Ordubadın Xəlil yurdunda çobanlarla rastlaşdım. Bizi görüb heyvanı dağdan obaya tərəf sürürlər. Qərara alırıq ki, onları danışdıraq, görək, bu insanların dağda-dərədə günləri necə keçir, necə yaşayırlar, çobanlığın yaxşı və pis tərəfləri hansılardır? Əsas həmsöhbətimiz Altun olsa da arada Həsənqulu, Vüsal adlı o biri çobanlar da söhbətə qoşulurlar.
Beləliklə...
Kulis.az çobanlarla söhbəti təqdim edir.
- Neçə ildi çobanlıq edirsən?
Altun: - Altıncı sinifdən qoyuna gedirəm.
- Bu dağlarda?
A.: - Hə.
- Yaylaq yeri kimi bura gəlirsiz?
A.: - Yayda qoyun-quzunu gətiririk bura.
- Bəs qışda?
A.: - Qışda da qalır o dağın dalında (əli ilə göstərir). Fevrala qədər orda qalır. Tövlə var orda.
- Bu yay nə vaxt gəlmisiz bura?
A.: - Mayın 20-i.
- Öz qoyunlarındı?
A.: - Öz qoyunlarımdı, bir də Dırnısdan bir nəfər var, onundu.
- Burda neçə nəfər çobanlıq edirsiz?
A.: - Üç nəfər.
- Kimlərdi?
A.: - Qardaşımdı, bir də Vüsal.
- Növbəylə qoyun otarırsız?
A.: - Ayrı-ayrı, onunku ayrıdır, bizimki ayrı.
- Dağda qalmaq çətindi?
A.: - Yox e, heylə çətinlik yoxdur.
- Burda günün necə keçir?
A.: - Yaxşı keçir.
Vüsal: - Heç nə dururuq, üzü belə (dağı göstərir).
A.: - Davarı qatırıq qabağımıza qalxırıq dağa, hərlənib günorta vaxtı yenə qayıdırıq. Burda dincəlirik, axşamçağı yenə gedirik otarmağa.
- Qoyunları sağmırsız?
A.: - Sağmaq yoxdur, quzu elə altında əmir.
- Bəs pendir tutmursuz?
A.: - Pendiri keçi südündən tuturuq, keçi də kənddədir.
- Darıxmırsan?
A.: - Adam burda darıxar? O qədər gələn olur. Telefon da var, başımızı qatırıq.
- Daxmada gecələyirsiniz?
A.: - Hə.
- Bəs heyvana qarovul çəkmirsiniz?
A.: - Gecə hərdən bir durub baxırıq, vəssalam.
Həsənqulu: - Elə dəhşətli olsa itlər havlıyır, deməli qurd gəlib, havlayandan sonra çıxırıq eşiyə.
- İşıq yoxdur?
H.: - İşıq yoxdu, kolxoz vaxtı vardı, sökdülər.
- Yemək işi nə edirsiniz?
A.: - Kənddən gətirirlər, özümüz də bişiririk.
- Nə bişirisiz?
A.: - Maş (Ordubad tərəflərdə lobyadan hazırlanan şorba - red.)... Hər şey bişiririk.
- Heç özünüz üçün arabir heyvan kəsirsiz?
A.: - Hə, kəsirik.
- Bəs qalan əti necə saxlayırsınız?
A.: - Yarısını burda kəsib yeyirik, yarısını da aparırıq kəndə.
H.: - Bura hər gün maşın qalxır. Atası gəlir.
A.: - Gündə gəlir atam, prosta bu gün gəlməyib, hər şeyi özü gətirir.
- Bəs çimmək üçün nə edirsiniz? Burda şərait yoxdu?
A.: - Çimməyə də üç gündən bir kəndə gedirik.
- Dağda bitən otları tanıyırsan?
A.: - Elə-belə tanıyıram. Arada dərib çayla dəmləyib içirik.
- Canavar olmur?
A.: - Olur.
- Sürüyə hücum eləyir?
A.: - Eləyir, itlər qovalayır. Başını buraxsan girir sürüyə, davarın hamısını qırır, boğub tullayır.
Bəs siz nə edirsiz?
A.: - Biz də qovalayırıq.
- Heç canavarla qarşılaşmısan?
A.: - Görmüşəm, çox görmüşəm.
- Qorxmusan?
A.: - Yox, qışqırıram, çıxıb gedir.
- Sənin sürünə canavar çox girib?
A.: - Girir, girəndə girir.
- Canavar heyvanlarını qıranda necə olursan?
A.: - Adam pis olur də.
- Çobanlar adətən yapıncı geyirlər.
A.: - Bizdə də var, daxmada. Dağa çıxanda içinə girib yatırsan.
- İlan da olur dağda?
A.: - Hər ilandan var.
- İlan görəndə nə edirsən?
A.: - Öldürürəm.
- Qorxmursan, birdən vurar?
A.: - Yoox. Xəfdən qabağıma çıxanda öldürürəm, yoxsa elə-belə dəymirəm.
- Nə qədər heyvanın var?
A.: - İki yüz olar.
- Heyvanı otarmağın hansısa marşrutu olur, yoxsa hara gəldi aparırsız?
A.: - Yox, dağın dalında göl var, günortaya aparıb orda suvarırıq, sonra da gətiririk.
- Ordan Ermənistan görünür?
A.: - Hə, görünür, qəşəng hamar yerlərdi. Üç-dörd dənə göl var.
V.: - Tezdən gedib otarırıq. Dağın o tərəfində də belənçi daxma var. Gəlib orda yatırıq. Axşam da qayıdırıq.
- Heç heyvanınızı oğurlayırlar?
A.: - Əvvəl oğurlayırdılar, indi oğurlamırlar, dəyən yoxdu.
- Dağda olanda internetə girirsən?
A.: - Hə, girib internetə baxıram.
- Nəyə baxırsan?
A.: - Nəyə gəldi baxıram.
- Qabaqlar internet olmayanda neyləyirdiniz?
A.: - Heç nə. Bilmirdik ki.
- Heç çobanlığın daşını atıb şəhərdə işləmək istəməzsən?
A.: - Yox.
- Neçə yaşın var?
A.: - 26.
- Subaysan?
A.: - Hə.
- Evlənəndən sonra da çobanlıq eləyəcəksən?
A.: - Baxarıq da.
- Əlindən başqa nə iş gəlir?
A.: - Başqa heç nə. Ancaq mal-davar.
- Şəhərdə yaxşı iş təklif eləsələr getməzsən?
A.: - Baxır işə. Öz heyvanımdı, özüm otarıram. Öz əlimdi, öz başım. Biri var gedib Türkiyədə onun-bunun əlinin altında işləyəsən, bir də var sərbəst olasan, deməsinlər dur işlə.
- Dağda ov edirsiniz?
A.: - Ov yasaqdı. Qoymurlar. Yoxsa dağ doludu. Keçi, ayı, qaplan, pələng, bəbir – hər şey var.
- Görmüsən?
A.: - Mən yox, Vüsal görüb. Biz pələngə qaplan deyirik.
H.: - Tri Pir tərəfdə var. Orda üç-dörd gün bundan qabaq ayı pətəkləri dağıdıb. 15 dənə qovanı yeyib.
- Altun, sən də ayı görmüsən?
A.: - Mən görməmişəm, atam görüb.
H.: - Nəsirbaz tərəf var, ormanlıqdı. Orda, itburnu, yemişən, dağarmudu çoxdur, ayı onlarla qidalanır.
- Həsənqulu dayı, bu dağlarda pələng də görmək olur?
H.: - Nadir hallarda görmək olar. Amma qurd davamlı var. Bəlkə də oturub kolluqda bizə baxır.
- Siz canavara qurd deyirsiz?
H.: - Hə.
- Heç qurd vurmusuz?
H.: - Qabaq icazə vardı, indi qoymurlar. Sürüyə girdi gərək göyə atasan ki, qurd qaçsın. Vurmaq olmaz.
- Həsənqulu dayı, siz nə vaxtdan çobanlıq edirsiz?
H.: - Elə anadan olandan çoban olmuşuq (gülür). Sovet vaxtında qoyuna gedən az idi. Milislə gətirirdilər bizi. Getməyəndə heç yerə işə qoymazdılar. O vaxt kəşfiyyatçı arxeoloqlar vardı dağda. Çobanlıq etməyəndə kolxoz ora yazırdı ki, bunları işə götürməyin. Məcbur dədəmiz gətirib bizi çoban edirdi. Vallah, ən son peşə budur, buna gəlmirlər. Bunların (cavan çobanları göstərir) heyvanı var, məcbur gəlirlər. Əvvəllər çobançılığa çox gedirdilər, indi millət çıxıb gedib ora-bura, çobançılıq edən yoxdur.
- Sizin sürülərə də qurd girib?
H.: - Əlli dəfə. O qədər qurd girib heyvana, davamlı girir.
- Onda neyləyirsiz?
H.: - Neylirik, apardığın aparacaq, aparmadığı heyvanı da sağdısa kəsirik. Mındar olubsa atırıq itlərə.
- İtlərinizin çoxdur?
H.: - İyirmiyə yaxın itim var.
- Necə çağırırsınız itləri?
H.: - Birinə Pələng deyirsən, birinə Bozdar deyirsən, birinə Bozı deyirsən, Alabaş deyirsən. Ağzına nə gəlir, deyirsən (gülür). Aşağıya getsəydik, göstərərdim, mənim itimin yaxşı yavruları var.
- Nə cinsidir?
H.: - Anası qanqaldır.
- İtə nə verirsiniz?
H.: - Çörək veririk, unu suyla qarışdırıb yal hazırlayıb veririk, təndirə küt yapıb gətiririk. O, iti bəd saxlayır.
- Yazıq itlərə ət niyə vermirsiniz?
H.: - İt əti heyvan öləndən-ölənə yeyir.
- Bu dağlarda qartal da çox olar.
H.: - Hə, xeyli var.
- Sürüyə hücum edirlər?
H.: - Təzə doğulmuş quzuları götürüb aparırlar, amma irilərə gücləri çatmır.
- O zaman çoban üçün ən böyük təhlükə nədir?
H.: - Çoban üçün hər an təhlükədir.