Dünyanın ən yaxşı qatili – Orxan Saffari yazır...

Dünyanın ən yaxşı qatili – <span style="color:red;">Orxan Saffari yazır...
9 aprel 2019
# 13:28

Kulis.az gənc yazar Orxan Saffarinin “Dünyanın ən yaxşı qatili” adlı yeni hekayəsini təqdim edir.

...Kirli saqqalı ta sinəsinəcən uzanır, ağ-qara saçları çiyinlərinəcən çatırdı. Əlinə də bir kötük alıb gəzdimi, elə bilərsən peyğəmbərdi.

Solğun, payız yarpağı sarısı saqqalı, günəşə bənzər sapsarı bığları, üst-başı toz-tozanaq, əl-ayağı yara, köhnə nimdaş pal-paltar olan bir qocadır Saşa. Əslində, ona qəhrəmanımız da demək istərdim. Amma həmişə Saşa kimi adamlar haqqında dırnaq arası qəhrəman deyiblər deyə, bu sözü dilimə gətirmədim.

Nədənsə, onu düşündükcə, gördükcə içimə sindirə bilmirəm heç cür. Onun haqqında "nə az nə çox" - da demək olmur.

Yekə bir otuz il...!

Bu, igid ömrü də deyil ki, deyəsən, belə. Nəsə, başqa bir ömürdür yazılıb Saşanın taleyinə.

Düz otuz il dəmir barmaqlılar arasında keçən ömür. Gənclik və qocalıq çağı arasında gedilən o boş yol, atılan lağım. Heç bilmirəm, nə ad verim bu taleyə.

Ona məncə, ən yaxşı söz bu olardı:

"Ömrüm bu dəmir barmaqlılar arasında bir nəğmə kimi ötüb keçdi".

Amma Saşanın nəğməsi dünyanın ən kədərli səsidir. Qalın bir not ahəngi ilə danışır. Xırıltılı səsinin arasında hər gün öz puç olmuş taleyini bəstələyir...

Düşünürəm. O, olmayalı nələr dəyişib, nələr olub. Müharibə də olub, sülh də. O, görmədiyi hər saniyə kimsə ölüb, kimsə doğulub. Heç Saşa özü də yaşamayıb, amma bunlar olub.

Dəyişməyən nələrsə də var, əlbət. Günəş haman günəşdi, külək hamanki tək əsir, yağış da yağır hələ. Bircə yollar dəyişib, günəşin kölgəsi başqa yerlərə düşür, yağış başqa çuxurlara dolur. Küləksə eynidi, əsir eləcə. Otuz il əvvəl necə əsirdisə, indi də elə əsir.

Saşa sevdiyi kim varsa ölüb. O, qoyub gedəndə əl boyda olan adamlar böyüyüb. Amma Saşa heç birini görməyib, heç nəyi bilməyib.

***

Artıq özünün taxtadan düzəltdiyi komada yurd salmış yazıq qocadan başqa heç kim deyil o. Burda günəşlənib, burda yağışlanıb, burdaca küləyin mehinə və şiddətinə məruz qalır. Çox olmaz burada yaşadığı. Həbsxanadan çıxdığı cəmi üç ildir. 30-un yanında 3 nə karədir?!

Atasından qalma evi onlar öləndə yaxın bir qohumu özününküləşdirib, satmışdı.

Azadlığa çıxanda da heç bir qohumu yiyə durmadı ona. Saşa özü də bəzi qohumlarını, yaxınlarını əməllicə unutmuşdu. Adını da, üzlərini də. 30 ildə heç kim yad etməmişdi axı onu. Hər şeydən xəbərsiz, hər şeyə tamarzı Saşa....

Bircə hər ay onun üçün həbsxanaya gələn yemək, siqaret, bəzən pal-paltar göndərən adam var idi. Onu da tanımır! Otuz il gizli davam etmişdi bu hal. Həbsxanadan olan zaman da öyrənə bilməmişdi. Kimsə gətirir verir, üstündə də hər dəfə qəribə məktublar olurdu;

"Nuş olsun bu ömür"

"Necəsən, gəlməyənim?!" - kimi!

"Heç çıxandan sonra da bilmədim. Bu barədə məlumatsızam" deyirdi Saşadan soruşanda.

Həbsdən çıxanda tanıdığı-bildiyi, onu tanıyan bilən kim var idisə, hamıdan soraqlamışdı. Amma bir Allah bəndəsi mən göndərirdim, göndərəni də bilirəm demədi.

İşə bax! Necə də qəribədir, səni bu dünyada düşünən bir adam olsun, sən isə onu tanıyıb-bilmə!

***

Arada o yaşadığı yerdən keçəndə söhbətləşirdim onunla. İçməzdi heç vaxt. Amma əvəzində çoxlu siqaret çəkirdi. Yenə sağ olsun, qonşular yemək verir, siqaretin alırdı. Hansı ki, o qonşuların da hamısını xatırlamırdı Saşa. Çoxusu ölmüşdü, bəziləri köçmüşdü. O gedəndə körpə uşaqlar indi o getdiyi yaşdadırlar...

Birini yaxşı tanıyırdı amma. Deyirdi, bu Sərvərin oğludur. Onun bir yaşını xatırlayıram. Qucağımda az oynatmamışam. İndi onun böyüməkdə olan uşaqları ora-bura qaçışır...

- Mənim bu hədər ömrüm, heçə qalan, puç olan ömrüm. Yoxa çıxmış arzularım, onda-bunda gerçəkləşən xəyallarım... - deyib doluxsunurdu hər dəfə.

İçindəki, gözündəki ah-naləni görməmək mümkün deyil.

Söhbət etmək istədinmi, danışardı hamıyla.

- Mən gedəndə dünya başqaydı, gələndə başqa. Hər şey dəyişib, hər şey. Gedəndə nələr vardı, gəldim, nələri gördüm. Maşınlar dəyişib, evlər dəyişib, nə varsa dəyişib. Adamlar.... onlar da dəyişib...Ən çox buna üzülürəm. İlahi, bunlar hamısı mənə dəhşətli bir kadr kimi gəlir. Elə bilirəm, bir filmin içindəyəm. İndicə kadr qurtaracaq. Amma olmur ki, olmur. Heç nə bitmir, heç nə olmur. Adamlar qayıtmır. Mən hər səhər gördüyün bu gün də oyanıram, bu gün də yatıram. Mən çoxdan ölmüşəm, çoxdan... - deyib, siqaretindən sümürürdü.

- Saşa necə oldu olanlar? Axı, niyə? - bilməyən bir adam sual verdimi, donub qalırdı bir anlıq.

Burada yaşanlar bilirdi başına gələnləri.

O qədər söz deyirdilər ki, onun haqqında.

"Onu sevgi o günə qoydu, qadın məhv elədi..."

Mən özüm də bilməyib soruşanlardan idim.

Donub üzümə baxmışdı. Sonra da siqareti siqaretə calayıb danışırdı ancaq.

- Saşa, kimin-kimsən yoxdurmu? Niyə burdasan? - soruşmuşdum xəbərsiz.

- Mən sevdiyimi öldürmüşəm! - xırıltılı bir səslə cavab verdi.

- Niyə?

- Öldürmüşəm deyəndə, tikə-tikə doğramışam. Öldürsəm nə var idi?...Hissələrə ayırdım. Bu dünyada ondan nəsə qalmağını istəməmişdim! Bir tikəsi belə...

Bu haqda həbsxanada düşünməyə çox vaxtım olub. Mən indi onu hissə-hissə xatırlayıram. Bir az ordan, bir az burdan.

Xəyanət üstündə etmişdim.

Elə bu sözündən sonra daha ona heç bir sual vermədim, udqundum. Qorxdum da deyə bilərik. Amma Saşa özü danışmağa başladı. İçimdən keçən bütün suallara özü cavab verdi.

30 illik susqunluğu hara sığdırsın bu adam?!

- İndi 3 ildir çıxmışam həbsxanadan. Çıxanda 60 yaşım var idi. 30 il də yatmışam. Haa, bağışla, otuz ildir ölmüşəm-deyib kürəyini divara söykədi. Siqaret yandırıb, dirsəklərini dizinin üstünə qoydu.

Barmağı ilə tərk edilmiş, uçuq-sökük bir evi göstərib, söhbətinə davam etdi.

Düz 30 il bundan qabaq, gördüyün o evin həyətində etmişəm nə etmişəmsə.

Onu elə bu yollarda sevmişəm, bu yollarda arxasınca düşmüşəm, o evə hər axşam özüm ötürmüşəm onu. Bura mənim üçün hər şeyin başlanğıcı və sonudur....

30 il əvvəl, 27 Mart.

Günorta saat 3. Onu ilk dəfə 30 il əvvəl saat 3-də vurmuşam. Bu da son oldu. Həyətdəcə doğradım, hissələrə ayırdım. Mənə xəyanət eləmişdi, xəyanət... - deyib, yenidən siqaretini alışdırdı. Ovcunun içi ilə hələ yaş axmayan gözlərini ovuşdurdu.

O, birinci içində ağlayırdı, sonra yaşarardı gözləri..

- Saşa, dəyərdimi? Məhv olub getmisən axı... - həlim bir səslə soruşdum.

Sanki bu sözümə bəndmiş kimi siqaretinin sonuncu qullabını da vurub, tüstünü yuxarı doğru buraxıb hönkürdü. Sonra da çığırdı. Körpə uşaq kimi çığırdı lap.

- Bilmirəəəəəəəm, bilmirəəəəəm, vallah bilmirəəəəəm.

Başını ovcunun içinə alıb o tərəf bu tərəf yellədib ağlayır, qışqırırdı.

Onu qucaqlayıb sakitləşdirməyə çalışsam da, sonrakı söhbətinə ağlaya-ağlaya, hönkürə-hönkürə danışdı..

- Onu öldürəndə iyirmi beş yaşı var idi, 25. Nə o gün görmüşdü, nə mən. Onu bir gün görməyə qoymadım, özüm də görmədim. İndi ondan geriyə bircə şəkildə yoxdu. Yaşasaydı, bu qırılmış əllərim olmayasaydı, indi artıq qocalmış bir qadın idi. Yaşatmadım. İçimə sığdıra bilmədim olanları.

Mən onu hər gün düşünürəm, hər gün görürəm. 25 yaşındakı siması nə türmədə, nə də oradan çıxdığım bu müddətdə məni tərk elədi. Daim əzab, daim kədər. Yatdım yuxuda gördüm, durdum yanımda hiss elədim. Ay Allah, mən nə elədim, nəəə?!

-Özümü də öldürə bilmədim heç vaxt. İstədim, ancaq olmadı, bacarmadım. Mənim gücüm elə sevgimə çatırmış.

Mən belə adam deyiləm. Mən necə adam öldürdüm, bilmədim. Bir anlıq bütün hisslərimə yenildim. Hirsim içimi dağıtdı..

-Saşa, heç bilmirəm nə deyim. Mən ilk dəfədir sənin kimi bir qatillə qarşılaşıram və həqiqətən içimdən nəsə demək gəlmir deyib, içimdə bu qəribəliyi düşünməyə başladım.

Üzümə baxıb gülümsündü.

Nə deyəcəksən ki?! Heç nə demə! Yaxşı oldu danışdım. Özümə gəldim bir az. Dolmuşdum çoxdandı-deyib ayağa qalxdı.

- Amma indi getməliyəm, bağışla... - deyib, ağac kötüyü əlinə alıb peyğəmbər simasını tamamladı.

- Hara gedirsən, Saşa? -deyə soruşdum.

- İndi onun evinə, onu öldürdüyüm yerə gedirəm. Sonra məzarına gedəcəm.

Elə dedi ki, bu sözü, içimi qəribə bir narahatlıq bürüdü. Ayağa durmağa hazırlaşanda, "mən 3 ildir hər gün belə edirəm. Bir dəfə də unutmadım onu, bir dəfə. Unutmayacam da" -deyib sonuncu yaşını da axıtdı gözlərindən.

- Yaxşı, Saşa, mən də gedim onda. Çox sağ ol söhbətə görə... - deyib yola düzəldim. O isə heç nə demədən üzünü çevirdi.

***

Amma gedə bilmədim. Onun taleyi məni arxasınca sürükləyirdi. Üzünü çevirən kimi arxasınca boylandım. O, sevdiyi qadının evinə tərəf ağır-ağır addımlamağa başladı. Mən isə onu pusa-pusa, xısın-xısın arxasınca gedirdim.

O, həmin evə çatanda duruxdum. Qəfildən qapının ağzında əyilib yerdən öpdü. Sonra da ayağa durub içəri keçdi. Zir-zibillə, daşla dolu olan bu tərk edilmişdi, dağılmış yerdə özü üçün balaca bir yeri təmizləmişdi. Ora-bura baxıb, həmin yerə uzandı. Sonra da gözlərini yumdu...

Mən isə qıraqdan baxır, olanları anlamağa çalışırdım. Deyəsən, cinayəti burada törətmişdi, sevdiyi qadını burada öldürmüşdü deyə burdaca uzandı.

***

Saat 3-ə yaxınlaşırdı. Bir neçə dəqiqə uzanıb susduqdan sonra qəfil ayağa durub həmin yeri tərk elədi.

Yenidən ağır-ağır addımlarla qəbiristanlığa tərəf yola düzəldi. Eləcə qıraqdan izləyirdim onu. Qəbirlərin arası ilə gedə-gedə gəlib köhnə baş daşılı bir məzara yaxınlaşdı. Heç nəyə fikir vermir, heç yerə baxmırdı. Həmin an elə bil zaman durmuşdu. Gözünü ancaq qəbir daşındakı şəklə zilləyir, bığının altında nəsə mızıldanırdı.

Bir neçə dəqiqə belə etdikdən sonra hönkürüb məzarı öpməyə başladı. Başına fırlanıb əlini əlinin üstünə vura-vura ağladı. Sonra da o tərk edilmiş evdə etdiyi kimi məzara uzandı. Mən ondan bir az aralıda necə için-için ağlamağını eşidirdim.

***

Daha hər şey aydın olmuşdu. Təəssüf etməkdən başqa əlimdən bir şey gəlmirdi mənim də. Geri qayıtmağa hazırlaşanda isə gözüm məzarların arasından Saşaya baxan başı kəlağayılı o qoca qadına sataşdı.

Gizlincə, qorxa-qorxa uzaqdakı məzarların arasından ona baxırdı.

O, Saşanı sevən, otuz ildir onun yanına siqaret, yeyib-içmək göndərən qadın imiş..

"Nuş olsun bu ömür"

"Necəsən, gəlməyənim?!"

# 4481 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #