Əziz Nesinin ölümünə ağı – Əkrəm Əylisli yazır...

Əziz Nesin, yazıçı

Əziz Nesin, yazıçı

6 iyul 2022
# 21:00

Bu gün məşhur türk yazıçısı Əziz Nesinin anım günüdür...

Kulis.az “Əsrlərdən əsrlərə” kitabından Əkrəm Əylislinin “Şaxsey-Vaxsey azadlığı və yaxud Əziz Nesinin ölümünə ağı” yazısını təqdim edir.

(Mirzə Fətəli və Əziz Nesin)

Əziz Nesin on gündür ki, dünyada yoxdur. Deməli, on gündür ki, mən onun barəsində hər gün fikirləşirəm. Ölməyini Türkiyə televiziyasından eşitdim: İzmirdə, səksən yaşın içində vəfat etmidi. İzmirdə vəfat etməyinə təəccüblənmədim. Ancaq səksən yaşda ölməyi mənə bir azca qəribə gəldi. Çünki təxminən on beş il bundan qabaq onun şəxsi dəvətilə mən ilk dəfə Türkiyədə olanda Əziz Nesin altmış beş yaşlı adama oxşamırdı. Evdə də, çöldə də geydiyi köhnə vilvet şalvarda və adi parça gödəkçədə qıvraq, şən, “şıltaq” Əziz Nesin çox olsa qırx beş-əlli yaşlı cavanca kişiyə bənzəyirdi.

Əsli istanbullu olan Əziz bəyin neçə vaxtdan bəri xeyli torpaq sahəsi alıb, ev tikib məskunlaşdığı Çatalca bölgəsindən İstanbulacan olan təxminən qırx-əlli kilometr yolu biz onunla çox vaxt adi marştut avtobusunda gedib-gəlirdik. Avtobusa quş kimi sıçrayıb minirdi, avtobusdan elə cəld hərəkətlə enib, İstanbulun küçələrilə elə becid-becid gedirdi ki, o vaxtkı yaşımın qırxdan bir azca çox olduğuna baxmayaraq, Əziz Nesinin yerişini yeriməyə çox vaxt mənim gücüm, nəfəsim çatmırdı.

Bir dəfə biz Türkiyənin Qapalı Çarşı deyilən məşhur bazarını gəzdik. O böyük, məndən ötrü əfsanəvi dərəcədə zəngin bazarı görəndən sonra, sözün düzü, gözlərim böyümüşdü. Və qayıdanbaş yolun bir yerində haradansa ağlıma belə bir cəfəng fikir gəldi:

- Əziz bəy, - dedim, - sizcə, necə eləmək olar ki, düz bir saatın içində o Qapalı Çarşıda bir çöp də qalmasın?

Dayandı. Çox ciddi bir maraqla üzümə baxdı.

- Hə, necə etmək olar? – dedi.

- Rusları buraxarsan, bir saatın içində bu bazarı elə sil-süpür eləyərlər ki, orada heç çöp də qalmaz.

Nə gizlədim, mən bu sözləri nadancsına bir fəxr ilə dedim. Elə bilirdim ki, Əziz bəy mənim yumor sahəsindəki məharətimə, ağlımın, fantaziyamın zənginliyinə əhsən deyəcək. Ancaq belə olmadı. Əziz Nesin əməlli-başlı hirsləndi:

- Nə ruslar, ruslar salmısınız? – dedi. Və pauzasız, fasiləsiz-filansız birdən-birə amerikalılara qarşı atəşin hücuma keçdi. – Mən burda amerikalıların barəsində bir kəlmə güldən ağır söz deyəndə, bu məmləkətin köpəkləri ağız-ağıza verib, bir il üstümə hürüşür. Əgər ruslar pisdirsə, amerikalılar onlardan heç də yaxşı deyil. Siz bunu bilmirsiniz. Onu da bilmək istəmirsiniz ki, siz ruslardan asılı olduğunuz kimi, biz də amerikalılardan asılıyıq. Əlbəttə, çox yaxşı olardı ki, heç kəs heç kəsdən asılı olmayaydı. Ancaq, bir düşün, bu iş asandırmı, mümkündürmü?

Bir müddət İstanbulun küçəsilə dinməz-söyləməz yeridik. Yolun bir yerində Əziz bəy qəflətən dayandı.

- Bir zaman siz ruslardan qopacaqsınız – dedi. – Qopmasanız da, onlar sizi qoparıb atacaqlar. Ruslardan qopduğunuz zaman sizin çox çətin işləriniz olacaq. Bunu öncədən bilsəydiniz, o zaman üzüntüləriniz az olardı...

Mən, əlbəttə, Əziz Nesinin Türkiyə türkcəsində dediklərini bizim türkcəmizdə yazıram. Əziz bəyin dediklərinin üslub və intonasiyasına, ola bilər ki, bir az xələl qatıram. Ancaq məzmun cəhətindən onun dediklərinin dəqiqliyinə tam zəmanət verirəm.

Əziz Nesinin dilindən bu sözləri eşitməyimə mən o vaxt çox heyrətlənmişdim. Hətta bundan çaşmışdım, sarsılmışdım. Sonralar: “bir gün neft verməməklə Rusiyanı diz üstə çökdürənlərin”, “ac rusların qarnını 70 il öz xalqının çörəyi ilə doyduranların”, “saqqalını bu gün Bakıda sabunlayıb, sabah Xankəndində Aşota qırxdırmağa hazırlaşan” – dildən, çənədən pərgər xəstə beyin sahiblərinin, televiziya kamerasını görəndə xalis şiri-nərə, düşmən avtomatını görəndə tüləmiş cücəyə dönən – igidlik, qəhrəmanlıq maniyasına tutulmuş qorxaq qurumsaqların “parlaq” nitqlərini eşitdikcə Əziz Nesinin o sözlərinin mənasını və o sözləri deyəndə Əziz bəyin niyə o cür əsəbiləşməyinin səbəbini tədricən dərk elədim.

Türkiyədəki o görüşümüzdən təxminən bir il-il yarım sonra mən Əziz Nesinlə Moskvada da görüşmüşdüm və Əziz Nesinin ürəyinin xəstə olduğunu da elə onda bilmişdim.

Əziz bəy “Pekin” mehmanxanasında qalırdı. Səhərlər az-maz yazıb-pozurdu, gündüzlər və axşamçağıları Moskvanın küçələrini tək-tənha dolanmağı çox xoşlayırdı. Günortaları isə - bütöv bir həftənin ərzində biz, ikilikdə həmişə bir yerdə olduq. Onun Türkiyədə mənə göstərdiyi hədsiz hörmətçilliyin, qonaqpərvərliyin əvəzində mən də, öz imkanım daxilində, Əziz bəyin, necə deyərlər, xəcalətindən çıxmaq istəyirdim: Əziz bəyi günorta yeməyinə mən dəvət eləyirdim. Ürəyi xəstə olduğuna görə onun araq içməyini istəməsəm də, yarım litr rus arağı – Əziz bəyin öz istəyincə - hər gün, necə deyərlər, “süfrəmizi bəzəyirdi” və elə o süfrənin arxasında da biz hər oturumda xeyli dərdləşirdik. Və əgər mən Əziz Nesin barəsində xatirə yazası olsaydım, elə o söhbətlərin özündən yəqin ki, iri bir xatirə kitabı yaranardı.

II

Ancaq Əziz Nesindən xatirə yazmağa bu saat mənim nə heyim, nə həvəsim var. Məni hal-hazırda tamam başqa şey düşündürür: Əziz Nesin ölüb, amma bu barədə mən bizim mətbuatda hələ ki, heç nə oxumamışam. Hətta radioda, televizorda da, deyəsən, bu barədə hələ bir söz deyilməyib. Bəlkə deyilib, mən eşitməmişəm, bəlkə yazılıb, mən oxumamışam... Elmdən, məktəbdən, müəllimdən, küsəyən uşaq kimi, birdən-birə üz döndərib, mollaları, mürşüdləri, fala baxanları və xoruz döyüşdürənləri təzədən hörmət taxtına əyləşdirən, gündə bir məscid bina edib, gündə bir imam icad eləyən bu məmləkətə bəlkə Əziz Nesinlər daha lazım deyil?..

Və bu “bəlkə”lərin siyahısına sonra bir “bəlkə” də əlavə olundu: mətbuatda, Əziz Nesinin barəsindəki o sözü bəlkə məhz mən yazmalıyam?! Belə isə bəs nəyi gözləyirəm – qəlbimə çox yaxın bir adamın xatirəsini yad etməyə beş-üç kəlmə söz tapmaq məndən ötrü niyə bu qədər çətin olub?..

Beləcə, fikir-xəyal içində bir neçə gün evdə-eşikdə özümə yer tapmadım. Və günlərin bir günü bir də baxıb gördüm ki, dahi Mirzə Fətəlinin “Kəmaləddövlə məktubları” əlimdədir.

Amma Əziz Nesin hara, Mirzə Fərəli Axundov hara?.. Başqa-başqa məmləkətlərdə, başqa-başqa epoxalarda yaşamış bu iki şəxsiyyətin arasında görən nə kimi sirli-sehrli bir əlaqə vardı ki, Əziz Nesini düşünə-düşünə mən məhz Mirzə Fətəliyə üz tutub, sanki özümdən də xəbərsiz onun əsərini oxumağa başlamışdım? Bəlkə bu da belə bir təsadüf idi?..

Əvvəllər, tələbəlik dövründə, avtomatik şəkildə başdansovdu oxuyub, məzmununu-mətləbini lazımınca əxz eləyə bilmədiyim “Kəmaləddövlə məktubları”nı bu dəfə tamam başqa cür oxudum. Oxudum və heyrətə gəldim. Oxudum və öz xalqımla ürək dolusu fəxr elədim. Mirzə Fətəlini oxuya-oxuya mən bu günlər fikrimdən-xəyalımdan bir an belə çəkilib getməyən Əziz Nesinlə də sanki yenidən tanış oldum, onun hər günü, hər saatı sanki bir qəribə narahatlıq enerjisi ilə yüklənmiş çətin həyatını elə bil mən də büsbütün yaşadım. Və onda başa düşdüm ki, bu dünyada təsadüfi heç nə yoxdur: Əziz Nesinin ölüm xəbərini eşitdiyim bu günlərdə mən o “Kəmaləddövlə məktubları”nı mütləq oxumalıydım. Anladım ki, Əziz Nesini Mirzə Fətəlidən ayıran yüz-yüz əlli il bu qoca tarix üçün heç yerli-dibli vaxt deyilmiş. Sabiri, Mirzə Cəlili, Hadini, Cavidi də gözümün qabağına gətirib, bir daha inandım ki, bu gözəlim türk dünyası sözübir, amalı, əməlibir böyük kişilərdən heç vaxt xali olmayıb və bu böyük kişilərin bir nömrəli qayğısı bizim türk mənliyimizi və insan ləyaqətimizi mütiliyin, köləliyin, şərəfsizliyin və şəxsiyyətsizliyin, hörümçək toruna bənzəyən, müdhiş şeytan tələsindən qorumaqdan ibarət olub. Buna görə də, indi mənim Əziz Nesindən yazdığım bu yazıda Mirzə Fətəlidən gətirəcəyim misallara siz gərək qətiyyən təəccüblənməyəsiniz.

III

Əziz Nesin böyük rəğbət bəslədiyi Atatürkün özünü də bütə, kulta, mədhiyyə obyektinə çevirən söz dəllallarına qarşı son dərəcə amansız idi. İndi görək Mirzə Fətəli bu barədə nə fikirdəydi:

“Sənin padişahın... elə güman edir ki, padişahlıq ondan ibraətdir ki, xalq ona baş əyib, səcdə qılsın və alçaq qullar kimi onun qarşısında əmrə müntəzir dursun, axmaq şairlər də onu uşaq yerinə qoyub, mənasız mübaliğələrlə tərifləsinlər. Qəribədir ki, padişah bu kimi yaltaqların sözündən xoşlanır”.

Əziz Nesinimiz də Sabirimiz, Mirzə Cəlilimiz kimi ömrü boyu bədii ibarəbazlıq və ədəbi şarlatanlıqla mübarizə aparmışdı. Və bizim böyük Mirzə Fətəlimiz bu məsələdə də əsl uzaqgörənlik nümunəsi göstərmişdi:

“Ədəbiyyatlarının bir qismi və əsilsiz-əsassız, bir növ əfsanələrdən ibarətdir ki, bunları da möcüzat adlandırırlar. Və ya şişirtmələr və mübaliğələrlə dolu olub, qafiyəpərdazlıq, dumanlı ibarələr və hədsiz-hüdudsuz yaltaqlıq nümunəsi olan bəzi yazılardan ibarətdir ki, bunların da adını tarix qoymuşlar”. “...hər halda, bir para fırıldaqçılar, şarlatanlar və qoyun cildinə girmiş canavarlar özlərinin beş günlük şəxsi mənfəətləri üçün böyük bir xalqı uzun illər boyu puç əqidələr zəncirinə bağlayıb, ağıl şərafətindən mərhum edərək, insanlığın ən alçaq dərəcəsində saxlamışlar”. “... Bu zavallı əmirlərin təbiəti o qədər alçalmış, rəzalətə, köləliyə, biqeyrətliyə o qədər adət etmişlər ki, döyülməyi özləri üçün eyib hesab etmirlər. Onlar bu qədər alçalıb, rüsvay olduqdan sonra da bu dünyada yaşamaq isəyirlər”.

Əziz Nesinin Mirzə Fətəli Axundov yaradıcılığına nə dərəcədə bələd olub-olmadığı barədə təəssüf ki, heç bir məlumatım yoxdur. Çünki ədəbiyyatı yaratmağı onu müzakirə etməkdən üstün tutan bir çox ciddi qələm sahibləri kimi, Əziz Nesin də yeri düşdü, düşmədi ədəbi diskussiya açmağı xoşlamazdı. Yaılnız Cəlil Məmmədquluzadənin barəsində bir dəfə mənim Əziz bəylə ötəri söhbətim olmuşdu. Əziz bəy Cəlil Məmmədquluzadəni yaxşı tanıdığını demişdi və nədənsə tez söhbəti dəyişdirib, “Kiril” əlifbasından odlu-odlu şikayətə başlamışdı.

Latın qrafikinə keçməyin bizdən ötrü nə dərəcədə vacib bir iş olmağından danışanda Əziz bəy özünə və məmləkətinə qəvi düşmən saydığı sağçı türk milliyyətçilərindən heç nə ilə fərqlənmirdi. Hirslənirdi, coşub-daşırdı. Bu məsələni bizim Moskvasız həll etməyimizin mümkün olmadığını heç ağlına da gətirmək istəmirdi. Günahı bizim özümüzdə - qorxaqlığımızda, qeyrətsizliyimizdə, fərasətsizliyimizdə görürdü.

Ancaq mən öz mövzumdan, deyəsən, bir qədər uzaqlaşdım. Bayaqdan məqsədim – 117 il bundan qabaq dünyadan cismən uzaqlaşan bir türk oğlunun təzəcə və təzədən oxuduğum əsərindən misallar gətirə-gətirə bu xalqın başqa bir övladının, cəmi on gün bundan əvvəl İzmirdə rəhmətə gedən Əziz Nesinin diri, çevik, cəsur obrazını göz önündə canlandırmaq idi. Söhbəti ora gətirmək istəyirdim ki, yüz əlli il bundan əvvəl Mirzə Fətəlisi olan bir xalqın bu gün bir Əziz Nesini də mütləq olmalıydı. Bunsuz ola bilməzdi. Bunsuz biz, yenə Mirzə Fətəlinin sözləri ilə desəm, “tam mənası ilə biqeyrətliyə adət edib, tamamilə zəlil tayfalar kimi yaşayardıq”, “mal və mənsəb düşkünlərinin mənafeləri xatirinə xalqı əbədi bir həbsə məhkum etmiş olardıq”, “şüur və düşüncə cəhətdən çox ağır bir vəziyyətə düşərdik”, “ruhanilər yüksək fikir və sağlam ağıl sahiblərinə danışmaq imkanı verməzdilər”. Və bu məmləkətin vəzifəsi şəxsi ləyaqətini çox-çox üstələyən masa sövdökərləri “bizi rəzil bir qula çevirib, yalnız öz əmr və buyruqlarının itaətkar icraçısına” çevirərdilər.

Və onda sən bu ölkədə heç vaxt heç kəsi inandıra bilməzdin ki, bu gün bizim hər birimizin qəlbimizin arzusu və dilimizin şüarı olan ictimai sabitliyin və milli həmrəyliyin uca, uçulmaz binasını da yalnız insan ləyaqətini hər şeydən uca tutmaqla inşa edib, həqiqətən böyük və əzəmətli tarixi abidəyə çevirmək olar...

IV

Əziz Nesinin yaradıcılığına və vətəndaşlıq mövqeyinə qərəzsiz yanaşan hər kəs özü üçün asanca yəqin edə bilər ki, insanın öz fərdi istedadını və insanlıq ləyaqətini həyatda təsdiq etməsinə mane olan hər cür süni əngəllərə - despotluğa, dini fanatizmə, ictimai simasızlığa qarşı barışmazlıqda – Əziz Nesinlə Mirzə Fətəli iki müxtəlif məkandan eyni yerə işıq saçan çıraq qədər bir-birinə bənzəyirdilər.

Axundov yazırdı:

“...İranın vilayətlərində despot tərəfindən təyin olunmuş savadsız və cahil şəxslər hakimdirlər. Onlar əhali ilə son dərəcə rəzil və kölə insanlar kimi rəftar edirlər. Hər yerdə məclisin yuxarı başında əyləşirlər... Elə ki, ağızlarını açıb danışırlar, dedikləri sözün məna və qiymətinə fikir vermədən, məclisin hər tərəfindən “bəli, bəli” səsləri yüksəlir.

“Gündüz şah söyləsə: Gecədir, gecə!

Deyərlər: Ay-ulduz gördük indicə...”

Bu yerdə istər-istəməz fikirləşirsən: həmişə uduzanı udanından milyon qat artıq olan bu qədim “BƏLİ, BƏLİ” oyununun dünən axın-axın meydanlara axışan, “dur”, deyəndə durub, “otur”, deyəndə oturan yüz minlərlə uduzmuş oyunçusu bu gün görəsən hardadır?

O qədər uduzmuş adamın indi beş-on nəfərini bir yerdə tapmaq olmur ki, ürəklənib onlardan nəsə soruşasan. Məsələn, soruşasan ki, ay qardaş, ay bacı, ay müsəlman, o vaxt sənin də böyük həzz ilə oynadığın o “bəli-bəli” oyununda əli yaxşı gətirən o vaxtkı çənədənsaz lüt həpəndlərin indiki “bazburtuna” heç olmasa Milli Məclisin iclaslarında hərdən sən də tamaşa edirsənmi? Çörəyin beş-üç manat ucuzunu, yaxud kartofun, kələmin nisbətən az çürümüşünü axtara-axtara sərgərdan küçələri gəzəndə yanından vızıltıyla şütüyüb keçən saz “Mersedes”lərdə əyləşənlərdən heç olmasa bir-ikisinin sifəti sənə də tanış gəlirmi?.. Bəlkə sən daha heç nə görmürsən, heç nə eşitmirsən. Onda özündən küs, canım-gözüm. Ancaq birdəfəlik bil və agah ol ki, bundan sonra min il də “bəli, bəli” desən, o kartofun, kələmin yaxşısını heç kəs sənə ucuz qiymətə verməyəcək!..

Milləti keyidən, kütləşdirən, insanın fitri yaradıcılıq enerjisini öz təbii məcrasından döndərib, zamanın məkansız, ünvansız-mücərrəd boşluğuna-heçliyinə axıdan bu, “bəli, bəli” oyunlarının kim üçün, kimlər üçün sərfəli olduğunu – hələ yüz il bundan qabaq öz qəlbinin qızıl qanıyla milli yaddaşımıza həkk eləyən dahi Mirzə Fətəlidən sonra bu müdhiş əxlaqi vəbaya qarşı ölüm-dirim savaşını özünün onlarca hekayə və felyotonunda bizim günlərdə məhz Əziz Nesin davam etdirmişdir. Və bu iki türk övladını biri-birində belə möhkəm bağlayan onların hər iksinin xalqa hədsiz məhəbbəti, bir də insana olan böyük inamı və etiqadı idi.

Mirzə Fətəli yazırdı:

“Deməliyəm ki, mənim xalqımın fitri istedadı ümumi Avropa xalqlarının fitri istedadından əskik deyil, qat-qat artıqdır”.

Əziz Nesin də eynən bu fikirdə idi. Nə olsun ki, bir yığın söz dəllalı cahil qəzetlərin səhifələrindən bir vaxt Mirzə Fətəliyə atılan daşları indi koma-koma Əziz Nesinin başına yağdırırdılar...

V

Yüz on yeddi il bundan qabaq Mirzə Fətəlinin düşmənləri Tiflisin Şeytanbazar məhəlləsində onun cənazəsini üç gün yerdə qoyub, bu yolla dahinin ölüsündən qisas almışdılar. Eynən həmin qisası, on gün bundan qabaq, Əziz Nesindən də almaq istədilər: həmin o Çatalcada bir vaxt Əziz bəyin öz şəxsi vəsaiti ilə alıb, indi öz pulu hesabına saxladığı və yüzəcən yetimin payına bölüşdürdüyü səksən hektarlıq böyük bir mülkün içində Əziz Nesinin oğlu atasına səkkiz yerdə qəbir qazdırıb, həmin qəbirin üstünü eyni bitki örtüyü ilə örtüb maskaladı ki, Əziz Nesinin düşmənləri yeyib-içməkdən, rüşvət almaqdan, qumar oynamaqdan və parlamentdə allı-güllü nitqlər söyləməkdən başları ayılanda onun sümükləri ilə aşıq oynaya bilməsinlər.

Bütün bunlar əfsanəyə oxşayır, elə deyilmi? Amma, vallah-billah, əfsanə deyil. Günümüzün acı həqiqəti, qorxunc reallığıdır. Bizim burda illər uzunu həsrətini çəkdiyimiz Türkiyənin sən demə belə-belə məzəli işləri də varmış. Ancaq Türkiyə qoy öz Türkiyəliyində qalsın, bəs görəsən bizə nə oldu ki, dünən bildiklərimizin hamısını bu gün birdən-birə büsbütün unudub, elliklə dindar olduq?!

Bu saat həccə getmək hər hansı bir nazirin kabinetinə girməkdən asandır. Rüşvəti dollarla alıb, Quranın cildi içində gizlədənlərin “Allah”, “Peyğəmbər” sözü heç vaxt dilindən düşmür. Hətta “şaxsey-vaxsey”i də yavaş-yavaş qaytarıb öz yerinə qoyuruq. Axı, qardaş, o “şaxsey-vaxsey”in həmişəlik kökünü kəsmək Sovet hökümətinin və KQB-nin bizim millətə qarşı yürütdüyü mənfur imperiya siyasətinin növbəti parlaq nümunəsi deyildi, bu torpağın ən işıqlı övladlarının – Mirzə Fətəlinin, Mirzə Cəlilin, Seyid Əzim Şirvaninin, Həsən bəy Zərdabinin, Sabirin, Səhhətin, Üzeyir bəyin, Haqverdiyevin, Cavidin, Cabbarlının ürəyinin nisgilli arzusu, istəyi idi. Bu böyük arzulardan əl çəkməyə indi bizi kim və nə vadar eləyir?.. Və indi mən cəsarət eləyib desəm ki, bu saat biz itirdiklərimizi tapıb-topalamaq əvəzinə, qazandıqlarımızı da itirə-itirə gedirik, bu millətin kərbəlayi və hacıları görən məni də daşqalaq eləməz ki?..

Bu gün biz, zərrə qədər də vicdan əzabı çəkmədən, bu yurdun ən işıqlı övladlarının müqəddəs ruhu qarşısında ictimai saxtakarlığın, mənəvi dönüklüyün və əxlaqi cinayətkarlığın xoruz səsi eşitməmiş nümunələrini dünyanın gözü qarşısında böyük əzm və rəşadətlə nümayiş etdiririk. Və əgər dünən Mirzə Fətəliyə və Mirzə Cəlilə heykəl qoyan bir xalq bu gün öz Azad Mətbuatında Əziz Nesinin xatirəsinə beş-üç söz yazmağı rəva bilmirsə, belə bir azadlığın bu xalqı əsl tərəqqi yoluna çıxaracağına hansı məntiqlə inanmaq olar?.. Hələlik qəbir daşları yonduran, minbərlər ucaldan və mollavari-çərənçi, möcüzəçi siyasətçilər yetişdirən bir millətin Mirzə Fətəli və Əziz Nesin kimi aydın və işıqlı iş, amal adamları yetirməyə görən haçansa bir də zoru çatacaqmı? Və bügünkü rəftarımız və əməllərimizlə artıq uçurmaqda olduğumuz o böyük heykəlləri qəlbimizdə yenidən ucaltmağa görən bir vaxt şüurumuz, cəsarətimiz çatacaqmı?..

Bu suallara cavab vermək mənim üçün çox çətindir. Buna görə də sualların sayını artırmıram. Dahi Mirzə Fətəlinin bir-iki sözünü də yada salıb mətləbi bitirmək istəyirəm.

1871-ci ilin yay günlərinin birində dostu Melkum xana yazdığı bir məktubunda Axundov ürək ağrısı ilə deyirdi:

“...Ruhi-rəvanım Ruhül-üds!

Mən o həriflərdən deyiləm ki, düşmən qarşısında diz çöküb, onların əmrinə tabe olam. Nə qədər ki, sağam, İstanbul nazirlərinə qarşı qələmimlə vuruşacağam. Mən və mənim yavərim siz öldükdən sonra bizim müasirlərimizin nə dərəcədə şüursuz olduğunu görən gələcək nəsil minlərcə dəfə halımıza heyfsilənəcək, bizim fikirlərimizi həyata keçirəcək və qəbrimizin üstündə heykəlimizi qoyacaqlar”.

Bu məktubu Mirzə Fətəli yüz iyirmi dörd il bundan əvvəl Tiflisdən İrana göndərmişdi. Ancaq bu sözlərin hər birinin altında əgər ömrünü Tiflisdə başa vuran Mirzə Fətəlinin deyil, həyatının altmış ilini İstanbulda yaşamış Əziz Nesinin imzası olsaydı, buna yəqin ki, kimsə təəccüb eləməzdi!.. Və deməli, bu gözəlim türk-müsəlman dünyasında hətta Yüz İyirmi Dörd illik bir vaxt da sözün tarixi-fəlsəfi anlamında heç nə deyil. Bu gözəlim türk-müsəlman dünyası ara-sıra heç bir vaxta-zamana sığışmayan Kişilər, Şəxsiyyətlər yetirir ki, onlardan biri də, heç şübhəsiz, Əziz Nesindir.

Buna görə də mən sənin ölümünə inanmıram, Əziz Nesin, sənə əlvida demirəm!

Dekabr, 1996.

# 6813 dəfə oxunub

Müəllifin son yazıları

# # #