Qəribə dostluq və düşmənçiliklər

Qəribə dostluq və düşmənçiliklər
27 fevral 2013
# 12:01

Ədəbiyyat tarixində bir-birindən qəribə dostluq nümunələri var. Amma unudulmaz əsərlər bəxş edən yazarların zamanla düşmənə çevrilməklərini də unutmaq olmaz.

Kulis.Az bu ədəbi dostluq və düşmənliklərin bəzilərini təqdim edir.

İki Nobelli yazarın dostluğu

Latın Amerikan “bum”unun iki Nobelli yazarı kolumbiyalı Markes ilə perulu Lyosa ya öz dilləri ilə desək «günün birində dörd əllə bir roman yazmağı qərara gələn bu iki dost » ilk dəfə Venesuelanın paytaxtı Karakasda qarşılaşdılar. Dostluqları illərlə dərinləşdi. Dost, ədəbi ortaq, oğullarının xaç ataları oldular.

Xüsusilə, Kubaya aid siyasi hadisələr iki yazarın qısa zamanda özlərini fərqli bir ideoloji qütblərdə görməsinə səbəb oldu. Amma sonralar bu iki yazarın aralarındakı münasibətin sonu tamamilə fərdiləşdi. Belə ki, 1976-cı il fevralın bir günü baş verən hadisədən sonra dostluqları düşmənliyə çevrildi. Bu hadisə elə də səssiz-sədasız olmadı.

Meksika İncəsənət Sarayında nümayiş olunacaq filmin başlanmasından bir neçə dəqiqə əvvəl Qabo oturduğu yerdən qalxıb dostu Mario ilə salamlaşmağa gedir. Bu məntiqli və təbii idi, çünki bir müddət idi ki, artıq qonşu deyildilər. Qabo Marionun yanına çatanda dostu ona yumruq vurur. Markes bir yumruğa yerə sərildi. Hər şey bir saniyə içində və əvvəlcədən xəbərdarlıq edilmədən oldu bitdi.

İthaflarda qalan dostluqlar

Türk ədəbiyyatının iki böyük qələm ustaları Peyami Safa ilə Nazim Hikmətin dostluğu illər sonra yumruq davası olmasa da qələm davasına çevrilmişdi. Nazim Hikmət həbsdə olarkən Peyami Safa onun “Yanardağ” şeirini çap etdirmişdi. Peyami Safanın məşhur romanı “Doqquzuncu Hariciyə təcridxanası” Nazim Hikmətin istiqamət verməsiylə yazılmış və ona həsr olunmuşdu.

Nazim və Peyami öz vaxtlarının ədəbi mübahisələrinin çoxunda bir-birlərini dəstəkləyiblər. Hətta “Bütləri yıxırıq” kompaniyasında oxşar çıxışları da olmuşdu. Zamanla Safanın liberalizmə yönəlməsi və ardınca gələn fikir ayrılıqları aralarındakı münasibətləri son qoymuşdu. Peyami Safa Nazim Hikməti “su qatılmamış bir burjua” olmaqda ittiham etmiş, Nazim Hikmət isə Safaya həcvlərlə cavab vermişdir.

Hamının dostu Heminquey

Bir alman atalar sözü var: “Hər kəsin dostu olan heç kəsin dostu deyil”. Bu atalar sözünün Heminqueyə nə qədər aid olduğunu demək çətin olsa da onun dost siyahısı xeyli zəngin olmuşdur. Selincerin məşhur qəhrəmanı Holden Kolfild yazıçı olan qardaşının təkidiylə oxuduğu Heminqueyin “Əlvida silah” əsərini heç bəyənmədiyini açıq şəkildə deyir.

Halbuki, Selincerin Heminqueylə Parisdə bir oteldə başlayan dostluqları iki yazarın bir-birlərinin əsərlərinə olan heyranlıqlarını üzə çıxarmışdı. Digər tərəfdən Heminquey Selincerdən daha çox S. Fitsceraldla olan dostluğuyla da tanınır. 1925-ci ildə tanış olan bu dostların münasibətləri Fitsceraldla Zeldanın heç də uğurlu olmayan evliliyinin və alkoqolikliyinin kölgəsində davam edir. Heminquey dostunu “Paris həmişə səninlə olan bayramdır” da tənqid etmişdir. Heminqeyin Gertruda Stayn, Con dos Passos və Doroti Parker ilə də dostluqları olub.

Vudi Allenin 2011-ci ildə çəkdiyi “Parisdə bir gecə” adlı filmdə bütün bu dostluqlar göstərilmişdir.

Bir-birlərinə silah tuşlayan dostlar

Fransız şairlər Artur Rembo və Pol Verlenin dostluqları haqqında hamı bilir. Bu dostluq Rembonun özündən on yaş böyük olan Verlenə yazdığı məktublarla başlamışdır. Biri 27 o biri 17 yaşında olan şairlərin dostluqları ədəbi aləmə xeyirli olsa da Verlenin ailə həyatına son qoydu.

Şairin arvadı bu dostluğun sona çatmasını istəyirdi. Onda Verlen ailəni tərk edir. Birlikdə Londona köçən iki şair bir müddət sonra yola getmirlər. Belə ki, böyük davaların birində Verlen Rembonu silahla yaralayır. Verlenin iki illik həbsi ilə bu dostluq sona çatır.

“Total Eclipse” filmi iki böyük şairin dostluğundan bəhs edir.

Onların aralarında homoseksual əlaqənin olduğu da məlumdur.

Fransız ədəbiyyatında Pol Verlenlə Artur Rembonun dostluğundan başqa nümunələr də var. Buna Sartla Albert Kamyunun dostluqlarını da misal gətirmək olar. Sartrın “Milçəklər” tamaşasında tanış olub möhkəm dostlaşmışdılar. Amma aradan bir neçə il keçdikdən sonra fərqli düşüncələrinə görə münasibətlərini sona çatdırırlar. Dostluqları sona çatandan sonra Sartrın jurnalında Kamyu haqqında tənqidi yazılar yazılmağa başlayır.

Fransız yazarları Qustav Floberlə Jorj Sandın dostluğu Sartrla Kamyuya nəzərən daha sağlamdır. Flober romanlarını tənqid edən Jorj Sandın fikirlərinə hörmət edir və əsərində düzəlişlər edirdi. Siyasi və dini düşüncələri fərqli olsa da onlar dostluqlarını qoruyub saxlaya bilmişdilər.

Türk ədəbiyyatında bu cür dostluğa isə Cemal Sürəya ilə Ahmet Arifin münasibətlərini aid etmək olar. Məktublarından da göründüyü kimi olduqca möhkəm dostluqları olub.

Qorxulu dostluq

Bəzən ədəbi dostluqlar ədəbiyyatı da aşıb keçir. Bu cür münasibətlərdən biri də rus şairləri Anna Axmatova və Osip Mandelştamın Stalin rejiminin kölgəsindəki dostluqlarıdır. Mandelştam haqqında şeirlər yazan Axmatova dostluqlarını belə xatırlayır: “Mandelştamı sonuncu dəfə 1937-ci ilin payızında gördüm. O və Nadejda bir neçə günlüyə Sank-Peterburqa gəlmişdilər. Çox pis günlər idi. Mandelştamın heç pulu yox idi. Çox çətin nəfəs alırdı. Arvadı ilə qalmağa yerləri yox idi. Harda olduğunu dəqiq xatırlamıram, onunla görüşməyə getdim. Hər şey qorxulu yuxu kimi idi. Bizi izləyirdilər. O vaxt ikimiz də Ceyms Coysun “Uliss”ini oxuyurduq. O almancadan tərcümədə, mən isə orijinaldan oxuyurdum. Bir neçə dəfə bu əsərdən danışmağa cəhd etdik, amma kitabları müzakirə edəcək zaman deyildi.”

Abidəyə çevrilən dostluq: Göte və Şiller

18-ci yüzilliyin sonlarına doğru tanış olan məşhur alman şairləri Göte və Şiller Veymar klassizminin ilk ağıla gələn nümayəndələridirlər. Göte dostunun ölümündən sonra belə deyib: “Elə bildim özümü itirmişəm. Məgər ki, bir dostumu itirmişəmmiş və onunla birlikdə keçən həyatımın digər yarısını.”

Almaniyada Göte və Şillerin dostluğunu əbədiləşdirən heykəl də qoyulub.

# 3221 dəfə oxunub

Müəllifin son yazıları

# # #