Mənim adım hər qadının sinəsinə yazılmaz – Elvindən YENİ ŞEİRLƏR

Mənim adım hər qadının sinəsinə yazılmaz – <span style="color:red;">Elvindən YENİ ŞEİRLƏR
18 yanvar 2018
# 15:03

Kulis.az gənc şair Elvin Bakiroğlunun yeni şeirlərini təqdim edir.

1.

ahım da tutmaz səni -

gəlib oxşar saçını.

mən dilənçi deyiləm,

əlim sənə açılır.

əllərim əllərinin

ayağına sərilir.

görürsən ki hər dəfə

sənin işin görülür.

mən sənin gözlərinin

qabağında ölmüşəm.

mən sənin əllərinin

ayağında ölmüşəm.

can da çıxıb qutarmaz,

canım çıxıb çoxalar.

ürəyin daş bağlayıb,

ürəyini ovxala.

ovxala ürəyinin

boş olan tərəfini.

ovxalayıb təmizlə

adımın baş hərfini.

itim də hürməz sənə -

dilinə de hürməsin.

dodaqlarına tapşır

üzümə tüpürməsin.

dodaqların üstümə

birləşib gələ bilər.

dodaqların üzümdə

vurulub ölə bilər.

daşım da dəyməz sənə -

havadaca asılar.

qovuşmasaq, bu dua

hər ağaca asılar.

hər ağacın budağı

yarpaqlar adımızı.

hər payız əzbərləyər

torpaqlar adımızı.

çiçək-çiçək dolaşıb

arıların dilində.

görüş-görüş gəzərik

cavanların əlində.

bax ha, ehtiyatlı ol,

çiçək var ki ev yıxar.

birdən onun aldığı

güldən adımız çıxar...

2.

mənim adım hər qadının sinəsinə yazılmaz,

adım sənin necə qondu sinənə?

məni niyə belə rahat buraxdın

darmadağın, yerlə yeksan, gecəqondu sinənə?

kişi qadın, adam qadın!

sevginin diqqət, yastığın vicdan olduğunu xatırladan qadın...

indi mən xoşbəxt olmaq üçün yox,

xoşbəxt etmək üçün yaşayıram

təqvimin son yarpağını.

səndən öyrəndim insanlığın müqəddəsliyini,

səndən öyrəndim kişiliyin hamılığını,

qadınlığın heç kəsliyini.

tənha qadın, divar qadın!

gecənin qaranlığına hönkürən canavar qadın...

gözlərin səhərin ilk işıqları...

3.

ağ gün bizdən bir bina aralıda yaşayır -

“Mutlu apartmanı”nda

biz yaşayan binanın adı “Çiləm”di

səhər gözümlə gördüm

bizim bina əyilib sizin binaya sarı ağ gün diləndi...

günəşin qabağını kəsir sizin binanız, gün düşmür bizimkinə

bizim binaya köçsən bitər bu savaş artıq.

çox şey istəmirik ki

camaat dağlar aşır

sən bizimçün bircə bina aş artıq.

hər dəfə eyni marketdə təsadüfən görüşürük

iki bina arasında rastlaşırıq

üstəlik

o ağ gün də bəzənib səninlə çıxır çölə

nə vaxt öpmək istəsəm dodaqların qırmızı kart göstərir...

Image result for elvin bakiroğlu

# 3213 dəfə oxunub

Oxşar xəbərlər

Mirmehdi Ağaoğlunun Mirzə Cəlilə dərs keçməkliyi - Təvəkkül Boysunar

Mirmehdi Ağaoğlunun Mirzə Cəlilə dərs keçməkliyi - Təvəkkül Boysunar

12:00 20 may 2026
"Ətin tökülsün, Kəramət!" - Bu qəhrəman niyə deputat olmaq istəyir?

"Ətin tökülsün, Kəramət!" - Bu qəhrəman niyə deputat olmaq istəyir?

17:00 19 may 2026
Rüstəm Dastanoğlu xalqın ağrılarına biganə qalmayan nasirdir - Nağdəli Zamanov

Rüstəm Dastanoğlu xalqın ağrılarına biganə qalmayan nasirdir - Nağdəli Zamanov

16:00 19 may 2026
Bürokratik cəhənnəm və absurd: Kafkanı oxumağa haradan başlamalıyıq?

Bürokratik cəhənnəm və absurd: Kafkanı oxumağa haradan başlamalıyıq?

11:30 19 may 2026
Unudulmamağın haqqını vermək - Nadir Yalçın

Unudulmamağın haqqını vermək - Nadir Yalçın

17:00 15 may 2026
"Şərif Ağayarın ən böyük günahı oxucunun intellektinə güvənməməsidir..." - Orxan İsmayılov

"Şərif Ağayarın ən böyük günahı oxucunun intellektinə güvənməməsidir..." - Orxan İsmayılov

13:00 14 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər