Kulis.az İlham Qəhrəmanın müxtəlif illərdə yazdığı məktublar silsiləsini təqdim edir.
1
Ağ köynəkdə qan bəllidi,
Sən mənə köynəklik al al.
Ya sən məni heç oxuma,
Ya da əlinə dəsmal al.
Yenə o günlərə qayıt,
Dəsmalının küncün islat.
Xəbər göndər “gələcəyəm”,
Yalandan günü günə sat.
Gəlmirsən canın sağ olsun,
Təki sağ sorağın gəlsin.
Sarğısı dəyişir, nolar,
Yarama sarığın gəlsin.
Səndən qalan xatirələr
Dünyanın təmiz yeridi.
Sənin məhəbbətin canda
Qurumuş dəniz yeridi.
Qurumuş dəniz yerinə
Ovcumda su daşıyacam...
Məndən arxayın ol, həkim
Deyir ki, çox yaşıyacam.
Fevral, 1999
2
Sən olan yerlər necədi,
Buralar yaman tünlükdü.
İl ildən pis gəlir, gülüm,
Həsrətin yamangünlükdü.
Mənim halımı soruşma,
Göz yaşlarım bıldır-bıldır...
Sən gedəni heç bilmirəm
Bu il öldüm, yoxsa bildir?!
İlhamın dərdin sorsalar,
Deyərsən: yarası mənəm,
Üzübelə sinəsində
Dərdlərin sırası mənəm.
...Bəlkə sizə tərəf gəldim,
Axşam bulaqda olarsan.
Deyirlər İlham itibdi,
Gözdə-qulaqda olarsan.
May, 1999
3
Sən gedib qayıtmadın, mən
Öldüm, ölümdən qayıtdım.
Ölsəm canım qurtarmışdı.
Sənin əlindən qayıtdım.
Niyə bir sədan gəlmədi,
Mən də sədanı qaytarım.
Eşitdim naxoşlamısan,-
Gəlim qadanı qaytarım.
Lalə bağrıtək sinəmdə
Sevgimizin yeri getdi.
Gəlib baş çəkmədin, zalım,
Bu il yaman geri getdim.
Mənə də qıydılar, gülüm,
Bülbülə bıçaq çəkənlər,
Dəhnədən suyu döndərib,
Çəməndən çiçək çəkənlər.
Yaza çıxan sal buz kimi
Əriyən can dərdə yemdi.
İçim xarabaya dönüb,
İçimin bayquşu kəmdi.
Məni hara aparmısan?
Hələ də bilə bilmirəm.
Sevgidə elə azmışam, -
Özümə gələ bilmirəm.
Allah deyəndən demirdin,
Sən onda yaman zalımdın.
Məni məndən kim alardı?!
Mən səndən ucuz alındım.
Aşiqə səni sevməkdən
Dünyada üstün nə gələr?!
O gül sifətini görsəm,
Sifətim üstümə gələr.
Mən mən olum, sən də sən ol,
Hər gün ağlat, kirit məni.
Aləmə möcüzə göstər -
Gah öldür, gah dirilt məni.
May, 2001
4
Getməyə qatar olmadı,
Xəbərə çapar olmadı.
İstədim ki, özüm gələm,-
Canımda tutar olmadı.
Sevgi gəldi sirr gözündə,
Tutdum onu pir gözündə.
Ayrılıq bizə xurcundu,-
Hərəmiz də bir gözündə.
Ah çəkdik – aha baxmadı,
Yaşlı yanağa baxmadı.
Allah üzümüzə baxdı,-
Şükür, günaha baxmadı.
Durub gendən soruşsunlar,
Can evindən soruşsunlar,
Özüm yerimi bilmirəm,
Məni səndən soruşsunlar.
Gül gördüm, güllüyə gəldim,
Avdala, Şelliyə gəldim,
Yanına gələ bilmədim,
Havayı gülləyə gəldim.
May, 2001
5
Nə vaxt yadıma düşürsən
Canımın yeri ağrıyır.
Durnalar səni deyirdi:
Bir nazlı pəri ağlayır.
Bizə də bir damla düşdü
Ayrılığın dənizindən.
Mənim ağzımla öpərsən
Yalqızlığın nəm üzündən.
Dilim də gəlmir deməyə
Adamlar pisdilər, gülüm.
Altında görüşdüyümüz
Ağacı kəsdilər, gülüm.
Ta bu şəhərdə qalmadı
Bizim bir qarış yerimiz.
Bir evin ortasındadı
O əziz görüş yerimiz.
2002
6
Gəzirəm əlimyandıda
Səni gördüm deyən yoxdu.
Yerin üstə, göyün altda
Yerin-yurdun bəyəm yoxdu?!
Bir belə səni gözlədim
Əl məndən...
ətək gecikir.
Builki yaz eynən sənsən,
Yaz da sənintək gecikir.
Daha ölürəm - məhlədə -
Hay düşüb,
sən də haya dur.
Dirinə yiyə durmadın,
Dur gəl ölünə yiyə dur.
Aprel, 2003
7
Ey dil, sünbülündə sular oynasın,
Sən məndən döndüyün gündən ölürəm.
Məni güllələyib say öyrənirdin,
Bir! Durdum...
Beş! Durdum... mindən ölürəm.
Bir səndən o yan var, bir də bəri var,
Mənə nə eyləsən, eylə - yeri var...
Ölümə yox desəm dilim quruyar,
Mən səndən dirildim, səndən ölürəm.
Kim idi dar vaxtı çalırdı udu,
Gözümdən caladı, üzümü yudu.
“Öz əlim, öz yaxam” deyilən budu –
Mən elə sən idim, məndən ölürəm.
Noyabr, 2005
8
Məktubunu sən bilirəm
Gözümə təpirəm səni.
Günəş sudan öpən kimi
Uzaqdan öpürəm səni.
Sənsiz yaşamışam?!
Matam!
Gözəl adındı tək butam.
Adını tutmuşam şadam
Qoy şad olsun verən səni!
Ayrılıqlar nə yol qoyur,
Nə yol qoyur, nə hal qoyur?!
Sevgi yerində fal qoyur
Hələ də sevirəm səni.
27.10 2011
9
Mən səni görə bilmirəm,
Durnalar salam gətirər.
Bu bir durna sevgisidir,
Ayrısı yalan gətirər.
Mənim yaşda olan kişi
Bir yerdə çox dura bilmir.
Ürəyindən keçən olsa,
Adıyla axtara bilmir.
Mənə bir məktub yazasan,
Qırağına gül çəkəsən.
Qəfil böyürdən çıxasan
Saçıma bir əl çəkəsən.
Kiprik ilə qor götürdük,
Bu sevgidə oddan keçdik.
Sevgi körpüdü deyirlər –
Biz körpünün altdan keçdik.
Sən gün deyilsən, mən də buz,
Məni necə əridirsən?!
Su şüşədə sakit axır,
Məni də sən kiridirsən!
12. 06. 2012
10
Ürəyim atlanır birdən
Gəzib səni soraqlayım.
Tapım qıvırcıq telini
Barmağımla daraqlayım.
Gözün yadıma düşəndə
Varımdan yox olmağım var.
Boş arxa su dolan kimi
Gözlərimin dolmağı var.
Yaxında uzaq yerimsən
Könül sənin qürbətindi.
Haqqımda üçcə kəlmə de –
Sevdi həsrətlə yetindi.
Xəyallarım yüz don geyir,-
Hər gün bir dərzi tutarlar.
Xəyallarım gerçək olsa,
Görsələr bizi tutarlar.
05.02.2016