Səni öpüb yorulanda... – Xuraman Hüseynzadənin Yeni Şeirləri

Səni öpüb yorulanda... – <span style="color:red;">Xuraman Hüseynzadənin Yeni Şeirləri
8 aprel 2019
# 17:45

Kulis.az şairə Xuraman Hüseynzadənin yeni şeirlərini təqdim edir.

Bir ovuc arpa...

Anasının qoynuna sığınan körpə kimi

buludların arxasına sığınıb ay...

Otağımda sükut var

sanki səssizliklə boyanıb divarlar

hərdənbir səslər qopur gecənin bağrından

Hardasa uzaqlardan gəlir gecəyə keşik çəkən

itlərin səsi...

Göy üzünə dən kimi səpilib

ulduzlar.

Bir azdan gecənin bağrı yarılacaq
bir ovuc arpa kimi dağılacaq
yuxusu gecələrin...

Yorğun külək

Külək səbrsiz-səbrsiz elə əsir...

İllərlə qürbətdə can çürüdən

qəribdi sanki

evinə çatmağa tələsir.

Hardasa bir ağacı ayırır torpağın bətnindən,

çiçək-çiçək ümidləri
qırılır ağacın...

Bir-birinə calanmış, yamanmış elektrik naqillərinin
qırılıb başına düşəcəyindən qorxur
sağ ayağını
indi düşmənin at oynatdığı yurda əmanət edən

Səməd kişi...

Düşmən gülləsindən qoruduğu canı

nazik bir telə qurban verəcək?

Bir ayağa qalıb ümidi
onu da
əsən yelə qurban verəcək?


Dərsini bilməyən uşaq kimi
tir-tir əsir külək...
Kimdən qorxur,
nədən qorxur?

Qorxduqca

daha da qorxulu olur...

Küləyin şiddəti artdıqca

artır həyəcanı, artır təşvişi,

qoltuq ağacıyla asfaltı döyə-döyə

evinə tələsir Səməd kişi...


Bəs sən necə sevirsən?

Sən məni
mən səni sevən kimi yox
başqa cür sevdin...
Amma sevdin, bilirəm...

Elə ki yadıma düşürsən
dərdlərimi unuduram
harasa tələsəndə
açarı, telefonu evdə unutduğum kimi...

Adamlar gəzir şəhərdə
tək-tək, iki-iki, üç-üç, bir az da çox...
Təklər bu zaman tənha olur
sanki kimsəsiz olur...
Çoxlar dərya olur, dəniz olur.
İkilərin, üçlərin və daha çoxların arasında

gözlərim gəzir səni
Yerə dağılan mirvari boyunbağının dənələrini

gəzən kimi...

Mən səni belə sevirəm,

bəs sən necə sevirsən?

Qağayılar gölə gəlməz
dənizə gəlməz ördəklər...
Hərənin öz vətəni var
mənim vətənim sənin gözlərindi
özümü axtardığım, özümü gəzdiyim gözlərin
baxıb, baxıb özümdən bezdiyim gözlərin
hər yerdə səni görmək istəyirəm
qoy qərib desinlər, didərgin desinlər, eybi yox...
Mən səni belə sevirəm
bəs sən necə sevirsən?


Nə deyim ki başqa?


Küçəmiz darıxdı
sənin ayaq izlərindən ötrü
otları uzanan küçəmizdə,

mamırları çoxalan küçəmizdə
təkcə
bir cüt ayaq izi azaldı
sən gedəndən

qara it hürməyi tərgitdi
xallı pişik adamlara yovuşmağı
çiçəkləri darıxıb-darıxıb soldu
biz ayrılandan

telefonumu toz əsir alıb
küçəmizi alaq
ürəyimi tənhalıq
ruhumu sükut
nə deyim ki başqa
geriyə dönəsən?..

Səni soruşmaq istəyirəm...

Görüş yerləri

bağçamızdakı rəngbərəng çiçəklərin

ləçəkləri olan

arılardan soruşmaq istəyirəm səni.

Bağçanızdakı güllərin ləçəklərindən öpəndə

Bizim çiçəklərin ətri çökürmü onlara?

Sizin həyətin tozunu bizə gətirən

bizim həyətin tozunu sizə aparan

küləklərdən

soruşmaq istəyirəm səni -

ətrini o tozlara qarışdırıb

gətirə bilərlərmi mənə?

Məni sevdiyini söylə külək əsəndə

əzizim,

necə ki mən pıçıldayıram küləklərə

səni sevdiyimi.

Bilirəm ki, o pıçıltım

qarışacaq tozlara

bələnəcək

adamların külək əsdikcə

ovxaladıqları gözlərinin yaşına...

Son ünvanı sən olacaqsan -

ürəyin olacaq

gözlərin olacaq,

sevgilim...

Səni yaxıb-yandırsa da,

tale kimi qaraltsa da

bax günəşə, doyunca bax,

qorxma...

Səni öpüb yorulanda

mənə qonaq gələcək,

üzünü,

gözlərini öpdüyü zər telləriylə

öpəcək mənim üzümü,

gözlərimi,

isidəcək ürəyimi.

Dadacaq sevgini,

sevgi dolu olacaq günəş,

əvvəl sənin,

sonra mənim

ürəyimə dolacaq günəş...

Dənizə vurğun qağayılardan

qışın qarında,

şaxtasında

vətənini tərk etməyən sərçələrdən,

sahibini qoruyan itlərdən

soruşmaq istəyirəm səni.

Öyrətdilərmi sənə etibarlı olmağı,

sevdiyinə xəyanət etməməyi?

Səni,

yalnız səni soruşmaq istəyirəm

gördüklərimdən...

Yaxşılardan

yaxşı nə varsa öyrənməyini istəyirəm,

sevməyini istəyirəm,

sevməyini...

Taxt-rəvan

Qara buludlar

mürəkkəb kimi yayılıb

göy üzünü gizləmişdi

zülmətin bətnində.

Nə qədər baxsam da

nənəmin sönən ulduzunu

görə bilməmişdim...

Tez-tez cilddən-cildə girib

şəkildən-şəklə düşən buludları

nağıllarda təsvir olunan

taxt-rəvana bənzətmişdim

həmin gecə.

Elə bilmişdim ki,

bu “taxt-rəvana”da

başqa buludlara qonaq gedib

nənəmin ruhu...

Həmin gün

nənəm günəşdən qaçıb

qara torpaqda gizlənən gün...


# 3376 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
#
#
# # #