Kulis “Hekayə müzakirəsi” layihəsində Qan Turalının “Gecə zəngi“ hekayəsinə barədə tənqidi fikirləri təqdim edir.
Etimad Başkeçid
Qan Turalının «Gecə zəngi» gözlənilməz sonluğu və neytral ifadə tərzi ilə, fikrimcə, daha çox novella janrında yazılıb. Bunu təhlil aksenti kimi qəbul etmək lazım deyil: çünki janr məsələsi son dərəcə mübahisəli və şərti xarakter daşıyır. Əsas məsələ, müəllif zövqlü əsər yazmağa iddialıdırsa, belletristik priyomlardan sui-istifadə etmədən, əsərin oxunaqlılığna nail olmaqdır. Oxucu qəhrəmanların davranışını öz bioqrafiyasının hansısa faktları ilə tutuşdura bilirsə, hadisə maraqlı və dinamikdirsə, obrazın hissləri müəllifin yox, onun öz sözləri ilə ifadə olunubsa, deməli, əsər alınıb. Qan Turalının bu hekayəsi, sözsüz, maraqla oxunur. Bu, ümumi təəssüratdır.
Tural qələminə inandığım sənətkardır və o, bu təəssüratı yaratmağı bacarır. O, bilir ki, hamını qane eləyə biləcək əsər yazmaq cəhdi – özünə ölüm hökmü imzalamaq kimi bir şeydir və buna getmir. Elə isə, hekayə barədə bir-iki tənqidi fikir söyləsək, yerinə düşər – bu, əsərin eksklüzivliyinə xələl gətirməz, bəlkə də, əksinə. Əvvəla, Qan Turalı nəzərə almalıydı ki, «Gecə zəngi» başlıqlı saysız-hesabsız əsərlər yazılıb, mahnılar bəstələnib, filmlər çəkilib. Öz-özlüyündə bu, qəbahət deyil. Dünya ədəbiyyatında eyni başlıqlı nə qədər desən əsər yazılıb. Ancaq, bir var, S.Moem, A.Rünoske və Y.Petrov, C.Coys, A.Platonov və s. kimi sənətkarların «Ana» adlı əsərlər yazması, bir də var, saysız-hesabsız ədəbiyyat «manısları»nın «Gecə zəngi»nin çeşidli melodiyalarının sədası altında xumarlanması.
Demirəm ki, bu başlıq altında gözəl əsər yazmaq olmaz, sadəcə nədənsə, başına dönüb-fırlandığımız böyük sənətkarlar belə şeylərə az meyl eləyir. Yəni, söhbətə ekspressiv çalar vermək üçün daha tutarlı priyomlardan istifadə etmək olar. Bundan başqa, hekayənin obrazları bir-birinə «Nərmin», «Elçin» deyə xitab edərkən, onların ruhi vəziyyətini təsəvvürünə gətirə bilmirsən. Fabulanın işlənməsində tələskənlik hiss olunur. Hekayə əsasən dialoq üzərində qurulub, ancaq bir il aradan sonra, gecəykən baş tutan telefon söhbəti intriqa gözləyən oxucunun xəyalında canlandırdığı psixologizmə və dramatizmə cavab vermir. Bu, daha çox çay süfrəsi arxasında intellektual söhbəti xatırladır: Konfutsi, Don Juan, Nitsşe, Mövlana, Səməd Vurğun, Nüsrət Kəsəmənli, Roza Lüksemburq, Fellini, Mazina…
Kiçik bir dialoqda bu qədər sənətkarın xatırlanması təhkiyəyə də ağırlıq gətirir, müəllif üslubunu da yayğınlaşdırır və tanınmaz hala salır. Hələ bu hamısı deyil... Fikrimcə, bu, Qan Turalının ən yaxşı hekayəsi deyil… Xatırlatmağa ehtiyac varmı ki, bütün bunlar mənim subyektiv qənaətimdir. Ümumiyyətlə, insan subyektiv varlıqdır, üstəlik, tənqidçiliyə iddiam yoxdur. Lakin içimdə bir əminlik var ki, dediklərim işin xeyrinədir.
Mübariz Örən
Qan Turalının “Gecə zəngi” hekayəsini elə gecə zəngi kimi də “qəbul elədim”.
Əsər demək olar ki büsbütün dialoqlardan ibarətdi – bir-birlərinə daxili ehtiyacları olan, ayrılığa məhkum iki “eks-sevgilinin” gecə danışığı. Deyim ki, bu dialoqlar təhkiyənin görməli olduğu işi məharətlə yerinə yetirir; təhkiyənin rolunu, yükünü əvvəldən öz üzərinə necə götürürsə, hekayənin tempini azaltmadan, axıracan ləyaqətlə daşıya bilir. Dialoqlar hədsiz dərəcədə çevik və diridi. Dinamikdi. Hər iki personaj bir-birlərini az qala yarım ifadədən başa düşür, - personajlar həm də intellekt baxımından bir-birlərinə babdı, - odur ki, mətndə izafi təsvirlərə ehtiyac duyulmur, lüzum qalmır.
Dialoqlar səmimi olduğu üçün tanış, aydın situasiya yarada bilir; oxucu bu situasiyada özünü suda balıq kimi hiss edir, yarımçıq fikirləri özü rahatlıqla tamamlaya bilir...
Mətn heyrətamiz dərəcədə “təmiz”di – gərəksiz bəzək-düzəklərdən, ideyaya, mətləbə dəxli olmayan əlavə detallardan uzaqdı. Yüklənməyib.
Yeri gəlmişkən, - “Məni mutsuzluğuma bağışla, Nərmin.” “Məni mutsuz edib özün də mutsuz olacaqdınsa, bu oyun nəyə lazım idi” – zənnimcə, hekayənin əsas ideyası da məhz bu iki cümlədən boy verir.
Hər iki personajın ruh halı mutsuzluqla mutsuzluğun – iki mutsuzluğun arasında aramsız və periodik dəyişmədədi. Bu dəyişmələr ruhi tarazlıqla - “absis oxu” ilə - iki əks maksimum mutsuzluq arasında amplituda addımı və tezliyi ilə daima enib-qalxmadadır və burada, hekayənin baş vermə anında – “absis” oxu ilə kəsişmə nöqtəsində – ötəri mutluluğa bulaşa bilir.
Bu hissiyyat rezonansını “vaxt məlhəmi” tədricən səngitməliydi, eləmi, lakin anlaşılmaz və təbii daxili tələbat bu intensivliyi artırır, get-gedə şiddətləndirir.
“Sənin yalnız ağzın qızışmır, özün də qızırsan”, – və yalnız Nərminin ironiyalı, bir az da yumorlu atmacaları bu rezonansın nisbətən səngiməsinə şərait yaradır, “yelləncəyi yavaşıdır”. Dolayısı yolla məsələni daha “ayıq başla” çözməyə dəvət edir: “Yüz illik müharibəyə niyə Yüzillik müharibə deyirlər. Axı o, 116 il olub”
Elçindən fərqli olaraq Nərmin daxilən daha “rahat”dı; çünki, o, Elçini tanıyır, bir dəfə aldanıb və necə deyərlər, onun dabbaqda gönünə bələddi. Odur ki, Elçinə axıracan inanmır, bilir ki, vaxtilə onu necə atıbsa, məqam düşsə yenə, yenə atacaq, heç “uf” da demədən; qoxusunu başqa bir qoxuyla – “Şanel”lə boğacaq. Çünki bu, erkəklərin mahiyyətindədi və bu, ona ulu babalarından keçib, – Homo Sapienslərdən... Elçin kimilərinin arqumentləri əllərində müdam hazırdı, belələrinin peşmançılığı da üzr şəklindədir: “Məndən asılı olmadı”.
Lakin o, – Elçin, – təkdi, pisdi, ağrıyır...
“Heç zaman peşman olacağın şeyləri eləmə...”, “Sən içindəki huzuru axtar, onu tap, ona sığın...”, “Sənin içində mənimlə bağlı hüzur yoxdur...”, “Sən adama güllə atıb, sonra qulağını ölünün sinəsinə qoyursan, yoxlayırsan ki, ölüb yoxsa sağdır?” – Nərmin də, guya özü bu mərhələni adlayıb, daxili rahatlığa, hüzura qovuşub, Elçini “rahatlığa” çağırır, amma... əslində o, özü də... unuda da bilmir, hə, “unutduğunu xatırlamır”. İş burasındadır və məsələ burasındadır; əsl qabarma-çəkilmələr də bu səbəbdəndir.
- Məni atacaqdınsa niyə özünə öyrətdin ay... əclaf, – az qala dilə gəlib bu sözləri hayqırmaq istəyir Nərmin...
Qan Turalının bu hekayəsi göstərir ki, o, müasir nəsrin hər xırdalıqlarına, necə deyərlər, hər “cikinə-bikin” bələddi və texnikasını yaxşı bilir. İstənilən diapazonda mahir, çevik manevrlər edə bilər. Belə olmasaydı Nitsşeni, Fellinini, “Tolstoy olmaq istəyən Markiz de Sadı”, hətta Nüsrət Kəsəmənlini belə gətirib bir hekayənin ruhuyla harmonik çulğaşdıra bilməzdi, hekayə bədii mətn çərçivəsindən çıxıb elmi məqalə təsiri bağışlayardı. Müəllifin bu cürə ironik, yumoristik incəlikləri isə, əksinə, hekayəyə əlavə dad, duz qatıb...
Bir də... hekayənin yazılma tarixi diqqətimi çəkdi. Hekayə demək olar ki, “bir oturuma”, birnəfəsə yazılıb; yaz yağışı kimi, bir dəfə yaxşıca dolub və şaraqqıltıyla boşalıb! Bu da, öz növbəsində, mətnə əlavə yüngüllük gətirir, - hekayə maneəsiz oxunur.
“Ağıllı ixtisarın effekti dərhal və heyrətamiz olur” - Stiven Kinqin sözüdü. Məncə, Elçinin səhərki mesajı “Gecə zəngi”nin sirrini-sehrini azaldır; hekayə bu mesajdan qabaqkı cümlə ilə bitməliydi, fikrimcə.
Çünki...
Mirmehdi Ağaoğlu
Qan Turalının “Gecə zəngi” hekayəsini oxumağa başlayanda sevindim ki, nə yaxşı, bu dəfə dialoqlarla yazmayıb. Amma sonra gördüm yox, yenə də köhnə şakərinə sadiq qalıb.
Dialoq da əsərin tərkib hissəsidir və əlbəttə ki, sırf dialoqlardan ibarət əsər də yazmaq olar. Necə ki, Turalın yaradıcılığında əvvəl də belə hekayələr olub. Amma çox olub. Onun bir neçə hekayəsini çıxsaq əksəriyyəti dialoqlarla yazılıb. “Doqquz hekayə” kitabında bu qəbildən hekayələr var: “Bir-birini sevməkdən qorxan iki adamın hekayəsi”, “Darıxanlar”, “Kafka”. Məsələ burasındadır ki, digər hekayələrdə də dialoqlar dominantlıq təşkil edir. Tural konflikti dialoqlarda həll etməyə çalışır, təhkiyədə isə bu gedişat hiss olunmur. O, əsərin bütün mesajını, gücünü Platon kimi dialoqlara yükləyir, halbuki o artıq Nitşe kimi yazmalıdır.
“Gecə zəngi”ndə də konflikt dialoqlarda açılır, biz hətta Elçinlə Nərmini belə dialoqlarda tanıyırıq. Onlar haqqında əlavə detallar nəzərə çarpmır. Peşəkarlıqla yazılmış bu intellektual dialoqlar oxucunu heyrətləndirə, təsirləndirə, təəccübləndirə bilər, amma hekayənin dolğun hal alması üçün bəs etmir. Turalın əsas üstünlüyü ondadır ki, əsərin ideyasını asanlıqla müəyyənləşdirə bilir. Bu baxımdan o, çox irəlidədir. Bəlkə o səbəbdən də bu hekayədə balansı gözləyə bilməyib, əsərin ideyası bədii tərəfini üstələyib.
Bəlkə də fikrim olduqca banal səslənə bilər, amma həqiqətən də ideya və bədiyyat bir bədii əsərin qoşa qanadı kimidir. Biri qırılanda “uçmaq” olmur, hekayə alınmır. Bir-iki nümunə deyək ki, fikrimiz daha aydın olsun. Çox da uzağa getməyək, elə ötən il yazılmış hekayələrdən nümunələr gətirək. Cavid Zeynallının “Həsən maşın alacaq” hekayəsi bədii cəhətdən gözəl olsa da ideya cəhətdən axsayır, hətta deyərdim əsərin ideyasına kastel gərəkdir. Əsəri bitirirsən, ovqat yaxşıdır, amma ideya zəif olduğu üçün o qədər sual ortaya çıxır ki, bu ovqat da yerlə yeksan olur. İdeya-bədiiyyat məsələsinə ən yaxşı nümunə məncə Mübariz Örənin “Qar tanrısı” hekayəsidir. Bu hekayənin həm ideyası aydın, dəqiqdir, həm də bədii tərəfi-təhkiyəsi, dili, təsvirləri olduqca gözəldir.
Gələk “Gecə zəngi”nə. Əsər intellektuallıqla həddindən artıq yükləndiyindən əsərin formasını basıb əzir, ovqat, bədii atmosfer hiss olunmur. O səbəbdən “Gecə zəngi” ürəyimizdən çox beynimizə təsir edir, intellektual söhbət bizə Elçinlə Nərminin ağrısını, dərdini görməyə qoymur, əvəzində fikrimiz tamam başqa istiqamətə yönlənir: Bu Homo Sapienslər necə qəddar imişlər!
Kəramət Böyükçöl
Qan Turalının “Gecə zəngi” hekayəsi çox istərdim ki, xoşuma gəlsin. Ancaq nə qədər cəhd elədim, təəssüf ki, alınmadı.
Hekayənin əvvəlində bir cümlə var: “Unutduğunu hiss etdiyi an yadına düşmüşdü və yadına düşdüyü saniyə unutmuşdu”. Bu cümləni başa düşmək üçün mən nə qədər əziyyət çəkdim, axırda yenə heç nə anlamadım.
Davam eləyir: “Onu unutmağını xatırlamırdı, xatırladığını da unutmurdu”.
Eyni şeydi. Nə deyir, bilmirsən.
“Üzünü yuduqdan sonra tualetin güzgüsündə bambaşqa adam görmüşdü”.
Təxminən, bilirəm nə demək istəyir, amma belə çıxır ki, Nərmin tualetə üzünü yumağa gedib.
Tualet üz yumaq yeri deyil.
“Gecə zəngi”ni oxuyanlar yəqin, fikirlərimi daha yaxşı anlayacaqlar...
Hekayədə bircə yazıçı cümləsi yoxdu. Sanki müəllif özü də bunu başa düşür, tez dialoqa keçir və öz cümlə səhvlərini obrazların dilində davam elətdirməyə başlayır.
Yazıçı cümləsi nədir?
Məncə, bunu Əkrəm Əylislidən soruşun, desin.
“Gecə zəngi” hekayə deyil, elə bil inboks yazışmasıdı...
Təbii, dialoqlarda cümlə nöqsanları barədə bir söz deməyəcəm.
Məsələ bundan ibarətdi ki, gecənin bir aləmində Nərmin keçmiş sevgilisi ilə telefonda danışır.
Dialoq mənə çox cansız, təsirsiz gəldi.
Heç cürə inanmadım ki, aylarla bir-birinin səsini eşitməyən sevgililər qəfil zəngdən sonra başlayıb Homo Sapiensdən, Nitşedən, Çexovdan, Fellinidən danışsınlar.
Düzdü, özləri də bunu anlayır, hətta Nitşedən danışdıqlarına görə bir-birlərinə ironiya da eləyirlər. Amma bu ironiya fikrimcə, yenə müəllifi xilas eləmir.
Homo Sapiensdən, Nitşedən, Çexovdan, Fellinidən danışmaq olar, amma mən mətndə istedad görmədim. Çox qurudu.
Qız oğlana deyir: “Gecə vaxtı zəng eləyib mənə Nitsşe danışdırırsan... Özünsə ağlamağa cəsarət tapmayıb, mənə zəng edirsən. Nitsşe qədər olmadın. Nitsşe qədər... Yox, elə deməyim. Yaddaşını itirən, kitab yazdığını belə unudan Nitsşe qədər olmadın”.
Başa düşmədim ki, zırıltıyla hırıltını ayırd eləyə bilməyən Nərmin Nitsşeni nə hesab eləyir?
Müəllifin bununla nə demək istədiyi anlaşılmır.
İdeya mənə aydın olmadı, hekayə nə üçün yazılıb, niyə yazılıb, hansı ehtiyacdan yazılıb, bilmədim.
Heç bir oğlan heç bir qıza demir ki, mənim daim mutlu biri olaraq xatırlayarsan.
Daim, mutlu, olaraq...
Məhz bu şeylərə görə deyirəm ki, obrazlar bir-biri ilə danışa bilmir.
Daha doğrusu, fikrimcə, müəllifin onları dilləndirməyə sözü yoxdu.
Hekayəni oxuya-oxuya istədim ki, telefonun dəstəyini Elçinin əlindən alıb Nərminlə özüm danışam.
Görün hekayədə məşhur atalar məsəli hansı məqamda işlənib?
“Məni mutsuz edib özün də mutsuz olacaqdınsa bu oyun nəyə lazım idi? Barı mutlu olaydın. Səni mutlu biləydim. O zaman deyərdim ki, gedişim nəyisə dəyişib. O zaman düşünərdim ki, mənim mutsuzluğumun, göz yaşlarımın bir qiyməti olub. İndi necədir bəs? Mən mutsuz, sən mutsuz, bəs bu göz yaşları nə üçün idi? Bəs çəkdiyim bu qədər ağrı nəyə görə idi? Aldım qoz, satdım qoz”.
Bu məsəl heç vaxt belə yerlərdə işlənmir.
Hekayədə işlənən mutsuz sözlərinin sayı-hesabı yoxdu, amma orda doğrudan da, mutsuz obraz görünmür.
Təsəvvür eləyin, hekayənin əvvəlində göz yaşı tökən Nərmin hekayənin ortasında Elçinə deyir ki, eşq sözünü görəsən ilk dəfə hansı gicbəsər tapıb, onu tutub minərdim.
Bu söz oxucunu sözün ən pis mənasında diksindirir.
Sözlər, ifadələr, fikirlər çox çiydi, heç biri bişməyib deyə hədəfə dəymir.
Nə qədər çalışdım ki, dialoqlarda ruh görüm, görmədim:
- Elçin...
- Hə...
- Gecə vaxtı nə neandertal-neandertal danışırsan?
- Ağzım qızışıb...
- Sənin təkcə ağzın qızışmır, özün də qızırsan...
- Simona Sartr haqqında necə demişdi: O, ehtiraslıdır, amma yataqda yox.
- Daha bir sitat.
- Yaxşı, susdum, sən danış, mən qulaq asım.
Qız guya ironiya eləyir:
- Sağ ol, Elçin. Sağ ol. Dinləməyi öyrənmisən deyəsən.
Oğlan da guya cavab verir:
- Yenə Nərmin, yenə tikan.
Siz Allah, bu nə deməkdi?
Hekayəni oxuduqca mənə elə gəldi ki, Turalın gecə vaxtı hansısa bir qıza zəng eləyib, öz içindən, ruhundan, iliyindən iki cümlə deməyə sözü yoxdu...
Bəlkə də yanılıram, bəlkə bilmirəm.
Bəlkə doğrudan da “Gecə zəngi” yaxşı hekayədi...
Amma mən inanmıram.
Cavid Zeynallı
Məncə, “Gecə zəngi” Turalın əvvəlki hekayələri ilə müqayisədə müsbət tərəfləri ilə seçilir. Xüsusən, insani münasibətlərə, sevgiyə fərqli, daha çox intellektual rakursdan yanaşması, yerində olan ironiyası sevindiricidir.
Məsələn: “İstedadda Məmmədqulusan, xəyanətdə Fellini... Əksi olsaydı dahi olardın. Amma yox, Dahi Fellini də xəyanət edib. Əgər istedadlı və xəyanətsiz kişi qayırmaq mümkün olsaydı, bu, bəşəriyyətin ən böyük kəşfi olardı”.
Mənim üçün nəsrdə vacib olan ideyanın, ötürülən mesajın mətndə əridilməsi, oxucuya birbaşa təqdim olunmamasıdır. Bu mənada “Gecə zəngi” yaxşı nümunədir. Hekayədə iki tərəf var: aldadan və aldanan. Hər iki insanın dialoqlarında onların psixoloji vəziyyəti, daha doğrusu niyyəti son cümləyə qədər oxucu üçün müəmmalı qalır. Bu müəmma təbii ki, kişi qəhrəmana (elə Turalın özünə) daha çox aiddir.
Kim olursan ol: ya Homo Sapiens, ya “ağlayan və ağlatmayan, xəyanətsiz və eşq nədir bilməyən Neandertal”; vacib olan insan xislətinin özüdür. Yazıçının boynuna düşən isə bu xislətin anatomiyasını öyrənməkdir. Bu mənada hekayənin novellavari sonluğa hesablanması düşünülmüş sonluqdur.