Kulis.az şair-ədəbiyyatçı Elşən Əzimin Şərif Ağayarın yeni çap olunmuş romanı haqda yazdığı “Gülüstan”dan sonrakı Yaşıl vadi” məqaləsini təqdim edir.
Əslində, Gülüstan Yaşıl vadidən sonra gəlir, ancaq Şərif Ağayarın “Gülüstan” və “Arzulardan sonrakı şəhər” romanlarının xranoloji ardıcıllığı mənim bu qənaətimlə tərs mütənasibdir. Gülüstan arzuları puç olan toplumun bir yerə cəm olduğu məkandır. Adəm Həsənin davamıdır. Tanıdığı insanları, hətta itirdiyi sevgisini belə tamamilə dəyişmiş, başqalaşmış şəkildə Gülüstanda tapır. Hər iki əsərin müqayisəli təhlilinə ehtiyac duyuram. Bu isə peşəkar tənqidçilərin işidir.
“Arzulardan sonrakı şəhər” romanını şeir kimi oxudum. Bir neçə saatdan sonra ayıldım ki, əsər başa çatıb. Təəssüfləndim, düşündüm ki, kaş cirəylə oxuyaydım... Doya-doya... Əli Kərim demiş, dadına daha çox vara-vara...
Bu əsər heç də maraqlı süjet xəttinə görə tez oxunmur. Əslində əsərin süjeti ağırdır. Çünki burada adi həyat hadisələrinin axarı deyil, mifik, mistik məqamların sıxlığı əyləncə axtaran oxucunu yora bilər. Əsərin şeir kimi oxunması isə sırf dil, ifadə faktoruyla bağlıdır.
Həsənin ilk sevgi həyəcanı “mədəmdən boğazıma kəpənək uçdu” deyimiylə ifadə olunur. Belə deyimlərlə zəngin bal kimi təhkiyənin poetikliyi oxucunu sehirləməyə bilməz.
Fərqli zaman, fərqli məkan, oxşar talelər...
Min illərin o tayındakı Amanislə yaxın tariximizdəki Həsəni birləşdirən isə müharibədir. Həsən müharibənin içindən gəlib, ancaq müharibələrə inanmır, tarix kitablarını nağıl hesab edir. Çünki onun arzularındakı şəhər ədalətin, mehribanlığın, sevginin bərqərar olduğu məkandır.
Əslində, məkan deyil arzulara çatılacaq məqamdır. Arzular şəhəri də, Yaşıl vadi də məkan deyil. Müharibə dəhşətlərinin ilk və son məqamlarıdır; Amanislə Həsənin, şairlə Sərdar müəllimin, cadügərlə nənənin, Miladeslə Gülsümün, mizraqçı arvadıyla Mərmər xanımın taleyini birləşdirən məqamlar...
Bütün dövrlərdə müharibənin səsi, nəfəsi, havası eynidir. Qılınc şaqqıltısı ilə ən müsair silahların səsi əvvəl buğda boyda, sonra noxud, gilas, alma, qarpız böyüklükdə eşidilir. Ən axırda isə paraşüt kimi göydən insanın arzularının, xəyallarının, ümidlərinin üzərinə enir.
Əslində, Həsən də Amanis kimi qul taleyi yaşayır. Bircə qəlbindəki arzular azaddır. Onun taleyini, arzularını isə idarə edənlar var. Müharibənin yaratdığı qarışıq mühitin, nənənin, Kiyevdəki dayının diktəsiylə yaşamağa məhkumdur. “Elə nənəm özü də arzular nənəsidir. Gələcəyim üçün elə planlar qurur, sanarsan ömür yaşamayacam, uzunmüddətli layihə həyata keçirəcəm”.
Nənə nəsrimiz üçün tamamilə yeni, o cümlədən ziddiyyətli obrazdır. Həm müharibənin bütün dünya gavurları tərəfindən törədildiyini deyir, onları lənətləyir, həm də qatil Mirzəmmədi nəslin rəhbəri hesab edir. Qatilin ruhuyla yaşayan toplumun müharibələr etməsi təəccüblü deyil. Müharibələrə inanmaq istəməyən Həsən isə qatil ruhların təsirindən yaxa qurtarmağa çalışır. “Mənə qalsa, Mirzəmməd öləndən sonra da nəslimizin ağsaqqalıydı. Bütün qohum-əqrabamızı , xüsusən nənəmi onun qatil ruhu idarə edir, bizi adam balası kimi yaşamağa qoymurdu.”
Amanisin Yaşıl vadiyə qayıdışı yüksək sənətkarlıqla təsvir edilir. Firon əsgərləriylə döyüşlər real müharibə səhnəsidirsə, timsahlarla döyüşlər xeyirlə şər arasında gedən mübarizənin məcazıdır. Ağzından üfunət qoxusu gələn timsahlar müharibələri, qətlləri, bir sözlə bütün pislikləri ifadə edir.
Xeyirlə şərin mübarizəsi min illərdir gedir. Qalibiyyətlər gecəylə gündüz kimi bir-birini əvəz edir. Bu döyüşlərin İterü çayında getməsi də təsadüfi deyil. Qədim buddist inanclarına görə, su müqəddəsdir. İterü də müqəddəsdir. Həm şair, həm Amanis onunla söhbət edir, suların dilini anlayır və Arzularındakı Yaşıl vadini şər qüvvələrin əlində gördükdə son çıxış yolu İterüyə qovuşmaq olur.
Əsərin baş qəhrəmanları daha çox mifik, mistik ricətlərlə yadda qalsa da, epizodik obrazlar realdır. Ədalət, Aqqadan kimiləri ilə müharibənin içində yaşadığım dövrlərdən tanışam. Namaz dayı isə tipik kənd adamıdır. Bəşəri ideyalarla zəngin romanın yeganə milli obrazıdır, dil, üslub koloritidir.
Yaşıl təpələr üzərində çəhrayı, ağzıbağlı atlar...
Misir piramidalarının divarlarında at başının təsviri...
Heç vaxt həyata keçməyən kölə arzuları...
Yuxarıda şairlə Sərdar müəllimin tale oxşarlığını qeyd etmişəm.
Sonda şairin dediyi olur.
Sonda Sərdar müəllimin qovluqları tapılır, yuxulardakı atların sirri açılır.
“At muraddır” demişlər.
Nə qədər ki, müharibələr var, yuxulardakı atların ağzı bağlı qalacaq…
Nə qədər ki, atların ağzı bağlıdır, arzulardan sonrakı şəhərə qovuşmaq mümkün olmayacaq.
Adəm də, Həsən də, Şərif də, mən də müharibənin içindən gəlmişik və hələ də müxtəlif ölçülərdə müharibə səslərini eşidirik. Arzularımız Xaxas xəndəyinin bir addımlığındadır.
“Arzulardan sonrakı şəhərin adı Mehribanlıq olsun. Ölüm-itim dünyasıdır”.