Kitab sərgisi

"Yaxşı dillə yazılsa da, yeknəsəq və yorucudur..." - MÜZAKİRƏ

"Yaxşı dillə yazılsa da, yeknəsəq və yorucudur..."  - MÜZAKİRƏ
25 sentyabr 2025
# 12:00

Kulis.az "Hekayə müzakirəsi" layihəsi çərçivəsində Orxan Həsəninin “Abyssalis” hekayəsi haqqında ədəbiyyat adamlarının fikirlərini təqdim edir.




Şərif Ağayar:

"İstedadla hörülmüş, ustalıqla toxunmuş, həssaslıqla naxış vurulmuş dəyərli bir mətndir.

Məni təsirləndirdi, lakin heyrətləndirmədi, çünki Orxanın gücünə bələdəm.

O belə gözəl mətnlər çox yazacaq.

Təbrik edib uğurlar arzulayıram".


Rasim Qaraca:

"Hekayənin müsbət tərəfləri:

1. Yazıçı cümlə qurmağı bacarır, təsvir qabiliyyəti yaxşıdır. Yaxşı əsərlər yazmaq potensialı var.

2. Hekayə sanki yay gününün istisi, pivənin sərinliyi və dənizin dalğaları arasında nəfəs alır.

Mənfi cəhətlər:

1. Hekayədə hadisə çox azdır. Mətnin uzunluğu ilə nisbətdə demək olar ki, hadisə yoxdur, gedişat əsasən atasının xatirələr danışması və oğulun daxili reaksiyası üzərində qurulub.

Bu, atmosferi gücləndirsə də, oxucuya bəzən durğunluq və süjet boşluğu təsiri bağışlayır.

2. Hadisəni danışan şəxs (əsas qəhrəman, müəllif) özünü ideallaşdırır, nədənsə hər şeydə haqlı kimi görünür, ata obrazına birmənalı olaraq nifrət təlqin edir, bunun əsasında süni konflikt yaradır.

Hər şey bəribaşdan məlum olduğuna görə, oxucu üçün süjet maraqlı deyil. Psixoloji keçidlər tutarsızdır.

3. Atanın qəfil peyda olması, görüşün səbəbi, görüşdən sonrakı nəticə kimi süjet xətləri açıq qalmışdır. Bu, “qəsdən açıq final” ola bilər, amma oxucuda “natamamlıq” hissi də yaradır.

4. Oğulun ataya olan nifrəti, yadlaşma və anlaşılmazlıq təsvir olunur, amma bəzən bu duyğular təkrar ifadələrlə verilir. Yəni, psixoloji yük var, amma yeni qatlar əlavə olunmur.

5. Atanın obrazı nostalji və boş söhbətlərlə qurulub. O, bir qədər tipaj səviyyəsində qalır, tam qanlı-canlı obraz kimi dərinləşdirilmir.

6. Gündəlik müşahidələr maraqlıdır, amma bəzən mətnin ritmini süni şəkildə uzadır (məsələn, pivənin soyudulması, paltar dəyişmə otağına qədər yol təsvirləri). Bu detallar atmosfer yaradır, amma oxucu üçün artıq yük kimi görünür.

7. Oğulun “amma sən mənim atam deyilsən” cümləsi kulminasiya nöqtəsidir, amma bundan sonra yazıçı emosional yüksəlişi qoruyub sonadək apara bilmir, sanki sönür.

8. Ümumən, hekayə çox uzundur, yaxşı dillə yazılsa da, yeknəsəq və yorucudur, buna səbəb hadisəsizlikdir. Bir Çin lətifəsində olduğu kimi, yazıçı əjdaha öldürməyi öyrənib, ancaq ortada əjdaha yoxdur".


İlham Əziz:

"Fikrimcə, "Abyssalis” son zamanların ən yaxşı hekayələrindəndir. Belə mətnə yüngül sığal çəkib dünyanın harasına göndərsən, üzün ağ, alnın açıq olacaq.

Hekayədəki hər şey bəşəri hisslərin, bəşəri bəlaların sözə hopmuş formasıdır. Son zamanlar əhvalat, hadisə oxuya bilmirəm. Daha doğrusu, əhvalat və hadisənin önə çıxdığı mətnlər məni yorur.

Elə yaşdayam ki, bunlardan doymuşam. Orxan hekayəsində əhvalat və hadisəni maksimum gizlədir, üstünə başqa şeylər yığır. Belə olanda əhvalat və hadisə dəfinə kimi qiymətli görünür, əsəri zənginləşdirir.

Orxan nə yazdığını və necə yazdığını bilir, mətninə tam hakimdir.

Ona ancaq uğur diləyirəm".

Mübariz Örən:

"Orxan Həsəninin bu hekayəsi çox güclüdü! Hər şey var bu hekayədə və hamısı düzdü!"

Xəyyam Rəfili:

"Orxan Pamukun bir cümləsini eyni formada dörd əsərində oxuduğumu xatırlayıram. Həmişə düşünürdüm ki, sənətkar eyni fikri yada salmaqda niyə bu qədər israr edir? Bizim Orxanın hekayəsini oxuyanda, anladım.

"Abyssalis" hekayəsi Orxanın bundan əvvəl oxuduğum əsərlərinin yanında çox ibtidai qaldı.

Bu cür mövzunu həqiqi ədəbiyyata çevirmək üçün ya onu yaşamalısan, ya da elə yazmalısan ki, yaşanmış hissiyyatı versin.

Ümid edirəm ki, hadisə uydurmadır. Ki, hekayənin içində də buna işarə olunub. Təəssüf ki, hekayəni oxuyanda eyni qənaətə gəlirsən. Niyə təəssüf deyirəm, çünki alınmayıb.

Ustad Orxanın da israrla təkrarladığı cümlə tam olaraq bundan bəhs edir: "Roman sənəti, öz yaşadıqlarımızı başqalarının hekayəsi kimi, başqalarının hekayəsini də öz yaşadıqlarımız kimi yaza bilmə hünəridir".

Bizim Orxan da artıq usta yazıçıdır, amma bu hekayəsində istədiyinə nail ola bilməyib. Ya da mən istədiyimi ala bilmədim. Bu isə kimin haradan və necə baxmağına bağlıdır.

P.S. Axırıncı iki cümləni obyektiv görünmək xatirinə yazdım, əslində fikrim dəyişməzdir".



Əli Zərbəli:

"Minimalist proza Amerikada, təxminən, 80-ci illərdə xeyli diqqət cəlb etməyə başladı. Aydındır ki, həmin vaxta qədər də minimal üslubda romanlar və hekayələr yazılmışdı. Belə mətnlərin əsas kriteriyaları sadə, yığcam cümlələr, hisslərin və situasiyaların şərhinin minimuma endirilməsidir. Sadə və yığcam dil deyiləndə ilk ağla gələn, mötəbər imzalardan biri Heminqueydir.

Ancaq Heminqueylə, 80-lərdə yüksək qiymətləndirilən Raymond Karverin sadə mətnləri arasında texnika baxımdan oxşarlıqlar olsa da, sırf tematika fərqləri bu mətnləri bir-birindən ayırır.

Heminquey müharibə, səyahət, maskulinizm, döyüşlər, ov kimi mövzulardan yazırdı. Bu mövzuların hamısında sanki nəsə mifik, qəhrəmanvari bir çalar hiss olunurdu. Burdakı minimalizm böyük mövzuları sadələşdirmək, onları yığcamlaşdırmaq üçün bir vasitə idi.

70 və 80-ci illərdə başda Karver olmaqla digər amerikalı minimalistlər isə minimal nəsri adi, məişət həyatı ilə calaq etdilər: alkoqolizm, dağılmış evliliklər, maddi sıxıntılar, ailədaxili yadlıq və s. Onların mövzuları daha kiçik çaplı və daha çox şəhərətrafı idi.

Bu mətnlərdəki minimal proza gündəlik, adi hadisələrin altındakı dramatizmi axtarırdı. Halbuki bir qayda olaraq, emosiyalar və situasiyalar heç vaxt tamamilə dramatik həddə çatmırdı. Həmin ərəfələrdə Bill Buford “Granta” jurnalında yayımlanan essəsində “Dirty Realism” (Kirli Realizm) terminini ilk dəfə işlətdi və adi insanların kiçik çaplı gündəlik iztirablarını minimal dillə təsvir edən mətnlər “Kirli Realizm” adlı minimalist sub-janr kimi populyarlaşdı.

Orxan Həsəninin “Abyssalis” hekayəsini forma və texnika baxımından haqqında qısa danışdığım “Kirli realizm” sub-janrına asanlıqla daxil etmək olar.

Hekayə müəllifin bundan əvvəl yayımlanan “Anka” hekayəsi ilə də yaxın qohumdur. Orada da Orxanın elə hekayəsində açıq göndərmə etdiyi Karver estetikasında bir üslub var idi.

Orxanın bu hekayələrində qəhrəmanın daxili böhranları, tənhalığı, məyusluğu, istədiyi kimi alınmayan münasibətləri soyuq və bər-bəzəksiz şəkildə nəql olunur.

Buna baxmayaraq, hekayənin içinə hopdurulmuş lirizm mənə bir qədər yad təsir bağışladı.

Mənə elə gəldi ki, hadisələr spontan şəkildə axmır, kənardan bir səs onları təsirli etmək üçün qabağa üfürür.

Zənnimcə, qalan şeylər yerindədir.

Orxan bundan sonra istəsə də zəif mətn yaza bilməz. Ondan hər dəfə nəsə oxuyanda avtomatik olaraq bir mətn əvvəl çatdığı səviyyəni aşdığı bir mətnlə qarşılaşacağam gözləntisi ilə oxuyuram.

Bu gözləntini nəzərə alanda “Abyssalis” hekayəsi arzuladığım yaxud gözlədiyim təəssüratı mənə tam bağışlamadı.

Ancaq adım kimi əminəm, Orxan növbəti mətnlərində ən son mətni ilə (məsələn, “Anka” hekayəsi ilə) çatdığı autentiklik və keyfiyyət nərdivanında bir (bir neçə) pillə də irəliləyəcək".


# 231 dəfə oxunub

Oxşar xəbərlər

“Anadolunun qapıları arxasındakı xəzinələr”  adlı sərgi keçirildi

“Anadolunun qapıları arxasındakı xəzinələr” adlı sərgi keçirildi

14:20 23 sentyabr 2025
“Qadın nə bilir erotika nədir?!” - Azərbaycanda qadın yazıçılara seksist münasibət

“Qadın nə bilir erotika nədir?!” - Azərbaycanda qadın yazıçılara seksist münasibət

11:45 23 sentyabr 2025
Böyürtkənli torpaq haqqında sevgi dolu kitab - Qulu Məhərrəmli

Böyürtkənli torpaq haqqında sevgi dolu kitab - Qulu Məhərrəmli

15:47 19 sentyabr 2025
Qeyri-adi atmosfer cəhdi - Orxan Həsəni oxucunu niyə tanış ədəbi klişelərdən çıxarmaq istəyir?

Qeyri-adi atmosfer cəhdi - Orxan Həsəni oxucunu niyə tanış ədəbi klişelərdən çıxarmaq istəyir?

13:45 19 sentyabr 2025
Məşhur müğənniyə cinayət işi açıldı

Məşhur müğənniyə cinayət işi açıldı

10:54 19 sentyabr 2025
"Baxır, sən o xəzinədən nə "çırpışdıra" biləcəksən..." - 21-ci əsrin ən yaxşı Azərbaycan romanları

"Baxır, sən o xəzinədən nə "çırpışdıra" biləcəksən..." - 21-ci əsrin ən yaxşı Azərbaycan romanları

14:00 18 sentyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər