Kulis Qan Turalının Şərif Ağayar və onun yeni çapdan çıxan “Gülüstan” romanı haqqında yazdığı “Gülüstan”: ağrının kafkaesk ifadəsi” essesini təqdim edir
Şərif Ağayarı Laçınsız ilk gündən tanıyıram. Yəni o adda hekayə çap olunan gündən. O vaxt Şərif şairlik sevdasından təzəcə vaz keçib nəsr yazmağa başlamışdı. İlk hekayələrindəncə uğur qazanmışdı. Keçən on il ərzində Şərifin bir yazıçı kimi inkişafına şahidlik eləmiş, bəzən heyrətlənmiş, bəzən qibtə etmiş, bəzən isə razı qalmamışam. Və Şərif bütün bu dövr ərzində həm yaradıcılığı, həm də personası ilə gündəmdə olub. AYB-dən çıxması, Milli Kitab Mükafatının onluğuna düşməsi, “Aftafalı ayntrakt” toplusunun, “Haramı” romanının nəşri... Son dövrlərdə isə yazdığı hekayələrlə Şərif ədəbi prosesin ən aktiv adamıdır. Şərif Ağayar AYO şinelindən çıxan nasirlərdəndir. Lakin onun digər gənc AYO-çu yazıçılardan, misal üçün Seymur Baycandan, eləcə də məndən ayıran ən mühüm cəhət klassik ədəbiyyata münasibətidir.
Ümumən, AYO, onun ədəbi estetikası haqqında çox az yazılıb. AYO-da iki xətt vardı, birinci xəttə Rasim Qaraca rəhbərlik edirdi. Bu qanad klassik ədəbi irsə nihilist münasibət bəsləyirdi. Digər tərəfdən Murad Köhnəqala xətti də vardı ki, klassik ənənələrə əsaslanırdı. Əlbəttə, bu bölgü, dixotimik deyildi. Yəni bir-birindən kəskin şəkildə ayrılmamışdı. Hər iki qanad çox güclü şəkildə müasirliyi vurğulayırdı. Bu mənada AYO estetik baxımdan monolit bir qurum idi. Hər iki qanad zəmanənin çağırışlarına qulaq verir, ona görə də Rasim Qaraca ilə Murad Köhnəqala bir-birini inkar etmir, əksinə çox gözəl tamamlayırdılar. Ya da, misal üçün, nəsrdə Rafiq Tağı böyük yaradıcılıq yoluna baxmayaraq gənc Seymur Baycanla maraqlı tandem idi. Şərif isə Həmid Herisçi, Murad Köhnəqala qanadında idi, ənənəni inkar etməyən, onu bəzən az qala ilahiləşdirən, bununla belə bu günün şeirini, hekayəsini yazan bir adam... Və bu mənada Şərif Ağayarın on il ərzində dəyişmədiyi göz qabağındadır.
Şəriflə hər zaman fikir ayrılığımız olub. Mirmehdi Ağaoğlu haqqında da bunu yazmışdım. Bu sətirləri yaza-yaza düşünürəm ki, ədəbi mühitdə mənim demək olar ki, fikir ayrılığım olmayan adam Qismətdir. Biz, adətən mübahisə etmirik. Şəriflə isə bir neçə məsələdə ayrılırıq, birincisi də ənənəyə münasibət məsələsidir. Əlbəttə, o, uzaq gənclik illərinin havasından çıxmışam, elə Şərifin də müəyyən fikirləri dəyişib, lakin özül düşüncə hələ də yerindədir. Və bu özül düşüncə bizi daim mübahisəyə sövq edir. Bu mübahisəni bura xatirə kimi yazmıram, bu mübahisə birbaşa Şərifin yaradıcılıq mətbəxinə aiddir. Çünki yazıçını öz dünyagörüşündən, dünyaduyumundan və fəlsəfi-estetik baxışlarından ayrı təhlil etmək mümkünsüzdür.
Mən Şərif haqqında bir neçə məqalə yazmışam. Fəxrlə xatırlayıram ki, Şərif Ağayarın “Alatoran” jurnalında çap olunan “Kərpickəsən kişinin dastanı” povestini ədəbi tənqiddə ilk dəfə fərq edib onun haqqında məqalə yazan mən olmuşam. Eləcə də “Haramı” romanında və Şərifin ilk hekayələri haqqında da yazılarım olub. Bu məqalələrin hansındasa Şərifin özündən bir sitat gətirmişdim: “Mənim içim həyat materialı ilə doludur, sadəcə onları yazmaq üçün forma axtarıram”. Məncə, bu söz Şərif Ağayarın yazıçı kredosu üçün əsas məqam sayılmalıdır. Şərif nə yazıbsa həyatdan götürülüb, yaşadığı həyat lövhələri, gördüyü insanlar, içində olduğu proseslərdən yazıb. Və bu arada əlüstü də qeyd edim ki, Şərifin bütün bu əsərləri heç də adi realizm deyildi. O, nə tarixçidir, nə də salnaməçi. Şərifin bütün əsərlərində müharibənin doğurduğu faciələr bədii formada əks olunub və əsas diqqət də insana çevrilib. Kiçik bir cəhətlə böyük xəritəni görmək, duymaq, hiss etmək - Şərifin üstünlüyü budur. Bəzən boşboğazlıqla Qarabağ hadisələrinin nəsrə gətirilməməsi haqqında danışırlar və bu sözlərin boşboğazlıq olduğuna da ən yaxşı misal elə Şərif Ağayarın əsərləridir. İkinci Dünya savaşının dəhşətləri o zamanlar uşaq olan İsa Hüseynovun qələmindən bədii ədəbiyyat faktına çevrildiyi kimi Şərifin də Qarabağ savaşını bu cür ədəbiyyatın malına çevirdiyini desəm qətiyyən mübaliğə eləmərəm. Müəyyən səviyyə fərqi əlbəttə ki, var və Şərifi ədəbiyyat azmanı ilə müqayisə etmək bəlkə bir az ədalətsizlikdir. Lakin biz Şərifi İsa Hüseynovla müqayisə etməyib, kiminlə müqayisə edəcəyik? Süleyman Rəhimovla?
Keçəlim, arkadaşlar, keçəlim...
Lakin mövzu məsələsində bir tənqidi məqamı da mütləq qeyd etmək lazımdır. Şərif bir yazıçı kimi mövzunun əsirinə çevrilməkdədir. Söhbət İsa Hüseynovdan düşdü, ordan girək söhbətə. İsa Hüseynov kənd yazıçısı kimi ədəbiyyata gəlmişdi. Amma “Məşhər”i də o yazdı. Elçin Əfəndiyev Bakı kəndlərinin hekayələrini yazırdı, amma “Ölüm hökmü” kimi monumental roman da onun qələmindən çıxdı. Misalları artırmaq olar. Adi bir adam düşünə bilər ki, yazıçının illərlə eyni mövzunu yazmağında pis nə ola bilər? Eyni mövzular təbii olaraq eyni yanaşma, bir müddət sonra isə təkrar vəd edir. Bu mənada yazıçı təzələnmək üçün daim yeni mövzulara müraciət etməli, zəkasının, istedadının korşalmasına imkan verməməlidir. “Quru budaq” hara, “Məhşər” hara? Mövzu ayrı, ideya ayrı, yanaşma ayrı, diapazon ayrı, üslub ayrı... Amma tutaq ki, “Quru budaq” povesti ilə “Tütək səsi” arasında çox da fərq yoxdur. Hətta bu iki povesti birləşdirib film də çəkiblər. Bu mənada yazıçının zehnən təzələnməsi üçün yeni mövzulara girişmək şərtdir. Yaşı 40-ı haqlayan Şərif bu mənada gecikir. Düzdür, Şərif “Xürrəm” povestini xatırlada bilər, lakin bu povest Şərif Ağayarın yaradıcılıq imkanlarından çox aşağı bir əsərdir, bunu yəqin özü də etiraf edər. Etməsə də boynuna qoyarıq... J
Hə, bir də klassikaya münasibət məsələsi var. Klassika klassikadır. Çox dəqiq və aydın şəkildə ifadə elədim. Amma klassika doğrudan da klassikadır. O klassika yerində qalmalıdır. Ona münasibət də hər dövrün estetik dəyərlərinə və zamanın ruhuna uyğun olmalıdır. Klassikanın ən mühüm xüsusiyyəti də budur: hər zaman aktual qalması. Lakin klassika bütün parametrləri ilə aktual qala bilməz. Misal üçün, Nizaminin padşaha verdiyi öyüdlər dövrümüz üçün çox banal səslənmirmi? Nizamini bu gün üçün aktual edən onun qurğusal strukturudur. Ya da Füzulinin sufi-panteist dünyagörüşü dövrümüz üçün çox köhnəlib. Şərifin yazıçı kimi klassikaya münasibəti bəzən heyranlıq səviyyəsinə yüksəlir. Misal üçün, “Qətl günü” romanını az qala inkar edir, amma Füzulini ucaldır. Bunlar adi məsələlər deyil, Şərifin birbaşa yaradıcılıq mətbəxi üçün gərəkli dünyagörüşüdür. Realist bir yazıçı nəyə görə Füzuliyə aşiq olmalıdır? Məgər realizmin piri Axundov Füzulini şair olmamaqla damğalamamışdı? (Hamıya məlum olduğu kimi Füzuliyə bu münasibət estetik fərqlərdən doğan çox tünd bir yanaşmadır). Postmodernizmə iddia edən yazıçı nəyə görə Azərbaycan klassikasının ən postmodern romanına qarşı çıxmalıdır? Bütün bunlar Şərifin ziddiyyətləridir. Şərif öz nəsri üçün gərəkli ontoloji və estetik çıxışı tapa bilmir. Digər tərəfdən, bu ziddiyyətli dünyagörüşü tamamilə təbii şəkildə Şərifin yaradıcılığına da sirayət edir. Misal üçün Şərif “Haramı” romanında postmodern gedişlər edir; romanı “Xosrov və Şirin” poeması üstündə qurur, Heraklın qəhrəmanlıqları kimi hekayətləri romana müstəqim şəkildə daxil edir. Lakin başdan sona realist olan bu roman üçün adlarla həyata keçirilən postmodern metodlar çox da işə yarar görünmür. Çünki postmodernizm (eləcə də digər cərəyanlar) dərin fəlsəfəni ehtiva edir. Onu sadə priyomlarla gerçəkləşdirmək mümkünsüzdür. Şərif realizmlə postmodernizm arasında vurnuxur. Bu ziddiyyətlər Şərifi təqdir elədiyi Əkrəm Əylisli olmağa da qoymur, tənqid elədiyi Yusif Səmədoğlu olmaqdan da sapdırır.
Ədəbi cərəyanlara bizim ədəbi mühitdə adətən soyuq münasibət bəsləyirlər. İllər əvvəl bir şairin müsahibəsində eynilə bu cür bir cümlə oxumuşdum: “Məndə romantizmdən də, realizmdən də, sürrealizmdən də, postmodernizmdən də nəsə var”. Məncə, o şairdə bütün bunlardan çox ağılsızlıqdan, nadanlıqdan nələrsə yox yekə bir parça var, ya da belə deyək, şair nadanlığa qoyulmuş bir abidədir. Şeirləri, danışığı, fikirləri ilə...
Hər yazıçı bir ədəbi məktəbə məxsusdur, o, bunu anlamasa belə məxsusdur. Anlamamaq insanı ədəbi cərəyanların birinə aid olmaqdan xilas etmir. Doğrudur, biz ətrafda kamil yaradıcılıq kredosuna malik olan, nə yazdığını çox yaxşı bilən adamlara çox az rast gəlirik. Füzuli kommunist olsaydı heç zaman belə qəzəllər yazmayacaqdı, ya da Maksim Qorki kamil bir pravoslav olsaydı realist olmayacaqdı. Ədəbi estetika da insanın fəlsəfi dünyagörüşünün vacib cəhəti kimi üzə çıxır. Ona görə də ziddiyyətli ədəbi dünyagörüşü eyni zamanda mübahisəli estetika doğurur. Və buna görə də biz çoxlu sayda estetik ziddiyyətli bədii mətnlərlə qarşılaşııq.
Şərif Ağayarın yenicə nəşr olunmuş “Gülüstan” romanı realist və insanpərvər pafosu, zülmə qarşı etiraz səsi və güclü maarifçi meylləri ilə təhlil olunmağa layiqdir. Romanda yaradılmış diri insan obrazlar, canlı insan mənzərələr, çox güman ki, yaddaşımızda silinməz izlər buraxacaq. Adəm qəsəbəyə qayıdışı ilə onu öyrənməyə, dərk etməyə başlayır, insanlara adi gələn həyat gerçəklikləri onun üçün mübahisəli və qeyri-adi gəlir. Adəm Gülüstan qəsəbəsini öyrəndikcə hər şeyin ədalətsiz və saxta olduğuna inanır. Lakin bütün bu idrak prosesi onu mübariz bir inqilabçıdan artıq ümidsiz bir qiyamçıya çevirir. Bu dərketmə prosesinin ən ağrılı məqamı Həyatla bağlı yaşadıqlarıdır. Nakam sevgisi olan Həyat yenə başqa əllərdədir. Adəmin həyata olan seyrçi münasibəti Həyata da özünü göstərir. Adətən klassik əsərlərdə başqa yerdən ədəbi məkana daxil olmuş obrazlar katalizator rolunu oynayır. Misal üçün, Şeyx Nəsrullah, Qoqolun müfəttişi və ya Müsyo Jordan. Şərif qəhrəmanına belə rol qıymır. Adəm roman ərzində ancaq ətraf aləmi anlamaqla məşğuldur. Bu anlama sonda üsyana qoşulmaqla nəticələnsə də Adəm üsyanın nə təşkilatçısı, nə də rəhbəridir. O, sadəcə olaraq üsyana qoşulmağa özündə güc tapır. Ədəbi məkana atılmış bu cür sadədil qəhrəman daha aktiv, daha üsyankar olsaydı bəlkə hər şey daha yaxşı alınardı. Ən azından biz Adəmlə ətrafda gördüyümüz adi həyat həqiqətləri, misal üçün təhsildəki korrupsiya faktı haqda maariflənməyə ehtiyac duymazdıq. Oxucu Adəmlə bərabər vəziyyətin amansız, ədalətsiz olduğunu öyrənir. Amma digər sosial romanlarda bu belədirmi? Misal üçün, Steynbekin “Bitməyən qovğa” romanında iki inqilabçı muzdurlar arasında qiyam qaldırmaq üçün kəndə gəlirlər. Onların biri gənc və təcrübəsizdir, digəri isə ona prosesi izah edir. Muzdurların ağır həyat şərtlərini göstərmir, sadəcə olaraq ona inqilabı necə etməyi öyrədir. Şərifin məncə bu roman üçün başlıca qüsur da budur: hamının gözü qarşısında olan həqiqəti göstərmək cəhdi! Maksim Qorkinin “Ana” romanında bircə fabrik fitini təsvir etməklə göstərdiyi ədalətsizliyi, zülmkarlığı və istismarı Şərif Ağayar bütün roman ərzində oxucuya çatdırmağa çalışır. Buna ehtiyac yoxuydu. Kamyu deyir ki, insan əzablarını da estetik formada təqdim etmək lazımdır. Adətən hekayələrində buna müvəffəq olan Şərif romanda estetizmə lazımi diqqəti göstərmir. Estetizm uduzur, insan əzablarını bəzək-düzəksiz, olduğumu kimi göstərmək missiyası daha üstün mövqe tutur. Romanda Adəm tez-tez flash-backlar edir, keçmişi xatırlayır, keçmişlə bağlı təsvirlər, Hacı Süleyman torpaqlarındakı yaşayış bizə çox daha ədəbi, çox daha estetik gəlir. İnsanların yaşayış uğrunda mübarizəsi əsl ədəbi üsullarla əks olunub. Humanitar yardımın gəlməsi, su uğrunda mübarizə, uşağı ilan çalması - bütün bunlar bizim nəsrimiz üçün çox sanballı şeylərdir ki, belə gözəl mətni biz uzun illər əvvəl Məmməd Orucun “Göz ağrısı” povestində oxumuşduq. Burda nə kralın qəsri var, nə əxlaq polisi. Nə biz bu yoxluğun fərqindəyik, nə də polis fərqində... Burda bir məsələ də var, Şərifin etiraz səsini eşidirəm sanki... Doğrudur, Hacı Süleyman torpaqlarının koloriti fonunda Gülüstanın bayağılığa yuvarlanmış mənasızlığı da var. Yazıçının işi də mənasızlıqdan məna düzəltmək deyilmi?
Hacı Süleyman torpaqlarının nəsr tərəfindən özəlləşdirilməsi “Gülüstan” qədər böyük “istedad maliyyəsi” tələb etmir. Biz nəyə görə Şərifə qarşı maksimalist davranmamalıyıq? Ya da belə deyək, Şərif Gülüstan qəsəbəsini təsvir etməyə borclu idimi? Məgər yazıçılığın bir şərti də yaxşı mövzu seçmək deyilmi?
Bayaq dünyagörüşündəki ziddiyyətlərdən danışdıq. Dünyaya realist yanaşma var, sürreal yanaşma var, antiutopik yanaşma var. Bunlar çox fərqli şeylərdir. Lakin onların eyni romanda xırmanlanması ortaya eklektik və ziddiyyətli bir mənzərə çıxarır. Həmin ziddiyyətlər də Şərifə mane olur. Misal üçün, qəsəbənin icra başçısının oturduğu bina Qəsr kimi təqdim olunur. Bu açıqca kafkaesk bir vəziyyətdir. İnsanlar heç zaman kralı görmürlər, onun adından müşavir danışır. Lakin realist bir əsərə bu cür kafkaesk bir məzmun vermək əsərin realist toxumaları ilə uyğunlaşmır. Ya da Corc Oruelin fikir polisinə bənzəyən əxlaq polisi də antiutopik anlayışdır, onun realist bir romana bu formada calaq edilməsi uğursuzluqla nəticələnir. Hacı Süleyman torpaqlarında isə biz əsl Şərifi görürük.
Şərifin Kafkaya, Corc Oruelə istinad etməsində pis bir şey görmürəm. Bu romanı oxuduqca aydın şəkildə görürük ki, Şərif öz mövzularından uzaqlaşmağa, ya da başqa cür desək, Qərb nəsrinə müraciət etməyə, onlarla çulğaşmağa, onların havasında bir şey yazmağa, öz ağrı və acılarını, eləcə də xalqımızın müharibədən çəkdiyi zilləti kamil estetik formalarla verməyə cəhd edir. Bir növ öz hekayəsini dünya oxucusunun da anlaya biləcəyi, duya biləcəyi müstəviyə çıxarmaq, onlarla öz dillərində danışmaq istəyir, buna görə də Sədinin “Gülüsta”nından Oruellə qədər uzun və məşəqqətli bir yol qət edir.
Tənqidçi Tehran Əlişanoğlu belə yazmışdı: “Şərif Ağayarın bu aşırı sivilizasiya ehtirasları olmaya!”
Mən Tehran müəllimin narahatlığını anlamaqla bərabər həm də ona əminəm ki, bizim nəsrin xilası elə sivilizasiya ehtiraslarındadır.
Parisdə görüşənə qədər!