İkimiz bir döşəkdə, döşəyi dar istərəm - EROTİK BAYATILAR

İkimiz bir döşəkdə, döşəyi dar istərəm - EROTİK BAYATILAR
4 iyun 2014
# 10:57

Köhnə kitablardan seçib topladığım və ilk dəfə Kulis.az-da yayımlanan bu bayatılar haqqında uzun-uzadı nə isə yazmağa ehtiyac görmürəm. Əslində, xatakar baba-nənələrimizin sinəsindən qopan bu intim-erotik kəlmələr bizim şifahi xalq ədəbiyyatının zənginliyinin, koloritinin göstəricisidir. Bilmirəm, məsələn, yapon dilində bu bayatılar necə səslənə bilər, amma bizim dildə gözəldən gözəl səslənir, qulağa xoş dəyir.

Bayatıları toplamaq üçün istirahət günümü dipdiri sərf elədim, axşama mitilim düşdü. Mənim canım cəhənnəm, təki siz inciməyin. Lazım gəlsə, islam qaydaların zidd olduğuna, mental dəyərlərin əleyhinə işlədiyinə görə ana-bacılardan üzr istəyə bilərəm. Məni başa düşdüyünüz üçün bayatı sizi saxlasın...

Cavid Zeynallı

***

Səhərin badı nədi,

Sevgimin adı nədi,

Əməydin döş giləsi,

Biləydin dadı nədi.

***

Qapında əsirəm mən,

Titrəyib əsirəm mən,

Utanıram deməyə,

Qız, səndən kəsirəm mən.

* * *

Əziziyəm, ac arı,

Arxalığım acarı,

Məmən kimi mət olmaz,

Mənim kimi ac arı.

* * *

Ay qız adın Məstana,

Girmə bizim bostana.

Qorxuram yağış yağa,

Şux məmələr istana.

* * *

Aşiq, dağdan qar göndər,

Cənnət bağdan bar göndər.

Açılmamış sinədən,

Dərilməmiş nar göndər.

* * *

Mən aşiq, tam arzular,

Xəstələr tam arzular,

Aç üzün rübəndini,

Qoy baxsın tamarzılar.

* * *

Mən aşıq, qara baxdım,

Ağ baxdım, qara baxdım,

Döşün yadıma düşdü,

Dağlarda qara baxdım.

* * *

Mən aşiq gecə məndə,

Dərd artar gecə məndə,

Qızdırma alar canım,

Məməndən gec əməndə.

* * *

Əzizim, Xaldana var,

Min atın Xaldana var,

Öpməli dil-dodaqdır,

Buxaqda, xalda nə var.

* * *

Əziziyəm o yaxan,

O yandıran, o yaxan.

Dərman həsrətindəyəm,

Açılmazmı, o yaxan?!

* * *

Əzizim al da məni,

Qoynuna sal da məni,

Südəmər uşaq sanıb,

Ağzıma sal məməni.

* * *

Əziziyəm, bu dağa,

Bülbül qonar budağa,

Ölü olsam dirilləm,

Dəysə dodaq-dodağa.

* * *

Əziziyəm, tutanlar,

Tatın dilin tat anlar,

Nələr çəkir gecələr,

Evdə yalqız yatanlar.

* * *

Əzizim qanad işlər,

Quş uçar, qanad işlər.

Elə öpüş istərəm,

Qoy batsın, qana dişlər.

* * *

Əzizim aylar mənə,

İl olub aylar mənə.

Mən ləbin susuzuyam,

Neyləyər çaylar mənə?

* * *

Əzizim, yar gələnə,

Zülfünə tər gələnə,

Açma yaxan düyməsin,

Göstərmə hər gələnə.

* * *

Əzizim nar istərəm,

Taledən yar istərəm,

İkimiz bir döşəkdə,

Döşəyi dar istərəm.

* * *

Əzizim həmən yerdə,

Dodaq-dil əmən yerdə,

Köç salıb qocalaydım,

O sona çimən yerdə.

* * *

Əzizim, yayma məndən,

Xalın, gəl, yayma məndən,

Olaydım qış quzusu,

Əməydim, yay məməndən.

* * *

Əzizim üzüm sarı,

Yeməyə üzüm sarı,

Yapışaydım məməndən,

Çəkəydim üzüm sarı.

* * *

Əziziyəm bir yanı,

Quru qaşla bir yanı,

Məmələrin ağzıma,

Üzünün də bir yanı.

* * *

Ay deyiləm, ulduzam,

Gəlin deyiləm, qızam,

Kənardan nə baxırsan,

Gəl yaxına, yalqızam.

* * *

Alçanın kal vaxtında,

Gilasın bal vaxtında,

Açdın yaxam düyməsin,

Dilimin lal vaxtında.

* * *

Arxanca çox baxan var,

Çaylar kimi çaxan var,

Sıxılır nar məmələr,

Nə dar köynək yaxan var?!

* * *

Bağban bağdan bar istər,

Xəstə könül qar istər,

İgiddə arzuya bax,

Əl dəyməmiş nar istər.

* * *

Bağlardan al bar göndər,

Kəpəz dağdan qar göndər.

Açılmamış yaxadan,

Əl dəyməmiş nar göndər.

* * *

Bənövşəni bəndi qız,

Şirinlərin qəndi qız,

Hər cavana döş açıb,

Batırdı bir kəndi qız.

* * *

Bu tayda xırmanım var,

Xırmanda fərmanım var.

Qoy əmim dodaqların,

Bir onda dərmanım var.

* * *

Qayada ilan ötər,

Bağdadda xurma bitər,

Gözəlçə qız qoynunda,

Yarpaqsız meyvə bitər.

* * *

Dağlar başı saz eylər,

Bülbüllər pərvaz eylər,

Sinən üstə məmələr,

Tərpəndikcə, naz eylər.

* * *

Köynəyin iki yaxa,

Açmısan, iki yaxa,

Başım sinən üstünə,

Can verim baxa-baxa.

* * *

Getdi növrəstə gülüm,

Bir boyu bəstə gülüm.

Baş qoyub can verəydim,

Kaş, məmən üstə, gülüm.

* * *

Gəl gedək bu dağa biz,

Ağır olsun, yükümüz.

Yorğan, döşək, tük yastıq,

Qucaqlaşaq ikimiz.

* * *

Pəncərədən baxan yar,

Telinə gül taxan yar,

Ağlımı almaq istəsən,

Açıq saxla yaxan, yar.

* * *

Savalan xan yeridi,

Dibi soltan yeridi.

Qoşa məmən arası,

Yatmağa can yeridi.

* * *

Soraq aldım yüz yerdən,

Əlli yerdən, yüz yerdən.

Qolların sal boynuma,

Ayaqların üz yerdən.

* * *

Haray, sevməli gəlin,

Tamam yeməli gəlin.

Xəlvətdə bir sözüm var,

Sənə deməli, gəlin!

* * *

O eşqi biləndimi,

Zülfü tən hörəndimi,

Göstərsin məmələrin,

Görüm mən görəndimi?

# 24722 dəfə oxunub

Oxşar xəbərlər

Bu hekayəni niyə görməzdən gəlirlər? - Ulucay Akif

Bu hekayəni niyə görməzdən gəlirlər? - Ulucay Akif

12:23 18 sentyabr 2024
"Qarabağ haqqında son illərin ən yaxşı hekayəsidir..." - Hekayə müzakirəsi

"Qarabağ haqqında son illərin ən yaxşı hekayəsidir..." - Hekayə müzakirəsi

12:00 18 sentyabr 2024
"Oxucu öpüb alnına qoyur, şair üstünə tüpürüb yeyir..." - Aqşin Yenisey

"Oxucu öpüb alnına qoyur, şair üstünə tüpürüb yeyir..." - Aqşin Yenisey

10:10 18 sentyabr 2024
Saranın atasını zəhərləməklə kifayətlənməyən ögey ana... - Həcər Atakişiyeva

Saranın atasını zəhərləməklə kifayətlənməyən ögey ana... - Həcər Atakişiyeva

13:30 17 sentyabr 2024
İlk mifo-politik əsərimizi dəyərləndirmək zamanı - Azər Turan

İlk mifo-politik əsərimizi dəyərləndirmək zamanı - Azər Turan

16:15 16 sentyabr 2024
Ərinə xəyanət edən qadın - Onu liftdə kim öldürmüşdü?

Ərinə xəyanət edən qadın - Onu liftdə kim öldürmüşdü?

14:41 13 sentyabr 2024
# # #