Kulis.az Həmid Herisçinin yeni şeirlərini təqdim edir.
Legioner Otello
Yüzminlik stadion
birboğazdan qışqırır “hello! hello!”
sənmisən...sənmisən, bratello
müasir Otello?
Şekspirin özüm olacam,
Parlamentin ilk oxunuşunda
təsdiqlənəcək bu filfilo.
Bil, bu ölkədə
arvadların yazdığı cadu duası,
kələm, yarpaq dolması,
Şəki halvası,
futbolçuların diz yarası
eyni qaydayla
sarınır, bükülür...
Gözlərimizin yaşı tökülsə də,
böyrəklərimizin daşı tökülmür.
Eyyy Otello,
sənlikdi, milli bayrağımız, haqqımız,
Azpərimiz, Gülçörəmiz,
bizim Dezdomona Tello...
bizim etno...
bizim bu Zorrosuz sombrero...
İlk tüstüdəcə saraldı
siqaretimin qalın kötüyü,
ilk öpüşdəcə açıldı
bir gözəlin uzun hörüyü...
hər evin hər soyuq ütüsü
sənə, ölü məhəbbətlərdən danışar
Amansızdı, insansızdı burda
depoya tələsən son qatar...
Baxma, bizim bu köhnə
taxta nərdivanlar,
bəzən yadplanetliləri də
o dünyaya aparıb qaytarar...
bizim bu sısqa ağaclar,
bəzən, dalğalanıb,
küləyə də öz mikrofonunu uzadar...
Bu vaxt çaşar
Fransadakı hakim iqtidar!!!
oyna...burda tam şansızdı
mən kimi hələ uşaqkən
uduzmuş qapısız futbolçular...
Küləyin ilk həmləsi,
ərəbin ilk dəvəsi
gəmirdi mənim otumu
Uşaqkən gərək itirməyəydim
öz qırmızı topumu...
Faust
O, girərmiş evlərə,
vurçartlasın keflərə,
sonra məxfi seyflərə.
Nağılı tam özü yaşayıb,
rol verməzdi divlərə.
Möhürdəki silinmiş həriflərə
o, rəmzini
həkk edərmiş,
sözün, güzgüyə deyərmiş,
özün, deşifrə edərmiş
lap ey, lap axırlarda,
gecə operalarında.
Zülməti bıçaqlayan
ay parıltılarında
onu hamı özünkü bilərmiş,
o, həmişə şəkk edərmiş,
al şərabı, badələrdən yan süzərmiş,
Kölgəsindən ayrılıb,
qadınlardan öyrənərmiş
həyatın cik-bikini,
cürətlənib dəyişmişdi hətta
bir dəfə xristian təqvimini!!!
Bir dəfə hətta,
uzanıb tabutda.
Görüb əclafdı usta,
dəlik var tabutda,
üstəlik, dostu səfehdi,
əl telefonunu unudub burda...
Əsəbləşib, tüpürüb o dünyaya,
söyüb bu tamamsegaha.
Ruslar, həyatlarının lap...lap ey axırlarında,
yazıçı Konstantin Paustovski adını
kitab başlıqlarında
qəfil “Faust+ovski” kimi oxuyanda,
qəfil diksinib ayılanda,
o Faustu axır aşkarlayanda,
görərdilər, kimsə od vurur ot tayalarına,
millət, qoşulub gedir
günbatanın al şüarlarına...
Bu...bu, şifrəli cığal kəlmə,
çox, çox təhlükəliymiş
sən demə...
Eşit...bilmə...
Oymuş "Qızıl güvə"...
Gizli qüvvə.
Əhməd haradadır?
Toy kasetlərini geri fırlayıb,
bəzilərin xarablayıb
zülməti, ay ilə imzalayıb,
ulduzları bir də...bir də
təzədən sayıb,
birini yaddan çıxarıb,
mən də... mən də,
öz Əhmədimi axtarıram.
Zivədəki ağlar köynəklərindən
göz yaşlarını tanıyıram.
Yaxşı, bu Əhməd
indi hardadı?
Hardadı?
Ekvator xəttindən də uzaqdadı?
O, “sevirəm!” sözünün
axırını çox uzadar,
fotoalbomundan fotoları
qəfil qoparıb cırardı.
Yük maşınlarına dərdini yükləyər,
özü, sürücünün yanında oturardı.
Təkərləri yatırdardı.
Cibində bıçağı vardı.
Bir dəfə o tapıldı...
Adı filmə düşdü, tanındı.
“Sevirəm!” sözünün
adi tələffüzünə qayıtdı.
Hardadı indi bu
gəncliyimizin Sindibadı?
Bu dəfə
birdəfəlik ayrıldı o bizdən.
Su, göz yaşına çevrilib
damcıladı iti çənəsindən.
Avtoşların yoldakı izlərindən, hisslərindən
birisi, ən irisi, ən dirisi
bil, onunkudu...
O, ən sonuncudu...
Axtar, tap onu indi
Qobustan qayaüstü
rəsmlərindən...
Altıbarmaqlının nişan üzüyü
Can içində gördüm cini,
Bir içində olan mini,
Qarğa, quzğun, göyərçini...
Ölmüşəm çoxdan...ayağım üzəngidədi...
Atım, döyüş meydanlarda sürükləyir
qanlı cəsədimi...
Heyif, indi
biz yox, avtoşlar pozur
qatı zülmətlərin səssizliyini,
Heyif bizlər yox, küləklər geyir hələlik
buludların ağ köynəyini...
Heyif, bizlər yox, tərli pəncərələr
axıdır öz gözlərindən bu son yaşı,
bu son qətrəni...
Olsun...noolsun...sabah görərsiz
altıncı barmağımın son qüdrətini...
Süfrəmdəki bax bu son xəmir kündəsini
Oxlovlara yox ey...bu sirli barmağıma
tapşırdım,
Öz kölgəmdən axır birdəfəlik
aralandım...
Budaqlardakı son alçaları,
bütün yarımçıq xalçaları,
harda Tanrı,
əl saxlayıb, insana tapşırıb
işin qalanını,
bu altıncı barmağımla, altıncı nağılımla
dərəcəm, bitirəcəm...
sonmacalda Allahdan alacam
öz altıncı barmağımın halallığını...
Qalır indi
qadınlara sevdirmək bu möcüzəni,
sevmək bir dünya gözəlini...
Altıncı barmağa keçirmək
sevgilərimin bütün
nişan üzüklərini!!!