Pənah Hüseyn: “Onu deyən qələt eləyir” – MÜSAHİBƏ

<span style="color:red;">Pənah Hüseyn:  “Onu deyən qələt eləyir” – <span style="color:red;">MÜSAHİBƏ
12 mart 2018
# 09:00

Kulis.azın “İşdən kənar” layihəsinin budəfəki qonağı keçmiş baş nazir, ictimai-siyasi xadim Pənah Hüseyndir. Xatırladaq ki, layihədə ədəbiyyatdan kənar peşə sahibləri ilə ədəbiyyat haqqında söhbətlər aparılır.

- Pənah bəy, ədəbiyyatla tanışlığınız necə başladı?

- İlk dəfə bədii ədəbiyyatdan “Koroğlu” dastanını oxumuşam. 3-cü sinifdə oxuyanda 10-cu sinifdə oxuyan bir qohumumuzla dostluq edirdik. İltizam adında. Cavan rəhmətə getdi. Onların evində xeyli bədii kitab vardı. “Koroğlu”nu da onlardan götürüb oxumuşdum. Koroğlunu, təkrar-təkrar, bəlkə 100 dəfə oxumuşam. O vaxt bizim kənddə kitabxana yox idi. Orta məktəb illərində ətraf kəndlərdəki, rayon mərkəzindəki kitabxanaların demək olar, hamısının oxucusu idim. Kitabxanalarda oxumadığım kitab qalmamışdı. Əlimə düşən pullardan əməlli bir şəxsi kitabxanam da yarandı tədricən. Əvvəllər Azərbaycan dilində olanları oxuyurdum. Azərbaycan dilində olmayanları da oxuya bilmək üçün rus dilini öyrəndim. Bibloman olmuşam o zaman. İndi də oxuyuram, amma təbii ki, əvvəlki kimi deyil...

- Yəqin yaşla bağlıdır.

- Bəlkə də yaşla bağlı deyil. İnsan nəyə görə bədii ədəbiyyata aludə olur? Tam əhatəli cavab yoxdur. Bunun yəqin ki, ruhi, psixoloji mexanizmləri var. Və bir də görürsən ki, həyat kitab aləmindən daha maraqlıdır, daha bədiidir. Dünya, öz həyatın, yaşadıqların, hisslərin, duyğuların, daxili aləmin, emosiyaların, fantaziyaların, təəssüratların daha çəkicidir, mürəkkəbdir, zəngindir, dramatikdir, qorxuludur, vahiməlidir, canlıdır, gözəldir... Ona görə də hər kitabı oxuya bilmirsən. Mən əvvəllər ağına-bozuna baxmadan hər şeyi oxuyurdum. İndi o “hər şeyi oxumaq” yoxdur. Doğrudur, indi də janr, üslub, stil məhdudiyyəti yoxdur mənim üçün. Klassik roman da oxuyuram, detektiv də, fantastika da, postmodern üslubda yazılanı da, Balzak stilində yaradılanı da. Mövzulara münasibət də elə. Dini, tarixi ədəbiyyatı da, fantezini də. Mühüm olan mövzu deyil. Ancaq əvvəl kitabı görürdüm, götürürdüm əlimə, başlayırdım oxumağa və bitənə qədər yerə qoymurdum. İndi elə deyil. Açırsan, bəzilərini bir neçə səhifə, bəzilərini də bir neçə on səhifə oxuyandan sonra atırsan qırağa. Əsər də var ki, səni çəkib aparır içinə, girdabına, qaranlığına, yaxud işığına, haraya qədər aparırsa gedirsən. Etiraf edim ki, məndə bu hal cildi olan, vərəqləyə bildiyin, iyini, qoxusunu içinə çəkə bildiyin, kağız kitabda oxuyanda yaranır. İnternet, elektron kitab, elektron kitabxanalar bu təəssüratı vermir.

- Siz əvvəllər tez-tez olurdunuz Axundov kitabxanasında.

- İndi də oluram. Ancaq ora bədii ədəbiyyat üçün yox, elmi, siyasi, məlumat xarakterli kitablar, qəzetlər, jurnallar üçün gedirəm. Həm də, sözün doğrusu kitabxanada özümü nə isə tamamilə fərqli hiss edirəm. Kağızın, poliqrafik boyaların çürüntü qarışıq qoxusu və sözlə ifadə edilməsi mümkün olmayan əcaib bir yaşantı halın olur, bir növ cəzb olursan. Özümü ən çox yüngül, çəkisiz, ağrısız hiss etdiyim məkan kitabxanadır. Axundov kitabxanası həm də tələbəlik illərimizlə bağlıdır. Keçmişə qaytaran, keçmişi qaytaran, düşürən və ya qaldıran zaman lifti kimi bir şeydir. Kitabxanalara bənzər bir məkan da var. Kitab mağazaları. Mən uşaq olanda Sabirabadda Saabın kitab dükanı vardı. İndi sökülən köhnə univermaqda da ayrıca bir kitab satış otağı vardı. Köhnə bazarın da içində bir kitab satış polkası. Daha sonra Lenin küçəsində ayrıca kitab evi tikildi. İndi orda hansısa bankın filialı yerləşir. Təzə çap olunan kitablar əvvəlcə dükanlara gəlirdi, kitabxanada olmurdu. Hər kitabı almağa pulum çatmırdı. Saab kişi icazə verirdi, kitablara yanaşıb onları ordaca vərəqləyib oxumağa başlayırdım. Bir də görürdüm ki, axşamçağı olub, dükanı bağlayırlar. Oxuduğum kitabı sığallayıb yerinə qoyur, sabah yenə gəlirdim.

- Pənah bəy, hansısa əsəri oxuyanda ordakı obrazlarla özümüzün oxşarını axtarırıq. Özünüzü hansısa obrazla eyniləşdirdiyiniz olubmu? Söhbətin başında “Koroğlu”nu yüz dəfə oxuduğunuzu dediniz. Yəqin ki, Koroğlunun sizdə qalıcı təsiri olub.

- Bədii ədəbiyyat oxuyanlar yaxşı bilirlər ki, ordakı gerçəkliyi yaşamırsansa, o sənə ləzzət eləmir. Bu müxtəlif cür olur. Hər qəhrəmana özünü oxşatmırsan. Bu müsbət də olur, mənfi də. Mənfi qəhrəmandan bəhs edən çox gözəl əsərlər də var. Məsələn, Kafkanın əsərlərini oxuyub ordakı qəhrəmanlarla özünü eyniləşdirmirsən, ya da eyniləşdirirsən. Son dövrlər yaranan ədəbiyyatda mənfi emosiyalar, neqativ hallar daha çoxdur. Bu mənim əhvalıma, halıma uyğun deyil. Siqaret çəkənlər yaxşı bilər ki, tünd siqaret daha çox ləzzət edir. Bunu bədii ədəbiyyata tətbiq etsək, getdikcə daha çox dərinlərə baş vuran, dildə zənginlik edən əsərlər səni daha çox özünə cəlb edir. Və artıq yüngül ədəbiyyatı az oxuyursan. Sizə deyim ki, sovet dövründə yaşamış insanlar daha çox müsbət qəhrəmanlar, müsbət emosiyalar, müsbət arzular və xəyallar üzərində köklənirdi. Koroğlu da bu mənada mənə yaxın idi. Ümumiyyətlə, mən özümü daha çox özümə oxşatmağı sevirəm. Özümü qəhrəmanlarda deyil, qəhrəmanları özümdə tapıram. Ancaq konkret olaraq özümü hansısa obraza oxşada bilmirəm. Ola bilsin, bu eqoizmdir. Sonralar biləndə ki, mənim oxuduğum Koroğlu dastanı həqiqi dastan deyil, bir növ dastanın sovet ideologiyasına uyğun redaktə olunmuş surroqatıdır, həqiqi Koroğlu Herakldır, Herakl da Yer Oğludur və qədim türk mifologiyasının ən möhtəşəm qalıntılarındandır.

- O zaman yazılmayan qəhrəmansınız.

- Yazılmayan obraz ifadəsi mənim üçün təzə oldu. Yəqin ki, bizim də obrazımız hardasa yazılıb.

- Sizin bir az dalaşqan obrazınız var. Danışırlar ki, metroda özünü yaxşı aparmayan bir gənci başa salmısınız.

- Belə şeylər olub.

- Koroğluya burda bənzərliyiniz var.

- Bilirsiniz, Koroğlunun da özünəməxsus xüsusiyyətləri var. Dedim ki, o vaxt oxuyanda mənə bir cür təsir edib. Sonralar isə başqa cür. Uşaqlığımda Koroğlu dövrü ola bilsin ki, olub. Və nəsə qalıb o dövrdən. Ancaq Koroğlu dalaşqan olmayıb.

- Pənah bəy, keçmiş baş nazirsiniz. Bir neçə qərarınız haqda indi də danışılır. Məsələn, teatrlarla bağlı. Bir neçə teatrın yerində qalması, qalanlarının isə ləğv olunması... Deyibsiniz ki, müharibə aparan ölkədə bu qədər teatr nəyə lazım?

- Onu deyən qələt eləyir. Elə bir şey olmayıb. Bizim dövrümüz haqqında həmişə miflər danışılır. Mən eşitmişəm ki, guya Elmlər Akademiyanı da ləğv etmək istəmişəm. Ancaq teatrların ləğvi məsələsini birinci dəfə eşidirəm. Kim deyir bunu?

- O dövrdə yaşayanlar danışırlar.

- Olmadı. Bunun bir konkret mənbəyi olmalıdır axı. Bizim hakimiyyət dövründə teatrların bağlanması məsələsi hər hansı şəkildə gündəmdə olmayıb.

- Bəs Yazıçılar Birliyinin binasının Türkiyə səfirliyinə verilməsi? Deyilənə görə, Yusif Səmədoğlu bu məsələyə görə sizə zəng vurub deyib ki, AYB-nin binasını yazıçılardan alsanız, sizi tüfənglə vuracam.

- Bu da teatrların bağladılması kimi əsassız, boş şayiələrdir, bizə qarşı siyasi rəqiblərimizin uydurduğu hekayələrdir. Doğrudur, mən bir dəfə bir yaradıcı kollektivin məkanından çıxarılması məsələsini qaldırmışam və bu olub. Bu da bilirsiniz necə oldu? Məlumat verildi ki, KVN-çilərə Nazirlər Kabinetinin binasında yer ayrılıb. Mən demişəm ki, Hökumət binasında KVN olmaz. Onlara başqa, müstəqil və daha geniş yer ayrılıb.

- Hər halda bu şaiyələrin yayılması üçün heç əsas olmayıb?

- Bizim hakimiyyət dövrü çətin dövr idi, mürəkkəb dövr idi. Biz onda düşünürdük ki, hər şey dövlətin idarəsində olsa bu sovet zamanındakı kimi sifarişli ədəbiyyat olacaq, sifarişli mədəniyyət olacaq. Belə bir təsəvvür vardı ki, hər şey təbii olacaq, insanların özlərinin ədəbiyyata ehtiyacı olacaq, hər yazıçı, şair oxucusunu özü tapacaq, hər teatr özü tamaşaçısını cəlb edəcək. İqtisadiyyatda olduğu kimi rəqabət mədəniyyətin də inkişafının əsas mexanizmi olacaq. Mədəniyyətin, ədəbiyyatın dövlət tərəfindən subsidiyalaşması isə onu rejimin, siyasətin əlavəsinə çevirər. Aydın idi ki, həmin himayə məddahlıq mexanizminə çevrilərsə bu yolverilməzdir. Ancaq mədəniyyətin mövcudluğu və inkişafı üçün qeyri-dövlət institutlarının əmələ gəlmədiyi bir şəraitdə və ümumiyyətlə belə görünür ki, hər bir zaman bu və digər dərəcədə dövlətin himayəsinə ehtiyac var. Bu xüsusilə elitar mədəniyyətin mövcudluğu üçün zəruridir. O vaxt prezident Elçibəy bu sahəyə daim diqqət ayrılmasını tələb edirdi və olduqca çətin maliyyə durumuna baxmayaraq, Yazıçılar İttifaqına, digər yaradıcılıq təsisatlarına, yaradıcı jurnalların və kitabların çapına on milyonlarla vəsait ayrılması barədə çoxsaylı sərəncamlar vermişdi. İndi düşünürəm ki, o vaxt bütün çətinliklərə baxmayaraq müəyyən şəxslərə, yaradıcı birliklərə, şairlərə, yazıçılara, rəssamlara, musiqiçilərə daha çox qayğı lazım imiş.

- Pənah bəy, yəqin, yaxın olduğunuz, dostluq etdiyiniz yazıçılar olub.

- 80-ci illərin sonlarındakı məlum hadisələrlə bağlı milli istiqlal savaşının önündə həm də Azərbaycanın şair və yazıçıları, ziyalıları dururdu. Deməzdim ki, dostluq etmişəm, lakin o dövrdə qismət olub ki, İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Anar, Yusif Səmədoğlu, Vaqif Səmədoğlu, Əkrəm Əylisli, Sabir Rüstəmxanlı, Rüstəm Behrudi, Vaqif Bayatlı, Mövlud Süleymanlı, Fərman Kərimzadə, Nüsrət Kəsəmənli, Ağamalı Sadiq Əfəndi, Səfər Alışarlı kimi çox sayda yazıçı və şairlərimizlə ünsiyyətdə olmaq qismət olub. Dostluq deyəndə, mən bu sırada ehtiyatla Ramiz Rövşənin adını çəkə bilərəm, onu da münasibətlərin çox sonrakı dövrlərinə aid edərək. Bilirsiniz, ümumiyyətlə bu adını çəkdiyim və çəkmədiyim yazıçı, şairlər xüsusi bir insan növləridir. Biz Səməd Vurğunu görməmişdik. Amma Vaqif və Yusif Səmədoğluyla ünsiyyətdə olanda artıq hiss edirdin ki, burda nəsə tamam fərqli, genetik bir keyfiyyət, xassə var. Biz bəzən dahiləri tarixdə və qıraqda axtarırıq. Ancaq Ramiz Rövşən dövründə yaşadığımızı da deməkdən çəkinməməliyik.

- Bu gün mütaliəyə nə qədər vaxt ayıra bilirsiniz?

- Son dövrdə daha çox siyasi, tarixi, publisistik ədəbiyyat oxuyuram, 80-90-cı illərin dövri mətbuatına baxıram. Bizim inqilabımız və hakimiyyətimiz haqqında yazı üzərində işləyirəm.

- Memuar?

- Yox. Keçən əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəllərində baş verən hadisələr haqqında mənim həqiqətlərim barədə. Ancaq istəyirəm həm də obyektiv və elmi olsun. Televiziya, internet, ümumiyyətlə vizual məhsullar çox, bəzən də görürsən ki, hədər vaxt alır. Yuxarıda qeyd etdiyim yazı üzərində işləməyə başlayandan Dostoyevskinin “İfritlər”ini bir də oxudum. Qəribə gələr sizə, həm də Luiss Kerolun “Alisa möcüzələr ölkəsində” əsərini də oxumağa ehtiyac hiss etdim. Daha sonra təəssüf bizdə kitab şəklində olmayan, “Alisa güzgünün içində”ni də internet variantına baxdım. Təmizlənmək, öləndən sonra təkrar-təkrar dirilmək üçün Fizulinin “Leyli və Məcnun”unu və Ramiz Rövşənin “Nəfəs”ini, Tofiq Fikrətin şerlərini hər gün olmasa da müntəzəm oxumağa yanğı gəlir. Axırıncı oxuduğum Mehriban Vəzirin “Mister Listi və...”dir. Əkrəm Əylislini yenidən oxuyuram.

- Bəs heç özünüz şeir, hekayə yazmısınız nə vaxtsa?

- Şeir yazmayan azərbaycanlı tanımıram (gülür). Həbsdə yazmışam. Həyat yoldaşım üçün yazmışam. Çap olunmaq üçün yox. Məxsusi, özəl.

- Həbsdə kitab oxuyurdunuz?

- Çox. Bizim kolonda yaxşı kitabxana vardı. Həm də hər həftə evdən kitab gətirdirdim. Dostlar da göndərirdi.

- Sevdiyiniz yazıçılar kimlərdi? Dünya ədəbiyyatından...

- Servantesin “Don Kixot”u, Rablenin “Qarqantua və Pantaqruel”i, Covanyolinin “Spartakı”, Dümanın bütün əsərləri, M.Qorki, Tolstoy, Merejkovski, Ayzek Azimov, Rey Bredberi, Oruel, Viktor Yerofeyev, Platonov, Zamyatin, Bulqakov və əlbəttə ki, böyük Dostoyevski... Bilirsiniz yuxarıda dedim ki, mənim oxucu zövqüm çox qarışıqdır. Şerlok Holms və Puaro haqqında əsərləri sevə-sevə oxuyan adam, eyni həvəs və ehtirasla Kafkanı və ya “Qızılgülün adını” oxuya bilərmi? Mənim cavabım odur ki, oxuya bilər. Məsələn, mən Orxan Pamuku oxudum. Ancaq “İncə Məmməd” qədər, yaxud Əziz Nesinin “Kor döyüşü”ndəki kimi təsirlənmədim. Ancaq Orxan Pamuk Yaşar Kamaldan zəif yazıçıdır iddiasında da deyiləm. Mənim təəssüratıma görə Anarın “Dantenin yubileyi” və Soljenitsinin “İvan Denisiçin bir günü” eyni şəkildə qalıb. Sovet dövrünü yaşamayan oxucu bunu necə duya bilər? İndi Cənubi Amerika nəsri, ingilisdilli yapon nəsri, Çin nəsri dəbə minib. Mən deyək ki, Markes istisna olmaqla bu nəsri o qədər də anlamıram, sevmirəm, bu əsərlərlə yaşaya bilmirəm.

- Bəs müasirlərdən kimləri oxuyursunuz?

- Bizim postmodern ədəbiyyat da yaxşı halda Markesin və Viktor Yerofeyev səviyyəsində bayağı erotik rus nəsr dilinin plagiatından o tərəfə gedə bilmir. Ancaq Mövlud Süleymanlının hələ 80-ci illərdə yazılmış Azərbaycan postmoderninin şedevri sayıla bilən “Uzundərə”si diqqətdən kənarda qalıb. Bilirsiniz, yaranışı və süqutu yazılı mənbələrlə tam şəkildə izlənən yeganə sivilizasiya Roma sivilizasiyasıdır və həm də onun tərkib hissəsi olan Qədim Roma ədəbiyyatıdır. Qədim Roma imperiyasının son dövr ədəbiyyatının dili eynən indiki pornoqrafik ədəbi leksikanın, süjetləri də indiki süjetlərin eynidir. Bu onu göstərir ki, “müasir ədəbiyyat” nə isə köhnənin ölümü və yeninin doğuluşunun nişanələridir. Yeni hələ doğulmayıb, köhnə isə çürüyüb və üfunət saçmaqdadır. Üfunətdən həzz alanlar da var.

# 2220 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #