Qari Çapman ABŞ-da insan münasibətləri üzrə mütəxəssis və Bibliyanın mahir bilicilərindən sayılır. Onun ailə və insan münasibətlərindən bəhs edən, 1992-ci ildə qələmə aldığı “Beş sevgi dili” kitabı 5 milyon tirajla satılmış, 38 dilə çevrilmişdir.
Kulis.Az “Beş sevgi dili” kitabından bir hissəni təqdim edir.
Siz sevgilinizlə oturub danışmaq istəyirsiniz, amma o sizə çiçək göndərir. Siz ev yeməyi yemək istəyirsiniz, amma o sizə sarılaraq doyur. Problem sevginizdə deyil, sevgi dilinizdədir. İnsanlar sevgilərini aşağıdakı şəkildə ifadə edirlər:
1. Tərifedici sözlər.
2. Keyfiyyətli zaman.
3. Hədiyyə alma.
4. Xidmət fəaliyyəti.
5. Fiziki təmas.
Sevgi dili “Keyfiyyətli zaman ”olanlara bəzi məsləhətlər:
1. İkinizdən birinizin böyüdüyü məhəllədə birlikdə gəzişin. Həyat yoldaşınızın uşaqlığı ilə bağlı suallar verin. “Uşaqlığınla bağlı maraqlı əhvalatlar hansıdı?” - deyə soruşun. Sonra soruşun: “Bəs, uşaqlığınla bağlı ən kədərli hadisə hansıdır?”
2. Parka gedib velosiped kirayə edin. Yorulana kimi velosiped sürün sonra oturub ördəklərə baxın. Ördəklərdən yorulanda, gül bağçasında uzanın. Bir-birinizdən ən sevdiyiniz gülün hansı olduğunu və səbəbini soruşun.
3. Bir yaz günü həyat yoldaşınızla nahar yeməyinə çıxın. Onunla yaxınlıqdakı qəbiristanlığa gedin. Piknik süfrənizi açıb yeməyinizi yeyin və hələ də həyatda olduğunuz üçün Tanrıya şükür edin. Ölməzdən əvvəl etmək istədiyiniz şeylər haqqında danışın.
4. Həyat yoldaşınızdan xahiş edin ki, birlikdə etmək istədiyi beş şeyin siyahısını hazırlasın. Sonrakı beş ay müddətində hər ay birini etmək üçün plan qurun. Əgər pul problem olsa “buna pulumuz çatmaz” - deyə bir qeyd yazıb başqasına keçin.
5. Həyat yoldaşınızdan sizinlə söhbət edəndə harada oturmağı xoşladığını öyrənin. Növbəti həftə bir gün günortadan sonra ona işdən zəng vurun və axşam o xoşladığı yerdə görüşüb söhbətləşmək istədiyinizi deyin.
6. Həyat yoldaşınız və sizin də xoşlandığınız bir əyləncəni düşünün: futbol, simfoniya, caz konserti və yaxud televizora baxaraq yuxulamaq kimi bir şey. Həyat yoldaşınıza mühitinizi dəyişmək istədiyinizi və ya bu ay bir ara bu əyləncə ilə ona yol yoldaşı olacağınızı deyin. Bir tarix müəyyənləşdirin və əlinizdən gələni edin. Fasilələrdə baxdığınız verilişlə bağlı suallar verin.
7. Növbəti altı ay ərzində həftəsonunu sadəcə ikinizin keçirə biləcəyiniz bir yerə getməyi planlaşdırın. Ofisə zəng vurmaq və ya hər hansı xəbəri əldə etmək məqsədilə televizora baxmağa məcbur olmayacağınızdan əmin olduğunuz bir həftəsonu olmasına diqqət edin. İkinizdən birinizin, ya elə ikinizin də xoşladığı bir işi eləməklə birlikdə dincəlin.
8. Hər gün gündəmdəki xəbərləri birlikdə müzakirə edin. Xəbərlərə baxmağı bir-birinizi dinləməkdən üstün tutsanız axırda həyat yoldaşınızın yerinə Bosniyaya görə narahat olmağa başlayacaqsınız.
9. Hər üç ayda bir dəfə “Keçmişimizə baxış” axşamı hazırlayın. Həmin bir saat ərzində keçmişə qayıdın, bir-birinizə keçmişinizlə bağlı suallar verin. Hər birinizin cavablaya biləcəyi beş sual seçin. Danışıb qurtarandan sonra növbəti dəfə üçün suallar hazırlayın.
10. Həyətdə ocaq qalayın. Adyal və döşəkcələrinizi yerə sərin. Şirənizi və ya da pop-kornunuzu da özünüzlə götürün. Elə bilin televizor xarab olub və günəş çıxana kimi sevgili olduğunuz dövrü xatırlayıb söhbət edin. Görsəniz ki, çox soyuqdur, evə qayıdıb yatağa girin. Əmin olun ki, unudulmaz bir gecə olacaq!