Peyğəmbəri xilas edən hörümçəyin ovu - Məti Osmanoğlu yazır

Peyğəmbəri xilas edən hörümçəyin ovu - <span style="color:red;">Məti Osmanoğlu yazır
25 fevral 2017
# 12:00

Kulis.az Məti Osmanoğlunun “Tor 5-ci gün toxunsaydı...” yazısını təqdim edir.

Mirmehdi Ağaoğlunun “85-ci gün” hekayəsi “Quran motivləri əsasında hekayələr” müsabiqəsinə təqdim edilmək üçün yazılıb: əsərin yazılması üçün bədii mətn (ədəbiyyat) ölçü və meyarları ilə yanaşı, müsabiqə tələblərinin də müəyyən rolu olub və həmin tələblərə tam cavab verdiyinə görə yazı birinci yerə layiq görülüb.

Məsələyə sırf ədəbiyyat tərəfindən baxıldıqda da bu əsərin ləyaqəti və ciddiliyi heç bir şübhə doğurmur. Mövzu məşhur hədisdən gəlir: Məhəmməd peyğəmbər hicrət dövründə onu təqib edən müşriklərdən yaxa qurtarmaq üçün Sevr mağarasına sığınmış, müşriklər özlərini yetirənə qədər mağaranın ağzında hörümçək tor toxumuş, torun üstündə göyərçin yumurta qoymuşdu. Məhəmməd peyğəmbərin izi ilə mağaraya qədər gələn müşriklər hörümçək torunu görüb, mağarada adam olmadığını güman edərək geri qayıtmışdılar. Beləliklə, Məhəmməd peyğəmbər Sevr mağarasının girişində tor toxuyan hörümçək sayəsində xilas olmuşdu. Əslində isə onu xilas edən aləmlərin yaradıcısı idi. Quranın “Əl-Ənkəbud” surəsində deyildiyi kimi: “Allah öz bəndələrindən istədiyinin ruzisini gen-bol edib artırar da, ölçülü verib azaldar da”.

Hekayənin epiqrafı da müqəddəs Kitabın elə bu ayətidir. Hekayədə peyğəmbəri görmürük, lap sonda səsini eşidirik: “... mağaranın içində dizi üstə çöküb əllərini yuxarı qaldırmışdı və astadan dua oxuyurdu...”

Hekayə peyğəmbəri xilas edən hörümçəyin ixtiyar çağında çıxdığı ovu təsvir və təqdim edir. Bununla da müəllif hamıya tanış mövzunu heç kəsin ağlına gəlməyən, gözlənilməz bir baxış bucağından təqdim etmək imkanı qazanır. İndiyə qədər (elə indinin özündə də) diqqət həmişə xilas olunana yönəldildiyi halda, hekayədə xilas edən qəhrəmana çevrilir və hörümçəyin ov hekayəsi ilə tanış oluruq. 84 gündür toruna şikar düşməyən, qocalıb əldən düşərək bəxtindən şikayətçi olan qoca hörümçək öz yetirməsi gənc hörümçəyin sayəsində ayaq üstə durur. Qoca, şəyirdinin əlinə baxmağı özünə sığışdıra bilmir və göyərçinlərin yuva qurduqları mağaranın ağzında böyük bir tor toxuyur. Bu tor həm onun özü, həm də mağarada gizlənmiş insan üçün xilaskara çevrilir...

O da təqdir edilməlidir ki, əsərin mövzusu dindən gəlsə də, dini təbliğat, inancdan sui-istifadə, insanların inanca münasibətinə təzyiq göstərmək ədası ilə yazılmayıb, hekayə müasir insanı yaddaşdan gələn əhvalat üzərində düşünməyə vadar edir.

Hekayənin öz adı (“85-ci gün”) və qəhrəmanlarının adları dünya ədəbiyyatının klassik mənbələrindən olan bir əsərdən – Ernest Hemenqueyin “Qoca və dəniz” povestindən götürülüb. Povestdə 84 gün dənizə çıxıb qarmağına balıq düşməyən qoca Santyaqo 85-ci günün uğurlu olacağına inanaraq dənizə çıxmış, nəhəng bir balıq ovlamış, lakin qismətinə düşən bu ov ucsuz-bucaqsız okeanda köpəkbalıqlarının hədəfinə çevrilmişdi. Köpəkbalıqları ilə döyüşən qoca Santyaqo sahilə öz halsız canını, qarmağına düşmüş balığın skeletini, quru kəlləsini və bəzəkli quyruğunu zorla gətirib çıxarda bilmişdi...

Beləliklə, Mirmehdi Ağaoğlu hədislə Hemenqueyin əsəri arasında bir sintez yaratmağa çalışmış və öz qarşısına qoyduğu məqsədə ən azından müsabiqə birincisi olmaq səviyyəsində nail ola bilmişdir.

Mirmehdinin savadına, mədəniyyətinə və yazıçılıq istedadına arxalanaraq bir sualı verməkdən də özümü saxlaya bilmirəm: hekayədəki obrazların adları “Qoca və dəniz”dən götürülməmiş olsaydı, yaxud qoca hörümçək xilasedici toru 85-ci gün deyil, tutalım, 5-ci gün qurmuş olsaydı, hekayədə nə dəyişəcəkdi?

Son vaxtlar ədəbiyatşünaslığımızda daha fəal hallandırılmağa başlayan “dekonstruktivizm” və ya “dekonstruksiya”, “intertekstuallıq” kimi anlayışların geniş müzakirəsinə, nəzəri cəhətdən müəyyənlik yaradılmasına ehtiyac olduğunu hiss edirəm. Poststrukturalist nəzəriyyənin irəli sürdüyü bu anlayışlar rus ədəbiyyatşünası Mixail Baxtinin “mətnlər arasında dialoq” konsepsiyasından irəli gəlir.

“İntertekstuallıq” və ya “mətnlərarasılıq” terminini nəzəriyyəyə gətirmiş Yuliya Kristevanın görüşünə əsasən, «istənilən mətn sitatların mozaikası kimi qurulur, istənilən mətn hər hansı başqa bir mətnin ona hopması və transformasiyasının məhsuludur».

Burada söhbət mətnlərin mexaniki şəkildə bir-birinə calaq, montaj edilməsindən getmir, ümumiyyətlə mətnin təbiətindən gedir. Yəni bütün rəsm əsərləri yeddi rəngdən yaradıldığı kimi, bütün mətnlər də özündən əvvəlki mətnlərdən yaranır və hər bir mətn oxucu ilə öz dialoqunu qurur, bədii sözün imkanları da bu dialoqda reallaşır. Baxtin yazırdı: “Dialoji kontekstin nə birinci, nə sonuncu sözü, nə də sərhədləri var (o, hüdudsuz keçmişə və hüdudsuz gələcəyə gedib çıxır). Hətta keçmişdə, başqa sözlə, keçmiş əsrlərdə dialoq zamanı doğulan fikirlər heç vaxt sabit (biryolluq və həmişəlik tamamlanmış, yekunlaşmış) ola bilməz, onlar dialoqun növbəti, gələcək inkişafı prosesində daim yenilənərək dəyişəcək. Dialoqun inkişaf etdirilməsinin istənilən anında nəhəng, hüdudsuz unudulmuş fikir kütlələri var, lakin dialoqun sonrakı inkişafının müəyyən anlarında, gedişində onlar yenidən xatırlanır və yeniləşmiş şəkildə (yeni kontekstdə) canlanır. Mütləq şəkildə ölmüş heç nə yoxdur: hər bir fikrin “böyük zaman” içində öz dirilmə bayramı olacaq...”

Mənə elə gəlir ki, Mirmehdi Ağaoğlunun hekayəsi mətnlərarası dialoqa bu cür yanaşmadan daha çox qazana bilərdi. “Qoca və dəniz”dən adların alınması, yaxud qoca Santyaqo ilə qoca hörümçəyin ovda “əlinin gətirmədiyi” zamanının eyniləşdirilməsi hekayəyə məntlərarası dialoqdan daha çox nəzirəçilik yükü gətirir.

Əslində, hekayənin mətni hədisin mətni ilə son dərəcə uğurlu bir dialoq kimi qurulub. Həmin dialoqa isə üçüncü səs daxil olduqda poliloq yaranır və yeni yaranan çoxsəslilikdə dominantlıq tamam başqa tərəfə - “Qoca və dəniz”ə ötürülmüş olur...

Dərininə vardıqda hədisin fəlsəfəsi ilə “Qoca və dəniz”in fəlsəfəsi müəyyən mənada bir-birini inkar edir. Hədisdə düzgün və xoş əməlinə, Allahın sözünü və buyruqlarını bəşər övladına çatdırdığına görə Allah insanı mükafatlandırır – yolunu azmışların əlindən xilas edir (bu fikir hekayənin son cümləsində - mağarada xilas olmuş insanın duası ilə son dərəcə sərrast ifadə edilib). “Qoca və dəniz”də isə insan Allaha üsyan etməsə də, insanın taleyə - qisməti verib sonra da köpəkbalıqlarının iti dişləri ilə əlindən geri alan oyun qurucusuna qarşı mübarizəsindən (bu söz povestin mətnindən götürülüb) söhbət gedir...

Hökm verməyə çətinlik çəkirəm: bəlkə hekayənin ən maraqlı cəhəti sual doğurmasında və polemika yaratmasındadır!?

# 5917 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #