Nobel almış yazıçı: “Nəhayət Amerikada da məşhurlaşacam”

Nobel almış yazıçı: “Nəhayət Amerikada da məşhurlaşacam”
24 sentyabr 2014
# 10:42

Kulis.Az macar romançı, 2002-ci il Nobel ədəbiyyat mükafatı laureatı, İmre Kertesin müsahibəsini təqdim edir.

- Sizin əksər əsərlərinizdə İkinci Dünya müharibəsində yaşadıqlarınız əks olunub. Siz Osvensim və Buhenvald kimi alman konsentrasiya düşərgələrində -ölüm düşərgələrində - əsir olmusuz. Əgər geriyə nəzər yetirsək sizin yarım əsrlik yaradıcılığınızda ən yaxşı əsərinizi hansı hesab edirsiz?

- Mən düşünürəm ki, bütün kitablarım bir-biri ilə bağlıdır. Ən məşhur əsərim ilk dəfə 1975-ci ildə dərc edilmiş “Talesiz” romanı oldu. Ədəbi tənqidçilər həmişə məhz bu əsəri xatırlayırlar. "Talesiz" bestseller oldu. Bütün kitablarımın içində ən çox məhz bu roman çap edilib.

- Sizin "Talesiz" və başqa əsərlərinizdə Macarıstanın demək olar ki, müharibənin sonuna qədər nasist Almaniyasının yaxın müttəfiqi olduğu dövr təsvir edilir. Necə düşünürsünüz, sizin məhz bu əsərə görə Nobel mükafatına layiq görülməyiniz Macarıstan üçün siqnal olacaqmı?

- Macarıstan indiyə qədər Xolokostla lazımı şəkildə məşğul olmayıb. Mən ümid edirəm ki, macarlar nəhayət 600 000 macar yəhudisinin kütləvi şəkildə qaz kameralarında öldürülməsində əməkdaşlıq etmələrinin vurduğu zərbəni dərk edəcəklər.

- Hər halda, ölənlər üçün üzülməyinizə baxmayaraq, nəhayət Nobel mükafatına layiq görüldüyünüzə görə özünüzü xoşbəxt hiss edirsinizmi? Axı siz bir neçə dəfə bu mükafata namizəd olmusuz.

- Bu, əlbəttə mənim həyatımın gözəl günləridir.

- Bir neçə il Nobel mükafatına namizədliyinizdən sonra əvvəl-axır mükafatı alacağınızı fikirləşirdizmi?

- Düzünü desəm, xeyr. Mən namizəd olduğumu qəzetlərdən oxuyurdum, amma heç vaxt düşünmürdüm ki, mükafat mənə çatar. Buna görə bu mənim üçün böyük sürprizdir. Ancaq bu əlamətdar hadisəni hələ qeyd etməyə imkanım olmayıb. Çünki jurnalistlər nəticələrin elan edilməsindən sonra dərhal məndən müsahibə istədilər.

- Sizin Nobel mükafatı aldığınızı öyrəndikdə xanımınızın reaksiyasız necə oldu?

- (gülür) Mən ona dedim ki, bu xəbər müvazinətimi pozduğuna görə dekabrda özü Osloya gedib mənim əvəzimdən mükafatı gətirsin. O buna çox sevindi. Təbii, bu zarafat idi.

- Macar hökuməti miqdarı 1 milyon dollardan çox olan Nobel mükafatı ilə bağlı vergilər haqqında qanunda dəyişikliklər etməyi planlaşdırır. Yoxsa mövcud qanunvericiliyə görə bu pulun az qala yarıya qədərini dövlətə verməli olacaqdınız. Maraqlıdır ki, qanun müxtəlif mükafatlarla bağlı heç bir vergini nəzərdə tutmur, ancaq Nobel mükafatı necəsə diqqətdən qaçmışdı. Mükafatı alandan sonra daha işləməyib zəngin insan kimi rahat həyata başlayacaqsınız? Gələcək planlarınız nədir?

- Mükafatı alandan sonra mən nəhayət həyatımın sonuna kimi bütün maliyyə problemlərini həll edə və nəzərdə tutduğum işləri bitirə biləcəyəm. Mənim üçün əhəmiyyətlidir nəhayət Amerikada da məşhurlaşacam. Mən adımı yox, kitablarımı nəzərdə tuturam. Onlar pis tərcümə olunduqlarına görə Amerikada bestseller olmadılar. İndi orada iki kitab nəşrə hazırlanır, amma biz hələ tərcümə üzərində işləməliyik.

- Tərcümədən danışmışkən. İki il həbs düşərgəsində qaldıqdan sonra siz Macarıstana qayıtdınız və qəzetlərdə jurnalist işləməyə başladınız. Ancaq kommunistlər hakimiyyəti ələ keçirəndən sonra qəzetlər kommunist partiyasının təbliğatı mənbəyinə çevrildi və siz jurnalist işinizi itirdiniz. Üç il ərzində siz zavodda fəhləlik etdiniz. Yalnız bundan sonra yazmağa və alman dilindən macarcaya ədəbi və fəlsəfə əsərlər tərcümə etməyə başladınız. O zaman Macarıstanda təhsil müəssisələrində rus dili məcburi idi və geniş təbliğ olunurdu. Siz rusca danışa bilirsizmi?

- Xeyr, bir söz belə öyrənə bilmədim.

- Macar hökuməti məktəb tədris proqramına sizin yaradıcılığınızı daxil etmək istəyir. Macarıstan prezidenti isə təbrik teleqramında sizə yazdı ki, macar olmaqla qürur duymaq üçün yenə səbəb var. Siz onun fikirləri ilə razısızmı?

- Bəli, əgər onlar belə fikirləşirlərsə, onda bu yaxşıdır. Çünki bu həm də o deməkdir ki, onlar Xolokostla bağlı ziddiyyətlərlə dolu olan macar keçmişinə baxanda belə qürur hissi keçirəcəklər.

- İsveç Nobel akademiyası bildirdi ki, siz "tarixin barbar zülmkarlığı dövründə kövrək şəxsiyyəti dəstəkləyən yazıçılıq qabiliyyətinə görə" Nobel mükafatına layiq görülmüsünüz.

- Mənim hələ onların bəyanatını oxumağa və ya hardansa öyrənməyə macalım olmayıb. Amma əgər onlar belə deyiblərsə, onda onlarla tamamilə razıyam.

BBC-nin rus şöbəsi, 2002-ci il

# 2659 dəfə oxunub

Müəllifin son yazıları

# # #