Qatil qadının iyirmi illik seks həsrəti – Tural Şahtaxtinskidən hekayə

Qatil qadının iyirmi illik seks həsrəti – <span style="color:red;">Tural Şahtaxtinskidən hekayə
18 iyul 2016
# 20:00

Kulis.Az gənc yazar Tural Şahtaxtinskinin “Nina” hekayəsini təqdim edir.

O, həmişəki kimi həmin gün də sübh çağı yatağından qalxdı, güzgünün qarşısında xeyli bəzəndikdən sonra Ninanı səslədi.

Əllərinin əsməsinə, gözlərinin zəifləməsinə baxmayaraq, Firəngiz gənclik illərində olduğu kimi saatlarla güzgü qarşısında dayanmağı, bəzənib-düzənməyi, özünə uzun-uzadı təriflər söyləməyi çox sevirdi.

Onun uzun, qara saçları çoxdan ağarmışdı, gözlərinin rəngi solmuş, üzünün qırışları isə gənclik illəri ilə müqayisə etsək az qala tanınmaz hala salmışdı. Bir zamanlarkı şux dodaqları indi büzüşərək sallanırdı, ötəri baxanda elə zənn edərdin ki, alt dodağı çənəsinə dəyir.

Nə az, nə çox, düz otuz il tək yaşadıqdan sonra Nina ilə həyatında yeni bir səhifə açmışdı Firəngiz. Nina bir il idi ki, onun ən yaxın dostu idi.

Firəngiz onunla gözəl və rahat bir həyat yaşayırdı.

***

- Nina, axı sən hardasan?! Mən səni gözləyirəm, mən səni çağırıram və sən gəlmirsən... Nina, axı biz artıq getməliyik, gəl bax gör necəyəm mən?!

Firəngiz boğuq və xırıltılı səslə, güc-bəla ilə danışsa da, Ninanı çağırmaq fikrindən dönmürdü, buna baxmayaraq, onu nə qədər səsləsə də, Nina gəlib çıxmırdı. Bunu görüb ayaqqabılarını əsəbi şəkildə çıxararaq birbaşa onun otağına getdi.

Qapının qarşısında iri bir güzgü vardı, daha doğrusu, iyirmi il əvvəl evdən atdığı şkafın güzgülü qapısını söküb saxlamışdı, elə o vaxtdan da bayır qapısının qarşısında dururdu.

Yataq otağına göz gəzdirdikdən sonra geri qayıdıb, Ninanı yan otaqda səliqə ilə yerə düzülmüş paltarların arasında axtardı. Paltarlar yerdən düzülmüşdü, o isə aydın məsələdir ki, çox aşağı əyilə bilmirdi, başını azacıq aşağı əyən kimi, gözləri torlanır, üzü qıpqırmızı qızarırdı.

Aşağı əyilə bilmədiyi üçün bir zamanlar gözəlliyi ilə göz oxşayan, amma indi quruyub çöpə dönmüş ayaqlarını işə saldı, ayaq barmaqlarının ucu ilə onları sağa-sola tərpətməyə başladı. Düzdür, paltarlar çox yüngül idi, buna baxmayaraq onları güclə tərpədə bilirdi. Ona elə gəlirdi ki, Nina məhz paltarların arasında gizlənib. Ancaq Ninadan yenə də səs-soraq çıxmadı. Bu dəfə tam arxayın olsun deyə, divardan tutaraq, asta addımlarla paltarların üstünə çıxdı, onları qurumuş ayaqları ilə ehtiyatla ayaqlamağa başladı. Əməlli-başlı təngnəfəs olmuşdu, divardan tutmasaydı, yəqin çoxdan müvazinətini itirər, yerə yıxılıb qalardı.

Bundan da bir iş çıxmadığını görüncə, hövsələsi daraldı, qəzəblə paltarlara tüpürdü, sanki Ninanın acığını onlardan çıxırdı...

Bundan sonra bir az sakitləşdi.

***

O, asta və ağır addımlarla bütün evi dolaşdı, hər künc-bucağa baxdı, amma di gəl Ninadan bir əsər-əlamət tapmadı. Getdikcə nəfəs alması daha da çətinləşirdi, köksü ağır-ağır enib-qalxırdı, sanki sinəsində qurbağa atılıb düşürdü.

Güc-bəla ilə evin hər tərəfini axtardıqdan sonra yenidən qapının qarşısına qayıtdı. Ayaqlarını sürüdükcə çürümüş taxta döşəmə əsirdi, ikisi də xəfif bir küləklə budağından qopub düşəsi yarpağa bənzəyirdi.

Ayaqqabılarını geyindikdən sonra nəyə görəsə onları bir yaxşıca təmizləmək qərarına gəldi.

Son zamanlar evin hər künc-bucağını, otaqlardakı əşyaları gərəksiz yerə təmizləməkdən xoşu gəlirdi, baxmayaraq ki, bu, onun üçün olduqca məşəqqətli bir iş idi!

Əllərini güclə tərpədər, ürəyi xəstə olduğu üçün tezliklə tövşüyər, amma təmizlik işindən vaz keçməzdi, ta o vaxtacan ki, nəhayət, yorulub tamamilə əldən düşər və yatardı, oyandıqdan sonra isə yarımçıq qoyduğu işi unudardı.

Hə, yaddaşsızlıq... Bəzən yemək yeməyi belə unudur, özü bir yana, Ninanı da ac qoyurdu.

Ninanın nazını çəkməkdən, ona qulluq etməkdən zövq alsa da, bəzən onun ac qalmasına səbəb olduğu üçün özünü bağışlaya bilmir, özünə acıqlanırdı.

Unutqanlıq onun həyatına yeni daxil olan bir xəstəlik idi.

***

Yorğunluqdan gözləri açılmırdı, buna baxmayaraq, Ninanın həyətdə olduğunu düşünüb bayır qapısını açdı, ayaqlarını arxasınca sürüyə-sürüyə həyətə düşdü.

Düzünə qalsa, ötən bir il ərzində başına ilk dəfə belə bir hadisə gəlirdi, odur ki, nə edəcəyini bilmirdi.

Bir sözlə, Firəngiz həmin gün ancaq Ninanı axtarmaqla məşğul oldu, amma çifayda!

Ninanın itkin düşməsi onu əməllicə sarsıtmışdı, sanki Nina onun bütün ömrünü əlindən alıb getmişdi. Kədərli olduğu qədər də qəzəbli idi. Öz-özünə tez-tez və acıqlı şəkildə təkrarlayırdı: “Axı niyə getdin?!”

***

Gecə. Firəngiz yatağın sağ küncündən yuvarlanıb ağzı üstə yerə dəydi, sonra düşdüyü yerdəcə çapalamağa başladı. Sanki indicə nəfəsi kəsiləcəkdi. Bütün bədəni tər içində idi, əlləri ilə taxta döşəməni bərk sıxır, sonra dırnaqları ilə onu qaşıyırdı.

Yaşlı qadının zarıltısı onsuz da boş və qaranlıq evi daha da vahiməli edirdi. Amma bu, çox çəkmədi, Firəngiz elə düşdüyü yerdəcə yuxuya getdi.

Onun otağı gecələr lap qaranlıq olurdu. İllər əvvəl otağının pəncərəsini tünd qara rənglə boyamış, pərdələri söküb atmışdı. Eyni zamanda pəncərədən baxmağa qorxduğu üçün onu mismarlamışdı.

İkinci otaqda isə yalnız stol və iki stul, bir də yerə səliqə ilə düzülmüş paltarlar gözə dəyirdi. Firəngiz hər il evində olan əşyaları bir az da azaltmış, beləcə, ev indiki bomboş vəziyyətə düşmüşdü. Qocaldıqca evdəki əşyalar sanki ona ağırlıq gətirir, evdən atdığı, boşaltdığı hər əşya ilə sanki o da yüngülləşir, rahatlayırdı.

****

Səhər açılanda Firəngiz nə əvvəlki kimi yerindən qalxıb bəzəndi, nə də Ninanı səslədi. Gözünün birini açıb yatağın sağ ayağına zillədi və nəsə danışmağa başladı. Dodaqlarının yarısı yerə yapışmış halda açılıb-yumulur, ancaq səsi çıxmırdı. Uzun müddət beləcə qalıb öz-özünə nələrsə danışdıqdan sonra başını ağır-ağır qaldırıb pəncərəyə baxdı və nəyisə saymağa başladı. Bu zaman sol əlini pəncərəyə doğru uzadıb haranısa işarə edir və sayırdı: bir, iki, üç, dörd...

Bu minvalla səkkizə qədər saydı. Səkkizdən sonra isə sayı unudub yenidən birdən saymağa başladı. Bir neçə dəfə bunu təkrarladıqdan sonra, gözlərini yumub yenidən yuxuya getdi.

***

Hardasa üç saat sonra yuxudan ayılan kimi yerində qıvrılmağa başladı, sanki onu nəsə narahat edirdi. Aha, deyəsən tapıb! Ayaqlarının arası islanmışdı, təbii ehtiyacını yerin içindəcə ödədiyi üçün həm sidik altına yayılmışdı, həm də qoxusu otağı bürümüşdü.

Bir neçə dəqiqə bu vəziyyətdə qaldıqdan sonra yerində qurcalandı, yenidən gözlərini yumdu və yuxuya getdi.

***

Firəngiz gecənin bir yarısı yuxudan oyandı, artıq bir gün idi ki, yataqdan qalxa bilməmişdi. Sidik iyi indi bütün evə yayılmışdı.

O, yatağın ayaqlarından tuta-tuta yerindən qalxıb, birtəhər mətbəxə keçdi, bir stəkan su və bir dilim çörək götürüb tualetə girdi, paltarını soyunmadan tualetdə oturub sudan bir neçə qurtum aldı, sonra çörəkdən bir dişlək qopardı, elə bu vaxt da nəcisi ilə paltarını batırdı. Çox keçmədən tualeti bürüyən üfunət qoxusu onun ürəyini bulandırmağa başladı, bir dəqiqə sonra öyüyərək qusmaqda və üst-başını batırmaqda idi.

Stəkan və çörəyi yerə ataraq, ayağa qalxıb birbaşa yatağına getdi. Gözlərini tavana zilləyib öz-özünə danışmağa başladı:

- Birinci səni çıxaracağam, sonra səni, sonra isə ən aşağıda duranı.

Birdən qəfil pəncərəyə baxdı və davam etdi:

- Hə, hə, səni də çıxarıb atacağam, sonra isə sənin yanında olanı! Gör neçə ildir ki, bir yerdəsiniz, yəqin artıq bundan bezmisiniz. Hə, hamınızı çıxarıb atacağam, yenilərini vuracağam, özü də elə indi! Elə bilməyin ki, bunu bacarmaram. Lap yaxşı bacararam! İndi özünüz görərsiniz.

Onun boğuq və xırıltılı səsini eşitmək üçün gərək qulaqlarını düz ağzına tutaydın. İnanın, bayırda əsən həzin küləyin səsi belə ondan daha aydın eşidilirdi.

O, illər əvvəl pəncərəsinə vurduğu mismarlarla danışırdı, amma mismarları görmürdü, çünki onların üzərini də bütün pəncərə kimi qara rəngə boyamışdı, otaq isə heç nəyi görməyəcək qədər qaranlıq idi.

Eyni sözləri təkrarlaya-təkrarlaya yuxuya getdi.

Sanki Firəngizin bütün beyni dəyişmişdi, o, artıq Ninanı da xatırlamırdı. İki gün öncə evdən yoxa çıxan Ninanı elə həmin gecə unutmuşdu.

Firəngiz illərdir çəkdiyi təkliyin əzablarını yaşayırdı, o, Nina ilə yaşadığı bir ili artıq xatırlamırdı. Sanki o, bütün ömrü boyu bu evdə təkbaşına yaşayıb.

Sanki bu ev başından bəri boş olub. Bomboş.

***

Növbəti gün səhər yuxudan ayıldıqda bədənindən gələn iyrənc qoxuya dözməyib yenidən yerinin içinəcə qusdu, sonra əli ilə qusuntunu təmizləməyə çalışdı.

Uzun ağ saçlarının bulaşdığı qusuntu qurumuş və saçlarını bir-birinə yapışdırmışdı.

Ayağa qalxıb, pəncərəyə doğru getdi. Bu vaxt halsızlıqdan yerə sərildi, başı yerə möhkəm dəydiyindən ağrıya dözə bilmədi və ağladı.

Ağrılara dözməyib ucadan qışqırır, eyni zamanda yorğun bədənini pəncərəyə doğru yerlə sürüməyə çalışırdı. Burnunun suyu üzünə yayılmışdı, gözlərinə qan yığılmışdı, alnından süzülən tər gözlərinin kənarı ilə axıb yerə damcılayırdı.

Çox keçmədən Firəngiz elə yerdəcə yuxuya getdi.

***

Üç gün beləcə davam etdi...

Ev qusuntu və nəcis qoxusundan, sidik iyindən tamamilə dözülməz olmuşdu.

Dördüncü gün sübh tezdən Firəngiz yataqdan qalxıb hamama getdi, soyuq suyun altında titrəyə-titrəyə yarım saata yaxın yuyunduqdan sonra evi təmizləməyə başladı. Sanki canına gümrahlıq gəlmişdi, amma bir müddət sonra təmizlik işi yenidən onun nəfəsini kəsməyə başladı. Əslində, buna təmizlik də demək olmazdı: sadəcə, iy verən yorğan-döşəyi yataq otağından sürüyə-sürüyə hamama apardı, bir də əynindəki paltarları dəyişdi.

Firəngiz bütün bu işləri görüb qurtaranda artıq gecə düşmüşdü. Amma gözlərinə yuxu getmirdi. Divarlardan tutub birtəhər həyətə çıxdı, buradakı skamyada əyləşib evinin pəncərəsinə baxmağa başladı. Onu nəsə qorxudurdu. İki dəqiqədən bir bədənindən titrəmə qalxırdı, sanki onu toka verirdilər. Dodaqları titrəyir, gözləri tez-tez yumulub-açılırdı.

Qəfildən yadına nə isə düşdü, dodaqlarının altından mızıldana-mızıldana, birtəhər pəncərəyə doğru getdi

- Hə, indi görərsiniz! Hə, elə indi!

Ağzını güc-bəla zorla açsada dilinin altında bu sözləri deyinirdi.

Pəncərənin qarşısına çatanda geri qayıtmaq qərarına gəldi. Yenidən gəlib skamyada oturdu.

Bu zaman bir az aralıda pişik gördü, pişik göründüyü kimi də bir andaca gözdən itdi. Firəngiz onun yenidən gözə dəyməsini gözlədi, bu vaxt artıq bədəni də xeyli sakitləşmiş, əsməcəsi getmişdi. Firəngiz pişiyin gəlmədiyini görüb onun gözə dəydiyi yerə doğru getdi. Ağır-ağır addımlarla pişiyin soxulduğu kolluğa doğru irəlilədi, kolluğa çatıb dayandı, çətinliklə də olsa, bir azca aşağı əyilib əlini kolların arasına saldı, axtarmağa başladı. Birdən sanki pişiyi tutubmuş kimi dayandı, gülümsündü, amma sonra yenidən axtarmağa davam etdi.

***

Firəngizin üzü gülürdü. O, bir neçə günün əzabını tamamilə unutmuşdu, hətta sabaha qədər sevincdən gözünə yuxu getmədi.

Yazıq qadın nəhayət ki, Ninanı tapdığını düşünür, ona oxşatdığı pişiyin qarşısında dayanıb gah onu neçə gündür yoxa çıxdığı üçün ötkəm səslə danlayır, gah da şirin dillə heyvanın könlünü almağa çalışırdı.

Halbuki bir az diqqətlə baxsa, qarşısındakı pişiyin heç də Nina olmadığının fərqinə varardı.

...Firəngizin gözlərinə səhərə yaxın yuxu getdi, cəmi iki saat yatdıqdan sonra - həmişəki saatda oyanıb birbaşa güzgünün qarşısına keçdi, bəzənib-düzənməyə başladı.

***

- Nina, gəl gör necəyəm?! Nina, axı biz getməliyik, mağazaya isti çörək gəlib. Nina, səninləyəm!

Firəngiz pişiyin gəlib çıxmadığını görüb otaqlarda onu axtarmağa başladı, axırda onu hamamda tapdı.

- Həə, deməli, sən çimmək istəyirsən. İndi mən səni çimizdirərəm, Nina!

Su çox soyuq idi, Firəngizin əlləri az qala donurdu. Pişik isə onun əllərinin arasından sivişib çıxmağa çalışırdı.

- Nina, hara qaçırsan? Axı sən özün dedin ki, çimmək istəyirsən.

Birdən o, əlindəki pişiyi soyuq suyun altında var gücü ilə sıxmağa başladı.

- Nina, səni bir dəfə öldürdüm, amma sən yenə məndən əl çəkmək istəmirsən! İndi səni elə boğacağam ki, bir də çətin dirilə biləsən.

Daha sonra qadın artıq Ninanı öldürdüyünü düşünüb sakitləşdi, suyu açıq şəkildə qoyub yataq otağına keçdi.

Beş gün əvvəl gecə yarı da belə olmuşdu: Firəngiz Ninanı suda boğub öldürmüşdü.

İndi qadın bunu əsla xatırlamırdı, sadəcə, nəyə görəsə ona belə gəlirdi.

***

İki gün sonra Firəngiz yenə güzgünün qarşısında Ninanı səsləyirdi, amma yenə pişikdən səs-soraq çıxmadı.

İşi belə görən qadın ayaqqabılarını çıxarıb yataq otağına qayıtdı, yatağa girib ağlaya-ağlaya, Ninanın yenidən onu tək qoymasından şikayətlənə-şikayətlənə yuxuya getdi.

Yuxudan oyandıqda yatağını islatdığını görüb əsəbiləşdi, daha sonra acıqla Ninanı səsləməyə başladı.

Yerinin içində bir müddət hərəkətsiz qaldıqdan sonra əvvəl döşlərini sıxıb saxladı, sonra əllərini döşlərindən çəkib soyunmağa başladı. O, yerinin içində soyunduqca bataqlıqda boğulan insanı xatırladırdı, sanki xilas ola bilmək üçün çapalayırdı.

Əynindəki bütün paltarları çıxarıb, lüt-madər qaldıqdan sonra xeyli sakitləşdi, əllərini yanına salıb dərin bir nəfəs aldı.

Bir müddət beləcə tərpənməz dayandıqdan sonra sağ əlini yavaş-yavaş bədənində gəzdirməyə, ardınca isə sol əli ilə sallanmış sağ döşünün üstündən basmağa başladı. Sonra sağ əlini aşağı, cinsiyyət orqanına doğru apardı. Onu yavaş-yavaş, barmaqlarının ucu ilə tərpədirdi. Az qala nəfəsi kəsiləcəkdi, bütün bədəni tər içində idi, göz yaşları dayanmaq bilmirdi.

Qəfil özünü yataqdan yerə atdı, sol əli ilə çürümüş taxta döşəməni qazımağa başladı. Sağ əlinin barmaqlarını isə dayanmadan cinsiyyət orqanının içinə soxub çıxarırdı.

Bir az da belə davam etdikdən sonra heydən düşüb yatdı...

***

...Uzun illərdir heç bir kişi ilə yatmadığına görə özünə dəhşətli dərəcədə qəzəbli idi, həmin an da iyirmi illik seks həsrətinə son qoymaq istəmişdi.

Bunu bacarmışdımı, demək çətindir.

Çünki Firəngiz yuxudan bir daha oyanmadı.

# 7624 dəfə oxunub

Oxşar xəbərlər

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

17:00 28 noyabr 2024
"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
#
#
# # #