Kulis.Az Ernest Heminquey nəsli haqqında maraqlı faktları təqdim edir.
Böyük yazıçının aktrisa olan nəvəsi Mariel Heminquey ailələrində intiharın genetik olduğunu deyir. Vudi Allenin “Manxetten” filmindəki roluna görə “Oskar”a da namizəd olan aktrisa Mariel Heminquey bu il Sundance festivalında premyerası olan “Running from Crazy” sənədli filmini çəkib.
Sənədli filmdə ailə sirlərindən bəhs edən Heminquey 62 yaşında silahla intihar edən babasının alkoqolizm aludəçiliyinin və depressiyasının ailəsinə də keçdiyini deyir. Ernestin atası və iki qardaşı da özü kimi intihar edibmiş. 15 il əvvəl isə məşhur yazarın ölümünün ildönümündə nəvəsi, Marielin böyük bacısı Marqauks yüksək dozada barbiturat (yuxu dərmanı) qəbul edərək canına qəsd edibmiş. 42 yaşında olan Marqauks heç bir vida məktubu yazmamışdı.
Marqauksun LSD və narkotik asılılığı olması ilə yanaşı 15 yaşından içkiyə qurşanmışdı. O bulumiya (həddən artıq çox yemək) xəstəliyindən əziyyət çəkirdi. 16 yaşında Nyu-Yorka köçən Marqauks qısa zaman ərzində ABŞ-ın ən məşhur modellərindən biri olmuşdu. “Bir milyon dollarlıq kontrakt imzalayan ilk model” adı da ona məxsus idi. Heminqueyin “Vogue” və “Time” jurnallarının üz qabıqlarını bəzəməklə kifayətlənməyən nəvəsi kinoda da özünü sınayıbmış.
Marielin “Maffet” adıyla tanınan digər bacısı Joan isə bipolyar pozuntu (emosiyaların iki əks qütblü dəyişiklikləri ilə səciyyələnən xəstəlik, bu xəstələrdə sevinc hissi sürətlə kədərlə ya da əksi müşahidə olunur) adlanan psixi xəstəlik keçirib.
51 yaşında olan Mariel Heminquey də həyatı boyu depressiyadan əziyyət çəkib. İki övlad anası dəfələrlə intihar haqda düşündüyünü etiraf edir.
Heminquey bacılarının atası Jək əfsanəvi yazarın yeganə oğludur. Dörd dəfə evlənmiş yazar ilk həyat yoldaşı Hadley Riçardsondan olan oğlunu məktəbə göndərməyib evdə özü təhsil verirmiş. Jək 13 yaşına çatanda isə yazıçı onu yanına salıb fahişəxanaya aparıbmış.
2000-ci ildə ürək çatışmazlığından ölən yazıçı Jək Heminquey də arvadı Bira kimi alkoqolik idi. Atasının bacılarına cinsi təcavüz etdiyini düşünən Mariel öz xilasını anası Biranın xərçəng xəstəliyinə yoluxması ilə əlaqələndirir. Mariel 11 yaşından gecələri xəstə anası ilə bir yerdə yatdığına, 17 yaşında isə evdən qaçdığına görə atasının “qurban”ı ola bilməyib.
“Oskar”a namizəd olmuş Mariel Heminqueyin qızları da analarının soyadını daşıyır. 25 yaşlı Dri model, 23 yaşlı Langley isə musiqiçidir. Mariel öz nəsli barədə belə deyir: “Təbii ki, qızlarım da axmaq deyillər, Heminquey soyadının həm lənət, həm də hədiyyə olduğunu bilirlər.”