"O tozu bir oxucu kimi boğazımda hiss edirəm..." - Firəngiz niyə Məhərrəmə ərə getməyə razı olur?

"O tozu bir oxucu kimi boğazımda hiss edirəm..." - Firəngiz niyə Məhərrəmə ərə getməyə razı olur?
7 avqust 2025
# 09:00

Kulis.az Alpay Azərin "Şərif Ağayarın “Rəng mühəndisi” romanı haqqında adda-budda, alaçiy qeydlər" yazısını təqdim edir.

Öncə qeyd edim, romanda rəng-səs, səs-rəng tandeminin poetikası uğurla verilib. Ümumiyyətlə, romanın uğuru ondadır ki, sosial yüklü məqamlar (totalitar resjimin təsviri, daş karxanasındakı acınacaqlı vəziyyət, öncə fəhlələrlə pepellər, sonra Zığ Respublikası administrasiyasıyla fəhlələr arasında baş verən toqquşmalar, inqilabçı Məhərrəmin madiyyata qaçması, sonda etiraz edərkən oğlunun rəng hoqqaları vasitəsilə tilsimlənərək məğlub edilməsi) rənglərlə bağlı olan hadisələrlə (estetik məqamlar) harmonik vəhdət təşkil edir.

Hərçənd, bunun əksini söyləyən ədəbiyyat adamları da var, məsələn, Esmira İsmayılova, Rəşad Səfərlinin adlarını çəkmək olar. Yeri gəlmişkən, əsər totalitarizmin təsviri, xüsusilə, məkan adlarında (“Olmaz-Olmaz respublikası”, “Zərrə-Zərrə Qram-Qram Meydanı” və s.) Oruelin “1984”, eləcə də Şərifin öz əsəri “Ağ Göl”, “Gülüstan” romanları ilə səsləşir.

Əsərin bədii uğurlarından biri sərt və magik realizm elementlərinin uğurlu tənasübüdür, yenə də hərçənd, bunu qüsur kimi görənlər (Rasim Qaraca) də var. Yəni Məhərrəmin asqırmağının doğurduğu effekt, Cabirin güllərlə, rənglərlə bağlı etdiyi möcüzələr mətndə yamaq kimi görünmür, əksinə, tam yerinə düşür.

Rənglərdən başqa romanda kubik daşı, daşın tozu da canlıdır, o dərəcədə ki, o tozu tək Məhərrəm yox, mən də bir oxucu kimi boğazımda hiss edirəm, boğazımı qovuşdurur, ağzımı qurudur, gözlərimə dolur.

Romanda obrazlar bir-birini tamamlayır, obrazlar arasında (məsələn, Məhərrəmlə qaynatası Bəşir arasında) konfliktlər əsərin dramatizmini canlı edir. Ən əsası, əsər boyu əsas personajlar Məhərrəm və rəng mühəndisi Cabir mətnin yükünü öz çiynində daşıya bilirlər.

Əsərin sonluğu möhtəşəmdir, yeri gəlmişkən kinematoqrafikdir, – şərhə ehtiyac yoxdur.

Bir neçə qüsur barədə. Bütövlükdə, mətnin mahiyyətinə mənfi təsir etməyəcək dərəcədə, amma hardasa ciddi sayıla bilən qüsur Firəngizin özünün Məhərrəmi sevmədiyi, hətta zəhləsi getdiyi halda, üstəlik, atasının öz qızını gəlmə, əsli-nəcabəti bilinməyən birisinə vermək istəmədiyi halda, birdən-birə Məhərrəmə ərə getməyə razı olmasının səbəbi müəmmalı qalır, bu, əsərdə boşluq kimi görünür.

297-ci səhifədə Məhərrəmin Muradla bir yerdə pepellərlə mübarizədə qəhrəmancasına həlak olan Bəxtiyarı lağa qoyması, onun qorxaqlığından danışması (???), ona paxıllıq etməsi inandırıcı görünmür. Yəni, biz əsər boyu Məhərrəmin istər müəllif təhkiyəsində, istərsə də öz hərəkətləri ilə dostu Bəxtiyarı düşündüyünün, onu sevdiyinin, yadına düşəndə kövrəldiyinin şahidi oluruq. Birdən-birə Məhərrəmin ona paxıllıq etməsi məndə bir oxucu kimi suallar doğurur. Niyə? Axı nə baş verdi ki, dostuna münasibəti dəyişdi?

Firəngizin ölüm səhnəsi süni, yamaq təsiri bağışlayır, tələsik yazılıb, başqa variant fikirləşib tapmaq lazım idi. Bu məsələni Rasim Qaraca da öz təhlilində düzgün qeyd edib.

Rəssam Bəhlul (yəqin ki, prototip qismən Səttar Bəhlulzadədir) obrazı mənə həddən çox müəmmalı göründü, onu əsərdə danışdırmaq olardı, bu fikrimdə subyektiv, səhv ola bilərəm.

Kitabın təqdimatında ədəbiyyatşünas alim Ülvi Babasoy dedi ki, bu əsəri ingilis dilinə tərcümə edib Avropada yaymaq lazımdır. Bu fikirə qoşuluram, hətta məndə əminlik var ki, romanın ingilis dilinə uğurlu tərcüməsi baş tutsa və onu Buker müsabiqəsinə təqdim etsələr, ən azından, uzun və qısa siyahıya düşər. Romanın dünyaya çıxmasına uğurlar arzu edirəm.

P.S. Əsərlə bağlı göz atdığım, oxuduğum bir neçə təhlil yazısında (Mehriban Vəzir, İlahə Səfərzadə, Rəşad Səfərli, yuxarıda adlarını qeyd etdiyim digər müəlliflər) bəyəndiyim məqam odur ki, hamı nəyi düşünüb, onu yazıb, yəni əsərlə bağlı layiq olduğu tərifi yazan da, tənqid edən də qərəzli, riyakar olmayıb.

1 avqust 2025, Bakı

# 299 dəfə oxunub

Oxşar xəbərlər

"Özünü bakılılara bənzətmək cəhdi..." - Rayon yerində kitab dili ilə danışanları niyə ələ salırdılar?

"Özünü bakılılara bənzətmək cəhdi..." - Rayon yerində kitab dili ilə danışanları niyə ələ salırdılar?

16:00 6 avqust 2025
"Aquaman" filminin ulduzu ölümdən qayıtdı

"Aquaman" filminin ulduzu ölümdən qayıtdı

14:00 6 avqust 2025
"Xaç atası"nın rejissoru xəstəxanaya yerləşdirildi

"Xaç atası"nın rejissoru xəstəxanaya yerləşdirildi

13:43 6 avqust 2025
"Sosial şəbəkələrin Azərbaycan seqmentində hökm verən kişilərə qalsa..." - Hikmət Orhun

"Sosial şəbəkələrin Azərbaycan seqmentində hökm verən kişilərə qalsa..." - Hikmət Orhun

12:00 6 avqust 2025
Pərakəndəlik və ailənin fəsadları - Elmir Həsən

Pərakəndəlik və ailənin fəsadları - Elmir Həsən

16:38 2 avqust 2025
Türkiyənin Azərbaycandakı səfiri:  Təhsil, media və mədəniyyət sahələrində fəaliyyətlər dəstəklənməlidir - Müsahibə

Türkiyənin Azərbaycandakı səfiri: Təhsil, media və mədəniyyət sahələrində fəaliyyətlər dəstəklənməlidir - Müsahibə

12:37 31 iyul 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər