Kulis Əsəd Qaraqaplanın “Qadın” hekayəsini təqdim edir.
Evdən çıxdım, hara getdiyimi bilmədən yürüməyə başladım. Hava isti, həyatla aramın soyu olduğu günlərdən biri. Havalı-havalı dayanacağa çatdığımda yeni başlayan əsas yolda sanki bütün yollarım bitmiş kimiydi.
Marşrut gəlib çıxmırdı ki, heç olmasa metroya qədər gedim; ordan oyanasını ondan sonra düşünüm. Bu 15-20 dəqiqəlik yolu piyada getməyə həvəs də qalmamışdı. Zatən məni kimsə, nəsə harasa aparmalıydı, yoxsa ruh halımın yerə mıxladığı ayaqlar gün təpəmdən döyərkən belə yerindən tərpənmək istəmirdi.
Onda mən onu gördüm. O qadını. O günü özəl qılan həmin qonşu qadını...
Dayanacaqdan hardasa yüz metr qabaqda, kirayə qaldığı gecəqondudan çıxıb yol kənarında durmuş, mənim kimi marşrut gözləməkdəydi.
Mən o qadını ilk dəfə onda görmüşdüm; ona qədər orda bir ailənin kirayə qaldığını bilsəm də, məhəllənin girişindəki dükana tez-tez gələn iki balaca oğlan uşağını görsəm də, onların nə atasını görmüşdüm, nə də anasını. O sevimli uşaqlarla hər dəfə dükanda qarşılaşanda şirin-şirin zarafatlaşır, deyib-gülürdüm. Adlarını da bilirdim; biri - azca böyük və sevimli olanın Şərman, o birinin adı Raul idi.
Gözəl üz cizgilərinə sahib olan bu uşaqlar öz səliqə-sahmanlı görünüşləriylə bu gecəqondu məhəlləsinin başqa uşaqlarından seçilirdilər. Adam heç inana bilmirdi ki, məhəllənin ən baxımsız, daha bir ay qabaq zibillik olan, bir cür, birtəhər yaxınlıqdakı sexlərdən gətirilmiş dəmir-dümür, taxta-kərpic parçalarıyla bir araya gətirilmiş o balaca daxmada yaşayırlar.
Səbrim çatmayıb irəliləməyə başlayanda gəlib o qadının yanına çatmış, özümdən xəbərsiz ona baxmağa başlamışdım. Üzü o qədər doğma idi ki, onu harda görsəm daha ilk baxışdan belə uzaqdan tanıyardım. Elə bil uşaqlarının, xüsusən Şərmanın üz cizgilərinə sahib gözəl bir maska geyinmişdi. Hündür boylu, incə belli bu qadının yanından baxmadan keçmək mümkün deyildi. Əmin idim ki, qadınlar da ona paxıllıq edirdilər.
Elə onun yanına təzə çatmışdım ki, gördüm marşrut yavaş-yavaş yaxınlaşır. Bunu görmüş kimi onun yanında dayanıb-durdum, gözləməyə başladım. Dayananda öncə qadın öz ciddi sifətiylə yuxarı qalxdı, sonra mən. Yandakı oturacaqda əyləşən bu qadına baxa-baxa qalmışdım. O heç nəyə fikir verməyən bir görkəmlə pəncərədən çölə baxa-baxa tez bir zamanda bu bir neçə dəqiqəlik yolu başa vurmaq, metroya çatmaq görkəmiylə oturmuş, sanki heç danışmayacaq biri kimi bir görüntü çizmişdi.
Ancaq qadınların arxada da gözləri olduğunu və ona diqqətlə baxan birini baxmadan da gördüklərini bilirdim.
Hərdən ətrafı axır ki, duymuş kimi anidən ora-bura göz gəzdirəndə utanaraq baxışlarımı ondan çəkir, onun bayaqkı halıyla pəncərədən çölə baxmağa başlayırdım. Amma yenə də onun öncədən hər şeyin fərqində olduğunu bilir, elə bil bir az da bilməsini istərcəsinə davranmağa çalışırdım.
Gerçəkdən bu hissin adının nə olduğunu bilmirdim, ancaq dəqiq bilirdim ki, sırf şəhvani hiss deyil. Üstəlik, bu qısa müddətdə, yəni ona ilk baxışdan vurula biləcəyimi də ağlım kəsmir, qəribə ruh halının içində sıxılırdım. Və mən ruhən nə qədər yalnız biri olsam da, belə yalnız biri də sayılmazdım. Çünki istədiyim məqamda yanımda bir qadının olması mümkün idi.
Hər gün dükanda uşaqlarıyla zarafatlaşdığım, onları nazladığım bu qadının artıq evli olduğunu anlamışdım. Həm zatən başqa cür ola bilməzdi; o qadının iki körpə uşaqla elə bir yerdə - məhəllədən tamam uzaq bir gecəqonduda yalnız yaşadığını düşünə bilmirdim.
Amma nə etmək olardı; bəzi gerçək hisslərin, hətta adını belə dəqiq bilməsən, önünə keçmək olmur.
Marşrut metronun yanında dayananda o qadından bir az cəld tərpənib etika xətrinə onun yolpulunu da verməyə çalışdım. Amma qadın elə bir cəldliklə əlimi geri itələyib, öz yolpulunu verdi ki, bir anlıq nə baş verdiyinin fərqində olmadım. Amma iş-işdən keçmiş; qadın mənim bu hərəkətimi özünə sayğısızlıq, ya da nəsə məqsədli bir şey kimi qəbul etmiş, sərt şəkildə əlimi geri itələmiş, düşüb getmişdi.
Gerçəkdən o ankı niyyətimin sırf qonşuluq olduğunu demədən bildiyim halda yanlış anlaşılmaq xoşuma gəlməmişdi. Üstəlik belə durumda bunu qaldırmaq gücüm də yox idi. Mən bunu bu məqamda ən azı uşaqlarını sevdiyim bir qadın üçün qonşuluq sayğısı kimi elədiyimi bilirdim.
Və bu düşüncələrlə, pərt olmuş halda, üstəlik hara getdiyimi belə bilmədiyim bir məqamda artıq metronun içində olduğumu gördüm.
Bu sakit stansiyada təkəmseyrək adamlar ya ora-bura gedir, ya da durub qatar gözləyirdilər.
Və budur, mərkəzə doğru gedən istiqamətdə o qadın durub qatar gözləməkdədi. Bir anlıq heç bir şeyə fikir verməmək, sakitcə keçib getmək, yenidən onu incidib özümün də pərt olmamağım üçün sakitcə davranmaq istəsəm də, içimdə yanlış anlaşılmanın verdiyi sıxıntıyla özümdən asılı olmadan ona yaxınlaşmağa başladım. Çatmağa bir neçə addım qalmışdım ki, qatar gəlib qayandı, qapıları düşüb-minənlərin üzünə açıldı.
Bu məqamda düşündüm ki, hər şey bitdi; ürəyimdə qara qaldı, sözümü deyə bilmədim. Bir anda ona yaxınlaşmağa hələ çəkindiyim üçün, düşündüm ki, elə bəlkə belə daha yaxşıdı. Ancaq qapılar bağlananda qadının heç bir hərəkət etmədiyini görəndə anladım ki, onun gözlədiyi qatar bu deyilmiş.
Dedim, artıq bitdi, bəxtimə küsməliyəm; ya gedib yaxınlaşmalı, ya da bu susqunluqda kəsilə-kəsilə qalmalıyam.
Bir az da bu həyəcanın verdiyi narahatlıqla birdən qadına yaxınlaşıb, heç bir şey gözləmədən incik halda danışmağa başladım:
- Xanım, yanlış anladınız; sadəcə bir qonşu kimi yolpulunuzu vermək istədim. Yoxsa sizi incitmək, sayğısızlıq eləmək istəməzdim.
Gördüm gözəl gözlərindəki kinayəylə məni süzüb deməyə söz axtarır. Məgər o sözləri çoxdan hazır imiş, ya da danışmağa başlayanda mənə elə gəldi:
- Bilirəm, hər kəs belə deyir. Hər kəs elə belə başlayır; özünü belə hörmətli, centilmen göstərməyə çalışır. Biriniz də bir az fərqli bir yol, fərqli bir söz tapın da...
Düzü, artıq ikinci dəfə pərt olduğumu görür, bu sözlərin qarşısında ona nə deyəcəyimi bilmirdim.
- Ciddidən deyirəm; buna inanın, yoxsa inanmayasız deyə demirəm - soyuqqanlıqla deməkdən başqa yol tapmadım.
- Lazım deyil. Hörmətiniz də, inamınız da sizdə qalsın. Mənim buna ehtiyacım yoxdu – o, da öz sərtliyindən dönməməyə çalışırdı.
- Mən sadəcə ona görə sizə yaxınlaşdım ki, məni yanlış anlamayasız. Yoxsa orda niyyətim gerçəkdən də başqa deyildi, - bir az da əminliklə, hər şeyi yoluna qoymağa çalışaraq danışmağa başladım: - Bilirəm, siz orda, o evdə yaşayırsız, sizi görən kimi tanıdım.
- Mənsə sizi tanımıram və heç görməmişəm də. Hətta bu məhəllədən olub-olmadığınız da bilmirəm, - qadın tələsik danışmağa başladı: - Həm bunun heç bir fərqi yoxdu; ya burda olun, ya da olmayın. Mənə belə şeylər xoş deyil.
- Əlbəttə, anlayıram. Amma məni də düzgün anlayın; bilmədim siz belə sərt reaksiya verəcəksiz, - bir az gülümsəyərək söhbəti yumşaltmağa çalışdım. - Dedim, birdən yolpulunuzu vermərəm - axı bizdə adət belədi - sonra deyərsiz ki, buna bax, eşşək boyda adamdı, marşruta mənimlə bir minir, amma düşəndə yolpulumu vermir...
Gözəl üzünün sərt qırışları bir az azalsa da, hələ tam yumşalmadığını anlayırdım. Bu vaxt heç istəmədən bir şey oldu; platformaya yaxınlaşan qatarın səsi eşidildi. Özü də qadın mənə nəsə deməyə hazırlaşdığı bir məqamda.
- Mənim sizə deyəcəyim bir söz yoxdu, sadəcə xoşlanmıram belə şeylərdən. Özünüzü yorub izah eləməyə çalışmayın.
- Mən sizə heç nəyi izah eləməyə çalışmıram, sadəcə yanlış anlamayasız deyə deyirəm, - demişdim ki, qatar dayandı, qapılar açıldı.
Qadın azca hərəkət elədi ki, qapıya yaxınlaşsın, artıq heç bir sözün işə yaramadığını görüb son cəsarətimi toplayaraq səmimi şəkildə dedim:
- Düzdü, çox gözəl xanımsız, sizə diqqətsiz qalmaq mümkün deyil. Ancaq yenə deyirəm; bunun yolpulunuzu verməyə çalışmaqla heç bir əlaqəsi yox idi.
Qadın bir anlıq duruxub ağzımdan çıxan sözlərə inanırmış kimi üzünü mənə çevirdi, dediklərimə nə qədər əmin olduğumu görmək üçün düz gözlərimin içinə baxdı. Gördü mənim heç bir tüküm belə tərpənmir, onun baxışlarından qorxub qaçmıram, təbəssümlə başını yelləyib sadəcə belə dedi:
- Gördüz, gördüz?!
- Başa düşürəm. Amma mən də sizinlə səmimi oldum və bunu çəkinmədən deyirəm...
Bu vaxt qapılar bağlanmış, qatar yola düşməyə başlamışdı. Qadınsa tutqun halda bilmir nə desin, həyəcanla ora-bura baxır, sanki məni utandırmaqdan ötrü ən sərt və sərrast sözləri tapıb deməyə çalışırdı.
- Bu qədər yetər! Sizin üzünüzdən qatarı da qaçırdım. Mən iş adamıyam, sizin kimi boş-bekar, bütün günü ilk dəfə gördüyü qadınların arxasıyca düşən biri deyiləm. Lütfən məni rahat buraxın.
- Zatən sizi narahat etmək fikrim yox idi, sözümü deyib gedəcəkdim, - qadının dediyi son sözlərin təsirindən nə dediyimi bilmirmiş kimi danışmağa başladım: - Həm də istədim anlayasız ki, boş-bekar, hər dəqiqə birinin arxasıyca düşən biri deyiləm...
Bu sözləri deyəndən sonra artıq orda qalmağın yeri olmadığını anladığımdan ağır-ağır dönüb getməyə hazırlaşırdım ki, qadın dedi:
- Sizdən xahiş edirəm, bir də məni harda görsəniz, yaxınlaşıb yolpulumu-filan verməyə çalışmayın.
Anidən dönüb onun üzünə baxdım ki, görüm bu sözləri hansı ifadəylə deyir. Əvvəlki sərtliyindən heç bir əsər-əlamət qalmasa da, onu bir də narahat etməməyim konusunda bir yalvarışlı əminliyə sahib olduğunu gördüm. Bu çarəsiz baxışlarla çox narahat edildiyini, hətta çox incidildiyini açıq-aydın sezdirirdi.
- Anlayıram sizi. Başa düşürəm, çox narahat edilmiş, çox belə hallar görmüsüz, - açıq şəkildə son sözlərini deyən biri kimi danışmağa başladım: - Ancaq yenə deyirəm, gerçəkdən sizi narahat etmək və incitmək niyyətim yox idi. Sadəcə belə alındı, üzrlü hesab eləyin.
- Çox sağ olun anlayışınıza görə, - üzünü məndən reyslərə baxmaqla gizlədən qadın dedi.
Mən də üzüntülü təbəssümlə başımı yelləyib, "dəyməz" deyib ordan uzaqlaşdım.
Qatar gözləməyib metrodan çıxdım, bir siqaret alışdırıb fikirli-fikirli evə tərəf addımlamağa başladım. Nə vaxt gəlib otağıma çatdığımı, nə vaxt şərab şüşəsini açıb içməyə başladığımı və nə vaxt süst halda yatağa düşüb qaldığımı bilməmişdim.
Bir də gecəyarı ayılıb hər şeyi dumanlı şəkildə xatırlamağa başlayanda indi harda, necə olduğumu yavaş-yavaş anlamış, bu ağır yuxudan ayılmağa çalışırdım.
Hər şey mənə nə qədər yuxu kimi gəlsə də, bu dumanlı şeylərin arasında o qadının tək gerçək olduğunu anlayırdım…