Azərbaycan əsilli yazıçı Fəriba Vəfi Almaniyanın "LiBeraturpreis” ədəbi mükafatına layiq görülüb. Bu nüfuzlu mükafata namizəd qismində təbrizli yazıçının "Tərlan” romanı seçilib. Roman həmçinin satış və oxuma statistikası nəzərə alınaraq həm də "ilin kitabı” elan edilib.
Bu mükafat münasibəti ilə Almaniyanın Arte TV kanalı Fəriba Vəfidən müsahibə alıb.
Alman aparıcı: Arte stendində hər birinizi salamlayıram. Arte stendində Fəriba Vəfinin bu il Almaniyanın ədəbiyyat mükafatı almasını müzakirə etməyimizə çox şadam. Bu mükafat ildə bir neçə dəfə Afrika, Asiya və Latın Amerikasından olan yazıçılara verilir və bu il Fəriba Vəfi müvafiq ölkələr üzrə namizədliyi irəli sürülən 10 namizəd arasından seçilib. Bu il Haitidən, Hindistandan, Keniya və Cənubi Koreyadan olan yazıçılar namizəd idilər. Qeyd etdiyimiz kimi, mükafatın sahibi iranlı Fəriba Vəfidir. 1962-ci il təvəllüdlü yazıçı əvvəllər hekayələrini dərc etdirmiş, 2002-ci ildə isə bizə “Zirzəmi quşu” kimi məlum olan ilk romanı işıq üzü görmüşdür. Roman çox uğurlu olub, İranda mühüm ədəbiyyat mükafatları qazanıb. 10 il sonra roman Rotbux nəşriyyatı tərəfindən alman dilində dərc olunmuşdu. İndi ədəbiyyat mükafatına layiq görülmüş “Tərlan” romanı ədəbiyyata maraq göstərən, çox kitab oxuyan, məktəbdə şeirlər söyləyən və yazıçı olmağın xəyalını quran bir qızın həyatından bəhs edir. Lakin qız çox çıxılmaz bir vəziyyətdədir, arzularından uzaqdadır və evini tərk edib Tehrana getmək, polis akademiyasında təhsil almaq yeganə çıxış yoludur. O, öz doğma şəhərindən olan Rəna ilə birgə Tehranda polis məktəbində oxumağa başlayır. Hekayə qadın nöqteyi-nəzərindən nəql edilir.
Fariba xanım, Tərlanın hekayəsi sizin həyatınızla nə qədər üst-üstə düşür? Qismən də olsa, siz Tərlanın həyatını yaşamısınızmı?
Fəriba Vəfi: Hamını salamlayıram. Çox təşəkkür edirəm. Mən əslində demək olar ki, yaxşı tanıdığım şeylərdən ilham almışam. Yalnız bunu deyə bilərəm.
Alman aparıcı: “Tərlan” ikinci romanda ön plandadır. Lakin ilk romanda da bir qadın mərkəzdə dayanır və əsas rolu oynayır. Qadınların həyatını, xüsusilə də məişətini ön plana çəkməyinizin əsas səbəbi nədir?
Fəriba Vəfi: Mən qadınların dünyasına yaxşı bələdəm. Bizim ölkədə kişilər kişilərin dünyasından kifayət qədər yazıblar. Mən düşünürəm ki, bu işi görə bilərəm. Qadınların gündəlik həyatını, onların hisslərini də qələmə almaq mənim üçün çox mühüm idi. Çünki onların səsi eşidilmirdi. Onlar özlərini bəyan edə bilmirdilər. Ona görə də onların ədəbiyyatımızda yerinin boş olduğunu düşünürdüm.
Alman aparıcı: Məişət təkrarçılıq və bayağılıqdan ibarətdir. Adətən, məişətdə qəhrəmanlıq hekayəsi yazmaq mümkün olmur. Bəzi ölkələrdə ədəbiyyat qəhrəmanlıq hekayələri nəql etməyi sevir. İranda gündəlik mövzulara həsr edilmiş əsərlərə münasibət necədir? Sizin oxucularınız bu barədə nə düşünür?
Fəriba Vəfi: Ölkədə kifayət qədər obrazlar, qəhrəmanlar tapmaq mümkündür, əvvəllər də olub. Amma əsərdəki bu adamlar göz önündə olmasalar belə həqiqətdə bir sıra dəyişikliklərə səbəb olan şəxslərdir. Düzdür, gündəlik həyat, məişət həyatı monoton görünə bilər, amma yeni və kəşf olunmamış mövzudur. Əgər diqqətlə baxsanız, məncə, gözəlliklərlə doludur.
Alman aparıcı: Tərlana və rəfiqəsi Rənaya geri qayıdaq. Onlar hər ikisi solçu ideyalara heyran olublar. Keçid dövrüdür, şah devrilib, inqilab tamamilə reallaşmayıb. Onlar bu mərhələni necə yaşayırlar? Siz onların həyatı haqqında nə deyə bilərsiniz? Yoxsa bu onların məişətinə təsir edən ümumi bir qarışıqlıq və ya dəyişikliklərin gətirdiyi qarışıq bir hissdirmi?
Fəriba Vəfi: Məncə, bu hissdir. Cavan nəsil həmin dalğaya qoşulub, onu tətbiq edib, onunla dəyişiblər. Ola bilər ki, bu bilərəkdən olmasın. Lakin bu yeni dalğa onlara ilham verir, onları həvəsləndirirdi.
Alman aparıcı: Siz də bu keçid mərhələsində yeniyetmə olmusunuz.
Fəriba Vəfi: Bəli.
Alman aparıcı: Bu o deməkdir ki, romanda sizin həyatınızla paralellik təşkil edən məqamlara rast gələ bilərik.
Fəriba Vəfi: Bəli.
Alman aparıcı: Hər iki rəfiqə öz doğma şəhərləri Təbrizi tərk edib Tehrana gəlirlər. Onlar bir təlim sisteminə daxil olurlar. Bu sistem onların əvvəlki məişətindən çox fərqli, sərt qaydaları olan bir sistemdir. Qızlar bu sistemə neçə dözürlər?
Fəriba Vəfi: Bilirsinizmi, hər kəsin məhdudiyyətlərlə, çıxılmaz dalanlarla mübarizə aparması üçün özünəməxsus bir üsulu var. Mənim əsərimin qəhrəmanı əsərin təhkiyəçisidi. Ona azadlıq verən, xilasolma hissini yaşadan yaradıcılıqdır, sənətdir.
Alman aparıcı: Bu günün reallığı necədir? Paytaxt olmayan bir şəhərdən, əyalət şəhərindən təhsil almaq üçün Tehrana gələndə hələ də böyük fərq hiss olunurmu?
Fəriba Vəfi: Yox. Əvvəlki kimi deyil, çünki internet, qloballaşma, gediş-gəliş çox şeyi dəyişib.
Alman aparıcı: Romanda qızların bir çarpayını paylaşmasını oxudum. Bundan başqa da kifayət qədər ağır şərtlər daxilində yaşadıqlarını öyrəndim. Görəsən, bütün bunlar kollektivçilik və ya kütləviliyin təbliğinə yönələn tədbirlərdir, yoxsa sırf kasıblıqla əlaqəlidir?
Fəriba Vəfi: Əsərdə hərbi mühit təsvir olunub. Hərbi mühit adətən bunun hər ikisi olur. Çünki orada hamı bir olmalı, vahid qüvvə kimi hərəkət etməlidir. Bu mühitdə məncə, fərdiyyət adlı məfhumun heç bir mənası yoxdur.
Alman aparıcı: Romanda dözümlülüyü artıran məqamlardan danışırsınız. Birgə söhbətlər, hekayələr, xəyallar... Bunlar Tərlana öz yolunu getməyə imkan verən güc mənbəyidirmi?
Fəriba Vəfi: Həyat heç zaman eyni cür olmur ki. Hətta ən pis şəraitdə belə insan ruhunun nəfəs ala biləcəyi kiçik fəzalar tapılır.
Alman aparıcı: Onlar sevginin, ağ atlı şahzadənin xəyalını qururlar. Tərlan reallığı müşahidə edən bir obrazdır. Müşahidələri əsasında o gündəlik yazır və bu da onun sonradan arzusunu reallaşdırıb yazıçı olmasına kömək edir. Necə düşünürsünüz, müşahidə yazıçı olmağın əsas şərtidirmi?
Fəriba Vəfi: Məncə, bir insanı başqaları, nə kişi, nə qadın xilas edə bilməz. İnsan özü zərrə-zərrə həyatını dəyişə bilməlidir. Tərlan da müstəsna deyil. Əslində Tərlanın vəziyyətinin dəyişməsi üçün yeganə vasitə onun sözləri, pozitivliyi, həssaslığıdır.
Alman aparıcı: Sizin nəqletmənizdə belə bir məqam nəzərə çarpır. Siz faktları, hekayələri dəqiqliklə və sayıqlıqla ifadə edirsiniz, emosional məqamlardan yan keçməyə çalışırsınız. Bu cür təsvir etmənin səbəbi nədir? Bu cür sayıq şəkildə nəqletməniz reallığı olduğu qəbul etdiyiniz kimi göstərmək istəyindənmi irəli gəlir?
Fəriba Vəfi: Mən istənilən növ mübaliğəyə şübhə ilə yanaşıram. Hər bir növ şişirtmə məni qorxudur. Buna görə də düşünürəm ki, realist olmaq, həqiqəti görmək çox mühüm bir addımdır. Çoxlarımız bunu görə bilərik. Hər bir şeyin əsasında əvvəlcə xoş niyyət, müsbət baxış dayanır.
Alman aparıcı: Münhendə yaşayan iranlı yazıçı Said “Zirzəmi quşu” romanına rəy yazıb. O sabah sizin mükafatlandırmanızda da iştirak edəcək. Said öz rəyində bildirib ki, iranlılar fərqli oxuyur. Çünki susmaq bir yandan İran adət-ənənəsinin bir parçasıdır, digər tərəfdən isə müdafiə metodudur. Siz necə təsvir edərdiniz? İranlılar necə oxuyur?
Fəriba Vəfi: Hər kəs öz düşüncəsinə, öz baxışlarına görə kitablarımı oxuyur. Mən bu iki şeyin fərqini anlaya bilmirəm. Əgər sizi doğru başa düşə bildimsə təbii ki.
Alman aparıcı: Sizin kitabınız yalnız Avropa dillərinə deyil, yapon, ərəb və türk dillərinə də tərcümə olunub. Bu tərcümələr sizin üçün nə deməkdir? Bu tərcümələrin hər biri sizin əsərlərinizə fərqli yanaşma ifadə edirmi? Oxucular tərəfindən fərqi yanaşma görürsünüzmü?
Fəriba Vəfi: Əsərlərim xarici dillərə tərcümə olunanda, mən yeni oxucular qazananda yalnız bağlı, məhdud dairədə olmadığımı hiss edirəm və bunu məni çox xoşbəxt edir. Özümlə əcnəbi ölkələrin oxucuları arasında mütləq ortaq nələrisə tapıram.
Alman aparıcı: Bu mükafat sizin üçün nə ifadə edir? Bu sizə İranda olan marağı daha da artıracaqmı?
Fəriba Vəfi: Bəli. Mükafat məni sevindirdi. Çünki mənim üçün böyük bir mənası var. Məni digər əcnəbi yazarlarla daha sıx tellərlə bağladı. Bu mükafat mənim oxucularımı da sevindirdi. Mükafatdan sonra kitablarım dəfələrlə yenidən çap olundu.
Alman aparıcı: Siz Tehranda yaşayırsınız. Mən heç vaxt orada olmamışam. Tehranı çox kitab oxuyanların olduğu bir şəhər kimi təsəvvür edirəm. Əyalət şəhərlərində vəziyyət necədir?
Fəriba Vəfi: Bəli, o cürdü, çox oxuyurlar. Kitab çap olunanda İranın bütün şəhərlərinə yayılır.
Alman aparıcı: Siz Tehranda yaşayırsınız. Amma əslən İranın Azərbaycan hissəsindən gəlirsiniz. Uşaq vaxtı Azərbaycan dilində danışmısınız. Bu sizin yazınıza necə təsir edib? Əsərləriniz bununla fərqli çalar qazanırmı?
Fəriba Vəfi: Bəli. Mütləq təsir edir. Sanki mənim iki dünyam var. Biri öz dünyamdır ki, doğma ana dilimdə yaşayır, düşünür, digəri ilə də yazıram. Əlbəttə bunun təsiri müsbətdir.
Alman aparıcı: Belə çıxır ki, sizin mənşəyiniz Tərlanın təhsil aldığı barakda mövcud olan etnik ayrı-seçkiliyə, etnik məsələlərə həssas yanaşmanıza gətirib çıxarıb. Belə ki, Tərlan “türk” adlandırılanlara qarşı ayrı-seçkiliyi təsvir edir. Bu vəziyyət indi necədir? Sizin təsvir etdiyiniz fərqlər hələ də aktualdırmı?
Fəriba Vəfi: Bu romanda “Türk” sözü işlənir. Amma burada bir növ zarafatdır. Lakin bəzən cəmiyyətdə bu diskriminasiya şəklində, təhqir formasını alır ki, əlbəttə bu xoşagələn deyil. Hələ də bu şeylərə rast gəlinir, bəli.
Alman aparıcı: Başqa bir kitabınızın alman dilinə tərcümə olunmasını arzu etsəydiniz, bu hansı kitab olardı? Alman oxucusunun hansı əsərinizi mütləq oxumasını istərdiniz?
Fəriba Vəfi: “Tibet röyası” romanımı oxumalarını istəyirəm.
Alman aparıcı: Siz indi bir müddət Almaniyada olacaqsınız. Romanınızı təqdim edəcəksiniz. Sizə çoxlu diqqətli oxucu və suallar arzu edirəm. Burada olduğunuza görə sizə təşəkkür edirəm.
Qonağımız Feriba Vafi və tərcüməçisi Yutta Himmelrayx. Yutta Himmelrayx həmçinin ədəbiyyat mükafatına layiq görülən “Tərlan” romanının tərcüməçisidir. Təşəkkür edirəm.
Fəriba Vəfi: Çox sağ olun. Təşəkkür edirəm mən də.
Tərcümə etdilər: Cəmilə İsmayılzadə, Ariz Tarverdiyev