Əhməd Bükə 1970-ci ildə, Türkiyənin Manisa şəhərində dünyaya gəlib. İqtisadiyyat üzrə ali təhsil almasına baxmayaraq, özünü ədəbiyyat sahəsində sınamaq istəyən Əhməd Bükə 2002-ci ildə ilk hekayəsini yayımlayır. Elə həmin il “İtmiş dua kitabı” adlı hekayəsi ilə nüfuzlu müsabiqələrdən birinin qalibi olur. Yazar bu günə kimi bir çox ədəbi mükafata layiq görülüb. 2008-ci ildə (“Alnı mavidə” adlı hekayələr toplusu ilə) aldığı Oğuz Atay mükafatı və 2011-ci ildə (“Qumrunun gördüyü” adlı kitabına görə) layiq görüldüyü “Sait Faik hekayə mükafatı”ndan sonra Əhməd Bükənin adı Türkiyənin ən yaxşı hekayə yazarları ilə birgə hallanır.
Kulis.az Əhməd Bükə “Selincer kitabələri” adlı hekayəsini təqdim edir.
Oxuna bilən hissələrini Ruhi bəy saf-çürük edərək dilimizə çevirdi. Daşın şimal tərəfinə yazılanlar:
I
Biz onlara dedik ki, əlbəttə, sizin bilmədiyiniz hekayələrdən biz xəbərdarıq. Yazdıqların üçün səni ələ salanlar bilmirlərmi ki, onların ağıllarını açıb, yazdıqlarını ora qoyan bizik?! Var-dövlət istədilər, verdik. Bahalı parçalar dolu karvanlar arzuladılar, bir səhər qapılarının önünə qoyduq. Amma yenə də sənin hekayələrinə güldülər. Ümidsizliyə qapılma. Səbir etməkdən əl çəksən, onlardan nə fərqin olacaq ki? Axı biz sənin nəyi bacaracağını bilirdik. Ona görə də, əlindən gələni etməyinin və ya vazkeçməyinin elə bir fərqi yoxdur. Ancaq əlindən gələni əsirgəməmək sənə böyük mükafatlar qazandıra bilər. Qazandırmaya da bilər.
II
Dəmirdən atların dincəldiyi bir ocaq qaladılar. Su gətirdilər, yerin altından qara daşlar çıxardılar. Atlar üçün dar və uzun yollar saldılar. Biz onlara “görünməyin!” - dedik. “Sizə verilən sirləri yazın, amma əhali sizi görməsin, bilməsin!” - dedik. Şübhəsiz ki, bu dediklərimizdə sizin bilməyib, bizim agah olduğumuz qədim sirlər var idi. Azğınlıq çox artdı. Buna görə, onlara hekayə bilən birini göndərdik. O, bir çörəyin içini açdı, çörək xəmir olana kimi onu su ilə islatdı və ovcunda sıxdı. Sonra həmin xəmirlə təmiz bir mərmərin üzərinə yazdı. Yazdıqlarının hamısı oxuyanların ürəyinə od salacaq qədər gözəl idi. Bunu bilməklərinə baxmayaraq, ona güldülər. Onunla məzələndilər. Gecə yatmağa yer vermədilər. Hekayəçi “belə olsun, mən də bir qapı kandarında yataram” - dedi. Ancaq onu hər yerdən qovdular. Bu işi öz balaca uşaqlarına tapşırdılar. Onlar əllərinə iti uclu dəyənəklər aldılar və hekayəçini gördükləri yerdə dümsüklədilər. Uşaqlar yuxusuz qaldılar, ancaq onu da yuxusuz qoydular. Hekayəçi “eybi yox, bir loxma çörək bəsimdir” - dedi. Lakin onu çörəkçilər də qəbul etmədilər. Qızılı çörəklər bişərkən itləri, pişikləri, hətta sahibsiz göyərçinləri doyuzdurduqları halda, ona bir qırıntı belə vermədilər. O, yenidən evlərə üz tutdu, lakin qapılar açılmadı. Başqası olsa idi, məsələn, sizlərdən biri belə vəziyyətdə bizə üsyan edərdi. O isə gedib müqəddəs qoyunu kəsdi. Bundan qorxmadı. O, təkcə bizdən qorxa bilər. Qoyunun quyruğundan bişirib yedi, qüvvətə gəldi. Müqəddəs qoyunu atların ayaqlarına bağlayıb 4 hissəyə ayırdılar. Niyə 4 hissəyə ayırdıqlarını soruşma! Bunda heç bir hikmət yoxdur. Daha bir hekayə yazanı öldürdünüz. Bu sizə heç nə qazandırmadı. Ancaq bəziləri dedilər ki, bunu etdik və yoxsullaşmadıq; ac yenə acdır, karvan sahibi yenə imkanlıdı və Əmir yenə dövlətin başındadır. Siz hekayə biləni öldürdüyünüz üçün işlərinizin pisləşəcəyini zənn edirdiniz? Qorxmayın. Bu ola da bilər, olmaya da.
III
İllərlə quraqlıq oldu. Daha sonra isə 30 il sel altında qaldınız. Sonra yenə quraqlıq gəldi. Siz çox təəccübləndiniz. Yeni hekayəçi üçün dua etməyə başladınız. Onu o dəqiqə göndərə bilərdik. Ancaq gözlədik. İçinizdəki qorxunun nə qədər artacağını görmək üçün gözlədik. Bahar gəldi. Ağaclar çiçək açanda, sizə daha bir hekayəçi göndərdik. Əmir ondan niyə gəldiyini soruşdu. O isə dedi: “Məni sizə bütün hekayələri bilən göndərib”. Əmir dedi ki, biz səni hava pis olanda çağırmışdıq, onda gəlmədin. Hekayəçi isə belə cavab verdi: “Siz çağıranda yox, mənə gəlmək əmri veriləndə gələ bilərəm”. Əmir güldü. “Onda indi get” - dedi. Hekayəçi gülümsəyərək, “sizi dinləməyə məcbur deyiləm” deyə cavab verdi. Yığışıb hekayəçini dəyənəklərlə döydülər. İri dəyənəklərdən biri hekayəçinin başına dəydi. İki qaşının arasından qan axdı. Qan damcıları burnundan süzülüb yerə düşdü. Hekayəçi barmağını qana batırıb yerə yazdı: “Bu hekayə qiyamətə qədər silinməyəcək. Heç bir zülm qarşılıqsız qalmaz”. Qadınlar və uşaqlar ona baxıb güldülər. Qadınlardan biri (fikrimizcə, ən tərbiyəsizi o idi) ətəyini çıxardı. Yazını həmin ətəklə sildi. Hekayəçinin silinməyəcək dediyi yazı silindi. Hekayəçi səbir etdi. Hər gecə gəlib eyni yerə mürəkkəblə eyni yazını yazdı. Bəli, hər gecə yağış yağdı. Yazı səhərə kimi silindi. Buna görə, hekayəçini çox ələ saldılar. Gecə yağan yağışlar bərəkət gətirdi. Ot çıxdı. Heyva böyüdü. Bal çoxaldı, inəklər doğdu, yeni doğmuş heyvanlar hərəkətə gəldi, heyvanlar cütləşdi. Varlıların qarnı doydu. Kasıblar belə, bolluqdan faydalandı. Hekayə bilən “bunda da mənim bilmədiyim bir hikmət varmış” deyə düşündü. Bolluq içində üzən evlərdən birinə yollandı. Ona güldülər. Çörək verdilər. “Görürsən, bizim sənə yox, sənin bizə ehtiyacın var” - dedilər. Baxdı. Gördü. Getdi. Üstəlik bu qövmün başına bir də fəlakət gəlmədi.
IV
Özümüzdən şübhələnəcəkdik? Əlbəttə, yox. Ancaq yeni bir könüllü hekayəçi gəlmədi. Birini seçib, “sən gedəcəksən!” - dedik. Getdi. Yolda özünü İydə ağacından asdı. Biz belə olacağını bilirdik. Ehtiyat ətimiz, palçığımız və qan laxtamız var idi.
Daşın qərb tərəfinə yazılanlar:
I
Həmin iydə ağacını yandırdıq. Hekayəçi qoyunların arasında gizləndi, sonra da uçurumdan tullandı. Ona aldanan qoyunlar da hekayəçinin ardınca özlərini atdılar. Çoxu tələf oldu. Qartallar leş bayramı etdilər.
II
Zəlzələ törədib həmin yarğanı doldurduq. Bizim hər şeyə gücümüz çatar. Yeni bir hekayəçi tapmağa da gücümüz çatdı. Onu topal və çolaq elədik. Hekayəçi “mənə daha çox gülmələrini istəyirsiniz?” deyə soruşdu. Biz dedik: “İstəməsək, sənə heç kim gülə bilməz. Bizə inan və işinlə məşğul ol!”
Yeni başçının hamilə olan beşinci arvadı gülməkdən yarıldı. Uşaq öldü. Başçı çox kədərləndi. O, hekayəçini çarmıxa çəkmək istədi. Ancaq hekayəçinin bir ayağı və bir qolu yox idi. Bizim gücümüz onu təəccübləndirdi. O, hekayəçini dilim-dilim doğratdı və hər dilimin şəhərin fərqli bölgəsində qurudulmasını əmr etdi. Siz elə bilirsiniz ki, yeni hekayəçi göndərə bilmərik? Yanılmaq sizlərə xas əlamətdir.
III
Biz bu işdən əl çəkmədik. Ancaq gördük ki, sizin hekayəçilərdən heç vaxt xoşunuz gəlməyəcək. Biz bunun belə olacağını bilirdik. Yenə də sizi sınamaq istədik.
IV
İndi biz bəzən düşünürük, lakin tez də fikrimizdən daşınırıq. Bunda da bir hikmət var. Bəlkə də yoxdur. Siz bilmirsiniz, biz bilirik. Bəlkə də bilmirik. Xülasə, bu sizin anlayacağınız iş deyil. Bunu unutmayın!
Ruhi bəy daşın digər üzlərini də oxudu. Ancaq dilimizə çevirmədi. Kitabələri oxuyan başqa biri yox idi. Onun çevirdiklərini də oxuyan olmadı. Şübhəsiz, Ruhi bəy də hekayə bilənlərdən biri idi, ya da deyildi.
Tərcümə etdi: İlknur Salamova