Bu gün görkəmli Azərbaycan dilçisi, türkoloq-alim, akademik Tofiq Hacıyevin doğum günüdür.
Kulis Nadir Yalçının “Üzünü görmədiyim tanış” yazısını təqdim edir.
Tofiq Hacıyevin adı və soyadı... Qəribədir, onun adı ilə ayrı, soyadı ilə ayrı tanışlığım yaranıb. Universitetə təzə daxil olduğum vaxt zabitəli müəllimlərimizdən biri professor Qızılgül Abdullayeva idi. O bizə qədim türk dili əlifbasını öyrədirdi. Daha doğrusu, 28 nəfərlik qrupumuz yarımqruplara bölünmüşdü. Mən mərhum alimimiz Gülxanım Vəliyevanın yarımqrupunda olsam da, bəzən yarımqruplar birləşirdi, Qızılgül xanımın məruzələrini dinləyirdik.
Qızılgül xanım çox ciddi və ötkəm qadındır, öz qənaətləri olan alimdir. Nadir hallarda nəşəli və kədərli emosiyalarını büruzə verir. Amma hər dəfə “Rəhmətlik Tofiq müəllim” deyib ondan sitat gətirəndə gözləri dolur, bir anlıq nitqinə fasilə verir, ehtiram əlaməti olaraq əlini köksünə qoyurdu. Əvvəllər buna təəccüblənsək də, sonralar öyrəşmişdik. Sonrakı illərdə Qızılgül xanım bizə “Ədəbi dil tarixi” fənnindən mühazirə oxuyanda da eyni hal, demək olar, hər dərs təkrarlanırdı. Hələ birinci kursda oxuyarkən Tofiq müəllimin ismini eşitsəm də, nədənsə, onun kim olduğu ilə bağlı maraqlanmamışdım...
Həmin semestrin imtahanları üçün tətilə buraxıldığımız günlərin birində kitabçı Xan əminin “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığındakı bukinistinə baş çəkdim. Xan əmi daimi ziyarətçilərinin zövqünə bələd olduğundan bəzi adamlara özü tövsiyələr verirdi. İçəri girəndən beş-on dəqiqə sonra yaxınlaşıb bir kitab uzatdı. Düzü, götürməyə tərəddüd etdim. “Müəllif tanış deyil, üstəlik 70-ci illərin sonuna aid kitabdır, təzə nə var?”, – soruşdum. O isə təkidlə kitabı mənə uzadaraq: “Heç pulu da lazım deyil”, – dedi, – “Rəhmətlik akademik Tofiq Hacıyevin oğlu İsmayıl Hacıyevin hekayələr kitabıdır. Əla hekayələr var. İsmayıl Hacıyev 19 yaşında vəfat edib. Yaşına baxma, çox istedadlı müəllif olub”.
Kitabı aldım və demək olar, bir günə oxuyub bitirdim.

Artıq Qızılgül xanımın ehtiramla yad etdiyi Tofiq müəllimin soyadını da öyrənmişdim vaxtsız vəfat edən oğlunun adı ilə bərabər.
Qızılgül xanım görkəmli alim, türkoloq, ədəbi dil tariximizin bənzərsiz araşdırmaçısı Tofiq Hacıyev barədə xatirələrini bölüşdükcə onun portreti tamamlanır. Tofiq müəllimi tanımayan kəslər belə, onu nə vaxtsa, hardasa gördüyünü, həmsöhbət olduğunu zənn edir. Hər kəsə kiminsə tanımadığı tanış olmaq da nəsib olmur.

Qızılgün xanım danışırdı ki, Tofiq Hacıyev Azərbaycan dilinin Cənubi Azərbaycanda məhdud səviyyədə işlənməsindən, orada anadilli məktəblərin fəaliyyət göstərməməsi sarıdan narahat idi. O, vaxtaşırı Cənubi Azərbaycandan Bakıya gələn elm adamları ilə həmsöhbət olur, onlara ana dilimizlə bağlı tədqiqat mövzuları təklif edir, hətta bəzilərinə bu mövzu üzərində işləməyi təkid edirmiş. Və sonda onlara ərklə deyirmiş: “Gedin, dilinizin başında dayanın!”
Tofiq Hacıyev müxtəlif dövrlərdə Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiri, Nəsimi adına Dilçilik İnstitutunun direktoru olub. Hətta 1993-cü ildə qısa müddət Azərbaycan Respublikasının maarif naziri vəzifəsində fəaliyyət göstərib. Maraqlıdır, heç bir rəhbər vəzifə onu alim kimi məhsuldarlıqdan geri qoymayıb. Tofiq Hacıyev öz sahəsində ən çox istinad edilən azərbaycanlı alimlər sırasındadır. Onu fərqləndirən isə, orijinal, özünəməxsus qəanətlərinin olması idi. Məsələn, ədəbi dil tarixi üzrə Tofiq Hacıyevdən əvvəl qocaman alimlərimizdən olmuş Bəkir Çobanzadə, Əbdüləzəl Dəmirçizadə dövrləşmə aparıb. Ondan əvvəlki dövrləşmələrə nəzər saldıqda tarixilik prinsipinin əsas götürüldüyünü görürük. Tofiq Hacıyev isə dövrləşmədə dilin müxtəlif normalarını əsas götürərək yeni yanaşma ortaya qoyub. Belə nümunələri çox sadalamaq olar.
Klassiklərimizin əsərlərinin dil-üslub xüsusiyyətlərini incəliklə araşdıran Tofiq Hacıyev Azərbaycan filologiyası üçün böyük baza yaradıb və özündən sonrakı tədqiqatçıların işini xeyli asanlaşdırıb. Onun təkcə 2012-ci ildə çapdan çıxan “Azərbaycan ədəbi dilinin tarixi” ikicildliyi, xüsusən tələbələr üçün dil duyumunu formalaşdıran əsas mənbədir.
... Təəssüf ki, alimin həyatı yaradıcılığı qədər parlaq olmayıb. Tofiq Hacıyevin böyük oğlu İsmayıl Hacıyev Leninqrad şəhərində yerləşən (indiki Sankt-Peterburq) Şərqşünaslıq fakültəsinin ərəb şöbəsinə daxil olub. O vaxt müəllimlərin övladları valideynləri işləyən instituta daxil ola bilmədiyindən, İsmayıl Hacıyev də Rusiyaya üz tutur. 1980-ci ilin iyulun 2-si o, 2-ci kursu bitirib Bakıya tətilə gəlir. Həmin vaxt Tofiq Hacıyev bağ evində qalırmış. Axşam toya gedəsi imişlər. Oğlu deyib ki, gedək, dənizdə çimək, sonra gəlib toya hazırlaşaq. Tofiq müəllim razı olmayıb. Həyat yoldaşı Tamara xanım isə: “Uşaq qonaqdır, xətrinə dəymə”, – deyib. İsmayıl dənizdə çimərkən birdən gözdən itib. Təşvişə düşən ailə uzaqdan onun əl yellədiyini və imdad dilədiyini görüblər. Tofiq müəllimin kiçik oğlu Azər suya tullanmaq istəsə də, atası ona icazə verməyib.
Bir müddət dənizdən İsmayılın cansız bədəninin axtarışı gedib. Tofiq Hacıyevin müəllim yoldaşları da bu axtarış tədbirlərinə qoşulublar. Nəhayət, onun meyiti sudan çıxarılıb. Anası İsmayılı üzündəki xaldan tanıyıb.
Tofiq müəllim oğlunu doğulub boya-başa çatdığı yurdda – Cəbrayılın Soltanlı kəndində torpağa tapşırıb. Cəbrayıl işğal ediləndən sonra Tofiq Hacıyev oğlunun məzarına həsrət qalıb və bu həsrətlə də 2015-ci ildə oğlu kimi faciəvi şəkildə vəfat edib. O, yaşadığı evdə dəm qazından boğulub.
Bu gün Tofiq Hacıyevin anadan olmasından 90 il ötür. Yəqin o, hələ neçə şəxsin tanımadığı tanış olacaq, üzünü görməyənlərin doğmasına çevriləcək, mühazirələrdə, dərsliklərdə, nəhayət, ürəklərdə...