Seymur Su: “Qadın olmasa ədəbiyyat da olmaz” - MÜSAHİBƏ

Seymur Su: “Qadın olmasa ədəbiyyat da olmaz” - <span style="color:red;">MÜSAHİBƏ
27 may 2016
# 08:30

Kulis.az gənc şair Seymur Su ilə müsahibəni təqdim edir.

- Seymur, özün haqqında məlumat verərdin əvvəlcə...

- 1992-ci ildə Bakıda anadan olmuşam. İsmayıllıdanam əslən. İqtisad Universitetində biznesin idarə edilməsi fakültəsinə daxil olmuşam.

- Hardan yaranıb ədəbiyyata maraq?

- Ziyalı ailədə doğulmuşam. Atam jurnalist olub, say-seçmə qəzetlərdə işləyib illərcə. Babam da yazıçıdır, AYB-nin üzvüdür. Gözümü açandan evdə rəf-rəf kitablar görmüşəm. O vaxtdan məndə ədəbiyyata meyl olub. Amma yazmağı ağlımın ucundan da keçirtməmişdim. Düzünü deyim ki, əvvəllər şeirlər yazırdım, ancaq yayımlanası şeirlər deyildi. Bir növ qafiyə qoşurdum. Əsl şeirlərimi isə sonra yazacaqdım.

Amma düzünü bilmək istəsəniz nə zaman başladım, nə zaman bitkinləşdim, bilmədim. Bircə şeyi xatırlayıram - mənə bu sənət yolunda təkan verən adamı. Bir dəfə Səlim Babullaoğlunun şeirlərini gördüm Facebookda. Heç onda dostluğumda ədəbiyyat adamı yox idi. Sadəcə ortaq dostumuz Səlim Babullaoğlunun “9-cu hissə” şeirini paylaşmışdı. Şeiri oxudum və mənə aşırı dərəcədə təsir elədi. O vaxtadək isə sadəcə kitab oxuyurdum və ara-sıra heca şeirləri yazırdım. Ancaq ilk dəfə sərbəst şeirlə tanışlığım Səlim bəydən sonra oldu. O şeirlə də sərbəst şeirə sevgim yarandı və demək olar heca şeirindən uzaqlaşdım. Və zaman-zaman dövrün müasir və seçilmiş şairlərini tanıdım, poeziya və prozasıyla tanış oldum. Amma müəyyən zaman sonra şeirlərimdə mütaliə etdiyim şairlərin təsirini hiss etdikcə şeir mütaliəsindən uzaqlaşdım. Və indi ümumiyyətlə bir ayda bir dəfə, iki ayda bir dəfə şeir oxuyuram, ya yox.

- Sərbəstdə Səlim Babullaoğludan qabaq yazılan şeirlər də var. Onlarla tanışlığın yox idi?

- Azərbaycan şairlərindən sərbəst şeirlər oxumuşdum. Amma Səlim Babullaoğlu qədər mənə heç biri yaxın olmurdu, özünə çəkmirdi.

- Deməli, şeir yazmağa Səlim Babullaoğlunu oxuyandan sonra başladın...

- Səlim Babullaoğluya sərbəst şeirdə ustad kimi baxırdım. Hətta indi də. Mənə təsiri çox böyük olub. Şeir elə bir şeydir ki, onu ancaq şüuraltı ilə yazmaq mümkündür. Mənə görə, əsl şairlər şüuraltı ilə işləyərək yazanlardır. Səlim Babullaoğluda da şüur altıya işləyən şeirləri gördüm. Bir anlıq o adamın fikirlərindən duyurdum ki, onun gəncliyi ilə mənim hal-hazırkı gəncliyim arasında xüsusi bir bağ var. Oxşarlıqlar tapdım o şeirlərdə özümə.

- Bir şairdən təsirlənib başladın yazmağa...

- Şeir yazmağa başlamağım elə də asan olmadı. Yazırdım, ancaq onları ciddiyə almırdım. Amma istəyirdim və bir gün bacaracağıma da əmin idim. İlk ciddi və həqiqətən də bəyəndiyim şeirim “Süd rəngli qadın” adlanırdı, onu da bir il əvvəl yazmışdım. Bu şeirdə bir qadına hər aspektdən baxmağa çalışmışam. Amma yenə də deyim ki, şeirə sevgim varıydı və inanmıram ki, hansısa bir şairi oxumasaydım belə özümə görə şeirlər yazmayacaqdım.

- Şeirlərin nə vaxt çap olundu bəs?

- Əslində çap olunmağa, özümü önə çəkməyə meylli deyildim. Bilənlər bilir ki, mən heç yerdə çap olunmaq istəməmişəm. Şeirlərimi bəyənmirdim, istəyirdim ki, forma və məzmunumu tapım. Artıq tapmışam və kitab hazırlığına başlamışam. Düşünürəm, 2017-ci ilə çap olunar. Əslində bu ilin sentyabrına düşünürdüm “Sentimentyabr” adlı şeir kitabı, amma sonradan vaz keçdim. Birinci dəfə şeirlərim Kultura.az saytında çıxmışdı, sonradan “Ulduz” jurnalında. Keçən ilin may ayında “Düşüncə” psixoloji jurnalındakı “Sevgi köşəsi” adlı müsabiqədə birinci yerin sahibi oldum. Sonra hissə-hissə saytlarda çap olundum və bu yaxınlarda isə Qan Turalı mənə yazdı və şeirlərimi Kulis.az-da çap etdirdi.

- O zaman çox çap olunmamısan...

- Hə. 4 ya da 5 dəfə. Bir növ tapılmağımı da istəmirdim.

- Səbəb?

- Öz güvənim yox idi. Şeirlərimə inanmırdım. Düşünürdüm ki, çox zəif olar. Qorxurdum ki, hansısa bir tanınmış şair məni tənqid edər və bu da mənim ədəbiyyatla bağlı gələcəyimi sual altına qoyar özümdə. Ancaq indi bunun elə də önəmi yoxdur. Çünki mən şeirləri hər kəs üçün yox, özüm üçün yazıram. Özümə güvənməmək əslində şəxsi həyatımda da var idi. Bu hər sahədə olan fəaliyyətimdə üzə çıxırdı. İstər həyatda, istər təhsildə, istər ədəbiyyatda. Sonradan istədim ki, kitabım çıxsın. İstəyirdim, kitab çıxsın və məni tanısınlar. Bir növ şöhrət duyğusu da qatmışdım. Bir müddət sonra düşündüm ki, şair yalnız özü üçün yazmalıdır. İndi isə düşünürəm ki, həm özü, həm də cəmiyyət üçün yazmalıdı. İnsan gərək hər addımında insanlar üçün nələrsə etsin. Maarifləndirici baxımdan da. Ədəbiyyat da, mədəniyyət də, incəsənət də - bütün yaradıcılıq sahələri gərək insanlar üçün nəsə etsin. Mən də əslində gələcək şair karyeramda cəmiyyətə faydalı olacaq əsərlər yaratmağı düşünürəm.

- Sənin şeirlərin mənə görə solçuluğa yaxındır. Hardasa Əziz Nesin, Nazim Hikmet, Pablo Neruda kimi...

- Mənim sırf yaradıcılıqda sola meyllənməyim əslində Nazim Hikmətin şeirlərindən sonra oldu. Sonradan Əziz Nesin, Səbahəddin Əli, İlqaz Rıfat, Bertolt Brext, Səməd Behrəngi, Cek London, Maksim Qorki və s... Oxudum və anladım ki, həqiqətən də solun ədəbiyyat qolu daha aktivdi və dünyaca seviləndi. Dediyim kimi, ədəbiyyat insanlığa xidmət eləməlidi. Xidmət eləmirsə ədəbiyyat deyil, düşünürəm. Proletkultçuluq tərəfdarıyam. Amma, ümumiyyətlə, mütaliə siyahımda Əbdürrəhimbəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı da yer tutur.

- Yazıçı kasıb olmalıdır deyirsən...

- Bir ölkənin necə olduğunu görmək üçün onun kasıblarının necə yaşadığını görməlisən. Ədəbiyyat varsa, deməli problemlər də var. Problemlər, əzab-əziyyət olmasa ədəbiyyat olmaz.

- Seymur, mənə maraqlıdır. Gənc şair kimi AYB haqqında nə düşünürsən? Gənclərin bir qismi ordadır, digər qismi isə ora qarşıdır...

- Hansısa şairin və ya yazıçının hansısa quruma üzv olub inkişaf edəcəyini düşünmürəm. Yəni o adam üçün heç bir xeyri olmayacaq. Mənim üçün kimin hansı qurumda olması önəmli deyil. Hansısa qurumda olduğuna görə o adama qiymət vermirəm, ədəbiyyat nümunəsinə görə qiymət verirəm. Ancaq onu deyim ki, AYB özü də bir ədəbiyyat burjuaziyasıdır. Bildiyin burjuaziya. Deməli, bir dəfə “525-ci qəzət”də Rəşad Məcidə şeirlərimi göndərmişdim. İstəyirdim şeirlərim orda çap olunsun. Amma alınmadı, çap eləmədilər. İkinci dəfə göndərmədim. Görəndə söhbət elə bu mövzudan düşdü. Mən də bir daha o tərəfin ədəbiyyat adamlarıyla ünsiyyət qurmadım. Həqiqətən də AYB-nin gənclərə olan münasibətini Rəşad Məcid mənə göstərdi. O vaxtdan da elə AYB-yə üzv olmaq haqqında heç düşünmədim. İndinin özündə də, gələcəkdə də heç vaxt üzv olmaram.

- Bir də Seymur, mən bildiyim qədər replə də məşğul olmusan...

- Replə məşğul olmuşam. Amma həmin dövrləri ciddi saymıram. Bir növ keçid dövrünün romantikası deyək buna. Replə məşğul olmağım yeniyetməliyimin emosionallığı idi. Kütlənin getdiyi yolla gedirdim.

- Tək oxuyurdun, yoxsa qrupla?

- Tək də olurdu, qrup halında da. Səsyazma studiyamız da var idi. 12-13 mahnı oxumuşduq. Ancaq yaxşı ki, vaxtında anladım bu yolun mənlik olmadığını. Albom hazır idi hətta, sonra sildim.

- Niyə o dövr haqqında bu qədər aqressiv danışırsan? Nə eləmisən ki? Rep oxumusan da...

- Özümü tapmırdım. Əslində dəlisov musiqi fanatı da deyiləm. Simfoniya və sakit caz sevirəm. Ən dəlisov dinləyəcəyim musiqi növü post rockdur. Ondan o yana mən gedə bilmirəm. Necə deyim? Bir növ həmin dövrlər özümü hansısa qəlibin içinə salmış kimi hiss edirdim. Yəni gənclər bunu edir, qoy mən də eləyim. Baxdım ki, səhv yoldayam. O yol mənim yolum deyil. Hətta deyim ki, səsyazmadan sonra çölə çıxırdım və mahnılar saatlarla beynimdə dolaşırdı. Bu da mənə çox narahatlıq verirdi. Səslər məni narahat edirdi. Düzdü, emosiya gəlir, deyirsən, gəncsən. Ancaq sonradan evə gəlirsən, özünə çəkilib bir kitab oxumaq istəyirsən, görürsən ki, yox, heç cür alınmır. Yaxud da evdəkilərlə söhbət edə bilmirsən. Başında ağrı var, qulaqlarında da ancaq eyni səslər. Və o vaxtdan başa düşdüm ki, mənə sakit həyat tərzi lazımdır.

- Onda rep şeirləri yazardın...

- Hə, yazırdım arada-sırada. Hətta sonrakı şeirlərim də o rep oxuduğum dövrlərdə yazdığım şeirlərə bənzəyirdi. Zaman keçdikcə, qulaqlarımdan rep səsləri getdikcə, artıq o tip şeirlərdən də uzaqlaşdım. İstəmirdim, ruhuma tam olaraq yad gəlirdi bütün bunlar.

- Yəqin o illər də şöhrət hissinə görə olub...

- Əslində hər insanın keçid dövrü olur. Keçid dövründə də insan seçimlər qarşısında qalır. Bu seçimlərdən yanlışı da seçə bilər, doğrunu da. Mən də bunu seçmişdim. Təbii ki, bu da şöhrət hissindən doğan bir şey idi...

- Səni Qaraqana da oxşatmaq olar...

- (gülür.) Oxşadın, problem deyil. Məni oxşadanlar da var üzdən. Amma yalnız şəkillərdən. Həyatda oxşamırıq.

- Qaraqan da rep oxuyurdu, sonra roman yazdı, ədəbiyyatla məşğul oldu...

- Mən heç vaxt Qaraqanın yolu ilə getməyi düşünməmişəm. Əslində o adamın öz şəxsi seçimidir. Bu da mənim üçün heç maraqlı deyil. O adam öz fəaliyyəti ilə məşğuldur. Oxucuları var, fanatları var, işi-gücü, həyatı... Sadəcə olaraq mən o adamın əsərlərini oxumuram. Və ona oxşamaqdan heç bir narahatçılıq keçirmirəm.

- Seymur, fikir verirəm, nəsə çox aqressiv birisən elə bil... Bu nə ilə bağlıdır? Qadınlar, cəmiyyət, yoxsa başqa bir səbəbi var?

- Mən açığı seksist yanaşmanı bəyənmirəm. Qadın olmasa şeir, şeir olmasa kitab, kitab olmasa ədəbiyyat, ədəbiyyat da olmasa həyat olmaz. Əslinə baxarsaq, ilk şeirimiz həmişə sevgi ilə bağlı olur. Şeirə də qadın sevgisindən başlayırıq yəni. Mənim üçün qadın və kişi ayrımı yoxdur. Deməzdim ki, qadın kişidən üstündür, ya da əksinə. Yaxud da qadın bezdiricidir. Hər birinin öz yeri var, qadının da, kişinin də. Bu cür radikal ayrı seçkilik etmək düzgün deyil. İndi bir çox yazıçılar da, bu mövzuda qadını aşağılamaqla reytinq formalaşdırmaq istəyir, istər köşə yazılarında, istərsə də statuslarında. Aqressiv, emosional olmağım isə sırf uşaqlıqdan gəlir. Uşaq vaxtından hiper aktiv, dəcəl biri olmuşam. Yəqin ki, ondandı.

- Yəni şeir yazmağın uşaqlıqla bağlıdır...

- Mənim bir şeirim var:

Gələcək, ondan heç nə istəmirəm.

Qayıtmaz bu rənglər ağ-qara rəsmə.

İndi mən nə keçmişəm, nə gələcək

İndi mən dar arakəsmə.

Şeir mənim üçün gələcəklə keçmişin arasındakı arakəsmədir.

İndi özümü nə gənc, nə qoca, nə də yetkinləşmiş hesab edirəm. Hələ də uşağam. (gülür.)

# 1593 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #