Kulis.az-ın “Misra qılıncı” layihəsinin növbəti qonağı bu günlərdə yeni şeirlər kitabı çapdan çıxmış Yafəs Türksəsdir.
- Yafəs müəllim, bu sənətə necə gəldiniz?
- Gəncliyimdə, yeniyetməliyimdə şeir-zad yazmamışam. Qafiyəbazlığım olub. Uşaqlarla deyişib-eləyirdik. Amma alim olmaq istəyirdim, orta məktəbdə əlaçı idim. Otuz yaşımda gördüm ki, içimdə nəsə tərpənir. Bu da güman edirəm ki, keçirdiyim sarsıntılarla, keçirdiyim həyat tərzi ilə bağlı oldu. Özümdən beş yaş böyük qardaşım diplom müdafiəsi ərəfəsində bunun çertyojunu oğurlayıblar. Bu da səhərə qədər dərs otağında təzədən çertyoj çəkib. Ondan sonra sətəlcəm oldu və bir ay ərzində dünyasını dəyişdi. Atam rəhmətə getmişdi və qardaşım bizim ailənin ümidi idi. Onun ölümündən sonra çox böyük sarsıntı keçirdim. Ondan sonra ailənin nizami itdi. Sevdiyim qızı da itirdim. Düşdüyümüz maddi çətinliklərə görə... Bu sarsıntıdan sonra içimdə bir şairlik yarandı. Cəbrayılda “Ümid” ədəbi birliyi vardı. Gedirdim ora, şeirlərimi oxuyurdum, bəyənirdilər. Mənə deyirdilər, şeirlərini mərkəzi qəzetlərə ver. Mərkəzi qəzetlərə vermək üçün gərək gələydin, kiminləsə görüşəydin, bir çay içəydin. Həm də baryer vardı, hər adamı çap eləmirdilər. Heç mən də gəlmirdim. Sonra, ümumiyyətlə ədəbiyyatdan uzaqlaşdım. Hərəkat başlayanda ictimai-siyasi hadisələrə marağım yarandı. Bir dissident kimi sovet ədəbiyyatından iyrənmiş, buna görə uzaqlaşmışdım. Sonra qaçqınlıq oldu, 6 baş ailəni saxlamaq sizə asan gəlməsin. 1998-ci ilə qədər müəyyən cızma-qaralarım olsa da ədəbiyyatla əlaqəni kəsmişdim. 1998-ci ildə televizorda gördüm ki, Vahid poeziya evi var. Gördüm, hamı qəzəl yazır, mən də başladım qəzəl yazmağa. Ümumiyyətlə, yaxşı qəzəl yazanam. Daha sonra Vahid evində Şərif Ağayar, Rövşən Naziroğlu, Qəşəm Nəcəfzadə, Rəsmiyyə Sabirlə, Həyat Şəmi ilə tanış oldum. Şərif qolumdan tutdu ki, qəzəl vaxtı deyil, keç heca şeirinə... Onda bakılılar qəzəl yazırdı, rayonlular heca və onların arasında bir mübarizə gedirdi. Mən də keçdim Qəşəm tərəfə (şair Qəşəm Nəcəfzadə - red.), hecaya.
- Şərif də Qəşəm tərəfdə idi?
- Şərif də məndən bir addım öndə idi, motal-motal qoşmalar yazırdı... Sonra keçdim Pərvanə ədəbi məclisinə. Yaxşı çarpaz şeirlər yazırdım. Daha sonra keçdim Nəfəs qrupuna, AYO-ya... Orda da dedilər, qoşmanı-zadı tulla getsin.
- Siz Maksim Qorki kimi ədəbiyyatın dibini görmüş, ordan gəlmiş adamsız.
- Bəli, mən həyatın dibindən gəlmişəm. Kamran Həsənli çıxış edir ki, şofer telefonla danışmamalıdır. O, həyatın dibini bilmir, ona görə belə deyir. Şofer mütləq telefonla danışmalıdır ki, işini bilsin, kim xəstələnib, kimin maşını sınıb, kim probkaya düşüb. “212”-nin şoferləri ilə o qədər çörək yemişəm ki. Bilirsiniz, orda nə qədər böyük sirlər var. Orda bütün proses telefonla idarə olunur.
Rayonda olanda böyük bir fəhlə yeməkxanasının müdiri idim. Qaçqınçılıqda əldə-ovucda pul qalmadı, başladım alver etməyə. Ticarətçiyəm də, işim budu.
- Nə satırdınız?
- Üç-dörd il meyvə satmışam. Sonra pal-paltar satdım. “Vosmoy”un bazarında işləyirdim. Arada balıq da satırdım.
- Sizin plastik qablar da satdığınızı görmüşük...
- Hə, ailəmin problemləri çoxalanda yoldaşımla oğlumu qoydum “polka”da, özüm də başladım arşınmalçı kimi plastik qablar satmağa... Qızlara cehiz vermək lazım idi, oğlanlar əsgər getməliydi. Çatdırmaq olmurdu, ona görə əlavə iş kimi plastik qablar da satırdım. Qablardan qalanda metronun çıxışına qoyub satırdım. Tez-tez şair dostlarla qarşılaşırdıq, xərclik qoyurdum ciblərinə, yeyib-içməyə gedirdik. Mən alver edirdim, görürdüm, Muradın, Xanəmirin cibində bir qəpik yoxdu, mənə deyirdilər, valla düzünü sən edirsən. Kimdənsə gedib xahiş edirdilər ki, sən allah, 5 manat ver, amma mən halal zəhmətimlə çörək qazanırdım. Sonra gördüm ki, elə şairlərin hamısı idarələrə kitab verməklə pul qazanır. Nəsə, ədəbiyyatdan xeyli uzaq düşdüm deyə adaptasiya prosesi bir az çətin oldu. Pərvanə ədəbi məclisində bir ildən sonra ən yaxşı yazanlardan idim. Mənə deyirdilər ki, sən Qəşəmdən də yaxşı yazırsan.
- İndi necədi vəziyyət? Qəşəm yaxşı yazır, yoxsa siz?
- A kişi, indi Qəşəm hara, mən hara... Qəşəm məndən çox geridədi... Qəşəm Əli Kərim məktəbinin davamçısıdır. Onda Şəhriyar del Gerani, Əsəd Qaraqaplan, Aqşin kimi tək-tək sıçrayışlı misralar yoxdur. Qəşəmdə son zamanlarda postmodern şeirlər var. Folkloru dekonstruksiya edə bilir. Amma ciddi bir şey alınmır, buna baxmayaraq maraqlıdır. Heç kimin xoşuna gəlməsə də məni bir az maraqlandırır.
- Gördünüz ki, hamı idarələrə kitab satmaqla dolanır, siz də bu biznesə keçdiniz...
- Artıq jurnalistikaya keçəndə mən də onlardan öyrəndim. Muradın, Mübarizin bütün kitabları idarə müdirlərinin stollarının üstündədir. Gedin, baxın. Mən jurnalist kimi gedirdim, təbii ki, taksi pulu, yemək pulu verirdilər. Özü də jurnalistə 10 manat verirdilərsə, yazıçıya 20 verirdilər. Mən ikisindən də olduğuma görə daha çox, tutaq ki, 30 manat verirdilər. Beləcə mənim çoxsaylı oxucularım yarandı. Hətta vəzifədən çıxandan sonra da görəndə deyirlər ki, kitabını gətir. İndi kitabım 300 tirajla çıxıb, amma bilirəm ki, ödəməyəcək, təzədən vurduracam. Onsuz da 11 kitabım çıxıb, bir dənəsi də qalmayıb. Hətta, elə olub ki, axırıncı kitabı da saxlamamışam, istəyiblər vermişəm.
- Murad Köhnəqala belə bir əhvalat yazmışdı: getmisiz idarəyə, soruşublar, hansı qəzetdənsiz, demisiz, “Çörəkpulu” qəzetindən. Belə bir şey doğrudan olub, yoxsa Murad özündən uydurur?
- Reket jurnalistlərlə mübarizənin güclənən vaxtlarında bir polis rəisinin yanına getdim. Polis içəri buraxmırdı, dedim, ə, jurnalistəm e... Rəis dedi, gəlsin görək nə deyir. Gəldim, gördüm iki nəfər başqa adam da var. Bildim ki, vəziyyət qəlizdir, jurnalisti ilişdirmək istəyəndə belə edirlər. İki nəfər şahid də olur. Soruşdu, hansı qəzetdənsən? Mən gördüm ki, burdan ancaq bədiiliklə xilas olmaq olar, dedim, “Çörəkpulu” qəzetindən. Kitab verdim, çölə çıxdım və gördüm, kimsə arxadan çağırır. Polis paket verdi mənə, bir az aralaşandan sonra açdım. Gördüm, 50 manat pul var. Sən canın, bir az da ədəbiyyatdan danışaq da...
- Yeni kitabınızın üz qabağı birmənalı qarşılanmır. İlham pərinizin - Yeganə xanımın fotosunu üz qabığına vurmağınız milli-mənəvi dəyərlərə zidd addım kimi qiymətləndirilir.
- O xanım mənim 60 illiyim haqqında kitab hazırlayır. Mən də borclu qalmamaq üçün kitabı ona ithaf etmişəm. Özünə də dedim, şəklini vuracam üz qabığına. O da razılaşdı, “whatsap”dan fotonu göndərdi. Yəni şəkli özümdən qoymamışam, xanımın razılığı olub. Mənim böyüklüyüm də bundadır ki, hamı kimi ola bilmirəm. Dünən Facebookda erotik şeir paylaşmışam, bunu hamı yaza bilməz axı. 60 yaşında adam belə bir şey yazar? Birin də axşamüstü paylaşacam. Super erotik şeirdir. Bunu nə Kəramət, nə Qəşəm, nə Maarif Soltan, nə də Ağacəfər Həsənli yaza bilər. Ümumiyyətlə, heç kəs yaza bilməz. Birinci, istedadları çatmaz, ikinci, cəsarətləri. Üçüncü də ümumiyyətlə belə iş görməzlər. Hamı kimi olmaq nəyə lazımdır? Elə qeyri-adi olduğuma görə hamı paxıllığımı çəkir. O xanımın da şeirlərinə baxın, görəcəksiniz ki, onun düşüncəsinə görə, ərli qadının sevgilisi də ola bilər.
- Bütün günü efirdə olmağınız, bir-birinizə sevginizi göstərməyiniz sizə həddindən artıq postmodern situasiya kimi gəlmir ki?
- Onun da düşüncəsi postmoderndir, mənim də. Onun düşüncəsinin formalaşmasında da mənim rolum olub. Nəzəriyyəni bilmir, amma düşüncəsi postmoderndir. Əri ola-ola sevgilisi var.
- Əri ola-ola sevgilisi olmaq postmodernizmdir?
- Postmodernizm deyil e. Sadəcə köhnə mədəniyyətin inkarıdır. Köhnə ilə təzəni uzlaşdırırsan.
- Onun əri sizin varlığınızı bilir?
- Bəli, məndən qabaq da sevgilisi vardı, onu da bilirdi. Əri də dünya ədəbiyyatını bilən, postmodern düşüncəli adamdır.
- Siz daha çox sərbəst şeirlər yazırsınız. Sərbəst şeirlə hecanın fərqi nədir?
- İndi elə bir estetikaya, dünyagörüşünə malik olmuşam ki, heca şeiri mənə süni görünür. Heca şeiri dilin üst qatında yazılır. Səməd Vurğun, Zəlimxan dilin üst qatıdır. Zəlimxanın dilin alt qatında bir misrası belə yoxdur. Sərbəst şeirdə isə dilin alt qatında da yazmaq olur. Məsələn, deyirəm ki, sənə əllərimin sualı var. Şifahi xalq ədəbiyyatında, dilin üst qatında belə şey yoxdur axı. Sərbəst şeir imkan verir ki, düşüncənin, psixologiyanın yeni qatını verəsən. Amma heca bunu boğur. Heca şeirləri yazanları bu saat qəbul eləmirəm. Mən yaşıdlarım içərisində müasir şeiri bilən yeganə adamam. Mənə bəzi adamlar qeyri-ciddi baxırlar, amma, atamın goru haqqı, indi yazıb-yaradanların içərisində on nəfərdən biri mənəm. Hətta bunu güzəştli şəkildə deyirəm, çünki beş deyəndə qıcıqlanırlar.
- Qalan doqquz nəfər kimdir?
- Deyim də, özün bilirsən ki, mən heç kimdən qorxmuram. Vərəq çıxart yaz...
- Diktofon yazır da...
- Həəə? Deyirəm onda. Həmid Herisçi pis şair deyil. Murad Köhnəqala iki. Rasim Qaracanı da götürmək olar, amma son zamanlar yazmır deyə onu saymıram. Sevinc Elsevər üç. Düzdümü? Aqşin. Dörd oldu?
- Aha...
- Birdən yaddan çıxar haa...
- Yox, diktofon yazır...
- Günel Mövlud, Əsəd Qaraqaplan, Şəhriyar del Gerani, Könül Həsənqulu, Qismət. Cəlil Cavanşir isə onluğa yaxınlaşır hələ, maraqlı şeirləri var. Kənan Hacı isə bütün günü ağlamaqla məşğuldur. Mən yaşda adam erotik şeir yazır, bunun ağlamağına bax. Noolub ə?
- Bəs sizin sözünüz var ha, nanay şairlər, onlar kimlərdir?
- Azərbaycanda iki-üç min nanay şair var. Şeirin texnikasını bilirlər, yazırlar. Eləsi var şeir deyil, eləsi var klassikanın təkrarıdır. Ayaz Arabçı kimiləri isə ciddi şeirə yaxınlaşırlar. Özü də nanay şairlər Facebookda çoxdurlar, biri yazır, 50-si də like edir.
- Nanay şairlərin ən məşhuru kimdir?
- Ağacəfər Həsənli, Nəriman Həsənzadə, Qabil... Çoxdular e...
- Ədəbiyyatda kimi ustadınız sayırsınız? Şərifi, Muradı?
- Bu suala birmənalı cavab vermək mümkün deyil. Mən çox adamdan öyrənmişəm. Hamıdan öyrənmişəm. Məsələn, Aqşin heç kimi öyrətmir, bildiyin də heç kəsə demir. Amma Zahir Əzəmət mənə beş saat izah edib ki, bu budur, bu da bu. Muradda, Rasimdə, Həmiddə də var bu cəhət.
- Bu günlərdə Facebookda yazmışdınız ki, Günel Mövlud və Seymur Baycan mənim çayxana söhbətlərimi yazmaqla dahi oldular.
- Təkcə mənim yox e. Həmid Herisçinin, Rasim Qaracanın, Murad Köhnəqalanın, Azad Yaşarın... İndi Seymur Baycan məni nə ilə təəccübləndirə bilər? Məşuqəsinin fotosunu kitabın üz qabığına vuran adamı Seymur nə ilə təəccübləndirə bilər? Onun yazıları dəyərlidir, amma məni təəccübləndirmir, çünki bunları mən on beş il qabaqdan bilirəm. Aqşinin Leş Əlisi elə Muradın danışdıqlarıdır.
- Deyirlər, Aqşinin elə o kitabında, Kənan Hacının “Yağ kimi” romanında sizin prototipiniz var.
- Pul yığan jurnalistlərin prototipi var. Orda yazılıb ki, xanımları idarəyə göndərirdilər. Amma məni tanıyanlar bilir ki, heç vaxt xanım göndərməmişəm idarəyə, həmişə özüm getmişəm. Mən işləmişəm kişilərlə. Rüşvət almışam, boynuma alıram, amma heç vaxt qadınlardan istifadə etməmişəm. Doğrudur, Aqşinin əsərində bir az mən qabarıram. O da nədən irəli gəlir? Aqşinlə söyüşmüşdük, vuruşmuşduq, ona görə də belə yazıb. Jurnalistlər hamısı pul alır da, pulsuz işləyən var?
- Təzə kitabınızdakı şeirlərinizdən birində yastıqüstü kitab ifadəsi vardı... Stolüstü kitab eşitmişdim, ancaq yastıqüstü kitab yox. Bu da sizin postmodernist gedişiniz olmasın?!
- Bunlar hamısı postmodern ifadələrdir də... Bilmirsən?