Pulla elmi iş yazan dahi dostum – Murad Köhnəqala yazır...

Pulla elmi iş yazan dahi dostum – Murad Köhnəqala yazır...
1 avqust 2017
# 15:30

Kulis.az Murad Köhnəqalanın “Bizim Fişer” hekayətini təqdim edir.

Yaxşı şahmat oynadığına görə dostlar onu məşhur şahmat ustası Fişerin adı ilə çağırırdılar. Fişeri mən 80-ci illərdən tanıyırdım. O vaxtlar mən sevimli şairimiz Məmməd İsmayılın rəhbərlik elədiyi şeir dərnəyinə, Vurğun Əyyubun “Çənlibel” yığıncaqlarına gedirdim.

Fişerlə bulvarda yığışdığımız çayxanada tanış olmuşdum. O, ətrafdakılardan fərqli olaraq çox mütaliəli bir aspirant idi. Rus dilini təmiz bilir, ingiliscə bədii kitab oxuyurdu. Mənimlə tanış olanda dedi ki, dərnəkdə oxuduğun şeirlər xoşuma gəldi.

Az müddət ərzində onunla çox yaxın dost olduq. Həmişə oxuduğu əsərlərdən danışar, oxumaq üçün mənə kitab verərdi.

İlk dəfə Dostoyevskinin “Cinayət və cəza” əsərini gətirib oxumağımı tövsiyə elədi. Yapon haykularını və tanqalarını çox sevirdi. Hərdən yapon şeirlərini ruscadan oxuyub mənə tərcümə eləyirdi. Sonralar haykuları tərcümə eləyib qalın bir dəftərdən əlyazma kitabı düzəltmişdi.

Yadımdadı, Kobe Abenin “Qumluqda qadın” əsərini bir neçə dəfəyə mənə tam danışmışdı. Sonralar bu əsəri ruscadan özüm oxuduqca Fişerin gülər üzü gözlərim önünə gəlirdi.

Bir dəfə ultra sərbəst şeirlər yazan yunan şairi Yanis Ritsosun rusca şeirlər kitabını mənə bağışladı və dedi ki, başa düşməsən mütləq lüğətlə oxu. Tamam yeni duyğular aşılayan bu şairin şeirləri mənim ədəbiyyat haqda təfəkkürümü tamamilə dəyişdi.

Sonralar mən M.Qorki adına Ədəbiyyat İnstitutuna qəbul oldum və Fişeri uzun müddət görə bilmədim.

Yenidənqurma, respublikalarda inqilablar, milli dirçəlişlər başladı. Azərbaycanda da milli hakimiyyət bərqərar oldu.

Elçibəy dönəmində eşitdim ki, Fişer,hansısa məsul vəzifəyə aparılıb. O, bütün mütaliəsi və savadı ilə yanaşı həm də millətini sevən bir türkçü idi...

90-cı illərin sonları olardı. Avtobusda gedərkən onu qoltuğunda papka, Axundov kitabxanasından aşağı enən gördüm. Gördüm deyəndə ki, ona oxşatdım. Bu, Fişerdi, yoxsa yox? Avtobusdan düşüb arxası ilə qaçdım. Öz adəti üzrə iti addımlarla harasa tələsirdi. Mən onu (görəsən bu, Fişerdimi, tərəddüdü ilə) arxadan səslədim. Getdiyi yerdə dayanıb ətrafa boylandı.

Gəlib ona çatdım, görüşüb qucaqlaşdıq. İlk görünüşdən qocaldığı və əyin-başının kasıbyana olduğu gözə çarpırdı. Ondan yuyunmayan, paltarlı yatan adamın iyi gəlirdi. Hal-əhval tutduqdan sonra Gənc Tamaşaçılar Teatrının qarşısındakı çayxanaya getdik.

“Eşitdim, ailə qurmusan,” – deyib, güldü. Başımla sözünü təsdiqlədim.

Bəs sən? Evlənmisənmi?” – soruşdum.

Danışdı ki, bir uzaq qohumu ilə ailə qurubmuş, sonradan ayrılıblar. Xasiyyətimiz tutmurdu, dedi.

Belə baxanda, mənim ailəmi kasıbçılıq dağıtdı. Ucuz zirzəmi kirayələrdə qalmaqdan yoldaşım bezmişdi. Rusiyada alver eləyən qardaşı azyaşlı oğlumla yoldaşımı götürüb kəndə apardı. Kənddə ona torpaq sahəsi alıb ev tikdirdilər. Sonra bir kəndçilərinə ərə verdilər. Onlar mənə heç nəyə yaramayan, əyyaş kimi baxırdılar. Axır ki, arzularına çatdılar. İndi heç uşağı görməyə də qoymurlar. Eşitmişəm, pis yaşamırlar, ona görə heç uşaqdan nigaran deyiləm. Hərdən içəndə yadıma düşür, şəkillərinə baxıb ağlayıram...

Onun həyat hekayəti məni xeyli təsirləndirmişdi. Soruşdum ki, bəs indi harda yaşayırsan? Dedi, Sulutəpədə ev tikdirmiş bir qaçqın tanışımın Bakıda adına olan birotaqlı yataqxana mənzilində qalıram, şəraiti çox bərbaddır.

Dedim, bəs, namizədliyini müdafiə eləyə bildinmi? Dedi, namizədlik nədi, kim idi məni elə yerlərə buraxan? Heç kim məni özünə yaxın qoymadı.

Soruşdum, bəs harda işləyirsən, nəylə dolanırsan? Dedi, ona-buna elmi iş yazıb satıram.

Tələbələrə referat-zad qaralayıb başımı girələyirəm. Çox vaxt heç haqq da vermirlər, tələbədən pul istəməyə üzüm gəlmir.

Dedim, bəs, sən əqidəli adam idin, niyə belə şeylər eləyirsən?

Dedi, nə fərqi var, mən yazmasam da birinə yazdıracaqlar. Heç olmasa, yazdıqlarımı tələbələrə və “gələcəyin alimləri”nə bu yolla oxuduram.

# 1313 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #