[b]Cəfər Cabbarlının bəzi əsərləri Sovet vaxtı bilərəkdən itirilib – MÜSAHİBƏ[/b]

[b]Cəfər Cabbarlının bəzi əsərləri Sovet vaxtı bilərəkdən itirilib – MÜSAHİBƏ[/b]
8 iyun 2018
# 14:50

Kulis.az Cəfər Cabbarlının Ev Muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi Qəmər Seyfəddinqızının APA TV-nin “Sözü kodu” verilişinə müsahibəsini təqdim edir.

- Qəmər xanım, söhbətimizə kitab mövzusu ilə başlamağımızı istərdim. Bu gün cəmiyyətin kitaba və Cəfər Cabbarlının ədəbi irsinə münasibəti necədir?

- Dəvətə görə təşəkkür edirəm. “Libraff” kitab mağazasının rəflərində olan zəngin kitablara baxdım, çox xoşuma gəldi. Yaxşı olardı ki, oxucularımız da gəlib bu kitablardan alıb oxusunlar. O ki qaldı cəmiyyətin kitaba olan münasibətindən, əlbəttə, 30 il əvvəl kitaba münasibət tamam başqa cür idi. Mən onda institutda oxuyurdum. İnsanlar kitabı o qədər sevirdilər ki, tapılmayan kitabları əldə etmək üçün makulaturanı təhvil verib, əvəzində klassik və müasir yazıçıların çoxcildliklərini alırdılar. Son vaxtlar kitaba münasibət başqa cürdür. Amma ümid edirəm, yaxşı olacaq. Cəfər Cabbarlının Ev Muzeyi və Cəfər Cabbarlı adına İctimai Birlik kitaba marağı artırmaq üçün son vaxtlar müxtəlif layihələr həyata keçirir. Bu layihələr əsasında müsabiqələr təşkil olunur. Əsas məqsədimiz də uşaqlarda kitablara maraq və sevgi oyatmaqdır. Sevinirəm ki, son vaxtlar uşaqlarda bu müsabiqələrə maraq artıb. Bu işlərimizi gələcəkdə də davam etdirəcəyik.

- Cəfər Cabbarlının irsinin təbliğ olunmasında qızı Gülarə xanımın böyük xidməti var. Ədibin indiyə qədər çap olunmayan hər hansı əsər varmı?

- Doğrudan da, Gülarə xanım uzun illər Azərbaycan mədəniyyətinə xidmət edib. Əvvəl Cəfər Cabbarlı adına Teatr Muzeyində elmi işçi kimi işləyib. Daha sonra 1979-cu ildə Ümummilli liderimiz Heydər Əliyev cənablarının xüsusi sərəncamı ilə Ev Muzeyi açılanda Gülarə xanım muzeyə direktor təyin oldu. 2012-ci ildə isə pensiyaya çıxdı. Muzeydə çalışan zaman əsas işi Cəfər Cabbarlının ədəbi irsinin təbliği olub. O, Cəfər Cabbarlının bir çox çap olunmayan əsərlərinin nəşrinə nail olub. Cəfər Cabbarlının əsərləri çox olub. Elə əsərləri var ki, hələ indiyə qədər işıq üzü görməyib. Bəzi əsərləri isə Sovet hakimiyyəti illərində bilərəkdən itirilib. Onun rusca yazdığı məqalələr var ki, heç biri tərcümə olunmayıb.

- Həmin məqalələr sizdə var?

- Əlyazmalar Fondunda var. Elə əsərləri də var ki, itirildiyinə görə fonda düşməyib. Professor Asif Rüstəmli Cəfər Cabbarlı irsinin tədqiqi baxımından çox iş görüb. 20 ildən artıqdır Cabbarlı yaradıcılığı ilə məşğul olur. Bir sıra məqamlar var ki, onun özünün tədqiqatları nəticəsində üzə çıxıb. Biz Asif müəllimə təşəkkür edirik. Amma Gülarə xanım elə şeyləri bilirdi ki, Sovet hakimiyyəti illərində onları yasaq etmişdilər. Nə danışa bilirdilər, nə yaza. Mən məktəbdə oxuyanda evimizdə bir saat var idi. Nənəm heç vaxt demirdi ki, bu saatı Cəfər Cabbarlıya Nuru Paşa bağışlayıb. Bu barədə heç nə danışmazdılar. Cəfər Cabbarlı Bakı Dövlət Universitetinin Tibb fakültəsinə daxil olmuşdu. 1920-ci ildə həmin fakültədə oxuyurdu. Biz qonaqları ekskursiyaya aparanda deyirdik ki, Cəfər Cabbarlıya tibb elmi maraqlı gəlmədi və yarımçıq qoyub çıxdı. Əslində isə səbəb başqa idi. Cəfər Cabbarlı böyük istiqlalçı, türkçü idi, ona görə də həbs olunmuşdu. Elə bu səbəbdən də onu həbs edib, institutdan xaric etmişdilər. 1923-cü ildə onu bir də həbs etdilər. Prezidentimiz Cümhuriyyətin 100 illik yubileyi ilə bağlı Sərəncam imzalayıb. Yerinə düşər, bu barədə də danışım. O dövrdə Cəfər Cabbarlı çox gənc olmasına baxmayaraq, artıq yazıçı kimi tanınırdı. 16-17 yaşında dramlar yazmışdı. Xalq Cümhuriyyəti qurulandan sonra Cəfər Cabbarlı dostları ilə bir yerdə parlamentdə işə qəbul olunmuşdu. Həm redaktor idi, həm stenoqrafçı. Ona böyük imkan yaranmışdı ki, demokratik respublikanın qurucuları ilə bilavasitə ünsiyyətdə olsun. Əlbəttə, bu onun üçün böyük məktəb idi. Cəfər Cabbarlı ömrünün sonuna qədər əqidəsinə sadiq qaldı. Baxmayaraq ki, Sovet hakimiyyəti illərində deyirdilər ki, o Sovet yazıçısıdır. Diqqətlə oxuyanda isə görmək olar ki, o demək istədiyi həqiqətləri üstüörtülü də olsa, çatdırmağa çalışıb. Akademik Milli Dram Teatrında Azər Paşa Nemətovun quruluşunda “Almaz” pyesi tamaşaya qoyuldu. Çox gözəl tamaşa alındı. Gülarə xanımın baxdığı son tamaşa idi. O qədər sevinirdi ki... Mən Azər Paşa Nemətova bu uğurlu işinə görə çox təşəkkür edirəm. Gülarə xanım deyirdi, Azər Paşa müəllim çox sağ olsun, mənim atamı yenidən teatra gətirdi. Azər Paşa müəllim də cavab verirdi ki, Cəfər Cabbarlı onsuz da teatrdan getməmişdi. Gülarə xanım 88 yaşında rəhmətə getdi. Nə yaxşı ki, bu yaşında “Almaz”ın tamaşasını gördü. İnanırsınız, o neçə gün özünə gələ bilmədi. O tamaşaya baxanda da görürsən ki, Sovet hakimiyyəti illərində bu əsəri necə istəyirdilərsə, o cür də tamaşaya qoyur, bəzi şeyləri isə gizli saxlayırdılar. Bu gün isə görürük ki, tam əksidir. Cəfər Cabbarlı İctimai Birliyi ilə Ev Muzeyi hər il mükafatlar təqdim edir. İlk dəfə Mikayıl Mirzəyə “Aydın” əsərinə görə təqdim olundu. Mükafat “BP” şirkəti ilə birgə təsis olunmuşdu. Sonrakı illərdə əlbəttə, davamlı olaraq çalışdıq ki, mükafatları təqdim edək. Keçən il isə “Almaz” tamaşasına görə bu mükafat təqdim olundu.

- Muzeyin fəaliyyəti nə yerdədir? Bildiyim qədər təmirlə bağlı problemləriniz var.

- Ev Muzeyinin yerləşdiyi bina qədim binadır. Tikinti 1920-ci illərin sonunda başlayıb. Son vaxtlar aparılan tikinti işləri, zəlzələlər nəticəsində bina zədələr aldı. Muzey fəaliyyətini davam etdirir. Bircə ekspozisiyada tamaşaçı qəbul etmirik. Bunun əvəzinə isə sərgidə əşyalar təqdim olunur. Əsərləri məktəblərdə, müəssisələrdə təqdim edirik. Bundan başqa kitablar nəşr edirik. Cəfər Cabbarlının hekayələrindən ibarət kitab nəşr etmişik. Son vaxtlar isə Cabbarlının Cümhuriyyət dönəmindəki fəaliyyəti ilə bağlı məlumatların toplandığı Asif Rüstəmlinin kitabını çap etdirmək istəyirik.

- Kitabda Cəfər Cabbarlının həyatının gizli qalan tərəfləri toplanıb?

- Bəli, o məqamlar da var. Biz müstəqilliyə qovuşanda sonra tədqiqatlar aparıldı. Asif müəllim tədqiqatlar apardı və məlum oldu ki, Cəfər Cabbarlı böyük istiqlalçı olub. Cəfər Cabbarlı 1934-cü ildə öz əcəli ilə dünyasını dəyişdi. Amma onunla bir yerdə vaxtilə həbsdə olan insanlar ya sürgün olundular, ya da güllələndilər. “Çeka” əməkdaşları 1923-cü ildə evdə axtarış aparanda Cabbarlının əsərlərinin bəzilərini tapmışdılar. Onun “Bakı müharibəsi” adlı əsəri vardı. Ermənilərin Bakıda insanların başına gətirdiyi müsibətləri yazmışdı. Əsər tamaşaya da qoyulmuşdu. Bizim muzeydə onun proqramı da var. Təəssüf ki, əsər yoxdur. Bu əsərdə Nuru Paşanın da obrazı olub. Sonra “Araz çayı” əsəri də yoxdur. Cabbarlının “Ədirnə fəthi”, “Trablis müharibəsi” əsərləri var. Bu əsərlər uzun illər işıq üzü görməyib. Bu əsərlər Cabbarlını sevən insanların sayəsində bu günümüzə gəlib çatıb.

- Amma yəqin ki, yerdə qalan əsərlərinin çoxunun əlyazmaları var...

- Əlyazmalar İnstitutunda saxlanılır. Cəfər Cabbarlının həyat yoldaşı Sona xanım 25 il Teatr Muzeyinin direktoru olub. Çox adam bilmir ki, Cəfər Cabbarlının bircə romanı olub. 12-13 yaşında yazmağa başlayıb, yarımçıq qalıb. Asif Rüstəmli araşdırıb ki, o əsərin adı şərti olaraq “Kazım bəy” olub. Cabbarlı hər janrda yazıb. Sonra Sabirin təsiri altında satiralar yazıb. Daha sonra isə hekayələr qələmə alıb. Biz o hekayələri çap edib məktəblərə verdik ki, uşaqlar oxusunlar. Çünki Cabbarlının dili çox təmizdir.

- Hətta dilimizə yeni sözlər də gətirib...

- Bəli. Sovet hakimiyyəti qurulandan sonra Cabbarlı böyük stressə düşüb. Demokratik Respublikanın süqutunu böyük ağrı ilə qarşılamışdı. Bir müddət dram yaradıcılığına ara verdi. 1920-1927-ci illərdə isə özünə qapanmışdı. Bu illərdə tərcüməçilik edib. “Hamlet”, “Qaçaqlar”, “Fiqaronun toyu” əsərlərini tərcümə etmişdi. 1925-ci ildə “Hamlet”i tərcümə edəndən sonra Dram Teatrında rejissor Tuqanovla bir yerdə əsərin üzərində rejissor kimi çalışmışdı. Bu haqda Tuqanovun xatirələrində də var.

- Daha sonra isə Dram Teatrında ədəbi hissə müdiri vəzifəsində çalışmışdı...

- Bəli. 30-u ildə teatrda ədəbi hissə müdiri və rejissor kimi çalışırdı. Yəni əsl teatr xadimi idi. Həm əsər yazırdı, həm də aktyorlarla bir yerdə çalışırdı. Xatirələrdə yazırlar ki, teatrda onun ayrıca otağı olub, aktyorların dillərini rəvan etmək üçün onlarla işləyirdi. Bundan başqa tamaşalar üçün geyim eskizləri var. Özü həm rejissor idi, həm də tamaşalarına mahnılar bəstələmişdi. Onun ən məşhur mahnısı da “Azad bir quşdum” mahnısıdır. İki mahnısını yaxın dostu Əfrasiyab Bədəlbəyli nota salmışdı. Digər mahnıları var ki, onlar nota salınmadığı üçün bəziləri xalq mahnısı kimi oxunur.

- Maraqlıdır, hansı mahnılardır?

- Məsələn, “Zalım yar” mahnısı. “Sevil” əsəri üçün yazmışdı. Həyat yoldaşı xatirələrində yazır ki, Cabbarlı not bilmədiyinə görə əsəri öz-özlüyündə oxuyurdu ki, yadından çıxmasın. Yaxud “Turacın mahnısı”ını da Cəfər Cabbarlı bəstələyib.

- Verilişdən əvvəl Cabbarlı haqqında söhbət etdik. Hiss etdim ki, mətbuatda yazılan və sizi narazı salan məqamlar var...

- Saytlarda elə adamlar yazır ki, Cabbarlını bilmirlər. Ordan-burdan nə eşidirlər, onu yazırlar. Oxucular onların yaxşı cavabını da verirlər. Ona görə də geniş danışmaq istəmirəm. Yaxşı olar, kitab oxusunlar, bir şəxsiyyətlər haqqında məlumatlarını genişləndirsinlər.

- Cəfər Cabbarlının həyat yoldaşı Sona xanımın xatirələri sonuncu dəfə nə vaxt nəşr olunub?

- Mənə deyiblər, təzəlikcə nəşr ediblər. Bu veriliş vasitəsi ilə demək istərdim ki, harada nəşr olunmağı haqqında bizə məlumat verməyibsiniz, heç olmasa o kitabdan nümunə kimi Cabbarlı ailəsinə göndərin. Sona xanımın sağlığında – 60-cı illərdə “Onu kim unudar” adı altında xatirələr nəşr olunmuşdu.

- Sona xanımın bir xatirəsi var ki, 1934-cü ildə Moskvada Ümumittifaq Yazıçılarının Qurultayında Cəfər Cabbarlı müstəmləkəçilik haqqında sərt çıxış edib. Bu çıxış “yuxarılar”ın xoşuna gəlməyib.

- 1934-cü ilə qədər Cəfər Cabbarlı Yazıçılar İttifaqına üzv olmaq istəmirdi. Səməd Vurğun Yazıçılar İttifaqının sədri olub. Cabbarlıya təklif edib ki, Moskvaya nümayəndə gedir, sən də üzv ol, getməlisən. Cabbarlı da deyir, mən yazıçı yox, həvəskar yazıçıyam. O qədər təvazökar idi ki, ölümündən 3-4 ay əvvəl ittifaqa üzv olub. Bizdə üzvlük haqqında ərizənin əsli var. Onun Moskvadakı çıxışı “Pravda” qəzetində çap olunur. Cabbarlı deyirdi ki, yazıçı sifarişlə yazmamalıdır. Amma uzun illər Sovet dövründə deyirdilər ki, Cabbarlı sifarişlə yazıb. Əslində, bu cür olmayıb. Çıxış olub sentyabr ayında. Cabbarlı isə dekabrda vəfat edib. Yaşasaydı, onu da repressiya aqibəti gözləyirdi. Bilirdilər ki, o öz ideologiyasına münasibətdə sadiqdir. Xalq onu çox sevirdi. Məmməd Əmin Rəsulzadə də yazırdı ki, Cəfər Cabbarlını dəfn edəndə bolşeviklər onu çiyinlərində apardılar ki, onun Sovet yazıçısı olduğunu göstərsinlər. Halbuki, o Sovet yazıçısı deyildi. Bəzi dostları kimi Cəfər Cabbarlı da xaricə gedə bilərdi. Amma getmədi. Axı o, gizli fəaliyyətdə idi. Bilirsiniz ki, Sovet hakimiyyəti qurulandan sonra Cabbarlı Müsavat Partiyasının gizli təbliğat-təşviqat komitəsinin rəhbəri idi. Gizli çap olunan kitabçalar və vərəqələrə Cəfər Cabbarlı baxırdı. 1923-cü ildə onun həbsi də bununla bağlı idi. “İstiqlal” qəzetini gizli olaraq çap edirdilər. Təsadüfən, həmin qəzetin çap olunduğu mətbəəni “Çeka” aşkarlayır və dostları ilə birgə Cabbarlı da həbs edilir. Bolşeviklər də bilirdilər ki, Cəfər Cabbarlı öz ideologiyasına sadiqdir. Əsərlərində də bunu gizli bildirirdi. “Almaz”, “Sevil”, “Aydın” əsərlərində istədiklərini gizli deyirdi. “Almaz”da qəhrəman gedəndə özü ilə tarını da aparır. O dövrdə tara qarşı nə qədər böyük təzyiqlər var idi. Süleyman Tağızadə yazır ki, Cəfər qədeşə dedim, mənə rol ver. O da dedi, rol verərəm, amma sən tar çalmağı öyrənməlisən. Süleyman Tağızadənin tar almağa imkanı olmayıb, Cabbarlı özü ona tar alıb. Süleyman Tağızadə tar çalmağı öyrənib. Cabbarlı Əfrasiyab Bədəlbəyliyə zəng edib ki, gəl teatra, Süleymana mahnı öyrətməliyik. Süleyman Tağızadə 1959-cu ildə həmin tarı Ədəbiyyat Muzeyinə bağışlayıb.

- Sona xanım yaşayış səviyyələri ilə bağlı nə yazıb, nə danışırdı?

- Cabbarlı həmişə işləyib. Teatrdan çıxıb gedirdi Operaya, oradan da kinostudiyaya. Onun sayəsində bir çox aktyorlarımız kinoda işləməyə başlayıblar. Onların arasında Ağasadıq Gəraybəyli, İzzət Orucova var idi. Əsas sıxıntısı xalqla bağlı olub. Öz maddi-məişət məsələləri pis olmayıb. İki övladı olub: Aydın və Gülarə. Aydın həkim idi, 1999-cu ildə dünyasını dəyişib. Gülarə xanımla Aydın arasında altı yaş fərq olub.

- Ərəblinski 1919-cu ildə öldürüləndə Cabbarlı bunu çox böyük sarsıntı ilə qarşılayıb. Dostlarına deyirmiş ki, bilsəydim Ərəblinski kimi aktyor ola biləcəyəm, aktyorluq sənətinin dalınca düşərdim.

- Oqtay Eloğlu Ərəblinskinin obrazıdır. Hətta Ərəblinskiyə ölümündən sonra şeir də yazmışdı. İstəyirdi ki, Aydın obrazında Ərəblinski oynasın. Heyf ki, qismət olmadı. Ümumiyyətlə, arzusu o idi ki, əsərlərində baş qəhrəmanlarını həmişə Ərəblinski oynasın. Ərəblinskidən sonra isə baş rollarda Abbas Mirzə Şərifzadə çıxış edib. Məsələn, “Aydın”da. Təəssüf ki, son illərdə onu incitdilər və teatrdan getdi. Deyirdilər, Cəfər Cabbarlı teatrı əlinə alıb, bizi yazmağa qoymur. Ona görə də teatrdan çıxıb kinofabrikə gedir. Daha sonra opera və kinoda işlədi. Və harada işlədisə, xalqı üçün nə isə etməyə çalışdı.

# 4229 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #