Kulis.az Sim-sim.az-a istinadən Stefan Sveyqin “Üç böyük usta: Balzak, Dikkens, Dostoyevski” kitabından “Çarlz Dikkens” essesini təqdim edir.
Xeyr! Çarlz Dikkensin müasirləri tərəfindən nə qədər sevildiyini kitablardan və bioqraflardan öyrənməməliyik. Sevgi yalnız danışılan sözlərlə ifadə olunur. Kimisə danışdırmaq lazımdır. Ən yaxşısı gənclik xatirələri onun ilk uğurlarını qazandığı illərə qədər gedib çıxan bir ingilisi danışdırmaqdır: əlli ildən sonra da “Pikvik”in müəllifinə Çarlz Dikkens deyib-deməməyə hələ qərar verə bilməyən, əvəzində onu hələ də həmin daha məhrəm, daha səmimi ləqəbi ilə “Boz” deyə xatırlayan birini. Onların keçmiş günləri xatırlayarkən hiss etdikləri həsrət dolu hüzndə, indi artıq kitab həvəskarları üçün tapılmaz xəzinələrə çevrilən, rəflərdə və şkaflarda saralıb-solan həmin aylıq mavi roman fasikullarını (həcmcə böyük əsərlərin bir hissəsi, xüsusi buraxılışı – tər.) bir vaxtlar dərhal ələ keçirən minlərlə insanın coşqusunu ölçə bilərik. O vaxtlar – həmin yaşlı dikkensçilərdən biri mənə belə demişdi – məktubun gələcəyi günü həsrətlə gözləyərdilər; əlində tutduğu “Boz”un mavi fasikulunu nəhayət ki, gətirib-çıxaran poçtalyonu evdə oturub gözləyərkən vaxt keçmək bilməzdi. Bütöv bir ay onun aclığını çəkər, gözləyər, ümid edər, Kopperfildin Dora və ya Aqnessa ilə evlənib-evlənməyəcəyi mövzusunda mübahisə edərdilər. Mikoberin əlaqələrinin yenidən böhrana düşməsinə sevinərdilər, çünki onun bu çətinlikləri isti punç və xarakteri sayəsində qəhrəmancasına sovuşduracağını, əlbəttə, bilirdilər. Amma bunlar bir yana, indi poçtalyon ləng avtomobili ilə ağır-ağır gələnə, bütün bu nəşəli tapmacaları çözənə qədər uzun müddət gözləməyə məcburdularmı? Bunu edə bilməzdilər, bax bu, mümkün deyildi! Yaşlısı, cavanı – hamı hər ay həmin müəyyən edilmiş gündə kitabı daha tez əldə edə bilmək üçün iki mil yol qət edib poçtalyonun yanına qaçırdılar. Elə geri qayıdarkən yoldaca oxumağa başlayır, bir-birinin çiyninin üstündən səhifələrə baxır, bəziləri yüksək səslə oxuyur və yalnız ən yaxşı qəlbə sahib olanlar qəniməti qapan kimi qaçıb arvadına, uşaqlarına aparırdı. Həmçinin, bu kiçik qəsəbə kimi o vaxtlar hər kənd, hər şəhər, bütün ölkə, hətta olduqca uzaqlara, planetin hər yerinə dağılmış bütün ingilis dünyası Çarlz Dikkensi sevirdi; qarşılaşdıqları ilk andan həyatının son anına qədər sevdilər onu.
On doqquzuncu əsrdə, dünyanın heç bir yerində yazıçı və xalq arasında bu dərəcədə möhkəm könül bağı qurulmayıb.
Bu şöhrət hava fişəngi kimi birdən-birə parlamış, amma əsla sönməmişdir; bir günəş kimi dünyanın üstündə heç dəyişməyən parlaqlığını qorumuşdur. “Pikvik”in ilk fasikulu 400 ədəd çap edilmiş, on beşinci fasikulda isə bu say 40000-ə çatmışdı: Onun şöhrəti bir uçqun kimi əsrin üstünə düşmüşdü. Almaniyada da çox tez yayıldı; yüzlərlə, minlərlə fasikul ən qırışmış ürəklərin yarıqlarını belə sevinclə, qəhqəhəylə doldurdu; kiçik Nikolas Niklbi, yazıq Oliver Tvist və yorulmaq bilməyən bu adamın yaratdığı minlərlə başqa qəhrəmanlar Amerikaya, Avstraliyaya, Kanadaya qədər gedib çıxdı. Bu gün Dikkensin milyonlarla kitabı əldən-ələ gəzir – böyük, kiçik, qalın və incə cildlər, kasıblar üçün ucuz nəşrlər, Amerikadakı ən bahalı nəşr (milyarderlər üçün nəzərdə tutulmuş bu nəşrin qiyməti, səhv etmirəmsə, 300 min markdır), lakin bütün bu kitabların içində o vaxtlar olduğu kimi bu gün də həmin o xoşbəxt gülüş, ilk səhifələr çevirən kimi uçmaq üçün gözləyən nəşəli bir quştək yuvasında gözləməkdədir. Bu yazıçının əldə etdiyi sevgi bənzərsiz idi: Əgər bu illər ərzində artmayıbsa, bunun səbəbi sevginin bundan yüksək dərəcəsinin olmamasıdır.
Dikkens əsərlərini şəxsən xalqa oxumağa qərar verəndə, oxucusuyla ilk dəfə göz-gözə gəldiyi vaxt İngiltərə titrədi. İnsanlar salonlara yüyürdü və onları ağzına qədər doldurdu; bəzi pərəstişkarları sırf sevdikləri yazıçısını dinləyə bilmək üçün sütunlara dırmaşır, bəziləri də sürünərək kürsünün altına girirdi. Amerikada insanlar ən dondurucu qış soyuqlarında kassaların önünə sərdikləri yataqlarda gecələyir, yaxın restoranlardan qarsonlar yeməklərini gətirir, kütlənin ardı-arası heç cür kəsilmirdi. Salonların hamısı dar gəlməyə başlamışdı, ən axırda Bruklindəki bir kilsə yazıçı üçün qiraət salonuna çevrildi. Dikkens də vaiz kürsüsünə çıxıb Oliver Tvistin macəralarını və kiçik Nellin hekayəsini oxudu. Bu şöhrət müvəqqəti deyildi; Valter Skottun şöhrətini bir kənara itələdi, Tekkereyin dahiliyini ömür boyu kölgədə qoydu və alov söndüyü vaxt – Dikkens öləndə bütün ingilis dünyasını başdan-ayağa yarıb keçən bir çat əmələ gəldi. Küçədə əcnəbilər bir-biri ilə bu haqda danışırdı. Londonu sanki bir döyüş uduzulmuş kimi dərin kədər bürümüşdü. Onu İngiltərənin panteonu “Vestminster Abbat Kilsəsi”ndə, Şekspir ilə Fildinqin arasında basdırdılar. Minlərlə insan oraya axın etdi, həmin sadə məzar günlərlə çiçək və çələng yağışına tutuldu. Bu gün də üstündən qırx il keçdikdən sonra, oradan minnətdar bir əlin səpdiyi çiçəkləri görmədən keçmək elə də mümkün deyil: Sevgi və şöhrət bütün bu illər ərzində heç solmayıb. Eynilə o vaxtlar olduğu kimi, bu gün də İngiltərə bu adsız yazıçının onun əlinə dünya səviyyəsində, gözlənilməz bir şöhrət hədiyyəsi verdiyi üçün, Çarlz Dikkens bütün ingilis dünyasının ən sevilən, ən çox heyranlıq duyulan, ən çox hörmət göstərilən hekayəçisidir.
Ədəbi bir əsərin bu qədər böyük, eyni zamanda, həm məşhur, həm də dərin təsir oyandırması yalnız bir-birinə əks iki hadisənin nadir hallarda bir yerə gəlməsiylə reallaşa bilər: dahinin öz çağının ənənəsi ilə çulğaşmış olması. Ümumiyyətlə, dahiliklə ənənə bir-birinə od və su kimi təsir göstərir. Hətta yaranmaqda olan yeni bir ənənənin canlanmış ruhu kimi, köhnə ənənəyə düşmən olması, yeni bir nəslin xəbərçisi kimi köhnə nəsilə döyüş elan etməsi, dahiliyin, az qala, ayırdedici əlamətidir. Dahilik və çağı iki ayrı dünya kimidir, hərçənd, bu iki şey öz aralarında işıq və kölgə al-verişi edirlər, fərqli yerlərdə gəzişirlər, eyni orbit üstündə qarşılaşırlar, amma əsla birləşmirlər. Burada ulduzlu göy qübbəsinin o nadir anı reallaşmışdı; bir ulduzun kölgəsi digərinin parlaq səthini bir-biri ilə bərabərləşəcək həddə örtmüşdü: Dikkens öz daxili məqsədi ilə çağının intellektual ehtiyacını tamamilə ödəyən öz əsrinin tək böyük yazıçısıdır. Onun romanı o dövrün İngiltərəsinin zövqüylə mütləq şəkildə üst-üstə düşür.
Onun əsəri ingilis ənənəsinin maddələşməsidir: Dikkens La Manş boğazının kənarında yaşayan 60 milyon insanın istinad nöqtəsi, müşahidəsi, əxlaqı, estetikası, zehni və bədii məzmunu, qəribə və bizə tamam yad olan, ümumiyyətlə, həsrət duyulan simpatik həyat duyğusudur. Bu əsəri yazan o deyil, əksinə, müasir mədəniyyətlərin ən güclüsü, ən zəngini, ən özünəməxsusu və buna görə də ən təhlükəlisi olan ingilis ənənəsidir. Onun həyati gücü kiçik hesab edilməməlidir. Hər bir ingilis bir almanın alman olmasından daha çox ingilisdir. İngilislik insanın zehni orqanizminin üzərində bir cila, bir boya deyil; o qana qarışar, onun ritmini nizamlayar, fərddəki ən məhrəm və ən daxili, ən fundamental olanı canlandırar: bu da yaradıcı olandır. Sənətçi kimi də bir ingilis öz irqinə bir almandan, bir fransızdan daha bağlıdır. İngiltərədəki hər sənətçi, hər həqiqi şair bu səbəbdən içindəki ingilisliklə mübarizə aparıb; amma ən hərarətli, ən güclü nifrətlər belə ənənənin kürəyini yerə vurmağı bacarmayıb. Onların incə damarlarından keçərək ruhlarının torpağına dərin bir şəkildə çöküb: ingilisliyi söküb atmaq istəyən gərək bütün orqanizmi yırtsın, yaranı qanatsın.
Azad dünya vətəndaşlığına duyulan həsrətlə dolu bir neçə aristokrat buna cəhd etdi: Bayron, Şelli, Oskar Vayld daxillərindəki ingilisliyi yox etmək istədilər. Çünki ingilisin daxilindəki şəfası olmayan burjuaziyalığa nifrət edirdilər. Amma yalnız öz həyatlarını məhv etdilər. İngilis ənənəsi dünyanın ən güclü, ən müvəffəqiyyətli ənənəsidir, amma eyni zamanda sənət üçün də ən təhlükəlisidir. Ən təhlükəlisidir, çünki ən hiyləgəridir: Donmuş bir çöl deyil, gələnləri qovan pis bir ev sahibi deyil. İsti ocaq alovu və yumşaq rahatlığı ilə insanları yoldan çıxarar, amma onları əxlaqi sərhədlərlə məhdudlaşdırar, sıxışdırar və qaydalar qoyar; azad sənətçi motivi ilə yola getməz. Kiflənmiş havasıyla təvazökar bir sığınacaqdır, həyatın təhlükəli axınlarına qarşı ehtiyatlıdır; şən, dostanyana, qonaqpərvər, burjuaziya məmnuniyyətinin buxarısında yanan alovu ilə tam bir “yuva”dır, amma vətəni dünya, ən dərin arzusu sərhədsiz torpaqlar üzərində köçəri kimi gəzmək olanlar üçün də bir həbsxanadır.
Dikkens ingilis ənənəsinin daxilinə rahatca yerləşmiş, onun dörd divarı arasında evini qurmuşdu. Vətən torpaqlarında özünü rahat hiss edirdi və heç bir zaman, bütün həyatı boyu İngiltərənin sənətlə əlaqəli, əxlaqi və ya estetik sərhədlərini aşmadı. O, inqilabçı deyildi. Onun daxilindəki sənətçi ilə ingilis çox yaxşı yola gedirdi və yavaş-yavaş onun daxilində tamamilə dağıldı. Dikkensin ortaya qoyduğu şey yüz illərlə yaşı olan ingilis ənənəsinin təməlləri üzərində möhkəm və etibarlı bir şəkildə dayanır; başını əsla bir qarış yuxarı qaldırmamışdır, amma quruluşu cazibədar bir arxitektura ilə gözlənilməz yüksəkliyə çatmışdır. Onun sənəti xalqının ictimai şüurunun sənət halına gəlmiş iradəsidir: Əgər onun sənətinin intensivliyini, az rast gəlinən xüsusiyyətlərini və əldən verilmiş imkanlarını məhdudlaşdırsaq ənənəvi İngiltərə ilə üz-üzə qalarıq. Dikkens Napoleonun qəhrəmanlıqlarla dolu əsriylə, zəfərlərlə dolu keçmişlə, gələcəyinin yuxusu olan imperializm arasındakı İngilis ənənəsinin ən yüksək yaradıcı ifadəsidir. Dikkens bizim üçün sadəcə fövqəladə bir əsər meydana gətirmişsə və bu dahilik şiddətli deyilsə, bunun səbəbi İngiltərə və onu tutub saxlamış irq deyil, içində yaşadığı günahsız çağdır: İngiltərənin Viktoriya çağıdır. Məlum olduğu kimi, Şekspir də bir ingilis çağının poetik ifadəsi üçün ən yüksək imkandır: Amma onunki Elizabet çağı idi; güclü, hərəkət düşkünü, gənc, təzə-tər duyğularla dolu, ilk dəfə pəncəsini imperium mundi-yə (dünya imperatorluğuna) uzadan, içindən daşan güclə titrəyən, qızdırmalı bir İngiltərədən söhbət gedirdi. Şekspir hərəkət, iradə, enerji əsrinin övladı idi. Yeni üfüqlər açılmış, Amerikada macəralı zənginliklər qazanılmış, əzəli düşmən məğlub olmuş, İtaliyadan İntibahın alovları şimalın dumanını qucaqlamağa başlamış, tanrı, din neytrallaşdırılmışdı və dünya yeni, canlı dəyərlərlə yenidən doldurulmağa hazır idi. Şekspir qəhrəman İngiltərənin yenidən doğulması idi, Dikkens isə yalnız burjuaziyanın simvolu. O bir başqa kraliçanın, mülayim, yetişkin, əhəmiyyətsiz, yaşlı kraliça Viktoriyanın sadiq təbəəsi, ərdəmli, rahat, nizamlı, həyəcansız və ehtirassız bir dövlətin vətəndaşı idi. Səyləri, ac olmayan, yalnız həzm etmək istəyən çağın ağırlığı tərəfindən buxovlandı: Zəif bir külək yalnız yelkənləriylə oynayır, onu ingilis sahillərindən naməlumluğun gözəlliklərinə doğru, yolların olmadığı sonsuzluğa doğru əsla aparmırdı. Heç vaxt tədbiri əldən vermədi və ana yurdunun, alışılmışın, ənənəvinin yanında oldu: Şekspir necə ki, ehtiraslı İngiltərənin cəsarətidir, Dikkens də tox İngiltərənin tədbirliliyidir.
Dikkens 1812-ci ildə anadan oldu. Gözlərini açdığı vaxt dünya hələ qaranlıq idi. Avropa dövlətlərinin tirlərini təhdid edən böyük yanğın sönmüşdü. Vaterloda Napoleonun gözətçiləri ingilis piyadalarına çarparaq dağılmış, İngiltərə xilas olmuşdu və uzaq bir adadan əzəli düşməninin gücsüz və tacsız, tək başına məhvini izləyirdi. Dikkens bunu yaşamadı; dünyanın alovunu, Avropanı bir ucdan digər uca qucaqlayan yanğını görmədi; baxışı İngiltərənin sisində, dumanında ilişib qaldı. Dəliqanlı artıq qəhrəman tapa bilmirdi, qəhrəmanlar çağı sona çatmışdı.
İngiltərədə bəziləri buna inanmaq istəmirdi, şübhəsiz; şiddət və coşğuyla, zamanın diyirlənən çəlləyini geri qaytarmaq istəyir, dünyaya uğuldayaraq keçən o köhnə sürətini yenidən geri qaytarmağa çalışırdı. Amma İngiltərə istirahət etmək istəyir və bu insanları özündən uzaqlaşdırırdı. Onlar da romantizmin ardınca öz künclərinə sığınır, zavallı qığılcımlardan ocağı yenidən alovlandırmaqla məşğul olurdular; amma tale onlara boyun əymirdi. Şelli Tiren Dənizində boğuldu, Lord Bayron isə Missolungi alovunda yandı: Dünya artıq macəralar istəmirdi. Kül rənginə bürünmüşdü dünya. İngiltərə hələ qanlı ovunu rahat-rahat yeyirdi; burjuaziyalar, tacirlər, dəllallar artıq bir növ kral idi və sanki taxtda qurulmuş bir yataqda mürgüləyirdilər. İngiltərə həzm edirdi. Elə isə meydana çıxacaq sənət həzmi asanlaşdırmalı idi; narahat etməməli idi, şiddətli həyəcanlarla sarsıtmamalı idi; yalnız oxşamalı və bağrına basmalı idi; yalnız romantik olmalı, tragik olmamalı idi. Sinəni bir ildırım kimi yaran, nəfəsi kəsən, qanı donduran o titrəyiş bəyənilmirdi – bunu gerçək həyatdan, Fransa və Rusiyadan gələn qəzetlərdən çox yaxşı bilirdilər. Sadəcə bir az gərginlik lazım idi, fasiləsiz olaraq hekayələrin rəngli topunu ora-bura yuvarlayan pişik kimi mırıldanmaq və oynamaq.
Buxarı sənəti istəyirdi o zamanın insanları; fırtına sütunları tərpədərkən rahatca buxarı başında oxuna bilən, içindən də təhlükəsiz mövzularla alov dilimləri və çırtıltılar gələn bir sənət, ürəyi çay kimi isidən bir sənət; onu coşğuyla sərxoş edib odunu alovlandıran sənət yox. Dünənin zəfər qazanmış insanları bu cür qorxaq olmuşdu, sadəcə əllərindəkini tutmaq və qorumaq istəyən, heç bir şeyi gözə almayan və dəyişdirmək istəməyən insanlar; belə ki, özlərinə aid güclü duyğulardan belə qorxurdular. Həyatda olduğu kimi kitablarda da zəif köklənmiş ehtiraslar istəyirdilər, bütün bədəni qucaqlayan sərxoşluqlar deyil; tərbiyəli şəkildə gəzintiyə çıxan duyğular istəyirdilər. O vaxtlar İngiltərədə xoşbəxtlik rahatca seyr etməklə, estetika tərbiyə ilə, həssaslıq fəzilətlə, millilik duyğusu sədaqətlə, eşq evliliklə eyni idi.
Bütün həyati dəyərlər qansızlıqdan əziyyət çəkirdi. İngiltərə halından məmnun idi və dəyişmək istəmirdi. Bu dərəcədə tox bir xalqı təsdiqləyə bilən sənətin özünün də bundan – mövcud olanı tərifləməkdən və bundan kənara çıxmağı istəməməkdən məmnun olması lazım idi. Komfortlu, dostanyana, həzmi asanlaşdırıcı bir sənət iradəsi öz dahisini tapır, eynilə, bir vaxtlar Elizabet İngiltərəsinin Şekspiri tapdığı kimi. Dikkens o zamanın İngiltərəsinin cisimləşmiş ehtiyacıdır. Lazımi vaxtda gəlməsi onun şöhrətini doğurdu. Bu ehtiyac tərəfindən boyunduruq altına salınması isə onun tragediyası oldu. Dikkensin sənəti İngiltərənin rahatlığından qaynaqlanan alt-tənqidi bir əxlaqdan bəslənir: əgər əsərlərinin altında bu fövqəladə poetik güc yatmasaydı, parlaq, qızıl zərli yumoru duyğuların daxili rəngsizliyinin üzərinə çıxmasaydı, onda yalnız o zamankı ingilis dünyasında dəyəri olardı; bizim üçün La Manş dənizinin kənarındakı ustalar tərəfindən yazılan minlərlə romandan fərqlənməzdi. Ancaq Viktoriya mədəniyyətinin altında yatan bu yalandan – fanatizmdən dərin nifrət duyulduğu vaxt bizi bu qarnı tox köklüyün itələyici dünyasını sevməyə, maraq duymağa məcbur edən, həyatın ən banal nəsrini şeirə çevirən bir insanın dahiliyini böyük bir heyranlıqla anlaya bilərik.
Dikkens bu İngiltərəyə qarşı heç vaxt döyüşməmişdir. Amma dərinlərdə – şüuraltında – daxilindəki sənətçiylə ingilisin mübarizəsi həmişə davam etmişdir. Əvvəlcə güclü, əmin addımlarla gedirdi, amma çağının mülayim, bəzən sərt, bəzən də elastik qumu üzərində irəliləyərkən, yavaş-yavaş yoruldu, getdikcə ənənənin həmin köhnə və geniş ayaq izlərinə daha sıx ayaq basmağa başladı. Dikkens yaşadığı çağın altında əzilmişdi və mən onun taleyini düşünərkən həmişə Quliverin liliputların ölkəsindəki macəralarını xatırlayıram. Nəhəng adam yatarkən cücələr onu minlərlə kiçik iplə yerə bağlayır, bu şəkildə möhkəmcə tuturlar və təslimiyyəti qəbul etmədən, ölkənin qanunlarına qarşı gəlməyəcəyinə and içmədən sərbəst buraxmırlar. Eyni şəkildə, ingilis ənənəsi də Dikensi hələ məşhur deyilkən, yuxusunda möhkəmcə qucaqlayıb ona boyun əydirmişdi: Uğurlar onu ingilis torpağına yaxşıca basdırmış, onu şöhrət girdabına çəkmiş, beləcə, əlini qolunu bağlamışdı.
Uzun, ağrılı bir uşaqlıqdan sonra parlamentdə stenoqraf işləmişdi. Bir dəfə bəzi kiçik qaralamalar etməyi sınadı. Əslində, niyyəti daxili şairanə impulslardan daha çox, gəlirini bir az artırmaq idi. İlk sınaq müvəffəqiyyətli oldu, qəzet onu heyətə götürdü. Ardınca bir naşir ondan klublardan birini parodiya edən yazılar yazmasını xahiş etdi. Bu yazılar müəyyən mənada ingilis ziyalı sinfinin karikaturalarının mətnini meydana gətirəcəkdi. Dikkens təklifi qəbul etdi və müvəffəqiyyətli oldu, həm də heç ümid edilmədiyi qədər. Pikvik Klubun ilk fasikulu bənzərsiz uğur qazandı. İki ay sonra “Boz” milli yazıçı idi. Şöhrət onu arxasından itələyirdi, “Pikvik” romana çevrildi. Yenə uğurlu oldu. Kiçik şəbəkələr, milli şöhrətin gizli bağları gedərək daha da sıxlaşırdı. Alqışlar onu bir əsərdən digərinə sürüyür, Dikkens gedərək müasir zövqün küləyinə daha çox aludə olurdu. Alqışlardan, sadə müvəffəqiyyətlərdən və sənətçi iradəsinin qürurlu şüurundan ibarət olan bu son dərəcə qarışıq formada hörülmüş yüz minlərlə şəbəkə onu artıq ingilis torpağına möhkəmcə bağlamışdı, ta ki təslimiyyəti qəbul edənə və ölkənin əxlaqi, estetik qanunlarına əsla qarşı çıxmayacağına and içənə qədər. Dikkens ingilis ənənəsinin, burjuaziya zövqünün boyunduruğu altında qaldı, liliputlar arasında müasir bir Qulliver oldu. Bu dar dünyanın üzərində bir qartal kimi süzülə biləcək təxəyyül müvəffəqiyyətin qandalları tərəfindən zəncirləndi. Hiss etdiyi dərin bir məmnuniyyət onun yaradıcı səyini koşlaşdırırdı. Dikkens məmnun idi. Dünyadan, İngiltərədən, müasirlərindən məmnun idi və müasirləri də ondan məmnun idi. Hər iki tərəf də qarşısındakının olduğundan fərqli olmasını istəmirdi. Cəzalandırmaq istəyən, sarsıdan, qızışdıran, ucaldan və böyük sənətçilərin Tanrıyla saf-çürük etmək, onun dünyasını rədd edib onu yenidən, öz istədiyi formada yaratmaq istiqamətindəki təməl iradəsi olan hirsli eşq onda yox idi. Dikkens dindar və hörmətli idi; mövcud olan hər şeyə qarşı xeyirxah bir heyranlığı, davamlı, uşaqcasına, oyun düşkünü bir sevinci vardı. O, halından məmnun idi. Çox şey istəmirdi. Bir vaxtlar son dərəcə kasıb, tale tərəfindən unudulmuş, dünya tərəfindən ürküdülmüş bir gənc idi; bəzi zavallı işlərdə gəncliyini puç etmişdi. O vaxtlar rəngarəng həsrətləri vardı, amma hamısı da onu uzun müddət və inadla daşıdığı ürkəkliyə geri itələmişdi. Daxilində yanıb-alovlanan bu idi.
Əslində uşaqlığının şairanə – tragik bir təcrübə idi – yaradıcı iradəsinin toxumu bura – susqun ağrının məhsuldar torpaqlarına əkilmişdi və ən dərin ruhi məqsədi təsir etmək imkanı və gücü genişləyəndə bu uşaqlığın intiqamını almaq idi. Romanlarıyla bütün yoxsul, tərk edilmiş, unudulmuş uşaqlara kömək etmək istəyirdi; özü də eynilə onlar kimi pis müəllimlər, laqeyd məktəblər, maraqsız valideynlər, insanların çoxunun soyuq, sevgisiz, eqoist münasibətlərinə görə haqsız ağrılar yaşamışdı. Bir neçə rəngli çiçəklə onların və özünün sinəsində yaxşılığın qaynağından məhrum qaldığı üçün çoxdan solmuş uşaq sevinclərini xilas etmək istəyirdi. Həyat daha sonra bütün bunları ona verdi və artıq şikayətə səbəb qalmadı: Amma içindəki uşaqlıq intiqam istəyirdi. Onun sənətindəki iradənin yeganə əxlaqi məqsədi bu zəiflərə kömək etmək idi: bunun üçün müasir həyat tərzini yaxşılaşdırmaq istəyirdi. Ona qarşı çıxmır, dövlətin normalarına qarşı qiyam qaldırmır, təhdid etmir, bütöv bir xalqa, qanun qorucusuna, vətəndaşa, bütün ictimai razılaşmaların saxtalığına qarşı yumruğunu yelləmir, əksinə, açıq bir yaranın ora-burasına barmağıyla işarə edərək diqqət çəkirdi. İngiltərə o vaxtlar – 1848-ci ildə – Avropada inqilab etməyən yeganə ölkə idi; eyni formada o da nəyisə devirmək və yenidən yaratmaq deyil, yalnız düzəltmək və yaxşılaşdırmaq istəyirdi; ictimai ədalətsizliyin fenomenlərini, tikanlarının ən iti olduğu və ağrıverici bir şəkildə ətə batdığı yerlərdə ovuşdurmaq, yumşaltmaq istəyirdi, amma qəti şəkildə kökləri, daxili səbəbi qazıb çıxarmaq və yox etmək deyil.
Həqiqi bir ingilis kimi əxlaqın təməlinə enməyə cəhd etmədi. Bunlar mühafizəkar birisi üçün İncil qədər müqəddəs idi. Və bu məmnuniyyət öz çağının zəif təbiətinin şirəsi Dikkens üçün çox xarakteristik idi. Həyatdan çox şey istəmirdi: onun qəhrəmanları da belə idi. Balzakın qəhrəmanı ehtiraslı və iqtidar düşkünüdür, gücə duyduğu ehtiraslı həsrət içini qovurub yandırır. Heç bir şey ona bəs etmir; qəhrəmanların hamısı doyumsuzdur, hər biri dünya fatehi, inqilabçı, anarxist və eyni zamanda tirandır. Hamısında bir Napoleon xarakteri vardır. Dostoyevskinin qəhrəmanları da ehtiraslı və coşğuludur, iradələri dünyayla uyğunlaşmayan və böyük bir qarınqululuqla real həyatdan həqiqi həyata yol gedirlər; vətəndaş və insan olmaq istəməzlər, əksinə hər birində təhlükəli qürurun yaratdığı xilaskar olmaq qığılcımı parıldayır. Balzakın qəhrəmanlarından biri dünyanı boyunduruq altına salmaq istər, Dostoyevskinin qəhrəmanı isə onu yenmək. Hər ikisində də gündəlik həyatın üstünə çıxmaq səyi, sonsuzluğa doğru bir meyil var.
Dikkens insanları hamısı təvazökardır. İlahi, nə istəyir bunlar? İldə 100 paund, sevimli bir həyat yoldaşı, bir düjin uşaq, dostlar üçün təchiz edilmiş gözəl bir masa, London ətrafında, pəncərəsi yaşıl bir mənzərəyə baxan, kiçik bir bağça içində kənd evi və bir ovuc xoşbəxtlik. Onların idealı sıravi bir burjuaziya idealıdır: Dikkensdə bununla kifayətlənmək zəruridir. Onun bütün insanları ürəkdən dünya nizamının dəyişməməsini istəyirlər; nə zənginlik, nə də kasıbçılıq, tam əksinə, bir xırdavatçının və ya bir sürücünün həyat qanunu kimi müdrikcəsinə, ancaq sənətçi üçün təhlükəli olan rahat, orta səviyyəli həyatı istəyərlər. Dikkensin idealları onun fəqir ətrafı tərəfindən soldurulub. Əsərinin arxasında yaradıcı, xaosu cilovlayan nəhəng, fövqəlbəşər və hirsli bir Tanrı yox, əksinə, məmnun bir müşahidəçi, sadiq bir vətəndaş var. Dikensin bütün romanlarının atmosferi burjuaziya atmosferidir.
(Ardı var)
Tərcümə etdi: Misir Məmmədli