Biri öpdürmədi, biri yatmadı... - Hikmət Orhundan YENİ ŞEİRLƏR

Biri öpdürmədi, biri yatmadı... - Hikmət Orhundan <span style="color:red;">YENİ ŞEİRLƏR
8 iyun 2017
# 11:06

Kulis.Az gənc şair Hikmət Orhunun yeni şeirlərini təqdim edir.

Tale

Bu taleyin əlindən

nə qurtula bilirəm,

nə yaşaya bilirəm

adam kimi...

Sevinci baş ağrısı,

kədəri boynuma yük.

Nə tullaya bilirəm,

nə daşıya bilirəm

adam kimi...

Mənə rəhm eləmədi -

göy üzündə tanrılar,

yer üzündə ağalar...

Sevgililər də atdı,

zaman məni balaca uşaq kimi

barmağında oynatdı...

Mənimki belə gəlib,

elə belə də gedəcək...

İndən belə

nə bu ağrılar dinər,

nə yaralar sağalar...

Qal

Dərdi qardaş payı kimi

bölməyə nə var, bölməyə?

Ağlama,

gülməyə nə var, gülməyə?

Yaşa,

ölməyə nə var, ölməyə?

Bir göz qırpımında gözdən

itməyə nə var, itməyə?

Bir film kimi

bitməyə nə var, bitməyə?

Qal,

getməyə nə var, getməyə?

O ha dərilmir ağacdan -

qarmağa nə var, qarmağa?

Torpağın saçını yolur -

dırmığa nə var, dırmığa?

İsadı əzab çəkən,

çarmıxa nə var, çarmıxa?

Portret

Bir rəsmdə iki adam

birinin sol əli yox,

o birinin sağ ayağı.

Sağ ayağı olan

sol əli olanın dayağı...

Sol əli olan...

Sən və mən

Sən balaca,

bapbalaca bir ümid.

Sən balaca,

bapbalaca bir arzu.

Sən balaca,

bapbalaca bir işıq.

Mən balaca,

bapbalaca bir adam.

Sənə tutunub yaşayıram;

bapbalaca ümidə,

bapbalaca arzuya,

bapbalaca işığa...

Ona

Gözəl gözlərin necə günəşli,

Qara saçların necə aylı...

Gözəlliyin on qatı var,

Say görüm, necə sayılır?

Pambıq əllərin necə qaynar,

Gülər üzün necə işıqlı.

Çölünə özüm bələdəm,

Bəs, için necə - işıqdı?

Sözün, söhbətin necə şeirli,

Gülüşün necə bəstəli...

Bir bilsən, ürəyim səni

Necə istədi...

Morq

İlan kimi şütüyür qatar

qıvrıla-qıvrıla.

Sıyrıla-sıyrıla

gedir qatar

evlərdən,

küçələrdən,

küçə işıqlarından...

Gecə işıqlarında

yeriyən adamlardan...

Mən olan kupenin içi bumbuz,

çölü bumbuz...

Mən olan kupenin sərnişinləri

ağ mələfəni üstünə çəkib

uyuyur ölü kimi.

Siçan balası

Kürdəmir kafelərindən birinin

tualetindən yazıram bu şeiri..

Elə indicə bir siçan balası qaçdı

ayaqlarımın arasından...

Elə indicə

yaşamaq haqqı qazandı biri

öz hesabına...

Sonun başlanğıcı

Özümü bildim biləli,

nə qədər qadın gəlib keçdi

həyatımdan “bezbilet”.

Biri danışdı, güldü,

əllərini vermədi tutum.

Biri öpdürmədi.

Biri yatağıma qədər gəldi,

amma yatmadı,

qurudu matım-qutum...

Məni yıxdı, sürüdü

fatimələr, tamaralar, asiyalar...

...sonda masturbasiyalar...

Hazırki əsas şəkil

# 1459 dəfə oxunub

Oxşar xəbərlər

"Smartfonların övladları"na kitabı necə sevdirək? - Mətanət Vahid

"Smartfonların övladları"na kitabı necə sevdirək? - Mətanət Vahid

14:00 5 iyun 2025
"Bu məmləkətin şairləri susub..." - Günel Mehri

"Bu məmləkətin şairləri susub..." - Günel Mehri

12:00 5 iyun 2025
Həyatı söz, sözü həyat əbədiləşdirən ustad - Rəsul Rza 115

Həyatı söz, sözü həyat əbədiləşdirən ustad - Rəsul Rza 115

11:00 5 iyun 2025
Almatada, Bakıda qanlar axıdıldı - Oljasın kitabı qalib gəldi

Almatada, Bakıda qanlar axıdıldı - Oljasın kitabı qalib gəldi

10:04 5 iyun 2025
"Əgər müəllif Qismətin dediyi kimi..." - Səddam Laçın

"Əgər müəllif Qismətin dediyi kimi..." - Səddam Laçın

18:16 4 iyun 2025
Şəhriyar bu hekayə haqqında necə o cür ali fikirdə ola bilər?

Şəhriyar bu hekayə haqqında necə o cür ali fikirdə ola bilər?

18:03 4 iyun 2025
#
#
# # #