Kulis.Az Sevda Sultanovanın “Böhran dövrünün qadınları” hekayəsini təqdim edir.
Bənövşə bəlkə də yarım saat idi ki, güzgünün qabağında fırlanırdı. Əllərini ehmalca çılpaq bədənində gəzdirir, artıq ətinin olub-olmamasını yoxlayırdı. Hər şey əlaydı, bircə döşləri işi korlayırdı. Döşlərinə gah yandan, gah öndən baxdı, gah əyildi, gah da dik durub qabartdı. Yox, bu döşlə ona çətin olacaqdı. Onun incə qamətinə döşlər qətiyyən yaraşmırdı. Elə bil döşləri süni idi, tamam başqa qadının vücudundan qoparıb onun sinəsinə yapışdırmışdılar. Məyusluqla donunu əyninə çəkdi.
Bənövşə döşlərinə bir neçə aydır ki, diqqət kəsilmişdi. Sevgilisi ona “belə döşü olan qadınla sevişə bilmirəm” deyəndən sonra. Əvvəllər döşləri onun vecinə də deyildi. İndi sevgilisinin onu atıb getməsindən sonra özünü əzilmiş hiss edirdi. Döşlərini abıra salmaq üçün internetdən uyğun idman hərəkətləri də tapmışdı, amma nəticəsi yox idi. Bütün günü-işdə, evdə, yolda, rəfiqələri ilə danışanda, seriala baxanda ancaq döşləri haqda düşünürdü. Sanki həyatını dalana dirəyən döşləri ondan kənarda, tamam ayrı varlıq kimi mövcud idi. Ah, bircə, bu döşlərdən qurtulsa, dünyanın ən xoşbəxt qadını olar. Təsəvvür elədi ki, döşlərini qabağa verib küçədə necə yeriyir, qadınlar qısqanclıqdan partlayır, kişilər heyranlıqla ona baxır. Hələ işdə o ərindən yarımayan qozbel, ləçər mühasib lap infarkt olacaq. Budur, o, sevgilisi ilə qarşılaşır, yanından şəstlə saymazyana keçir, ona təkəbbürlü baxış tullayır.
Xülyalar içərisində ondan bir mərtəbə aşağı yaşayan qonşu Lalənin nömrəsini nə vaxt yığdığının fərqinə varmamışdı:
- Qulaq as, Lalə, yaxşı ki, onunla yatmamışam. Döşlərimi çılpaq görsəydi biabır olardım. Cəhənnəm, büstqalter yenə onu bir az abıra salır. Vallah, mən də balaca döşü olan qadınla yatmazdım, döşümdə bir qram seksuallıq yoxdu. Bəlkə silikon qoydurum?
- Nə bilim. Sonra əlləyəndə silikon partlayar.
- Partlayır ki?
- Bilmirəm ki. Partlayar, lap biabır olarsan, elə balaca döş yaxşıdır.
- Sənin o həkim tanışın vardı, plastik əməliyyat eləyən. Onunla görüşək, bir məsləhət versin, qiymətini də öyrənərik, yəqin ucuz edər.
- Yaxşı, sabah zəngləşərik.
Lalənin dəstəyi yeri qoymağıyla otaqda haray-həşir qopmağı bir oldu. On iki yaşlı oğlu ilə on yaşlı qızı yenə onun telefonu üstə dalaşırdılar.
Lalə cumub, hərəsinə bir qapaz ilişdirdi, telefonu alıb siyirtməyə tulladı.
- Atanız bir tərəfdən məni çərlədir, siz də bir tərəfdən. Ölüm, meyitimi götürəsiz görüm.
Masadakı yarımçıq qalmış yeməyi görəndə lap cinləndi:
- Qreçkanı niyə axıra kimi yemədin - şəkərə tutulmuş oğluna çımxırdı.
- Əti azdır- mızıldandı.
- Nə qoyurlar zəhərlən. Yemirsən rədd ol yat.
Qızı anasının əsəbiləşdiyini görüb bayaqdan kirimişcə yatağına çəkilmişdi.
Yox, son vaxtlar əsəbləri lap korlanmışdı. Əsəbiləşəndə boğazında kiçik düyünlər əmələ gəlirdi. Əvvəl-əvvəl elə bilirdi ki, xərçəngə tutulur. Dəhşətə gəlirdi, birdən xərçəngə tutulsa necə olar, həkimi necə tapar, həkimlərin də çoxu savadsız, pulgir. Gərək xaricə getsin, ona da çoxlu pul lazımdır, abrına qısılıb Facebookda elan verə bilməz, bundansa elə xərçəngdən ölmək yaxşıdır. Şişlərin əsəbdən yarandığını öyrənəndə bir az rahatlaşdı. Çalışırdı əsəbiləşməsin, ərinin onun iki uşaqla atıb başqa qadına getməsini vecinə almasın. Uşaqlarına görə yox, heç özünə görə də yox, ərinin, o qancığın acığına yaşamalıydı, cavan, gözəl, təravətli qalmalıdır. Ona görə tez-tez detoks edirdi, limonu, xiyarı, zəncəfili, nanəni suya qarışdırıb içəndə elə bil vücuduna təzə qan gəlirdi. Gözlərinin altına E vitamini çəkirdi, gecə yatmazdan əvvəl bir saata qədər üzünü, bədənini, əlçatan yerlərini badam yağıyla massaj edirdi. Masaj edə-edə yorulub əldən düşürdü, qadın olmağından bezirdi, həyatın zorladığı qadın kimi hiss edirdi özünü. Sonra özünə ruh vermək üçün lavanda çayı dəmləyirdi, seriala baxın sakitləşirdi.
Yenə lavanda dəmləmişdi. Stəkanı masaya qoydu, televizoru açdı, səsini azaltdı ki, uşaqlar oyanmasın. İndi fikir verdi ki, ayaqlarını yenə tük basıb. Tük basanda arıq ayaqları daha eybəcər görünürdü. “Bilmirəm, bu tüklər niyə belə qalın, yöndəmsiz çıxır. Bəlkə məni elə ayağımdakı tüklərə görə atdı”. Birdən ağlına gəldi ki, tüklərdən xilas olsa, əri qayıdar. “Lazer də bahadır. Cəhənnəm, özümü sıxaram, boğazımdan kəsib gedərəm”
Qapının qəfil döyülməsi onu fikirdən qopardı. Gələn qapı qonşusu Yasəmən idi.
- Təzyiqi yenə qalxıb deyəsən.
- Gəlirəm indi.
Lalə təzyiqölçəni götürüb tələsik qonşuya keçdi.
Yasəmənin əri ölü kimi çarpayıda uzanmışdı. Lalə onun sol qolunun köynəyini yarıya kimi çəkdi, təzyiq ölçəni bağladı, diqqətlə dinlədi.
- 200 dən çoxdu- kədərlə qadına baxdı.
- İndi verərəm dərmanı, sənə də əziyyət verdim.
- Nə əziyyəti- Lalə bunu boğazdan yuxarı yox, səmimiyyətlə dedi- Gecə də olsa çağır məni.
Lalə həmişə Yasəmənin yarımcan ərini görəndə özünə təsəlli verirdi ki, yararsız kişidənsə elə ərsiz qalmaq yaxşıdı. Hətta qəlbinin dərinliyində onun bədbəxtliyindən sevincə bənzər hiss də keçirdi ki, yox, hər halda o, bu qədər bədbəxt deyil.
Əri hələ də özünə gəlməmişdi. Gözləri yarıyumulu idi.
- Yaxşısan? – Yasəmən ərinin qolunu yüngülcə sıxanda o, azca qımıldandı.
Yasəmən əlini qurşaqdan aşağı apardı, pampersi dolmuşdu. Deyəsən, evdə pampers də qurtarmışdı. “Yox biri qalmalıdır. Hə, qalıb”. Sevindi: “Sabaha kimi çatar”. Pampersi dəyişib, onu rahladı.
Səhər açılanda əri hələ də yatırdı.
Birdən...Yasəmənin həyəcandan az qala ağlı uçacaqdı. Həyəcandan titrəyə-titrəyə başını ərinin sinəsinə qoyub ürəyini dinlədi. Üzünə ən son ümidini itirmiş adamın kədəri çökdü, balkona çıxıb paltarları yığdı, ütünü elektrikə qoşub ləng, ərinin paltarlarını həvəssiz ütüləməyə başladı. Gözlərindən yaş süzülüb paltarlara qonurdu, o, göz yaşının necə axdığını, ütünün göz yaşlarını necə qurutduğunun fərqində deyildi.
Əri müharibədən yarımcan qayıdanda əvvəl-əvvəl ərinin altını dəyişəndə ögüyürdü, ürəyi ağzına gəlirdi, amma sonra alışdı. Əri danışıq qabiliyyətini də itirmişdi. “Barı danışsaydı, nəsə desəydi”. Dəfələrlə ərini atıb getmək istəmişdi, qohumlardan çəkinmişdi. Qonşular Yasəmənə fədakar qadın kimi baxırdılar. Bir qadın təşkilatı onu mükafatlandırmışdı da. O, bu mükafatı evin ən gözəgəlimli yerinə qoymuşdu, hamının yanında fəxrlə danışardı. Amma hər gün yatağa uzananda ərinin ölümünü arzulayırdı, hər səhərini bu ümidlə açırdı. Bir neçə dəfə yastığı ağzına basıb boğmaq istəmişdi. Təzyiqi qalxanda dərman vermək istəməmişdi ki, təzyiqdən ölsün, canı qurtarsın. Amma yenə də son anda nəsə, hansısa hiss onu fikrindən daşındırmışdı.
Yasəmən uzun illərdi, müharibə haqda xəbərləri dinləmirdi, müharibə filmlərinə baxmırdı. Çünki müharibə hər gün onun evində gedirdi. Əri isə elə bil acığa düşüb ölmək bilmirdi. Yasəmən bir ara hətta plan da qurmuşdu ki, əri öləndən sonra neyləyəcək, bir ilə kimi yas saxlayacaq, “Yox, bir il çoxdu, qırxına kimi bəsdi, bərbərə gedib saçımın rəngini dəyişəçəm, açıq şabalıdı edəcəm, kəhraba rəngli don alacağam, ürəyim gedir kəhrəba rəngindən ötrü, sonra...”.
- Yasəmən... ay Yasəmən
Səs balkondan gəlirdi. Yan qonşusu Nilufər idi deyəsən.
- Dəsmalımı sizin eyvana atıb külək.
Çəhrayı, dama-dama dəsmal kətilin üstünə düşmüşdü. Yasəmən dəsmalı ona uzatdı, kefini soruşdu, Nilufər mızıldanıb, “sağ ol” deyib bir anda evə girdi. Xalatını çiynindən atıb duşa qaçdı. O, həmişə soyuq suyla çimirdi, isti duşda kapilyarları partlayırdı. Gözlərini yumub duşdan həzz almaq, bətnindəki ay yarımlıq körpəni unutmağa çalışırdı. Solğun üzü birdən canlandı. Kimsə ona demişdi ki, qaraçörək otu dəmləməsi uşağı salır. Nilufərə ruh gəldi, dirçəldi, yanaqları qızardı. Duşdan tələsik çıxdı, qurulanmamış mətbəxə cumub bir ovuc qaraçörək otunu qaynatdı, iki stəkanı dayanmadan başına çəkdi. Bu gün işə getməyəcəkdi, evdə oturub dincələcəkdi. Hamilə qalmasını özünə heç cürə bağışlaya bilmirdi. Bir müddət idi ki, o hamiləlikdən qoruna bilirdi. Axırıncı menustrasiyasını yadına salmağa çalışdı. “Deyəsən, həmin gün Fransada terror aktı olmuşdu, hə, elədir yüz faiz. Aha, tam ay yarım edir. Görəsən qızdı, ya oğlan. Mənə oxşayır, ya atasına. Az gicləmə. Nə ata. Amma qız olsa yaxşıdır. Kukla kimi geyindirib keçəsən, karuselə minəsən, doyunca gəzəsən, şəkilli kitab alasan, Qrim qardaşlarının nağıllarını”.
“12 yaşlı qız qonşusu tərəfindən zorlanıb” televizordan qəfil qulağını çalan bu xəbərdən Nilufərin analıq duyğularının bütün cazibəsi çəkilib getdi. “Hər tərəfdə zorakılıqdır, aborta getmək lazımdır, canımı dişimə tutub gedərəm, görəsən, neçənci abortumdur? ” Yadına sala bilmədi.
- Nilufər...Nilufər...
Səs balkondan gəlirdi, Yasəmənin səsinə oxşayırdı.
- Bacı, bir az kərə yağın olmaz? - utana-utana soruşdu.
- Gözlə görüm.
Soyuducudakı kərə yağı qutusunu dünən səhər açmışdı, üstündən azca yemişdi.
Yasəmən qutunu almaq istəmirdi:
- Yox, bacı, bu, çoxdu e, bir az lazımdı.
- Hamısını götür.
- Sağ ol. Sabah kişinin pensiyasını verməlidirlər. Alıb qaytararam.
- Lazım deyil, borca vermirəm.
Nilufər daha onun cavabını gözləmədi, evə girdi. O, Yasəmənlə danışanda ürəyi sıxılırdı. Lalə kimi Yasəmənin vəziyyətindən təsəlli ala bilmirdi, əksinə, ərinə sevgisi onu mütəəssir edirdi, fədakarlığı mərhəmət doğururdu. Amma yenə də Yasəmənin vaxtından əvvəl qocalan üzünə, vücuduna baxanda sıxılırdı. Hərdən fikirləşirdi ki, görəsən, o, da əri üçün fədakarlıq edə bilərdimi? Suala heç cürə dəqiq cavab tapa bilmirdi. Axırda özünü rahatlayan cavabı tapırdı “o vəziyyətə düşmədən nəsə demək çətindir”.
“Kimdi səhər–səhər?”. Qapı əsəblə döyülürdü. Alt qatdakı qonşu Tofiq idi, qışqıra-qışqıra, qəzəbini boğmadan danışırdı:
- Tualetdən yenə su damır. Zəhrimarı niyə düzəltdirmirsən?
Nilufər qonşunun haqlı olduğunu bilirdi, yumşaq danışmağa çalışdı:
- Vallah neçə gündür zəng vurmuşam, gəlib təmir eləmirlər. Bilmirəm neyləyim. Sən allah bağışla. İndi yenə zəng vuraram.
Amma Tofiq sakitləşmək bilmirdi, qadının yumşaq, təmkinli danışmağı onu lap qıcıqlandırdı. Az qala əlini Nilufərin gözünə soxsun:
- Bütün günü özünü burcudub gəzirsən, bir təmirçi çağırtdıra bilmirsən?
Nilufər partladı:
- Əcəb edirəm. Camış arvadın burcuda bilmir, paxıllığın tutur?
Bu kəskin sözlər Tofiqin namusuna toxundu, bir anda onu qeyrət boğdu, beyni çöndü. O, Nilufərə nə vaxt cumdu, nə vaxt dəhlizin divarına qısıb boğdu özü də bilmədi.
Ertəsi gün saytlarda bu başlıqda xəbər yazılmışdı: “Qonşusunu tualetə görə öldürdü”
“Xətai rayonunda 1972-ci il təvəllüdlü Əliyev Tofiq Sabir oğlu 1980-ci ildə anadan olmuş Səfərova Nilufər Mirzə qızını boğaraq qətlə yetirib. Hadisəni törədən şəxs polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Bildirilir ki, münaqişə N.Səfərovanın tualetindən qonşusunun evinə su damdığı üçün başlayıb. T.Əliyev dəfələrlə qadına xəbərdarlıq eləsə də, o tualetini təmir elətdirməyib. Nəticədə T.Əliyev qonşusunu öldürüb.
Qonşuların dediyinə görə N.Səfərova yüngül həyat tərzi keçirirmiş”.