Kulis.az şairə Xuraman Hüseynzadənin yeni şerilərini təqdim edir.
Kağız kəpənəklər
Həmin gün
qara-qara buludlarla naxışlanırdı
göy üzünün yaxası
və
külək
yağan qarı
duz kimi çevirirdi Bakının başına...
Metro qarşısında limon satan qadının
yırtıq ayaqqabılarından ayağına dolurdu qar
açıq qapıdan evə girən oğru kimi...
Üzünün, əllərinin qırışlarına toxunurdu əvvəlcə,
sonra ürəyinin sarı siminə.
Ayaqları donan qadının
ürəyi yanğın yeriydi.
Qar yağırdı həmin gün...
İşıqpulu, qazpulu borclarımızın yazıldığı kağızları
külək
qapıya sancıldığı yerdən çıxarıb
uçurdurdu havada
kəpənək kimi...
“Kağız kəpənəklər”
qar dənələrinə qarışırdı...
Qəzada yaralanıb sarğı otağından çıxmış
adamlara bənzəyirdi
gövdəsi, budaqları qarla sarılmış çılpaq ağaclar...
Təkcə uşaqlar sevinirdi qışa
soyuğu almadan veclərinə
çıxardırdılar qarın dadını
Şaxtayla əlbəyaxa olmuş qadına heyrətlə baxaraq...
İsti evlərinə tələsən adamların
xəbəri yox idi ancaq
soyuqdan betər
limonların işığı üşüdür
metro qarşısında
müştəri səsləyən qadını...
Bir ovuc arpa
Anasının qoynuna sığınan körpə kimi
buludların arxasına sığınıb ay...
Otağımda sükut var
sanki səssizliklə boyanıb divarlar
hərdənbir səslər qopur gecənin bağrından
Hardasa uzaqdlardan gəlir gecəyə keşik çəkən itlərin səsi...
Göy üzünə dən kimi səpilib
ulduzlar.
Bir azdan gecənin bağrı yarılacaq
bir ovuc arpa kimi dağılacaq
yuxusu gecələrin
Yorğun külək
Külək səbirsiz-səbirsiz elə əsir...
İllərlə qürbətdə can çürüdən
qəribdi sanki
evinə çatmağa tələsir.
Hardasa bir ağacı ayırır torpağın bətnindən,
çiçək-çiçək ümidləri
qırılır ağacın
Bir-birinə calanmış, yamanmış elektrik naqillərinin
qırılıb başına düşəcəyindən qorxur
sağ ayağını
indi düşmənin at oynatdığı yurda əmanət edən Səməd kişi...
Düşmən gülləsindən qoruduğu canı
nazik bir telə qurban verəcək?
Bir ayağa qalıb ümidi
onu da
əsən yelə qurban verəcək?
Dərsini bilməyən uşaq kimi
tir-tir əsir külək...
Kimdən qorxur,
nədən qorxur?
Qorxduqca
daha da qorxulu olur...
Küləyin şiddəti artdıqca
artır həyəcanı, artır təşvişi,
qoltuq agacıyla asfaltı döyə-döyə
evinə tələsir Səməd kişi...
Bəs sən necə sevirsən?
Sən məni
mən səni sevən kimi yox,
başqa cür sevdin...
Amma sevdin, bilirəm...
Elə ki yadıma düşürsən
dərdlərimi unuduram
Harasa tələsəndə
açarı, telefonu evdə unutduğum kimi...
Adamlar gəzir şəhərdə
Tək-tək, iki-iki, üç-üç, bir az da çox...
Təklər bu zaman tənha olur,
sanki kimsəsiz olur...
Çoxlar dərya olur, dəniz olur.
İkilərin, üçlərin və daha çoxların arasında
gözlərim gəzir səni
Yerə dağılan mirvari boyunbağının
dənələrini gəzən kimi...
Mən səni belə sevirəm,
bəs sən necə sevirsən?
Qağayılar gölə gəlməz,
dənizə gəlməz ördəklər...
Hərənin öz vətəni var,
mənim vətənim sənin gözlərindi
özümü axtardığım, özümü gəzdiyim gözlərin
baxıb, baxıb özümdən bezdiyim gözlərin
Hər yerdə səni görmək istəyirəm
Qoy qərib desinlər, didərgin desinlər, eybi yox...
Mən səni belə sevirəm...
Bəs sən necə sevirsən?
Nə deyim ki başqa?
Küçəmiz darıxdı
sənin ayaq izlərindən ötrü...
Otları uzanan küçəmizdə, mamırları çoxalan küçəmizdə
təkcə bir cüt ayaq izi azaldı
sən gedəndən...
Qara it hürməyi tərgitdi
xallı pişik adamlara yovuşmağı
çiçəkləri darıxıb-darıxıb soldu
biz ayrılandan...
Telefonumu toz əsir alıb
küçəmizi alaq
ürəyimi tənhalıq
ruhumu sükut...
Nə deyim ki başqa
Geriyə dönəsən?..
Ümidsizlik
Unut xəstə ananın,
Dünyadan səndən nigaran köçmüş atanın
bir zamanlar sənə verdiyi adı
unut
həyatın sənə verdiyi
“dilənçi qız”
adını bağrına bas
və heç vaxt unutma...
Hər gün insan adlı ümidin arxasınca
düşürsən
yanından etinasız ötən
simic,
kasıb,
çarəsiz insanlar
özləri boyda ümidsizlik...
Bütün gün ovucların
üzü Tanrıya açılmaqda...
ümidsizliklə rastlaşanda
evinə çörək
anana dərman aparmayanda
bükülmür ovucların, barmaqların,
yumruğa dönmür əllərin
göyə baxır,
Tanrıya baxır...
Bağışla
dilənçi qız,
sənə pul versəm
evə piyada gedəm gərək
Cibimdəki son ümidlə dayanacağa
tələsirəm
mənim də əsl adım
Ümidsizlikdir...