Hörmətli Vaqif Yusifli! Bəri başdan deyim ki, əgər “Kaspi”dəki (1 mart 2014) “Əlabbasın qiyamçı qəhrəmanları” adlı məqaləniz “Qaraqovaq çölləri” romanının “Oxu zal”ında keçirilən müzakirəsindən əvvəl işıq üzü görsəydi, onu çağdaş Azərbaycan ədəbi tənqidinin ən işgüzar, məhsuldar və cəfakeş isimlərindən birinin növbəti rəyi kimi qarşılayıb haçansa görüşəndə təşəkkürlərimi çatdırmaqla işimi bitmiş hesab edərdim. İndiki dəyərlər sistemi isə hər şeyə anındaca “qiymət verməyi” tələb edir… Deyəcəklərimin sizdən və məndən başqa, digərlərinə də az-çox isti-soyuğu var deyənə məktub janrını intixab edəsi oldum.
Açıq danışaq: rəyinizi “Oxu zalı”nın müzakirələri ilə tanış olmadan qələmə almısınızsa, sizə olan əvvəlki ehtiramım azalmaz, yox, əgər müzakirə materiallarını oxuyandan sonra yazmısınızsa, əksinə, o, birə beş artmış olar. Ən azı ona görə ki, altı nəfər qayıqçının can-başla avar çəkdiyi bulanıq və gursulu çayda ehtiyac olmadığı halda, axına qarşı üzməyi tərcih etməniz birbaşa tənqidçi vicdanınıza, ləyaqət və əqidəyə bağlı məsələdi. Maraq üçün deyim ki, müzakirələrdən xeyli sonra özünü oda atıb “Onu yaşamağa qoymadılar” adı ilə “Qaraqovaq çölləri”ni sizdən öncə bir daha təhlil müstəvisinə çəkən Kənan Hacıya artıq göz ağardanlar olub. Azından özünüzü bundan qorumuş olardınız.
Yazırsınız: “Çox təəssüf ki, istedadlı və özünəməxsus bir nasir olmasına baxmayaraq, Əlabbasın yaradıcılığı ədəbi tənqidin diqqətini o qədər də cəlb etməmişdir”.
Vaqif bəy, mən o şəxsəm ki, xəzinəmin aşıb-daşan vaxtlarında və iyirmi yaşımda yazdığım “Köhnə kişi”ni yer-yurd eləyənəcən dəmir çarığım yırtıldı, ömrüm-günüm çürüdü, Kərbəlayı İsmayılın sözü olmasın, abır-həyadan düz iyirmi yeddi il (1981-2007) dinmədim. Təbriz surəti və “son illərin nəsrində bədii mükəmməlliyi və həyatiliyi ilə seçilən” (V.Yusifli) zəngin dil materialına malik “Qiyamçı” birinci MKM müsabiqəsinin qalibi olmadı, yenə dinmədim, “İkinci oğul” povesti üçüncü MKM müsabiqəsinin heç onluğuna yaxın da getmədi, bu dəfə də səsimi çıxarmadım. İş o yerə çatdı ki, hələ ilk romanım birinci MKM müsabiqəsinin layiq olmadığı (həvəsləndirici, özü də 53 yaşımda!) mükafatına “layiq görüləndə” Tehran Əlişanoğlu “qiyamçı”nın, yəni mənim susmaqda davam etməyimdən bərk təəccübləndiyini həmən dilə gətirdi. Tam səmimi deyim ki, əlimə qələm alan bir gündən işimi normal və layiqli bir şey yazmaqla bitmiş hesab etmişəm və indi də o fikirdəyəm. Amma ömrün o tayında, hələ şələ-şüləmi fərməş-xurcuna qablayıb ağır səfərə hazırlaşanda ağlıma da gəlmirdi ki, tək istedadla uzaq məsafələrə gedib çıxa bilməzsən. Zəhmət, iradə, əzm, yaxşı mənada inadkarlıq və xarakterin yoxdursa, necə deyərlər, əlvida, ana Hindistan!
Dəyərli yazıçımız, vicdanlı ekspert Yaşar adı uzun siyahıya düşmədiyinə görə (III MKM müsabiqəsi) narazılıq edən gənclərə faciənin hələ irəlidə, onluq formalaşanda olacağının anonsunu verəndə tanış mənzərə yenidən yarandı, amma biz – Eyvaz Zeynalov, Aslan Quliyev və mən o “faciə”nin qarşısını, necə deyərlər, tam zamanında aldıq: məgər bizim yer uğrunda dava edən vaxtımızdı? O addımı da yaşadığımız illərin ədəbi panoramına əlavə bir rəng qatmaq məqsədilə atmışdıq. Sayğılı dostlarımın bir çoxunun adından deyirəm: çətin ki, bundan sonra o cür müsabiqələrdə biz yaşda olanların adını görən ola…
“Oxu zalı”nın roman müzakirələrinə yorumum da tənqidin üzərimə növbəti demarşına yox, “Azadlıq radiosu”nun təqdim etdiyi formata uyğun cavab haqqı kimi ortaya çıxıb. Vallahi-billahi, yoxsa ona da fikir verən deyildim. Hətta “haqqı həyatınız bahasına olsa belə, müdafiə edin” deyən həzrət Əli boyda kişinin sözünü yerə salmış olsaydım belə… Onsuz da bir az dərinə gedən kimi, nehrədəkilər ayran oldu: tənqidçi adının bütün formal atributlarına yiyələnmiş və digər romanların müzakirəsində də çöp uzatmadığı pətək qoymayan, konkret mənə münasibətdə isə Rusiya Ukraynanın sərhədlərini müqavimətsiz keçən kimi tənqidçi-yazıçı sınırlarını da heç bir etika gözləmədən, maneəsiz aşan Azərbaycan ədəbi tənqidinin daltonik münəqqidi İ.Musayeva efir vasitəsilə məndən təkrar-təkrar üzr istədi, C.Yusifli eyni yazını iki adla (“Əlabbasın “Qaraqovaq çölləri”, “Əlabbasın uduzması”) dübarə dövriyyəyə buraxdı, “bu gün Əlabbas bizdə psixoloji nəsrin ustası, ən parlaq nümayəndəsidir” deyən T.Əlişanoğlu isə bəzi məqamları çıxmaq şərtilə əvvəl dediklərini də dandı və nəticədə onun “Qaraqovaq çölləri” haqda bir-birini təkzib edən üç yazısı meydana çıxdı, amma sonda qadın həmkarı tək o da aman dilədi: “Bir qələtdir də, dəqiqləşdirmədən etmişik, bir-birimizdən köçürmüşük; ucuzluğa getməklə indi ucuz ətin şorbasımı olasıdır?” “Möhkəm durun, tənqidçilər!” adlı həmin yazı “Oxu zalı”nın mətbəxində hazırlanan tənqidi materialların açıq-aşkar deşifrəsi idi və mən bilən, Tehran onu mətbuata qəsdən vermişdi. Əvvəla, bütün olub-keçənlərə rəğmən mən Tehranı indi də vicdanlı söz adamı kimi tanıyıram. İkincisi, “Oxu zalı”nın ədəbi təxribat yuvası olduğunu, bəlkə, ilkin olaraq sayğılı Kamal Abdulla yox, mən dilə gətirmişəm? Belə olan halda, Tehranın: “Sizə demədimmi ki, bəs “köhnə kişilərdən” bir az çəkinin, Əlabbasdan, Aqil Abbasdan, Kamal Abdulladan… “Yazarlara qarşı insaflı olaq, deyəndə sözümün mabədi elə o idi ki, aya, bu kişilərin qurduğu, yaratdığı bir ədəbiyyat var» açar-kəlmələri daha nəyə işarə etməli idi? Adama sözü daha necə deyərlər? Cəmdə danışan Əlişanoğlu, sizcə, kimlərlə məşvərət eləyib? Hər halda onun Rəhim Əliyev, Seyfəddin Hüseynli, Əsəd Cahangir, Qanturalı və ya Əli Novruzovla məsləhətləşmədiyi kənd avtobusundan bir saat bundan qabaq düşənə də gün kimi aydındı. Başdan-ayağa mərsiyə janrında yazılmış və hər biri ayrılıqda “Qaraqovaq çölləri”nin qara kağızına çevrilən müzakirə materiallarına bir qolayca göz yetirsəydiniz, meydanda tək qalan Tehranın sözünün qəribçiliyə salındığının nədənləri də sizə aydın olardı.
Bu yerdə deyəcəklərimin daha sanballı ifadəsi baxımından Kənan Hacının fikri lap yerinə düşür: “Biz bəzən yazıçıdan yazdığı əsərin izahını tələb edirik, unuduruq ki, yazıçı artıq öz işini bitirib, zəhmət çəkib əsər yazıb, sən də zəhmət çək, beyninə əziyyət ver, onun ötürdüyü mesajları dərk et. Əgər dərk edə bilmirsənsə, bu, yazıçının problemi deyil” (“Onu yaşamağa qoymadılar”).
Başqa iki misalınız: siz deyəndə ki, “Əfsun tipli, Əfsun xarakterli insanlar, olsun ki, say etibarilə azlıq təşkil edirlər, amma cəmiyyətin və insani münasibətlərin daha sağlam resurslara keçməsi üçün məhz bu tipli qiyamçılar lazımdı”, yaxud “Qiyamçı” və “Qaraqovaq çölləri” heç şübhəsiz, müasir nəsrimizin maraqlı nümunələri kimi diqqəti cəlb edir və o romanları oxumayanlara məsləhətimiz bu olar ki, tapıb oxusunlar”, özünüzü “Qaraqovaq çölləri”ndə Pirr qələbəsi qazandığını güman edən həmkarlarınız İ.Musayeva, E. Akimova, N.Kamal, C.Yusifli ilə necə üz-üzə qoyduğunuzun bilmərrə fərqinə varmamısınız. Faktla danışacam: “Qarabağ haqqında yazılan ən zəif, şablon, bayağı, patetik nitqlər və müəllif hay-küyündən ibarət mətnin təqdimi ədəbiyyatda Qarabağ mövzusunu bir az da nüfuzdan saldı…” (İ.Musayeva (“Qarabağdan yazmayaq”), “Əlabbas bu romanında vaxtilə qələmə aldığı, ədəbi mühitdə yaxşı qarşılanan əsərlərinə təəssüf ki, uduzub” (C.Yusifli “Əlabbasın “Qaraqovaq çölləri”), “Uzun illərin yazıçısının dilimizin bədiilik (bədii demək istəyib – Ə.) imkanlarından yararlana bilməməsi doğrudan da təəssüf doğurur” (E.Akimova “Qaraqovaq çölləri: nəsrin fəzasından baxarkən”), “Roman dövlət dilində qələmə alınıb” N.Kamal (“Döyüşçü, düşmən, dövlət üçbucağı”).
Bu yerdə roman barədə müzakirələrdən daha əvvəl söz söyləmiş olan ədəbiyyatın sözükeçən kişilərindən akademik Bəkir Nəbiyevin, professorlar Akif Hüseynlinin, Əsgər Rəsulovun, fəlsəfə doktoru Sabir Bəşirovun və digərlərinin dəyərli rəylərindən də xeyli nümunələr gətirib sual versəm ki, indi kimə inanım, nə qədər istəyirsiniz, qınayın məni. Çünki kimin nə yazmasından asılı olmayaraq mən onsuz da öz həqiqətimə inanıram. Kimsə doğrunu yazmaya bilər, həqiqəti qəsdən deməyə bilər, gerçəyi bilərəkdən danar, sən də abırına qısılıb susarsan, amma halal haqqın tapdananda artıq dözməyin əfəllik, təslimçilik, məzlumluq anlamına gələr. Oxucularımı məmləkətimizin çox tipik bir sərhəd kəndinə, viranə qalmış yaşayış məskəninə, o kəndin saflığını hələ də itirməyən adamları ilə görüşə «aparmağım» illah da buna görədir. Bu yerdə mən sizin iradınızı başa düşür və qəbul edirəm, intəhası Əfsunu şəhərə gətirəsi olsaydım, onu bu gün üstünə benzin töküb özünü yandıran hər hansı Qarabağ qazisinin aqibətini yaşamaqdan heç cür xilas edə bilməzdim. Olsa-olsa, o, dövrümüzün bakılı Don Kixotuna çevriləcəkdi. Bu da mənim istək və ideallarıma zidd bir şey olardı. Əfsunun ölümü çox şərəfli və apardığı mübarizənin məntiqi sonluğu idi. Standart həyat qəlibinə sığmayan bir obraz yaratmaq istəyim həm də bu niyyətdən doğub. Azərbaycan romanını əyalət təfəkküründən xilas etmək yolunda öz payına balaca bir addım da mən atmaq istəmişəm. Və hər dəfə fikirləşmişəm ki, niyə Azərbaycan ədəbiyyatı illərdi Boranlı Yedigey kimi qaltanlı, qalın-qayım bir kişi obrazına həsrətdi? Həyatda belələrimi yoxdu? Sona qədər öz dediyindən dönməyən, sözünə sadiq kişilərmi qırılıb qurtarıb? Ya onlar var, bədii obrazlarını yaradacaq nasirlərimiz qeybə çəkilib? Ortada məni ikinciyə daha çox inandıran faktım var: maşallah, hal-hazırda Azərbaycanda neftdən də çox roman “istehsal olunur”, bəs hanı, ədəbiyyat aləmini lərzəyə gətirən demirəm, az-çox yaddaqalan bir bədii surət? Qoy qələm dostlarım məndən inciməsin, o qism obrazlardan da çox ağzına çullu dovşan sığışmayan müəlliflərimiz var. Azərbaycan nəsrinin faciəsi də donuq, statik və amputasiya olunmuş kimi görünən obrazlarla doluluğundadı. İnanmıram, elə bir yazıçımız ola ki, ürəyindən Azərbaycan nəsrinin xarakterik kişi obrazları pleyadasına bir ad da o əlavə etmək istəməyə və bir nasir olaraq xoşbəxtliyini bunda görməyə. Bu mənada illər sonra sizin təqdimatınızda oxuduğum “Bəbir son illərin nəsrində bədii mükəmməlliyi və həyatiliyi ilə seçilən obrazlardan biridir. Ona görə mükəmməldir ki, bir insan kimi bütün ziddiyyətləri ilə təsvir olunur” qənaətiniz mənə xoş anlar yaşatdı.
Dəqiq biləsiniz: ədəbi tənqidin sizin də təəssüfünüzə nədən olan diqqətindən kənarda qalmağıma tənqidi müxtəlif yollarla ələ almaq, indi dəbdə olan əlləm-qəlləm fəndlərlə iş görmək bacarığının məndə olmamağından da çox, ədəbiyyata elə ilk qələm təcrübələrimdən mətin, iradəli, dönməz, ağayana və bir-birinə qan qohumluğu çatan obrazlarla gəlmək istəyim səbəb olub. Dursaq saf-çürük etməyə Qəyyum müəllimin də, Təbrizin də, Zülfü və Qüdsi müəllimin də, onların ləyaqətli yetirməsi olan Əfsun Əlibəylinin də nəsil şəcərəsi «Köhnə kişi»dəki məğrur və əyilməz Murada gedib çıxır və bədbəxtlikdən vicdanlı və qərəzsiz tənqiddən də əvvəl bunu Azərbaycan nəsrinin ən ayıq adamı olan Mövlud Süleymanlı görüb. Siz fəhmli adamsınız, yaxşı bilərsiniz, bir-biri ilə üzvi şəkildə ilişgili olan o iki hadisənin: bu gözəl, amma bədxah yazıçımızın “əlahiddə uzaqgörənliyi” və gözü məni götürməyən möhtərəm tənqidimizin “daha layiqlilərlə” məşğul olmaq istəyi yaradıcı insanın taleyində daha hansı izləri qoymalıydı? Doğrusunu deyim ki, bu yaşda daha nə ona, nə buna təəssüflənirəm, sadəcə bəzi dostlardan soruşmaq istədiyim bircə şey var: biz niyə bir-birimizə qarşı belə qısqanc, diqqətsiz və asiyik? Kim kimin haqqına girə bilər axı? Allah hərəyə bir tale, bir qismət yazıb, yazıçı olmazdan da əvvəl, bir insan kimi biz öz həyatımızı yaşamaqla məşğuluq. Ömrümüzü elə bu minvalla da başa vuracağıq. Amma belə çıxmır ki, “Mirvari”ni Aslanın, “Ağır əlcəkləri” Sadayın, “Əyilməzliy”i Kamranın, “Gözlənilən bir qətlin tarixçəsi”ni Nərimanın, “Ağ arvana”nı Səfərin, “Yad qadının məktubları”nı Eyvazın, “Son möhlət”i Aqilin, “Qumluqdakı qadın”ı Azadın, “Rudolf İo”nu Fəxrinin imzasında oxumaq açıb-ağartmasaq da, mütləq bir-birimizin, ya da kimlərinsə infarktına səbəb olmalıymış?
Bir çoxundan fərqli olaraq mən istedadlı dostları sevdim, uğurlarına sevindim, pis-yaxşı yığcam da olsa, hər biri haqda nəsə yazdım. Allah onları, sizi və Azərbaycan ədəbiyyatı üçün bir qoz qədərində halallıqla iş görənlərin hamısını daim var eləsin.
Hörmətlə, sizinlə bu günəcən bir stəkan çay da içməyən yazıçı həmkarınız
Əlabbas
18 mart 2014