Səfər Alışarlıdan yeni hekayə: Cin yuvası

<span style="color:red;">Səfər Alışarlı dan yeni hekayə: <span style="color:red;">Cin yuvası
1 fevral 2018
# 15:20

Seyrək duman topası dağın döşündə quru öskürək kimi ilişib qalmışdı, sanki duman deyil, gölün o biri üzündəki restoran sobasından çıxan əyri tüstünün burulub yığıldığı bir hava çökəyidi, tam dolandan sonra aşıb-daşacaq, onda dağ da, meşə də, göl də yavaş-yavaş o tüstü dumanında görünməz olacaq.

Mənzərənin dəyişəni o qədər cüzi və mənasızdır ki, boz suyun üstündən sallana qalmış bu qış pəjmürdəliyinə baxıb doymağa bir neçə dəqiqə kifayət edir. Sonra darıxmaq, dağ-daşla, meşə, su ilə üzücü çəkişmə başlanır. Darıxmağın adı olmur, eynən o bulud kimi köksə saplanıb durur, nə yağır, nə də çəkilib gedir... Görəsən, restoranda qonaq varmı, şosenin altına kürəyini söykəmiş kənddə qış qovğası yaşayanlar çoxmu, bu dünyada indi kimsə şoseyə vurulmuş o “Cin yuvası” lövhəsinin, bu böyük pəncərələrdəki işığın fərqindəmi? Görəsən, göldən su içməyə enən maralı canavar pusub parçalamazmı? Beləcə min cür cəfəngiyat... Çəkməyə dərdimi yoxdu dünyanın?!

Gecələr meşədəki bayquşlar uzun, tərtəmiz zingiltilərlə qıyya çəkib öz aralarında nəyisə aydınlaşdıranda sanki ətrafdakı sükut əvvəlcə ağacların başında, sonra kolluqların arasında, dar cığırlarda çat verib aralanır, zingilti dəyişməz ahənglə təkrarlandığından adamı xof basır. Yalnız qoca bayquşlar o cür davamlı zəhmlə səsləşə bilir, cavanların buna ustalığı, ya da enerjisi çatmır, mütləq yanlış notlar vururlar. Yayda, ayın, ulduzun işığı gölün gümüşü rəngilə bu güllü-çiçəkli dərəni dağların başınadək ləbaləb doldurub ona sehrli bir pıçıltı nizamı verəndə elə olurdu. İndi qış gəlmişdi, dağların başına yağmış qar səbirlə ağacların nimdaş paltarı soyunmağını gözləyirdi ki, onlarla sevgi və nifrət haqqında növbəti dəfə güzəştsiz söhbətini eləsin.

Bir ucdan stola nəsə gətirirdilər, amma o artıq doymuşdu, yediyi dəqiq yadındaydı: bir qaşıq “Paytaxt” salatı, bir dilim pendirlə qırmızı turp, üstünə qalın yağ qatı və kürü yaxılmış əl boyda boz çörəyin yarısı: yaxmada qısa, əyri qövslə dişlərinin izi qalmışdı, sifətsiz və gözsüz qaşlar onun üçün darıxmış qab-qacağın arasından yad nəzərlə baxırdılar. Hələ qarşıda bu stolu nələr gözlədiyini fikirləşəndə diksinən kimi oldu. Şərqonu çağırıb menyunu açıqlamağı xahiş etdi. Yemək adları adamların absurd təsadüflərlə dolu adlarından daha məntiqli idi: dolma, kabab, bozartma, çığırtma... Adlarının necə səslənməsindən, harada, nə qədər yeyilməsindən asılı olmayaraq, xörəklər heç zaman yeyilib qurtarmayacaq, əksinə onları həzm-rabedən keçirən adamlar özü nə vaxtsa tükənib başqalarının yeməyinə çevriləcəklər.

Şərqo yaxınlaşıb cingiltili, rəvan səslə elə sadaladı ki, o adlardan daha mətbəx qoxusu gəlmədi:

- Balıq, çolpa soyutması, bildirçin şorbası, mərəçöyüd göbələklə, qırqovul plovu, kabablar... Bunlar indi təxminən televizordakı kimi səslənirdi: “... davam edən böhranın təsirini azaltmaq üçün yerli resursları hərraclarda dəyər-dəyməzə satmaq yox, yavaş-yavaş ənənəvi istehsal sahələrini dirçəltmək lazımdır”. Ay Allah!.. Dayandırmasaydı, bəlkə Parisdəki “Hannibal” restoranının axşam menyusunu da bura qatacaqdı.

- Yaxşı, yaxşı... Boğma bizi xolestrin fırtınasında, – o dedi və bir azdan əlavə elədi: – Mən artıq doymuşam.

Şərqo burada yemək, gəzmək, dincəlməklə bağlı hər şeyin sahibi idi; quşu, heyvanı, dağa qalxan bütün cığırları tanıyırdı, ağacların, otların, gülün-çiçəyin adında heç zaman səhv eləmirdi, özünü toplasaydı, ingilis dilini də öyrənərdi və o dildə gölün balıqları ilə söhbətləşə, hətta kənddəki fabrikdə çalışan əcnəbi ustaları da idarə edə bilərdi. Həssaslıqdan, köməksizlikdən və təcrübədən doğan bu qədər bilik bəlkə də qadına lazım deyildi. Qadının mahnı sözləri kimi şirin-şəkər və bir qədər bəsit olması kifayət idi. Amma Şərqo bütün bu yer işlərini bilə-bilə, bacara-bacara, yönəldə-yönəldə elə bil həmişə hər şeydən yuxarıda dururdu, hərdən enib sözünü deyən kimi pərvaz edib daha vacib işlərin dalınca uçurdu.

- Yaqub bəy, Siz ayda-ildə bir dəfə bizə qonaq gəlirsiniz, çalışırıq layiqli olsun!

Hə, yayda gəlmişdi, gör neçə ay keçib. Yaxşı deyir ki, “bizə qonaq gəlirsiniz”... Bu cür villa burada durub, o da ildə iki dəfə gəlir, ya gəlmir. Yaxşı ki, Şərqo var, tüfəng patronu kimi qıvraq və qüsursuzdu. Bu dəfə saçını açıq boya ilə rəngləyib, lap işıqsaçan güllə olub. Amma Şərqo indi nəyə oxşadığını bilmir. O elə bilir ki, özünün 62 kq çəkisi və uzun qol-qıçı ilə Yaqub bəyin hüzurunda istənilən xanımı beləcə, ayaq üstdə dura-dura, oturmadan yeyər, üstəlik də şefin növbəti səfərinədək ağappaq köynəyini, gödək yubkasını və şpilka dabanlarını əynindən soyunmaz. Yox, Şərqo elə fikirləşməz. Şərqo burada yeganə varlıqdır ki, görəndə istər-istəməz adam toxtayıb özünə gəlir, ana həniri verir ləçər! Bu villa da neçə illərdi yəqin o xətrə qalıb...

Başqalarının işindən heç nə anlamadığına görə Şərqonun menyusunun da başını buraxıb şampan dolu dayaz qədəhi qaldırdı. Aynuru salamlamaq lazımdı. Bura ilk dəfədir gəlir, elə bilər Şərqo...

- Bura xoş gəldin, Aynur! – stolun o biri üzündəki gözəl və əlvan varlıq üçün dedi. – Necə də yaraşırsan...

Aynur, əlbəttə, bunu bayaqdan gözləyirdi. O boyda yolu Şərqoya baxmağa gəlməmişdi ki!

- Hara yaraşıram? – Aynur qaşlarını dartdı. – Divara, ya pəncərə pərdələrinə? Mən burada darıxıram. – Ağlamsındı.

Böyük stolun qarşı üzü sanki gölün o tərəfi idi. Olmayan qadağalar orbitində yaxın məsafədən darıxmağı öyrənmək gənc xanım üçün bəlkə də faydasız deyildi. Aynur da içdi ki, daha çox darıxsın. Azdan bir şey çıxmaz, qoy bolluq olsun məmləkətdə...

Aynuru üzbəüz oturtmuşdu ki, gölə baxmayanda qarşısında boşluq görməsin. Boşluqdan və xaosdan qorxurdu. Ona elə gəlirdi ki, cansız mənzərələrdə nə vaxtlarsa ilişib qalmış yad baxışlar adamın gözünə, ruhuna pis təsir edir.

Sonra mətbəxdə bişirilən “Şərqo tikələri” ayrı-ayrılıqda gəlib böyük stolun iki müxtəlif sektoruna düzülməyə başladı. Yemək istəmədiyi xörəkləri xəyalən özündən tamam uzaqlaşdırmağa çalışdı: nə qədər yemək olar, ilahi?! Və bunun üçün yerli istehsalın ənənəvi sahələrini dirçəltmək kimi çox çətin bir işə girişmək lazımdır. Yerli istehsal Şərqonun meşədən kəsdirdiyi şam budaqları ilə içəridə düzəltdiyi süni kola oxşayırdı. Bir azdan tamam solacaqdı, ancaq hələlik onların ətri zalı bürümüşdü və elə bil dörd divar arasına sığmayan o ətir zaldan çıxıb öz yerinə-yurduna, dağın döşündəki meşəyə qayıtmağa can atırdı, ancaq Şərqo buna icazə vermirdi.

Onlar yenə içdilər: dağların, Şərqonun sağlığına və mənalı-mənalı susdular, sanki sonuncu sağlıqdan sonra nəsə vacib bir sirrin intim səviyyəsində faş olması baş verəcəkdi. Şərqo qaş-gözü əvəzinə sadəcə çiyinlərini tərpətməklə göstərdi ki, heç nədən çəkinmədən bayaqkı kimi sərbəst, səbatlı və həyəcansızdır. Ən başlıcası, əlində balaca bloknot və qələm, durub baxan onun yuxarıdakı hərəkətli portretinin sabit naturasıdır.

Təbii, heç nə olmadı və birdən o, pəncərə arxasında qaşı qaralmaqda olan gölə, dumana baxıb darıxan kimi oldu.

- Bilirsən, yadıma nə düşdü? – Aynura dedi.

Aynur artıq buranın getdikcə məntiqi itən xaosuna qərq olmağa başlamışdı: desəydilər, gəlin pişik olub stolun altına girək, məmnuniyyətlə miyovuldayardı.

O, biznesə təzə başlayanda xaricdən gətirdiyi bir kamyon cır-cındırı uzaq əyalət şəhərində necə hərraca çıxarmağını danışdı. Dedi ki, indiki kimi qışıydı, televiziyanı da dəvət eləmişdi, moderator hər qaldırılan cındırın qiymətini zaldakılara elan edəndən sonra haradansa tapıb özü ilə gətirdiyi taxta çəkici danqıltıyla gerbli tribunaya vurub qışqırırdı: “Hərrr-rra-aac!!!” Dedi ki, adətən eşşəyin belində oturmuş adam altındakı heyvanı elə amiranəliklə mahmızlayıb tələsdirir: “Hoşş-şaa-aaa!”

Sonra dedi ki, həmin o tribunadan vaxtilə ciddi məruzələr səslənmişdi, rüşvətxorlar ifşa olunmuşdu, istehsal planlarının yerinə yetirilməsi haqda raportlar guruldamışdı. Bu isə qışqırırdı: “Hərrr-rra-aac!!!” Elə bil hər cındırın qiymətini ayrıca elan etməklə həmin ana qədər o tribunadan oxunmuş uzun məruzələrin, atəşin nitqlərin hamısını bir-bir fəzadan yığıb o həyasız sözün içinə dürtürdü.

Aynur gülürdü, bəlkə də ayrı nəyəsə gülürdü, çünki yüksək ciddiyyət rejimi olan bu boyda villada adicə stolarxası davranış məntiqi dönmədən absurda doğru yuvarlanırdısa, iyirmi il əvvəlin cındırsatan hərracından nə gözləyəsən?!

- Televiziya da bunu çəkirdi, – o, sakitləşərək dedi. – Eləcə də efirə verdilər: hərrr-rraaac!!!

Hərrr-rra-aac! – qaşığı götürüb eynən uzaq keçmişdə qalmış o moderator kimi stola vurdu.

Haradasa, hansısa evin küncündə o tədbirin videokaseti olmalıydı: VHS. Bu an ona baxmaq aləm olardı. Bu an... Beş dəqiqə sonra həvəs quşu Şərqonun bələdçilik elədiyi istiqamətə uçub gedəndə o videoyazının Brejnevin dəfn mərasimindən hazırlanmış videoreportajdan heç bir fərqi olmayacaqdı.

O, yeməyi tamam unudub siqaret yandırdı, üzbəüz sahildə Aynur da tüstüləyərək artıq görünməz olmuş mənzərənin restoran sobasını əvəz etdi. Bu an stola qəhvə gəlməli idi, gəlmədi. Şərqo dönüb zalın dərinliklərində hansısa döngəyə diqqətlə baxandan sonra qəhvə də gəldi. Beləydi: plyus-minus 1 dəqiqə və ya 1 sm. Yatağa qədər ötürüb qapını örtəndən sonra da içəridə nəyin necə baş verməsi qayğısından çox uzaq durmayacaqdı.

Siqaret, şampan və qəhvə – üçü birlikdə nisbətən sakit düşünməyə kömək eləyirdi. İndi narahatlıq konkret olaraq onun bu villanı satıb-satmamaq haqqında bir qərara gələ bilməməyindən yaranırdı. Müştərinin tapılması, qiymətləşmə, sənədləşmə bir yana, sadəcə buranın alınıb-tikilməsi haqqında xatiratın özü bir dastan idi. Doğma yerlər və adamlarla vidalaşmaq həmişə ağır olur. Belə vidalaşmalardan sonra insanın həyatında keçmiş gələcəyi basmağa başlayır. Bunu bilirdi və bunu bildiyinə görə Şərqoya “ləçər” dediyi kimi özünə də qamçı kimi çəkməyə söz tapırdı. Amma o söz daha heç nəyi həll eləmirdi, sadəcə bir ad kimi fikrində doğulub oradaca ölürdü. Orada heç zaman açmadığı ölmüş sözlər sandığı vardı. O sandıq hərdən öz-özünə açılırdı, gələni lütf ilə qəbul edib yenidən çıqqıltı ilə bağlanırdı.

Diqqətlə fikir verəndə yaxın projektorun həyətdən gölə vurduğu işıq zolağının içində burum-burum çən burulurdu və ondan dönüb qaranlığa baxanda göydən heç nə yağmadığına sevinməmək olmurdu. Hər şey diqqət tələb edirdi. Haradan alasan o boyda diqqəti ki, hamıya, hər şeyə, hətta projektorun işığına da çatdıra biləsən?! Sağdan boylanan dağın əzəməti altında soyuq suyun uda bilməyib liman platformasına qədər qaytardığı sarımtıl işıq topası yəqin uzaqdan qaranlığın qoynunda közərən bir çıraq işığı qədər zəif və titrək görünürdü. Buna “əks mənzərə” də demək olardı, elə də heyranı deyildi onun, amma Aynura söz vermişdi. Niyə almışdı buraları, niyə satırdı? Aldığı pulu neyləyəcəkdi, onu da hələ dəqiq bilmirdi. Maraqlıdı, Şərqo nə məsləhət görərdi?

- Darıxırsansa, dur gəl bəri, – Aynura dedi. Yaxmada quruyub qalmış yad baxışlar, sağlamlıq-filan diyirlənib daim pıqqıldayan qayğılar qazanına düşdü. Bir qayğı az, bir qayğı çox, nəyi həll edir ki? – Gəl otur yanımda.

Aynur gilənar rəngli villura nanəli konfet kimi bükdüyü qıvraq canını götürüb dərhal stolun bu üzünə keçdi. Sən demə, adamın darıxdığı yerdən ayrılması o qədər də çətin olmayan bir an məsələsiymiş. Oturan kimi də ona qısıldı.

- Çox şükür, – miyovuldadı, – sürgün qurtardı.

Ağ önlüklü cavan oğlan mətbəxə uçub qayıtmaqla Aynur üçün təzə qab-qaşıq, qədəh, qəhvə gətirdi. Yeməklər ortada mulyaj kimi durmuşdu, heç kəs onlara dəyib-toxunmurdu, bəzilərini spirt lampası kiçicik, mavi dili ilə altdan pişik balası kimi yalayırdı.

Yeməkdən sonra durub geyinmək və əks mənzərəni Aynura göstərmək üçün gölün o biri sahilinə getmək lazım idi. Əks mənzərəsiz “Cin yuvası” öz adını doğrultmurdu, o hal idi ki, gözəlliyin cazibəsini tam hiss etmək üçün ondan xeyli uzaqlaşmaq tələb olunurdu. Gölün o üzündən baxanda pəncərələrin, projektorların işığı dağları udmuş qaranlığın dərinliyində nə üçün yandığı məlum olmayan sehrli şamı xatırladırdı. Adama elə gəlirdi ki, bu işıq nəsə həqiqi olmadığı üçün hər bir növbəti anda sönüb yox ola bilər. Onda da qışıydı, generator cırcırama havasında “Yanıq Kərəmi” çalırdı. Çox baxanda işıq gözdən itən kimi olurdu, sonra sanki qabağından pərdə götürülürdü və səksəkəli, tənha işıq yenidən qaranlığın ortasına sancılırdı. Bu ad da ilk dəfə o tərəfdən baxanda ağlına gəlmişdi: “Cin yuvası”. Cinlərin insanlarla yanaşı yaşadığına o indinin özündə də inanırdı. Hərdən ona elə gəlirdi ki, Şərqo cindir. Çünki bu mükəmməllikdə adamın olmasını və onunla adi təsadüf nəticəsində rastlaşmağı o, az qala mümkünsüz sayırdı. Bir dəfə zarafatdan vaz keçə bilməyib soruşdu:

- Şərqo, sən cinsən?

Bəlkə də Şərqodan bunu başqa cür, məsələn, birbaşa cin yox, hansı əsrin adamı olduğunu soruşsaydı, nəsə qeyri-adi bir reaksiya ilə qarşılaşardı. Amma Şərqo onun üzünə baxa-baxa sanki dinməzcə dedi ki, ey dili qafil, sən bunu indimi başa düşübsən?! Amma ağzını açıb danışanda yenə onu heyrətləndirməli oldu:

- Yaqub bəy, – dedi, – mən cin olsaydım...

Susdu, sanki özünün ən sirli arzular sandığını açacağından çəkindi. Və bu illər ərzində Yaqub bəyin onun ən böyük arzusundan belə xəbərsizliyi Şərqoya çox qəribə gəldi.

- Aha, – o dedi. – Maraqlıdı. Cin olsaydın, neyləyərdin?

- Heç nə. “Cin yuvası”nda işləyərdim, təbii...

İndi istədi Aynurun da yanında o söhbəti təzələsin, amma qorxdu, Şərqodan yox, cinlərdən qorxdu, çünki bir azdan gölün o biri üzünə gedəsiydi. Özü məmnuniyyətlə piyada gedib havasını dəyişərdi, ancaq Aynur maşınsız çətin gedərdi bu boyda yolu. Maşınla getmək isə onun özünə ləzzət eləmirdi. Göydə ayın boz-bulanıq, çapıq şəkli durmuşdu, heç özünə oxşamırdı, soyuq göl suyu projektorların isti işığından başqa heç nəyi qəbul etmirdi.

Şərqo yenə bir anlığa getdi və qara, dar yubkanı, ağ köynəyi incitməyən ciddi yerişlə geri qayıtdı. O qədər ciddi yerişlə ki, elə bil iki nəfərin yeyib-içməyi deyil, bütün Afrikada ərzaq proqramının həlli ona tapşırılmışdı. Yaxınlaşıb Yaqub bəyin qulağına astaca nəyisə pıçıldadı və Aynurdan gizlin pıçıltı ilə də aldığı cavabı qaytarıb yenə öz isti, acından ölən Afrikasına apardı.

- Mənimlə bağlı nəsə baş verib ki pıçıldaşırsınız? – Aynur soruşdu.

- Sürpriz! – Yaqub bəy dedi.

- Kimə, mənə? – Aynur dübarə soruşdu.

- Aha.

Aynur susdu və bulanıb lillənən bütün diqqətini toplamağa çalışdı ki, onu heyrətləndirmək, sevindirmək üçün gəlməkdə olan o əcaib şeyi layiqincə qarşılaya bilsin. Onun fikrinə dərhal o qədər insan, heyvan və əşya soxulmağa başladı ki, xəyalında əmələ gələn xaosda gah Nyu-York, gah heyvanxana, gah da “İçərişəhər” adlanan labirintlər qovşağının qarmaqarışıq təsvirləri bir-birlərini sıxışdırdı və o, bunların heç birində qərar tuta bilməyib özünü Xəzərdəki yaxtaya atdı. Onu gözləyən əsl sürpriz isə həmin axşam qış gölünün soyuq mənzərəsində nə adam, nə heyvan, nə də əşya idi. Bir azdan çöldə qəflətən başlanan zurna və davul sədaları onu diksindirdi. Zurna-davulla bir neçə takt vurandan sonra susdu, amma çomağın dartma dəridən qopardığı son gumbultu gölün üzərindən restoran səmtə uçub kibrit çöpünün alovu kimi tədricən söndü.

Həyətdə bir qələbəlik vardı, gəl-görəsən: milli geyimli qadınlar, kişilər... Şosedən gələn yolun qırağındakı tut ağaclarına yayda sığırçın sürüləri o cür qəfləti basqın edirdilər. Bunlar da bir ucdan elə bil artırdılar. Hamısı bir-birinə oxşayırdı, yalnız boynundan davul asılmış, arabir qısa danqıltılarla qarmaqarışıqlığı tamam idarəolunmaz göstərən qarapapaq kişi seçilirdi. Bircə anlığa da olsa dolaşan fikir dumanında qaranlığa bürünüb gizlənmiş dağların, meşələrin, suların qoynunda dingildəşən bu oyuncaq hərəkətlərə, səs-küyə, rəng qarmaqarışıqlığına hər kim baxsaydı, o, səhnə paltarlarının al-qırmızı əlvanlığı içində qaynayan bu qəfil, gözlənilməz zühuru adi kənd adamlarının deyil, su altından çıxmış pərilərin, dünyanın, həqiqi adamların, villanın, hərracın-filanın fərqinə qətiyyən varmayan əcaib varlıqların, cinlərin yaratdığını düşünərdi.

Projektorların sarı işığında onların ağzından çıxan buğla bir gəmini hərəkətə gətirib Həştərxana yola salmaq olardı.

Kənardakı ağ örtüklü uzun stolun üstündə qonaqların tezbazar yerbəyer elədiyi içki və yüngül yemək nişanələri Şərqonun sehrli dəst-xəttinə dəlalət edirdi. Ağ paltolu Şərqo, əlində dəftər-qələm, öz ciddi sifəti və eynən zaldakı kimi qısa addımları ilə bir oyuncaq adamdan o biri oyuncaq adamın üstünə qaçıb nəsə soruşurdu, nəsə deyirdi, amma sanki onu heç kim eşitmirdi, o da bunların dilini başa düşmürdü.

Yaqub bəyi və onun rəfiqəsini qırmızılar soyuqdan üşüyən alqışlarla qarşıladılar, tez də susub nədən başlamaq haqqında göstəriş gözlədilər.

- Hava soyuqdu, – Yaqub bəy ucadan dedi. – Üşümürsünüz ki?

- Yo-oox, – cavab verdilər. Güclü kişi səsləri paroxod nəriltisi kimi o biriləri üstələdi.

- Onda başlayaq. Öyrənmisiniz yallıları?

Oyuncaqlar bir ağızdan:

- Bəli-i-i-i! – qışqırışdılar.

- Bunlara yallı müəllimi göndərmişdim, – Yaqub bəy xanımına dedi, sonra yenə qırmızı əcinnələrə müraciətlə: – Hansından başlayaq?

- Hoynəri-i-i-ii! – dedilər və zurnaların davullardan qopardığı ilk, ağır gumbultulardanca hər kəsin öz yerini dərhal tapdığı sıra geniş liman döşəməsinin üstündə yavaş-yavaş ləngərlənməyə, sanki hər kəsin özünü sırada hiss etməsi üçün vaxt uzatmağa başladı.

Şərqo hamını yerbəyer edibmiş kimi, nisbətən toxtaq halda gəlib Aynurla yanaşı dayandı. Onlar niyə oynamadıqlarını bir-birindən soruşmadılar. Çeçələ barmaqlarını çiyinləri səviyyəsində qarmaq kimi bir-birinə keçirmiş adamların yallı getməyi bir neçə sadə ayaq hərəkətindən ibarət olsa da, Aynura elə gəlirdi ki, sıraya qoşulacağı təqdirdə ayağını yanlış atmaqla bütün rəqsi korlayıb zay eləyə bilər. Aynurun bu dünyada bacardığı işlər sayca elə də çox deyildi, amma onları o, qüsursuz yerinə yetirməklə öz mövcudluğunu özü üçün təsdiq etməkdən hərdən zövq alırdı.

- Kimdi bu adamlar? – Aynur Şərqodan soruşdu.

- Bunlar kənd camaatıdı, “Yaqub bəyin rəiyyəti”, “fabrikin mahnı və rəqs ansamblı”, nə istəsəniz deyə bilərsiniz, – Şərqo rəqs edən dəstənin hərəkətlərindən bir an belə gözünü çəkmədən dedi. Sanki orada kimsə ayağını yanlış atsaydı, dərhal onu dəftərində qeyd edəcək, sonra da gedib səhvi düzəltdirəcəkdi.

- Siz baxırsınız, Yaqub bəy necə, yaxşı yallı gedir? – Aynur dedi.

Şərqo dinmədi, elə bil Yaqub bəy istisna olmaqla oynayanların hamısının hər bir hərəkətinə görə məsuliyyəti o daşıyırdı. Elə bil bu otuz nəfərin arasında təkcə Yaqub bəyin ayağını düzgün atmaması rəqsi korlamazdı. Amma Yaqub bəy, deyəsən, heç səhv-zad haqqında düşünmürdü, azad, sağ əlində bir ucunu buraxdığı yaşıl şərfini arada yellətməklə sol əlinin barmağına keçirdiyi dəstəni yavaş-yavaş irəli dartır, sanki işıqlı baxışları, yumşaq hərəkətləri ilə bu rəqsin vacibliyinə və əhəmiyyətinə özünü daha çox inandırmağa çalışırdı.

Bundan ötrü heç də az yaşı olmayan qadınların, kişilərin bəzəkli paltar geyib kənddən bura gəlməsi, əl-ələ verib, bütün bu torpaqların, meşələrin, dağların, gölün sahibinin başçılığı ilə sırada rəqsə qoşulması Aynura stolun o biri üzündə darıxmamaq üçün şampan içməkdən böyük səfehlik kimi görünürdü. Amma nədənsə özü də onlara qoşulub oynamaq istəyirdi, elə bil bu dəstə oynaya-oynaya haradasa gölün üzərində havaya qalxaraq dumanın ilişib qaldığı dağ döşünün yüksəkliklərini, qarlı zirvələri dolanıb gələcəkdi, o isə Şərqo ilə yanaşı dayanıb bu uçuş zövqünün səfasından məhrum olacaqdı. Xoşbəxtlikdən, yanından keçəndə Yaqub bəy dəstənin irəli hərəkətinə qısa pauza verib onu da sıraya, özü ilə bığlı bir kişinin arasına saldı və tez də izah elədi:

- Bir addım irəli, “hopp”, iki addım yarım geri, üç addım da dairə boyunca! Çıxart tulla o dikdabanları ayağından!

Sonra Yaqub bəy barmağı-barmağında yenə Aynuru unutdu, öz dəstəsilə uçub gölün üzərindən restorana qədər getdi. Rəqs orta tempi keçirdi və ömründə ilk dəfə rəqs ansamblı ilə yallı oynayan Aynura elə gəlirdi onun ayaqlarının hərəkətlərini ümumi ahəngdən çıxaran rəqsi bilməməyindən də artıq tuflilərinin uca dabanlarıdır. Yüksək tempdə bir-iki dairə vurandan sonra qadınlar kişilərdən ayrılıb başqa dəstədə birləşdilər. Hər iti “hoopp” addımı ilə altdakı beton estakadanı tərpədən kişilərin qaçaraq hərəkətləri artıq heç bir oyun qaydasına sığmayan xaotik şıllaqlamanı xatırladırdı. Amma bu da işə yarayırdı, çünki bu heyətdə belə rəqsin bir də nə vaxt olacağını kimsə deyə bilməzdi.

Soloda işləyən zurna züyün başı üstündən vurduğu yarım notluq taktların sonsuz təkrarında ağzının suyunu axıdırdı, davulun gumbultusu qaranlığın və aşağı enən ayazın dondurmaq istədiyi nazik buzu pardaxlaya-pardaxlaya dağı-daşı diksindirirdi. Daha bir yallı oynadılar, amma bu, nədənsə əvvəlki qədər rəvan getmədi və sonda Yaqub bəy xanımını da götürüb getmək istəyəndə rəqsin təsirindən yanağı qızarmış qadınlar onu dövrəyə aldı.

- Yaqub bəy, deyirlər ki, bizi satırsınız, – xanımlar yerbəyerdən dilləndilər. – Biz bundan çox narahatıq.

Onlar yalnız indi dilə gətirdikləri qayğılarının hər kəsə tanış adiliyi ilə butafor oyuncaq qiyafəsindən çıxıb həqiqi adamlara oxşamağa başladılar.

- Mən sizi heç zaman satmaram, – Yaqub bəy dedi. – Daha doğrusu, sata bilmərəm, siz təhkimli-zad deyilsiniz ki... Satsam da, “Cin yuvası”nı, fabriki sataram.

- Yox, yox, heç nəyi satmayın. Biz istəmirik! – qadınlar qışqırışdı.

Yaqub bəy bu adamların üzünü görmək üçün diqqətlə baxdı, ancaq onların arasında öz ağ paltosunda göydən düşmüş yad cisim kimi dinməzcə dayanmış Şərqodan başqa heç kəsin sifətini görə bilmədi. Sonra o yenə baxdı və fikirləşdi ki, hətta bu adamlar həqiqi adam yox, cin olsalar belə, yaxşı ki, hərracın nə olduğunu bilmirlər.

# 1065 dəfə oxunub

Oxşar xəbərlər

"Elə bil qorxa-qorxa" pyesi haqqında - Zəhra Həşimova

"Elə bil qorxa-qorxa" pyesi haqqında - Zəhra Həşimova

21:00 25 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
# # #