Hekayə yazmağın sirləri

Hekayə yazmağın sirləri
30 yanvar 2013
# 12:16

Kulis.az məşhur Peru yazıçısı Xulio Ramon Ribeyronun (1929-1994) hekayə yazmaq istəyənlərə tövsiyələrini təqdim edir. Qeyd edək ki, Riveyro daha çox qısa hekayələr müəllifi kimi tanınır. O, Limada ədəbiyyat təhsili alıb, 1960-cı ildə Parisə köçərək orada jurnalist fəaliyyəti ilə məşğul olmağa başlayıb.

1. Hekayə hadisədən bəhs etməlidir. Hadisəsiz hekayə yoxdur. Hekayələr oxucu da bəhs edilən hadisəni özünəməxsus şəkildə danışa bilsin deyə yaranır.

2. Hekayədəki hadisə real, ya da təxəyyül məhsulu ola bilər. Amma əgər realdırsa təxəyyül məhsulu kimi, təxəyyül məhsuludursa real hadisə kimi olmalıdır.

3. Hekayə qısa olmalıdır, bir dəfəyə oxuna bilməlidir.

4. Hekayədə bəhs edilən hadisə əyləndirməli, həyəcanlandırmalı, təəccübləndirməlidir. Əgər bunların hamısını birdən edə bilirsə lap əla. Əgər bunların heç birini bacarmırsa o hekayə sayılmır.

5. Hekayənin üslubu açıq olmalıdır; yəni şişirdilmiş, dolanbac yox. Gəlin, onu buraxaq şeir, ya da romanın ixtiyarına.

6. Hekayə yalnız göstərməlidi, öyrətməməlidir. Əks halda rəvayət olar.

7. Hekayə bütün texnikaları qəbul edir: monoloq, dialoq, sadə anlatma, yazışmalar, bir-birilə əlaqəsiz mətnlərin kollajı və sair. Ancaq bu üsullar hadisəni dağıtmamalı və oxucu hadisəni bir ifadə ilə yekunlaşdıra bilməlidir.

8. Hekayəyə başlamaq üçün xarakterin, ya da xarakterlərin talelərini təyin edəcək bir qərar qəbul etmək məcburiyyətində qaldıqları bir dilemmayla qarşı-qarşıya olduqları bir an, ya da vəziyyəti seçilməlidir.

9. Hekayədə ölü zamana yer yoxdur, lazımsız heç bir şey yazılmamalıdır. Hər bir söz mütləq zərurətdən doğmalıdır.

10. Son nə qədər gözlənilməz və ya qeyri-adi olsa da hekayə qaçılmaz bir sonluğa doğru axmalıdır; əgər oxucu hekayənin gedişini bəyənmirsə deməli hekayə düzgün yazılmayıb.

Elnarə Ağaoğlu

# 2293 dəfə oxunub

Müəllifin son yazıları

# # #