Həyatı gözümdə öldürən adam – Elnaz Eyvazdan YENİ ŞEİRLƏR

Həyatı gözümdə öldürən adam – Elnaz Eyvazdan YENİ ŞEİRLƏR
25 may 2017
# 11:13

Kulis.az Elnaz Eyvazın yeni şeirlərini təqdim edir.

***

Və bir gün biri gələr

sevər səni...
Sevərsən...
Anlayarsan ki,
bütün sevdiklərini
Onu sevirsən deyə sevirsən.

***

Dişini dişinə sıx,
yumruğunu divara.
Bir günü də vur başa,
bir gün də artıq yaşa,
lap avara-avara.

Əllərini göyə aç,
ayağı yerdən üzmə.
Qaça bildiyincə qaç
yuxunu qaçır bir az,
ömrünə bir gün də yaz.

Bir gecə də çox yaşa,
bir dəfə də bağışla.
Günəşə gözünü qıy,
qoşul, buluda ağla,

Göz yaşın yu yağşla.

Bir əli tut ümidlə,
qoyma əlin üşüsün.
Bir dizə qoy başını,
bir cüt gözə bax, düşün.

Düşün, gör yaşamağa
nə qədər səbəbin var.
Onsuz da vuracaqsan
ömrünü gec-tez başa,
bir gün də artıq ağla,
eybi yox,
təki yaşa.

***

Qaldır, bu badəni də
eşqin şərəfinə içək.
Hər şey gözəl olacaq,
inan,
Sənin gözlərin tək...

***

Kim nə yurdun sakinidir,
kim nə yuvanın quşudur,
axı necə tanıyaydım?!
Gör nə qədər ürəksizə
ürək qıydım,
can yandırdım...
Nə mən qandım yalan nədir,
nə doğrunu
doğru-dürüst qandırdım.
kim üzümə güldü elə,
Adam sandım,
hərəsində bir az yandım...

***

Ayların, illərin,
qapqara tellərin kimi,
payızda düşən yarpaq,
əlindən gedən torpaq kimi
gedərəm,
ruhun da inciməz...

***

Nə bilim necə yatırsan,
nə bilim yerin necədir?
Yollar yenə dumanlı
həyat yenə gecədir,
gözlərim səndə qalsın...


Darıxarsan, sıxılarsan,
təsəlli verənin olmaz.
Əlim əlinə çatmır,
sözlərim səndə qalsın...


Həyatdır da,
bezərsən,
yorularsan, nə bilim.
Xəbərim olmaz tutub
həyata çəkim səni.
yerə atıb yalvarmağa,
dizlərim səndə qalsın...

Mövluda...


Dilimizdə söz idin,
danışırıq, bitmirsən
aşığın sözü kimi.
Gözümüzdə yaş oldun...


Dalımızca baxırsan
anasız quzu kimi...
Bəxtəvər ola bilmədin,
özün boyda daş oldun...

***

Üç misralıq şeirdir həyat:
Başlandı,
süründü,
bitdi...
Hərə bir səbəbdən,
hərə bir cür getdi...

***

Bir də nə vaxt doğularsan,
bir də nə vaxt yaşayarsan?
Hər gecə eyni yatağa
eyni yükü daşıyırsan.
Fərqi nədir cinsin nədir?
Sevmədiyin biri ilə
bir dam altda
axı necə yaşayırsan?

***

Ömür gedən qatardır
arxasınca baxmaq da olmur.
İndi platformada
gözlərini bir nöqtəyə dikən
sərnişinəm,
nə qatar gözləyirəm,
nə kimisə yola salıram,
baxıram:
biri ayrılır, biri görüşür.
Heç nə eşitmirəm,
fit səsiyəm,
öz səsim öz başıma düşür...

***

İçim özümü yandırır,
özgəni yandırır çölüm.
Gəl, çiynini bəri elə,
başımı qoyum və ölüm...

***

Gedəsən,
bir də gələsən.
Gəlib görəsən
düzəlib
əyrisi bu dünyanın.
Yerin boynubükük qalıb,
tuta bilməyib yerini
qeyrisi bu dünyanın.

***

Bəlkə, sonuna çatmışam,
bəlkə də, yarı yoldu bu.
Dünyaya gəlmək olmadı,
oyuna düşmək oldu bu...

***

Gileylənmə fəsildən:
bu nə qar, nə yağışdı?!
Ürək isinməyəndə
fəsillər hamsı qışdı...

***

Qapı döyüldü, dedim,
bəlkə də, sən olarsan...
Açıb saldım içəri
mən yalançı küləyi.
Baha başa oturdu
mənə onun kələyi...

***

Öləndə elə öləsən,
Nə yad inana, nə yaxın.
Sevgilin də çaş-baş qala:
O ki məni sevirdi,
necə yəni öldü axı?

***

Bir ucdan aclıq,
intihar,
həbs xəbərləri gəlir.
Torpağı göyə sovururlar,
günahsız camaatın
başına uçur damı.
Sevgi şeiri yazmağa utanırsan:
söyərlər adamı.
Bir üzüm sevgi,
bir üzüm kədər:
özümü söydürəcək qədər
sevdim səni...

***

Həyatı gözümdə öldürən adam,
canın sağ olsun.
sayəndə
daha ölümdən qorxmuram...

***

Yağış yağır:
tut ucundan
qalx göyün göz yaşın sil...

# 1149 dəfə oxunub

Oxşar xəbərlər

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
# # #