Kulis.az Cavanşir Yusiflinin "Bədii mətnin semiotik xəritəsi" məqaləsini təqdim edir.
Keçən əsrin ortalarından, daha sonra, 60-cı illərindən bu günə qədər keçən dövr həm də ədəbi, bədii mətnqurma texnologiyalarının sınanması üçün önəm daşıyır. Bunu o mənada anlayaq ki, məsələn, "Toyuğun diri qalması", "Dolça", "Tənha narın nağılı", "Güllü paltar mövsümü", "Qanköçürmə stansiyası", "Toğana", adıkeçən dövrün digər ədəbi mətnlərini şübhəsiz ki, bu gün də oxumaq maraqlıdır, bədii mətni konkret gerçəklikdən sıyrılıb sırf estetik hadisə kimi görmək, seyr etmək müstəvisində...
O dövrün koloritini, ictimai, fərdlərarası münasibətlərini mükəmməl şəkildə, yazıçının üslub formulunda əks etdirən bədii mətnqurma texnologiyası ilə həmin yazıçıların bu gün yazdığı əsərlər həmin bədii estetik zövqü yaşatmır (ancaq "Gülmalı kişinin axırı" istisna olmaqla, - bu tipli gülüş nəsr mətninin uzunömürlülüyünü şərtləndirir, hər dönəmdə ona yeni "gerçəklik biçir"...).
Bu gün o üslubda yazılan əsərlər yeni gerçəklik hadisələrini artıq köhnəlmiş texnologiya donunda təqdim edirlər, bu isə kənara atılan addım effektini doğurur. Bu məqamı, məsələn, Mövlud Süleymanlı anidən tutdu və dayandı. Elə Saday Budaqlı da. Həmin texnologiyalarla əlaqəli yazıçı intuisiyası haqqında yazmaq fikrimizcə, çox lazımdır. Amma o dövrdə yetişən elə nasirlər də ola bilər ki, deyək ki, bu günün modern mövzularını adekvat əks etdirə bilir. "Gözmuncuğu", fikrimizcə, bu qəbildəndir. Ona görə dövrün üslubunun dəyişməsi, mənanın formaya çevrilməsində dərindən hiss edilməlidir. Dünya nəsr təcrübəsini bilmək, onunla nəfəs almaq hər bir yazıçıya malik olduğu üslubda ən mükəmməl mətnlər yaratmağa imkan verir.
Bu mənada, Haqverdiyev və Yusif Vəzirin hekayələrində janrlararası əlaqələr, janr transformasiyası məsələsi unikal xarakterə malikdir. Əksər hallarda hər bir millətin yeni ədəbiyyatı (nəsr mətnləri), ya gülüş libasında meydana çıxır, ya da onu doğuran hadisələr gülüş içində "yaşayır". Qasım bəy Zakirin şeirlərindən keçən gülüşün ekvator xətti hökmən yeni nəsr məkanı formalaşdırmalıydı.
Dünya qopsa da, yazıçının gerçəkliyə toxunan yazı tərzi dəyişmirsə, hər şey dar cığırlarıyla köhnə qəlibin içinə axışacaq.
Canlı əsər, bədii mətn onun yazılma texnologiyası köhnələndə qəlibə dönür; xəritəyə çevrilir. Bu semiotik xəritədə bədii mətn kəsiklərinin, əsər adlarının müvafiq şəkildə düzülüşü ədəbi yaddaşın bütün dövrləri arasındakı keçidin sistemini təqdim edir.
İsa Muğannanın üslub dəyişməsini yada salın, yaxud Yusif Səmədoğlunun üslub təkamülünü. Üslub təkamülu bir hadisə kimi üslubun öz içindəki sonsuzluğa uzanan sonsuzluğun dəyişmə formuludur. U.Folknerin əsərlərində məkan dəyişmir, dönür, dolanır, zamandan aldığı keyfiyyətlə (şərti şəkildə "çərxi-fələk ritmi"...) bu dəyişməzliyi sonsuzluğa çevirir (janrda enerji çevrilməsi - !), hekayə kimi qələmə aldığı hadisə romana çevrilir, romanın başqa dilə yatmayan uzun və bitməyən cümlələrə dönür, bəzən bu romanlar bir bütöv cümlə şəklinə düşür, yaxud parçalanır ki, saqa kimi oxuna bilsin.
Semiotik xəritədəki işarələr keçmişə və gələcəyə yönəlik xəbərlərin mənaları ilə müəyyən bucaq altında kəsişir, keçmiş ədəbi mətnlərin daha fərqli şəkildə oxunuşunu, gələcəkdə yaranacaq mətnlərlə üslub mübahisəsini ortaya qoyur. Yazıldığı dövrdə bəyənilməyən mətnlər həmin xəritənin küncündəki mövqedən bəzən o dövrdə təriflənib göylərə qaldırılan əsərlərlə müqayisədə ədəbiyyat tarixi ərazisini daha çox işıqlandıra bilir; yəni, bəzən bizim kəsir kimi gördüklərimiz həmin semiotik xəritədə tam, kardinal şəkildə, fərqli formada görünür, nəsrin, nəsr mətnlərinin sirli-sehrli potensialını üzə çıxarır. Bu isə daha çox bədii mətnqurma texnologiyalarının xarakterindən asılıdır.