığını ifadə etmək üçün baş sındırmaq belə istəmirəm. Əvvəlcə, birinci çığırtıdan sonra, o, yerində donub qalmış kimiydi və sanki, bu həngaməyə etinasızca, lakin hədsiz dərəcədə bərəlmiş gözlərlə baxırdı; birdən o, tükürpədən səslə çığırdı və mən onun əllərini tutdum. Elə bu an dəhşətdən hövllənmiş sahib də əllərini bir-birinə vurdu və gözlərini səmaya dikərək, bağırdı:
- Ah, mənim timsahım, o meyn allerlibster Karlxen! Mutter, mutter, mutter!
Elə bu an arxa qapı açıldı və toxunma baş örtüyündə, alyanaq, yaşlı və pərişan görkəmli mutter içəridən çıxıb, ciyiltili səslə özünü öz almanının üstünə saldı.
Əsl mərəkə bundan sonra qopdu: Yelena İvanovna çılğın səslə yalnız bir şey qışqırırdı: «Yortmaq! Yortmaq!» - və gah sahibin, gah da mutterin üstünə yüyürərək, fədəkarcasına, vəcdlə kimisə, nəyə görəsə yortmaq üçün onları dilə tuturdu. Sahib və mutter isə bizə heç fikir vermirdilər: onlar yeşiyin yanında dayanıb buzov kimi mələşirdilər.
- O məhv olmaq, o indi partlamaq, çünki o, hansı məmuru udmaq! – Sahib özünə əl qatmışdı.
- Unzer Karlhen, unzer allerlibster Karlhen vird şterben! – sahibə hönkür-hönkür ağlayırdı.
- Biz yetim və çureksiz! – sahib onunla ağız-ağıza vermişdi.
- Yortmaq, yortmaq, yortmaq! – Almanın sürtüyündən yapışmış Yelena İvanovna göz yaşlarına qərq olmuşdu.
- O hirsləndirdi timsah, əriniz niyə hirsləndirmək timsah?! – Yaxasını qadının əlindən almaq istəyən alman qışqıra-qışqıra deyirdi, - əgər Karlhen vird udmaqsa, siz bunun əvəzini ödəmək, - das var meyn zon, das var meyn ayntsinger zon!
Boynuma alıram, gəlmə almanın xudbinliyini və onun pərişan mutterinin daşürəkliliyi məni hiddətləndirdi; Yelena İvanovnanın dayanmadan «Yortmaq, yortmaq» deyə təkrarlaması təlaşımı daha da artırırdı, belə ki, nəhayət, mən bütünlüklə bu çığırtılara qapıldım və hətta qorxuya düşdüm… Bəri başdan deyim ki, bu əcaib nidalar tərəfimdən tamamilə yanlış başa düşülmüşdü: mənə elə gəlirdi ki, Yelena İvanovna ağlını itirib, amma yenə də İvan Matveiçin müsibətli ölümünün hayıfını almaq və rahatlamaq üçün timsaha çubuq cəzasının kəsilməsini tələb edir. Sən demə niyyəti başqaymış. Mən xəcalətli baxışlarla qapıya nəzər salaraq, Yelena İvanovnanın sakitləşməsi, ən əsası isə əcaib «Yortmaq» sözünü işlətməməsi üçün onu dilə tutmağa başladım. Çünki Pasajın ortasında və elmli, oxumuş cəmiyyətin içində, bəlkə də, bu dəqiqələrdə cənab Lavrovun açıq mühazirə oxuduğu zalın iki addımlığında bu cür mürtəce çağırışın səslənməsi yolverilməzdi, hətta imkansız bir şey idi və hər an mədəni adamlar bizi fitə tuta bilərdi. Bundan başqa, cənab Stepanovun karikatura hədəfinə çevrilə bilərdik. Bədbəxtlikdən, çox keçmədən, qorxduğum şey oldu: timsahın olduğu yerlə girişdə iyirmi beş qəpikliklərin toplandığı otaqcığın arasındakı pərdə aralandı və bığlı-saqqalı, əlində furajka tutmuş, bədəninin yuxarı hissəsini lap irəliyə əymiş və giriş pulunu ödəməmə haqqını özündə saxlamaq üçün bir ayağını ehtiyatla kandarın eşiyində saxlamış bir fiqur göründü.
- Xanım, bu cür mürtəce istək, - biz tərəfə keçməmək üçün özunu tarazlamağa çalışan naməlum şəxs dedi, - sizin mədəni səviyyənizə şərəf gətirmir və bu, beyninizdəki fosfor çatışmazlığından irəli gəlir. Siz tərəqqinin xronikasında və bizim satirik vərəqlərimizdə dərhal ifşa olunacaqsınız…
Ancaq o, sözünü sona çatdırmağa macal tapmadı: özünə gələn sahib heç nə ödəmədən timsahın olduğu otağa girib danışan adamı görüncə cin atına mindi və qəzəblə naməlum şəxsin üstünə şığıdı, yumruqlarını işə salıb, onu çölə fırlatdı. Hər ikisi bir dəqiqəliyə pərdənin arxasında gözdən itdi və nəhayət mənə çatdı ki, əslində bütün bu həngamə boş yerdən yaranıb; Yelena İvanovnanın heç bir günahı yoxdu: o, yuxarıda dediyim kimi, timsaha geridəqalmışcasına alçaldıcı çubuq cəzası vermək istəmirmiş, sadəcə istəyirmiş ki, onun qarnını bıçaqla yırtıb, İvan Matveiçi azad etsinlər.
- Necə! Siz istəmək mənim timsah məhv olmaq! – Tələsik içəriyə təpilən sahib bağırdı, - yoxx, qoy əvvəlcə sizin ər məhv olmaq, sonra timsah!.. Meyn fater timsah göstərmək, meyn qrosfater timsah göstərmək, meyn zon timsah göstərəcək, mən də timsah göstərəcək! Hamı timsah göstərəcək! Mən hans Avropa tanınır, sizsə hans Avropa tanınmır və mənə cərimə ödəmək.
- Ya, ya! – Qəzəbli alman qadını onun səsinə səs verdi, - biz sizi buraxmaz, cərimə, Karlxen yırtılanda!
- Onun qarnını yırtmağın xeyri də yoxdur, - Yelena İvanovnanı tez evə aparmaq üçün sakitcə əlavə etdim, - çünki əzizimiz İvan Matveiç, çox böyük ehtimalla hardasa empireyalarda dolaşır.
- Dostum, - bu məqamda heç gözlənilmədən İvan Matveiçin bizi çaş-baş salan səsi eşidildi, - dostum, mənim fikrimcə birbaşa nəzarətçinin kontoruna müraciət etmək lazımdır, çünki polisin köməyi olmadan alman həqiqəti dərk etməz.
Sarsılmaz iradədən xəbər verən, qətiyyətlə, təmkinlə səsləndirilmiş bu sözlər əvvəlcə bizi o qədər təəccübləndirdi ki, qulaqlarımıza inanmadıq.
Sözsüz ki, o saat timsahın salındığı yeşiyə sarı qaçdıq və inamsızlıqla, inamsız olduğumuz qədər də dərin hörmət və ehtiramla bədbəxt məhbusu dinləməyə başladıq. Onun səsi boğuq, nazik və çığırtılı idi, sanki çox uzaqlardan gəlirdi. Elə bil, başqa otağa keçən hansısa zarafatcıl birisi adi balışı ağzına tutaraq qışqırmağa başlayır və bunu o biri otaqda qalmış adamlara iki mujikin səhrada və ya aralarındakı böyük yarğanın üstündən bir-birini səsləməsi kimi göstərmək istəyir. Bir dəfə milad bayramı günlərində belə bir səhnənin məmnuniyyətini yaşamışdım.
- İvan Matveiç, dostum, deməli yaşayırsan! – Yelena İvanovna kəkələdi.